"Türkiyə-Azərbaycan münasibətlərini gərginləşdirmək istəyən qüvvələr var"

 

Mübariz Əhmədoğu: "AKP üzvləri doğrudan da Ermənistana səfər edibsə, niyə erməni KİV-ləri bunu yaymadı?"

 

 ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordonun Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı tərəflər arasında anlaşma olduğuna dair bəyanatının üstündən ötməmiş Ermənistanda səfərdə olan AKP-lərin İrəvanda qondarma "soyqırım" abidəsini ziyarət etməsinə dair məlumatların yayılması Azərbaycanda birmənalı qarşılanmadı.  

Qeyd edək ki, ekspertlər Filip Qordonun açıqlamasını reallıqdan bir qədər uzaq saysalar da, Türkiyənin Hakim Partiyasının üzvlərinin İrəvandakı qondarma soyqırım abidəsini ziyarət etmələrinə dair yayılan məlumatlar bir qədər anlaşılmazlıqlar yaradıb. Onu da qeyd edək ki, hələlik AKP rəhbərliyi bu xəbərə hər hansı şərh verməsə də, Türkiyə-Ermənistan münasibətlərinin bundan sonrakı vəziyyətini təhlil edən ekspertlər rəsmi Ankaranın bu ilin əvvəlində Ermənistanla bağlı atdığı yanlış addımları yenidən təkrarlamayacağını bildirirlər. Bununla belə, hakim AKP-nin nümayəndələrinin Ermənistana səfəri və bu səfər zamanı baş verənlərə dair məlumatların erməni KİV-də görünməməsi yayılan xəbərin təxribat məqsədi ilə ortaya atılması versiyasını da istisna etmir. Cənubi Qafqaz ölkələrində baş verən bütün prosesləri yaxından izləyən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da yayılan xəbərlə bağlı konkret fikir söyləməyin çətin olduğunu deyib. Rəhbərlik etdiyi mərkəz tərəfindən Ermənistanda gedən proseslərin yaxından müşahidə edildiyini bildirən politoloq Ermənistan KİV-də belə bir xəbərə rast gəlmədiklərini bildirib. Onun sözlərinə görə, monitorinq etdikləri Ermənistan KİV-ləri arasında çox tirajlı nəşr və İnternet-KİV-lərlə yanaşı, orta səviyəli media qurumları da var. "Biz bu KİV-in heç birində belə bir şeylə rastlaşmamışıq. Əgər Türkiyə tərəfdən belə bir missiya gəlibsə, hətta onlar qondarma soyqırım abidəsini ziyarət ediblərsə, bu, erməni KİV-nin baş xəbərinə çevrilərdi"- deyən politoloq onu da bildirib ki, bəzi hallarda Türkiyədən başqa ölkəyə getmək adı altında çıxan vətəndaşların müxtəlif yollarla Ermənistana keçməsi halları var. "Onların da əksəriyyəti Türkiyə vətəndaşlığı olan, ancaq özləri türk olmayan adamlardır. Ona görə də hesab edirəm ki, Türkiyə hökuməti ölkənin çıxış qapılarında nəzarəti gücləndirilməlidir. Yəni ölkədən çıxan vətəndaşların başqa ölkəyə, yoxsa Ermənistana getdiyinə nəzarət olunmalıdı". Bununla belə politoloq bu gün də Türkiyə ilə Azərbaycan arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələrin olduğunu da istisna etməyib. Onun sözlərinə görə, Türkiyədə olan bu qüvvələr ermənilərlə bağlı məsələlərin də məqsədli şəkildə şişirdilməsinə çalışırlar. Bir sıra hallarda isə politoloq belə problemlərin ortaya çıxmasını Türkiyədəki bəzi yerli məmurların savadsızlığı ilə izah edir. "Keçmiş dönəmlərdə əhalisinin 100 faizi də savadlı olan bir dövlət var idi. O da keçmiş Sovet İttifaqı idi. Bu gün Türkiyə əhalisinin heç də 100 faizinin hamısı savadlı olan ölkə deyil. Təxminən əhalinin 77 faizi savadlıdır. Qalan hissənin isə ümumiyyətlə, məktəb anlayışı yoxdur. Ona görə də bəzi hallarda hansısa ucqar kəndlərdə və yerlərdə yerli bələdiyyə işçiləri, digər xırda məmurların savadsızlığı və öz tarixini bilməməsindən ermənilər öz xeyirlərinə istifadə etməyə çalışırlar və çox təəssüflər olsun ki, bu, çox zaman nəticə də verir" deyən politoloq buna nümunə kimi 24 aprel qondarma "soyqırım günü" ərəfəsində Ermənistanın Taekvando Federasiyasının təşkil etdiyi yarışa Türkiyə tərəfinin müsbət cavab verməsini göstərib. Onun sözlərinə görə, Ermənistanın Taekvando Federasiyasının təşkil etdiyi və qondarma soyqırıma həsr olunmuş yarışdan Türkiyə tərəfinin imtinası son anda, özü də Azərbaycan tərəfinin üstüörtülü mesajlarından sonra baş verib. Bu baxımdan da politoloq ermənilərin Türkiyədən olan hansısa yerli məmurları öz tərəflərinə çəkmək cəhdlərinin olmasını istisna etmir. Amma o, bu səfərin AKP-nin yüksəksəviyyəli üzvləri tərəfindən həyata keçirilməsinə bir qədər şübhə ilə yanaşır. Politoloq hesab edir ki, belə xəbərlərin ortaya atılması Azərbaycan və Türkiyə arasında yenidən gərginlik yaratmaq cəhdlərindən başqa bir şey deyil. "Türkiyənin daxilində müəyyən qrup insanlar var ki, onlar daima çalışırlar ki, iki ölkə arasında münasibətlər gərginləşsin. Amma mən rəsmi Ankaranın aprelin əvvəlində yol verdiyi səhvləri yenidən təkrarlayacağına inanmıram. Çünki baş verənlər nəticə çıxarmaq üçün kifayət qədər əsas verdi".

      

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 20 iyun.- S. 4.