"Ehtiyatsız söz cəmiyyətdə çaşqınlıq yarada bilər"

 

"Şərq"in baş redaktoru gənclərlə görüşündə ordu quruculuğunda mətbuatın rolundan danışıb

 

 Dünən Tərxis Olunmuş Hərbçi Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü ilə "Gənclərin hərbi-vətənpərlərlik tərbiyəsində kütləvi informasiya vasitələrinin rolunun artırılması" layihəsi çərçivəsində "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə gənclər arasında görüş keçirilib. 

Qeyd edək ki, layihə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə reallaşdırılır. Tərxis Olunmuş Hərbçi Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Emin Həsənli tədbiri açaraq deyib ki, layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın ordu quruculuğu ilə bağlı qəzet baş redaktorlarının təkliflərini dinləmək, məsləhətlərindən yararlanmaqdır. Son günlər bəzi mətbuat orqanlarında ordu ilə bağlı qərəzli yazıların özünə yer aldığını təəssüf hissi ilə qeyd edən E.Həsənli vurğulayıb ki, belə materialların mətbuat vasitəsi ilə geniş ictimaiyyətə çatdırılması hər kəsi ağrıdır.

Ordunun xalqa məxsus olduğunu xalqın öz ordusuna inanmağının vacibliyini vurğulayan "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə bildirib ki, mətbuatda qələmini ordu quruculuğu sahəsində sınayan jurnalistlərin daxilində milli vətənpərvərlik hissi olmalıdır: "Düşmənlərin dəyirmanına su tökən məlumatları mətbuat, qəzet səhifələrinə çıxarmaqla özümüzün, millətimizin, dövlətimizin əleyhinə fikir formalaşdırmış oluruq. Ola bilsin ki, başqa sahələrdə olduğu kimi, orduda da müəyyən problemlər var. Bu problemlər hansı həddə qədər tənqidi jurnalistikanın hədəfi ola bilər, bu məsələ son dərəcə önəmli peşəkar Azərbaycan jurnalistikasının qarşısında duran məsələdir". Tənqidi jurnalistikanın birmənalı şəkildə ordudan uzaqlaşdırılmasının əleyhinə olduğunu açıqlayan baş redaktor deyib ki, tənqidlər neqativ halların aradan qaldırılması yönündə addımların atılması ilə nəticələnir: "Sağlam tənqid olmalıdır. Amma deyək ki, son baş verən xoşagəlməz hadisələri qəzet manşetlərinə çıxarmaq, hətta bunu şişirdərək ictimaiyyəti çaşdırmaq qəbulolunmazdır. Ordumuz haqqında mətbuatın yazdıqlarını xarici kəşfiyyat da oxuyur, ələlxüsus da ermənilər bu yazıları oxuyaraq öz təbliğatlarında istifadə edirlər, mənşəyində terrorist dayanan ordularını ruhlandırırlar. Biz bundan çəkinməliyik". Cəbhə bölgəsinə təşkil olunan səfərlərdə iştirak etdiyini əsgər zabitlərimizlə səngərdə görüşərək problemləri ilə maraqlandığını xatırladan Akif Aşırlı vurğulayıb ki, müstəqillik illərində Azərbaycan ordusu kifayət qədər təkmilləşib: "Artıq 1992-94-cü illərin ordusu deyil. Kifayət qədər peşəkarlaşma var. Qidalanma, geyim yüksək səviyyədədir. Azərbaycan ordusunda inkişaf var biz bu inkişafdan yazmalıyıq. Kimsə bu uğurları yazmırsa, demək, onun içində bir qərəz var. Ordu ictimaiyyətə açıq olmalıdır, amma hər halda ölkənin təhlükəsizliyinin qarantı olan ordunun bir qapalılıq mahiyyəti qorunub-saxlanmalıdır. Bu qapalılığı mətbuat səhifəsinə çıxarıb müzakirə etsək, müsbətdən çox mənfi nəticələrə sahib olarıq". Rəhbərlik etdiyi mətbu orqanın ordu ilə bağlı məsələlərə kifayət qədər vicdanlı peşəkar yanaşdığını bildirən baş redaktor qeyd edib ki, bu sahədən yazarkən jurnalistlər ehtiyatlı olmalıdır: "Ehtiyatsız söz cəmiyyətdə çaşqınlıq yarada bilər. Söz yazılıbsa, onu kimlərsə oxuyur, o cümlədən bizə düşmən olanlar. Ordu ilə bağlı mövzulara kimsə qərəzlə yanaşırsa, o, obyektiv peşəkar ola bilməz".

Akif Aşırlı Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması məsələsinə toxunaraq deyib ki, inteqrasiya prosesi gedir bu, çox müsbət haldır. "Azərbaycan ordusu güclənir, inkişaf etmiş ölkələrin orduları sırasına daxil olur" deyən baş redaktor vurğulayıb ki, NATO-ya inteqrasiya dəstəklənməlidir.   

Baş redaktorların ictimaiyyət nümayəndələrinin cəbhə bölgəsinə səfərlərinin təşkil olunmasından danışan Akif Aşırlı qeyd edib ki, Ordunun Dostları Mətbuat Klubunun təşəbbüsü ilə gündəmə gələn bu ideya orduya ictimai nəzarətin təşkil olunmasında müsbət rol oynayır. O qeyd edib ki, belə səfərlər mütəmadi təşkil olunmalı ictimaiyyətə real vəziyyətlə bağlı məlumat verilməlidir: "Bir qədər keçmişə nəzər salaq, Böyük Vətən müharibəsi illərində bizim jurnalistlərimiz cəbhə bölgəsində qəzetlər buraxırdılar. Bizim ordu jurnalistikamızın qədim ənənələrə söykənən tarixi var. Hesab edirəm ki, indi belə ideyalar həyata keçirilməlidir, jurnalistlər belə işləri görməyə can atmalıdır. Hər kəs imkanı daxilində çalışmalıdır ki, bəd niyyətli insanlardan kənar ideyalar ortaya qoyub ordumuzun inkişafına töhfə verək".  

Daha sonra baş redaktorla gənclər arasında fikir mübadiləsi aparılıb maraqlı ideyalar səsləndirilib. Gənclər təklif ediblər ki, hər bir qəzetin özünün hərbi jurnalisti olsun o jurnalist bu sahədə ixtisaslaşsın.

 E.Həsənli isə xarici fondların qrantları hesabına fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətindən narazılıq edərək bildirib ki, bu yardımlarla "dolanan" təşkilatlar Azərbaycan ordusunu gözdən salmağa çalışır.

 

      

Nəsimi Cəfərli

 

Şərq.- 2009.- 11 iyun.- S. 5.