Bugündən ixtisas seçimi başlayır

 

Ali məktəblərə yerləşdirmənin nəticələri avqustun 5-də elan olunacaq

 

 Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-2010-cu tədris ili üçün ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə, qəbul imtahanı Bakı şəhərində 40, Naxçıvan şəhərində 2 binada aparılıb. Əvvəlcədən abituriyentlərin imtahan binalarının yerini müəyyənləşdirməsi üçün komissiya kömək məqsədi ilə internet saytında göstəricilərlə təchiz olunmuş xüsusi xəritə və binaların ünvanının qeyd olunduğu proqram yerləşdirib. Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 1697 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 169 imtahan rəhbəri cəlb olunub.

 

II qrup üzrə ən yaşlı abituriyentin 51, ən gəncinin isə 15 yaşı var

 

Məlumat üçün qeyd edək ki, bu il II qrup üzrə 7331 plan yeri ayrılıb. Onlardan 4244-ü Azərbaycan bölməsi, 662 yer rus bölməsi, 2425 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. TQDK-dan bildiriblər ki, bu ixtisas qrupu üzrə 25358 abituriyent ərizə təqdim edib. Onlardan 21854 nəfəri Azərbaycan bölməsinin, 3504 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 16725 nəfərini oğlanlar, 8633 nəfərini isə qızlar təşkil edir. 16687 abituriyent orta məktəblərin builki məzunudur. 8478 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 145 abituriyent xarici ölkələrin vətəndaşıdır.  

Həmçinin 89 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 608 abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1994-cü ildəndir.

 

İmtahana girən abituriyentlərin üst-başı ciddi yoxlanıb

 

İmtahanın gedişini izləmək üçün Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetinin qarşısında müşahidə apardıq, abituriyentlər və valideynlərlə həmsöhbət olduq. Əvvəlcə yolumuzu Azərbaycan Texniki Universitetindən saldıq. Artıq səhər saatlarında binanın qarşısında imtahan ab-havası hiss olunurdu.   

Təxminən saat 09:30-dan abituriyentlərin binaya buraxılmasına başlandı. Binanın qapısı qarşısında duran polis nəfərləri bizimlə söhbətində dedi ki, imtahana gələn qızlar xüsusi otaqda qadın nəzarətçilər tərəfindən, oğlanlar isə kişi nəzarətçilər tərəfindən ciddi şəkildə yoxlanılıb. Burada məqsəd onların imtahan zalına mobil telefon, peycer, "şparqalka", kitab, dəftər və sair əyani vəsait keçirməsinin qarşısını almaq olub: "Onların üzərində olan artıq əşyalar təhvil alınaraq saxlanılır. İmtahandan çıxandan sonra hər kəs öz əşyasını bizdən təhvil götürəcək".

 

Valideynlər imtahan binalarının qarşısında onlar üçün şərait yaradılmamasından narazıdır

 

Abituriyentlərin binaya buraxılması təxminən saat 10:50-yə qədər davam etdi. Saat 11:00-da isə imtahanın başlandığı elan olundu və binanın çöl qapıları valideynlərin üzünə qapadıldı. Bu andan başlayaraq övladları binada imtahan verən valideynlərin həyəcanlı anları başladı. İmtahan başlanandan sonra valideynlərdən bəziləri binadan uzaqlaşsa da, bir çoxları, xüsusən də respublikanın ayrı-ayrı rayonlarından gələn insanlar elə binanın qarşısındakı yolun səkisində oturub sınağın bitməsini gözlədi. Məlumat üçün qeyd edək ki, müşahidə apardığımız hər iki bina qarşısında təcili tibbi yardım maşını növbə çəkirdi. Həmçinin Texniki Universitetin qarşısında yanğınsöndürən maşınını da müşahidə etdik.

İmtahan başlandıqdan sonra yaranan sakitlikdən istifadə edib övladlarını imtahana yola salan valideynlərlə söhbətləşdik. Sabirabad rayonundan nəvəsini imtahana gətirən Əli Mikayılov iyul ayı olmasına baxmayaraq, havanın nisbətən sərin keçməsinə şükür edərək hələlik elə bir problemlə üzləşmədiklərini dedi. İxtisasca rus dili müəllimi olan Əli müəllimin narazılığı isə abituriyentlərin yerləşdirilməsi məsələsindən oldu: "Abituriyentin arzusu hansısa fakültəyə qəbul olunmaq olur. Amma lazım olan balı toplaya bilməyəndə o məcbur olub sevmədiyi ixtisası seçir. Nəticə də göz qabağındadır. Bu gün araşdırma aparılsa, məlum olar ki, ali təhsil almış gənclərin böyük əksəriyyəti öz ixtisası üzrə işləmir".

Növbəti həmsöhbətimiz Bakıda yaşayan və qardaşını imtahana gətirən Teymur İbrahimov oldu. O, imtahanların təşkilindən narazı deyil. Həmsöhbətimiz bildirdi ki, saat 9:00-dan imtahan verilən binanın qarşısına gələrək qardaşını imtahan binasına yola salıb. Teymur dedi ki, qardaşı imtahana hazırlaşmaq üçün beş müəllimin yanına hazırlığa gedib. Hər müəllim üçün də 50 manat pul verib. O baxımdan imtahan sualları qarşısında aciz qalacağı gözlənilən deyil. Tərlan İsfəndiyarov adlı həmsöhbətimiz isə dedi ki, qardaşının imtahana hazırlaşması üçün hər ay 200 manat xərcləməli olurlar.

 

"Bir nəfər də gəlib bunlardan soruşmur ki, ay balam, bu qiymətləri niyə belə qaldırırsız"

 

Bir neçə nəfərlə də söhbət etdikdən sonra Texniki Universitetin qarşısında işimizi bitmiş sayıb yollandıq Bakı Dövlət Universitetinə. Burada çöldə övladlarının imtahan verməsini gözləyən valideynlərin halına baxanda, sözün həqiqi mənasında, ürəyimiz ağrıdı. Hələ metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında hiss olunurdu ki, yaxınlıqda hansısa binada imtahan gedir. Çünki bu ərazidə iynə atsan, yerə düşməzdi. Bir yandan binanın girişi olan istiqamətdə avtomobillərin hərəkəti, siqnal səsləri, bir yandan küləkli hava, bir yandan da binanın qarşısında dayanmağa yerin olmaması valideynləri çaşqın vəziyyətə salmışdı. Elə bir neçə valideynlə söhbətimizdə də onların şikayəti qeyd etdiyimiz məsələlərdən oldu. Valideynlərdən Həsən Məmmədov bildirdi ki, rayondan imtahana gəlmək üçün səhər saat 5:00-dan ayaq üstədirlər: "Salyan rayonunun Arbatan kəndindən gəlmişik. Saat 5-dən ayaq üstəyik. Gəlmişik burda nə maşın saxlamağa yer var, nə adamın özünün oturub gözləməyinə. Universitetin bu boyda həyəti var, şərait var, imkan vermirlər ki, valideynlər binanın həyətindəki bağda otursun. 5 dəqiyə dayanmağa yer yoxdu. Səhərdən də yolda tıxac yaranıb, kənd yerindən gələn adam ola, külək bir yandan, siqnal səsi bir yandan. Tamam başımızı itirmişik. Uşaq da ilk dəfədi şəhərə gəlir, binadan uzaqlaşa bilmirəm". Onun digər bir şikayəti də binanın yaxınlığındakı mağazalarda qiymətlərin bahalığından oldu: "Hara girirsən hamısı səninlə türk dilində danışır. Qiymətlər də ceyran belində. Adi qazlı suyun üstünə 20 qəpik yazılıb, 50 qəpiyə adama elə satırlar ki, elə bil havayı verirlər. Belə şey olmaz axı. Bir nəfər də gəlib bunlardan soruşmur ki, ay balam, bu qiymətləri niyə belə qaldırırsız". Gülşən adlı xanım isə bildirdi ki, qiymətlər baxımından hələ mağazalar bir az insaflıdı: "Əldə nə isə satanların heç insafı yoxdu. Narazılıq edəndə də deyirlər ki, biz imtahan binası qarşısında nə isə satmaq üçün haqq veririk..."

 

Valideynlər buraxılış imtahanları ilə qəbul imtahanlarının birləşdirilməsini arzulayır

 

Digər valideyn Bərdə sakini Gülnarə Hacıyeva isə imtahanın Bakıda keçirilməsindən gileyləndi: "Rayonlarda yaşayan insanların dolanışıq səviyyəsi aşağıdır. Biz bura gəlib ən azı iki gün qalmalıyıq. Bunun üçün də pul lazımdır. Bəyəm olmazdı ki, övladlarımız elə təhsil aldıqları məktəblərdə qəbul imtahanı versinlər?" Gülnarə xanım orta məktəblərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş şəkildə keçirildiyini xatırladaraq qeyd etdi ki, iki imtahan bir olsa, daha yaxşı olar: "Ancaq bir şərtlə ki, bu imtahanı Təhsil Nazirliyi keçirməsin. Buraxılış imtahanında gördüyümüzü gördük. Direktorların əlinə fürsət düşdü. Hələ imtahan verməmişdən hər uşaqdan 100-150 manat aldılar ki, yoxsa kəsərik. Yenə insaflısı TQDK-dı. Heç olmasa bir balaca savadı olan uşaq qəbul olunur".

 

Savadlılar üçün asan, savadsızlar üçün çətin suallar

 

Saat 13:15-də nəhayət ki, binanın qapısında ilk abituriyent göründü. Binadan çıxan kimi valideynlərin əhatəsinə düşən məzun nəfəsini dərməyə imkan tapmamış, ona çoxsaylı suallar ünvanlandı. Kimisi hansı otaqda imtahan verdiyini, kimisi nə qədər cavab yazdığını soruşdu. Biz də maraqlandığımız sualları ona ünvanladıq. Abituriyent bildirdi ki, imtahanda cavab kartlarını onlara saat 10:30-da təqdim ediblər. Sualların nə asan, nə də çətin olmadığını bildirən abituriyent vurğuladı ki, otaqda bir sıra texniki problemlərlə üzləşiblər. Xüsusən də imtahan zalının pəncərələrinin açılmaması imtahan verənlər üçün çətinlik yaradıb. Nəzarətçilərin abituriyentlərlə kobud davrandığını vurğulayan məzun bildirdi ki, onun imtahan verdiyi otaqda köçürmə, əyani vəsaitdən istifadə etmə və s. kimi neqativ hallara yol verilməyib. Şəkidən olan Tural adlı həmsöhbətimiz isə dedi ki, otaqdakı nəzarətçilər kifayət qədər ciddi nəzarət tətbiq ediblər. Tural həmçinin dedi ki, test blanklarına riyaziyyatdan salınmış suallar çətin olub. Onun sözlərinə görə, bu il ötən illə müqayisədə suallar xeyli vaxt aparıb. Abituriyentlər arasında vaxtın məhdudluğundan şikayətlənənlər az olmadı. Təxminən saat 14:10 radələrində son abituriyent də binadan çıxdı. Beləliklə II qrup üçün təşkil olunan qəbul imtahanı da arxada qaldı.

 

Bütün abituriyentlər üçün ixtisas seçimi 25 iyuldan 3 avqustadək aparılacaq 

 

Məlumat üçün qeyd edək ki, dünən imtahandan sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılıb və elə dünən də "Space" telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları elan olunub. Həmçinin test tapşırıqlarının tərtibi, məzmunu, həllinə dair geniş izahat verilib. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda komissiyanın internet saytında yerləşdirilib. 

Dünən keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, II ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılır. II ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər.   

Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 7-dən 11-dək elektron ərizələrinə daxil olub, orta ixtisas məktəblərinin ixtisaslarını seçə bilərlər.

    

 

Nəsimi Cəfərli

 

Şərq.- 2009.- 25 iyul.- S. 5.