"Qanunvericilikdə dəyişikliklərin edilməsi vacib idi"

 

Əli Məsimli: "Böhran dövründə həm hökumət yuxarıdan tədbirlər görməlidir, həm də aşağıların təşəbbüsü olmalıdır"

 

 İki gün öncə Milli Məclisin İqtisadi Siyasət Komissiyasının iclası keçirildi və hökumətin büdcə siyasəti, eləcə də bir sıra başqa məsələlərlə bağlı təkliflər müzakirə olundu.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli hesab edir ki, müzakirəyə çıxarılan təkliflər son dərəcə vacib məsələlər olub. Onun sözlərinə görə, həm büdcə ilə bağlı qanunvericilikdə, həm Vergi Məcəlləsində, həm də Mərkəzi Bank haqqında qanunda hökumətin təklif etdiyi dəyişikliklər Azərbaycanın iqtisadiyyatı üçün əhəmiyyətlidir. Millət vəkili dəyişiklik edilən məsələlərin hər biri ilə bağlı ayrılıqda şərh verdi. Əli Məsimlinin ilk bəhs etdiyi məsələ büdcə sisteminə edilən dəyişikliklə bağlı oldu:    

- Azərbaycanın neft sərvətləri artdıqca bunun bir hissəsi bilavasitə büdcəyə daxil olur. Bununla əlaqədar olaraq bir sıra struktur islahatlarının aparılması və ilk növbədə qanunvericilikdə dəyişikliklərin edilməsi vacib idi. Büdcə vəsaitinin bir hissəsi büdcəyə daxil olarkən dolların manata çevrilməsi ilə bağlı məqamlar qanunvericilikdə boşluq təşkil edirdi. Bu, boşluğun doldurulması istiqamətində düşünürəm ki, çox vacib addım idi. İkincisi, büdcə təqdim olunan zaman hansı sənədlərin büdcə paketinə daxil edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirildi ki, bunu da çox vacib hesab edirəm. Üçüncü məsələ isə ondan ibarətdir ki, hazırda böhranlı bir dövrdür. Belə dövrdə icra strukturlarından xeyli dərəcədə çeviklik tələb olunur. Eyni zamanda büdcə də bilavasitə Milli Məclisin kompitetsiyasına aid məsələ olduğuna görə orda baxılma proseduraları məsələləri var ki, burda da qaranlıq məsələlərə aydınlıq gətirildi. Tutaq ki, rüb ərzində büdcəyə daxil olan vəsait proqnozlaşdırıldığından 20 faiz az olan zaman Maliyyə Nazirliyi Milli Məclisin aidiyyəti strukturlarında məsələ qaldıra bilər ki, məsələ çözülsün. Bu da qanunverici hakimiyyətlə icra hakimiyyəti arasındakı problemlərin həllində dialoqların gücləndirilməsi istiqamətində əhəmiyyət kəsb edir. Növbəti məsələ borclarla bağlıdır ki, burada da təkmilləşmələrə ehtiyac var idi. Ümumiyyətlə götürəndə hesab edirəm ki, həm Maliyyə Nazirliyinin özündəki struktur dəyişikliyində, həm də Maliyyə Nazirliyinin bilavasitə qanunvericilikdə təklif etdiyi dəyişikliklər indiki böhran dövründə nazirliyin daha çevik hərəkət etməsinə, parlamentlə qanunvericilikdə aydın şəkildə öz əksini tapmış prinsiplər üzrə əməkdaşlıq etməsinə, digər tərəfdən isə dövlət vəsaitindən səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsinə xidmət edən dəyişiklik idi.

- Hökumətin təklifləri sırasında Vergi Məcəlləsi ilə bağlı dəyişikliklər də öz əksini tapıb. Bu təklifləri necə qiymətləndirirsiniz? 

- Vergi Məcəlləsi ilə bağlı atılan addımları da müsbət dəyərləndirirəm. Burada mənfəət vergisi 22 faizdən 20 faizə endirilir. Hesab edirəm ki, bu, xeyli dərəcədə zəruri məsələdir. Ona görə ki, böhran dövründə həm hökumət yuxarıdan tədbirlər görməlidir, həm də aşağıların təşəbbüsü olmalıdır. Aşağıların bu prosesdə iştirakını bilavasitə stimullaşdıran addımlar atılmalıdır. Bunun da ən yaxşı üsulu iqtisadi fəallığı artırmaqdır. İqtisadi fəallığın artırılmasının isə ən etibarlı mexanizmi vergi yükünün aşağı salınmasıdır. Bu nöqteyi-nəzərdən mənfəət vergisinin 22 faizdən 20 faizə endirilməsi çox müsbət addımdır. Yeri gəlmişkən mən çıxışımda qeyd etdim ki, iki il bundan əvvəl bir neçə dəfə spiker Oqtay Əsədovun imzası ilə mənim təkliflərim əlaqədar icra strukturlarına göndərilmişdi. Həmin təkliflər bilavasitə mənfəət vergisinin mərhələli şəkildə 22 faizdən 18 faizə, əlavə dəyər vergisinin 18 faizdən 14 faizə, sosial sığortalara ayrılmaların 22 faizdən 14 faizə endirilməsi ilə bağlı idi.

- Sizin təklifləriniz sırasında başqa hansı məqamlar var idi?

- Sadələşdirilmiş verginin rüblük göstəricisi 22,5 min manatdır, bunun bir neçə dəfə artırılması təklifi verilmişdi. Bizdə Sahibkarlığa Kömək Milli Fondu xətti ilə kiçik biznesə verilən güzəştli kreditlərin faizinin 7 faizdən 1,5-2 faizə endirilməsi kimi təkliflər irəli sürülmüşdü. Mənim üçün xoş hal oldu ki, bizim irəli sürdüyümüz təkliflərə icra strukturundan həm müsbət cavab verilmişdi, həm də sonuncu iclasda icra strukturu tərəfindən Milli Məclisdə müzakirəyə çıxarılması təklif olunan həmin addımlar tam olmasa da, müəyyən dərəcədə həmin qaldırılan məsələləri əhatə edirdi. Mənfət vergisinin 22 faizdən 18 faizə endirilməsini təklif etmişdik, 20 faizə endirildi, gələcəkdə də bu proses davam edəcək. Əlavə dəyər vergisi beynəlxalq praktikadan məlumdur ki, aşağısı 5-6, yuxarısı 14-15 faiz olanda daha səmərəli fəaliyyət göstərir. Bizdə isə 18 faiz olduğuna görə, mərhələlərlə bunun 15 faizə endirilməsini təklif etmişdim, hesab edirəm ki, o da zamanı çatanda olacaq. Orda da mən etiraf etdim ki, gözləmirdim ki, sadələşdirilmiş vergini birdən-birə 22,5 min manatdan mərhələlərlə 150 min manata qaldırılması təklifi hökumətdən gələcək. Mənim təklifimdə bu qədər rəqəm qoyulmamışdı. Təklifimizdə irəli sürüləndən də daha proqressiv bir addım atıldı. Bunu da müsbət qiymətləndirirəm. Düşünürəm ki, sadaladığım təkliflər də mərhələlərlə həyata keçəcək. Böhran vaxtı kim elmi-texniki tərəqqini daha sürətlə iqtisadiyyata tətbiq edəcəksə, o, qabağa çıxacaq. Ona görə bir təklif də irəli sürülmüşdü ki, burada çox dəqiq işlənmiş mexanizm tapmaq lazımdır ki, dünyanın ən qabaqcıl texnika-texnologiyası Azərbaycana gələndə burda üç variantdan birini tətbiq etmək. Bunlar ya böhran hesab edək ki, 3 il davam edəcək, 3 il müddətinə əlavə dəyər vergisi ödəməkdən azad etmək olar, ya 3 il müddətinə ona vergi, rüsumlar sahəsində istirahət vermək olar, yaxud da həmin prosesdə hansısa bir vaxt kəsiyində güzəştli variantlardan istifadə imkanları yaradılmasından ibarətdir. Bu məsələlər də çox maraqla qarşılandı. Hesab edirəm ki, doğrudan da bu tədbirlər həyata keçirilsə, bu, bilavasitə iqtisadi fəallığı artıracaq.   

- Amma sizin təkliflərinizin hər birinin altında büdcənin müəyyən məbləğdə azalması dayanır...

- Çox səmimiyyətlə və məsuliyyətlə deyirəm ki, bu azalma müvəqqəti xarakter daşıyır. İqtisadi fəallıq artan kimi, həmin büdcə azalması istiqamətindəki itkilər 4-5 qat artıqlaması ilə yerini dolduracaq. Çünki iqtisadi fəallığın artırılması hesabına daha çox gəlir gələcək, vergi bazası genişlənəcək, vergidənyayınmalar aradan qalxacaq. Sosial sığortaya ayırmaların 22 faizdən tədricən 14 faizə endirilməsi ikili buxalteriyanın aradan qaldırılmasında mühüm rol oynaya bilər ki, burda da xeyli dərəcədə əlavə vəsait var ki, vergi formasında büdcəyə cəlb olunacaq və büdcənin vəsaitlərinin artırılmasında rol oynayacaq.

- Hökumət Mərkəzi Bankın səlahiyyətlərinin də artırılması ilə bağlı təkliflər irəli sürür. Sizcə, bu dəyişiklik hansı nəticələrə hesablanıb?

- Bu, böhran vaxtı Mərkəzi Bankın çevikliyinin artırılması ilə bağlıdır. Qabaqlar Mərkəzi Bank nəzarət, emisiya funksiyasını yerinə yetirirdi. Bütün dünyada mərkəzi banklar hansı makroqlobal xarakterli məsələləri həll edirsə, Azərbaycanda da o məsələləri həll edir və kifayət qədər uğurlu həll edir ki, manatın kursunun sabit qalması hesabına keçmiş SSRİ-yə daxil olan ölkələrlə müqayisədə 2008-ci ildə daha az ziyan dəydi. Amma indi böhranın gecikmiş formada Azərbaycana təsiri güclənməkdədir. Tədbirləri də buna müvafiq şəkildə artırmaq, qabaqlayıcı tədbirlər görmək lazımdır. Məsələn, deyək ki, alüminium istehsalı Azərbaycanda çox vacibdir, bu kompleksi inkişaf etdirmək böyük bir sahəni inkişaf etdirmək deməkdir. Amma böhranla bağlı çox ağır bir vəziyyətə düşüb. Bunu ağır vəziyyətdən çıxarmaqdan ötrü büdcə vəsaitindən istifadə etmək mexanizmi azdır. Çünki 1 barrel neft 70 dollara proqnozlaşdırılıb, ilin əvvəlindən hələ indi-indi neftin qiyməti 70 dollara çatmağa başlayır. Yaxud da bu vəsaitlər elə hesablanıb ki, ordan əlavə çox böyük miqdarda vəsait götürmək qeyri-mümkündür. Xaricdən vəsaitlərin gəlməsi azalıb. Amma bu sahəni xilas etmək lazımdır. Belə misalları çox çəkmək olar. Ona görə də qabaqlar əgər Mərkəzi Bank belə addımlar atanda yalnız 6 ay müddətinə kredit verə və ən yaxşı halda müddəti 6 ay da artıra bilərdisə, indi həmin müddətin artırılmasına imkan var.

- Bəs nəzarət funksiyasını kim yerinə yetirəcək?

- Bu suala da aydın cavab verilsə və düşünülmüş mexanizm qurulsa, bank sisteminin də böhrana qarşı əlavə tədbirlər görülməsi istiqamətində çevikliyi artar. Bir təklif də irəli sürdüm ki, hökumətin indi verdiyi təkliflərlə mənim irəli sürdüyüm təklifləri birləşdirib daha geniş bir əhatə dairəsini özündə birləşdirən paket formasında Milli Məclisə çıxarılması daha müsbət olardı.

- Hökumətin təqdim etdiyi tədbirləri ümumilikdə antiböhran tədbirləri kimi qiymətləndirmək olarmı?   

- 2008-ci ilin yekunları müzakirə olunan zaman prezidentin yekun nitqində antiböhran proqramlarının tezisləri də öz əksini tapdı. Həmin tezislərdə bilavasitə dövlət maliyyəsindən istifadənin səmərəliliyinin artırılması və nəzarətin gücləndirilməsi məsələsi qarmızı xətlə keçdi. Bunu hökumətin antiböhran proqramının mühüm tərkib hissəsi, yaxud da hökumətin antiböhran tədbirlərinə daxil olan paketin bir hissəsi kimi qiymətləndirmək olar. Məsələn, kredit təşkilatları barəsində qanun qəbul olundu, bu da kiçik biznesin inkişafı üçün həddən artıq vacib məsələdir. Torpağın və digər daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması zamanı onun haqqının ödənilməsində məlum problemlər var. Problemlərin hüquqi müstəvidə daha yaxşı həll edilməsi üçün xüsusi qanun layihəsi birinci oxunuşdan keçdi. Hesab edirəm ki, bu da irəliyə doğru çox ciddi addımdır. Eyni zamanda Nazirlər Kabineti Azərbaycanda elektrik enerjisinin hasilatını artırmaq üçün gətirilən avadanlıqlara tətbiq olunan əlavə dəyər vergisinin götürülməsi ilə bağlı qərar qəbul etdi. Bunu yüksək qabaqcıl texnologiyada tətbiq etməklə Azərbaycanda innovasiya sıçrayışına nail olmaq mümkündür. İnnovasiyalı inkişaf ən qabaqcıl texnika-texnologiyaya əsaslanan istehsal sahələrinin yaradılmasına yaşıl işıq yandırılar. Bu da post-krizis dövründə də Azərbaycanın inkişafına gətirib çıxara bilər. Ona görə ki, indi təsəvvür edin ki, iki il bundan əvvəl Azərbaycanda iqtisadi artım tempi 25-35 faiz arasında hərəkət edirdisə, dörd ayın nəticələrinə görə, bu, 4 faiz ətrafına düşüb. Bəzi proqnozlara görə, bundan da aşağı düşmə ehtimalı var. 4 faizlik artım MDB ölkələri ilə müqayisədə yaxşıdır. Amma 4 fizlik artım Azərbaycana layiq rəqəm deyil. Ona görə ki, Azərbaycan qarşısında duran problemləri həll etmək üçün yaxın bir neçə onillikdə ən azı 7-8 faiz artım tempi ilə getməlidir. Ona görə də bizim qarşımızda təkcə böhranın aradan qaldırılması yox, həm də əvvəlki artım tempinin qaytarılması lazımdır. Aşağı faizli artım tempi sosial problemlərimizin həllinə mənfi təsir göstərə bilər. Ən azı 8 faiz artım tempinə nail olmaqdan ötrü təkcə antiböhran tədbirləri yox, innovasiyalı inkişaf yoluna keçmək üçün digər əlavə tədbirləri də görmək lazımdır. Komitənin iclasında bu istiqamətdəki təkliflərimi də irəli sürdüm.

 

 

Nəsimi Cəfərli

 

Şərq.- 2009.- 12 iyun.- S. 4.