"Təhsil haqqında" qanun qəbul olundu

 

Orta məktəbi medalla bitirən şagirdlər və olimpiadaların qalibləri avtomatik olaraq ali məktəblərə yerləşdiriləcəklər

 

 Nəhayət ki, "Təhsil haqqında" qanun layihəsi Milli Məclisdə qəbul olundu. Sənəd parlamentin dünən keçirilən növbədənkənar iclasında ciddi müzakirələr açdı. Deputatlar təhsil qanunu ilə bağlı öz iradlarını və təkliflərini yenə söylədilər. Bu qanunla yanaşı, QHT qanununa ediləcək dəyişiklik Milli Məclisdə narazılıqlara səbəb oldu.

 

"QHT haqqında" qanuna əlavə və dəyişiklik mübahisə yaratdı

 

Tarixçi-professor Cəmil Həsənli "QHT haqqında" qanuna əlavə və dəyişikliklərin Konstitusiyamızla və İnsan Haqları Bəyannaməsi ilə ziddiyyət təşkil etdiyini, bununla bağlı hüquqşünaslarla məsləhətləşdiyini bildirdi: "Bu qanun beynəlxalq rəydən keçmişdi. İkincisi, Avropa Şurasının tövsiyəsi var ki, bu qanuna QHT-lərlə məsləhətləşdikdən sonra dəyişiklik edilə bilər. Bu gün gündəliyə salınmış bu layihəni qəbul etsək, həm QHT-lərin fəaliyyətinə problem yaranacaq, həm də Azərbaycanın imicinə ziyan dəyəcək".

Spiker Oqtay Əsədovun reaksiyası gecikmədi: "Siz hüquqşünaslarla məsləhətləşmisiniz, bizim Hüquq siyasəti və dövlət quruculuğu komitəsində mütəxəssislərimiz var. Onları da dinləyərsiniz".

 

"Bu əlavə və dəyişiklik gündəlikdən çıxarılsın" 

 

Millət vəkili Pənah Hüseyn də "QHT haqqında" qanuna əlavə və dəyişikliklərin gündəlikdən çıxarılmasını istədi və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin layihənin müsbət məqamlarını cəmiyyətə çatdırmadığını iddia etdi. O, QHT-lərə Dəstək Dövlət Şurasının üzvləriylə "QHT-lərlə məsləhətləşmək" adı ilə Prezident Administrasiyasının, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri arasında keçirilən görüşləri isə separatizm kimi dəyrələndirdi. O təklif etdi ki, bu qanun layihəsi ya gündəlikdən çıxarılsın, ya da geniş müzakirələr keçirilməsi üçün birinci məsələ kimi gündəliyə salınsın.      

 

"Pənah Hüseyn separatçı ola bilər"

 

Spiker Oqtay Əsədov narahatçılıqları yersiz saydı: "Pənah bəy, nə bilirsən ki, komitə əlavə və dəyişiklikləri əsaslandırmayacaq? Bu gün vaxt olmaz, növbəti iclasda qəbul edərik".

QHT-lərə Dəstək Dövlət Şurasının sədri Azay Quliyevin Pənah Hüseynə reaksiyası isə sərtliyi ilə seçildi: "Pənah Hüseyn separatizmin nə demək olduğunu bilirmi? QHT-lərə Dəstək Dövlət Şurasının üzvlərinin Prezident Administrasiyasının rəsmilərilə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləriylə görüşü niyə separatizm sayılmalıdır? Biz heç vaxt separatçı olmamışıq, Pənah Hüseyn separatçı ola bilər".

 

"Qeydiyyatsız QHT-lərin xəttiylə partiyalar maliyyələşdirilir"

 

YAP icraçı katibinin müavini Siyavuş Novruzov iki gün əvvəl 150 QHT adıyla keçirilən tədribə toxundu. O dedi ki, həmin tədbirə toplaşan QHT-lər qeydiyyatdan keçməyiblər, o şəxslər partiya sədrlərinin müavinləri və digərləridir: "Onların xəttiylə müxalifət partiyaları maliyyələşdirilir. "QHT haqqında" qanuna əlavə və dəyişikliklər aşkarlığa, QHT-lərin inkişafına yönəlib".  

 

"Təhsil haqqında" qanun layihəsi sonuncu oxunuşda müzakirəyə çıxarıldı

 

Milli Məclisdə nəhayət, "Təhsil haqqında" qanun layihəsi sonuncu - üçüncü oxunuşun müzakirəsinə çıxarıldı. Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev dedi ki, 6 aylıq zaman ərzində qanun layihəsi ilə bağlı istər Təhsil, istər Maliyyə, istər Ədliyyə, istər Səhiyyə, istər Xarici İşlər nazirlikləri, istərsə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən çox əsaslandırılmış tövsiyələr, təkliflər, rəylər alınıb və İşçi Qrupu onların üzərində işləyib.   

Şəmsəddin Hacıyev qeyd etdi ki, Təhsil Nazirliyi qanun layihəsi ilə bağlı 26 maddə üzrə 80-nə yaxın təklif və tövsiyə irəli sürüb: "4 gün ərzində İşçi Qrupundakı ekspertlərin yaxından iştirakı ilə çox məhsuldar müzakirələr aparmışıq və həmin müzakirələrin nəticəsi olaraq Təhsil Nazirliyinin irəli sürdüyü təkliflərdən 60-nı tam, 10-nu qismən nəzərə almışıq. Ədliyyə Nazirliyi qanun layihəsi ilə bağlı 10 maddə üzrə 25-ə yaxın təklif verib ki, onlardan da 20-si məqsədəuyğun sayılıb. Maliyyə Nazirliyi 14 maddəyə 20 təklif verib. Bu təkliflər də əsasən təhsil müəssisələrinin statusu və təhsilin maliyyələşdirilməsi ilə bağlıdır. Həmin təkliflərdən 10-nu tam, 5-i isə qismən nəzərə alınıb".

 

Partiyaların təklifləri də nəzərə alınıb

 

İkinci oxunuşda millət vəkilləri tərəfindən səsləndirilən irad və təkliflərin sayı təxminən 60-a yaxın olub. Həmin təkliflərin əksəriyyəti üçüncü oxunuşda nəzərə alınıb: "Bundan başqa, biz qanun layihəsinin üçüncü oxunuşunda ayrı-ayrı tanınmış təhsil, elm adamlarının, məsələn, akademik Vaqif Abbasovun, TQDK-nın keçmiş sədri Vurğun Əyyubun, hamımızın yaxşı tanıdığı Asif Cahangirovun rəylərindən, təkliflərindən də yararlanmışıq. Həmçinin bəzi siyasi partiyaların - Demokraitk İslahatlar, Sosial Rifah partiyalarının təkliflərini, tövsiyələrini məqsədəuyğun saymışıq. İkinci oxunuşdan sonra demək olar ki, sənədin preambulasından tutmuş sonuncu - 47-ci maddəsinə qədər hamısı bu və ya digər dərəcədə dəyişikliklərə məruz qalıb".

 

Əcnəbilər təhsil müəssisələrinin təsisçisi ola biləcəklər

 

Komitə sədri bildirdi ki, təxminən 10 maddəyə heç bir dəyişiklik olunmayıb. Qalan maddələrin demək olar ki, hamısı dəyişdirilib. Məsələn, sonuncu dəyişikliklərə görə, təhsil müəssisələri mülkiyyət növünə görə 3 yerə - dövlət təhsil müəssisələri, bələdiyyə təhsil müəssisələri və özəl təhsil müəssisələrinə bölünür: "Təhsil müəssisələrinin təsisçiləri ilə bağlı qanun layihəsinə yeni müddəalar əlavə olunub. Bu əlavələrdən sonra xarici ölkələrin hüquqi və fiziki şəxslərinin də Azərbaycanda təhsil müəssisələrinin təsisçisi hüququna sahib olması mümkün olacaq. Ancaq bir şərtlə ki, həmin xarici hüquqi və fiziki şəxslərin təsisçisi olduğu Azərbaycan məktəblərində müavin azərbaycanlı, məktəb kontingentinin 80 faizi azərbaycanlı olsun. Qanun layihəsinə edilən son dəyişikliklərdən biri də təhsil müəssisələrinin lisenziya müddəti ilə bağlı məsələdir. Qanun layihəsində nəzərdə tutulur ki, dövlət təhsil müəssisələrinə lisenziyalar müddətsiz, bələdiyyə və özəl təhsil müəssisələrinə isə lisenziyalar 5 il müddətinə verilsin. Xarici hüquqi və fiziki şəxslərin təsisçisi olduqları məktəblərin isə lisenziya müddətinin 3 il olması nəzərdə tutulur".

 

İcbari təhsilin müddəti göstərilməyib

 

Komitə sədri ikinci oxunuş zamanı qanun layihəsində "Təhsilin pillələri və tsikli" maddəsinin əksini tapdığını xatırladaraq dedi ki, indi bu maddə "Təhsilin pillələri və səviyyələri" adlandırılır. Qanun layihəsində təhsilin 3 yaşından başlaması nəzərdə tutulur. Daha doğrusu, 5 yaşına çatan uşaqların məktəbə hazırlığı icbari qaydada həyata keçiriləcək. Layihədə ümumi təhsilin 3 səviyyədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarət olması öz əksini tapıb. Digər tərəfdən, üçüncü oxunuşda icbari təhsilin müddətləri göstərilməyib. Şəmsəddin Hacıyev icrabi təhsilin 3 il, 6 il, 9 il, 12 il, hətta 14 il də ola biləcəyini söylədi.

Qanun layihəsində ali təhsilin 3 səviyyədən - bakalavriat, magistratura və doktoranturadan ibarət olması nəzərdə tutulub.

 Şəmsəddin Hacıyev ikinci oxunuş zamanı qanun layihəsində ciddi müzakirələrə səbəb olmuş 27-ci maddəyə - tələbə qəbulu və tələbələrin yerləşdirilməsi məsələsinə də aydınlıq gətirdi.

 

TQDK-nın təklifləri qəbul olunmayıb

 

Tələbə qəbulu ilə bağlı məsələ, demək olar ki, çox da dəyişikliklərə məruz qalmayıb: "Biz də hesab edirik ki, tələbə qəbulu test üsulu ilə həyata keçirilməlidir, daha doğrusu, biliyin qiymətləndirilməsi test üsulu ilə olmalıdır. Ancaq bununla belə, hesab edirik ki, ali və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyent həm təhsil müəssisəsini, həm də ixtisasını sərbəst seçmək hüququna malik olmalıdır. Yəni test üsulundan keçən tələbə sərbəst şəkildə öz istədiyi təhsil müəssisəsində yerləşdirilməli və istədiyi ixtisasda oxumalıdır. Bu yerdə onu da xatırlatmaq istəyirəm ki, dünən TQDK-dan qanun layihəsinin 8 maddəsi üzrə rəy almışıq və həmin rəydə də 4 təklif əksini tapıb. Birinci təklifdə qeyd olunur ki, orta məktəbləri medalla bitirən şagirdlərin avtomatik olaraq ali məktəblərə yerləşdirilməsi məsələsi qanun layihəsindən çıxarılsın. Ancaq biz bunu o qədər də məqsədəuyğun saymırıq. İkinci təklifdə qeyd edilir ki, olimpiadaların qaliblərinin ali məktəblərə birbaşa qəbulunu nəzərdə tutan müddəa qanun layihəsindən çıxarılsın. Biz bunu da o qədər məqsədəuyğun hesab etmirik. Digər təkliflərə gəlincə, orada magistr hazırlığı məsələsi ilə bağlı məqamın, eləcə də bir təhsil pilləsində əldə edilən nailiyyətlərin növbəti təhsil pilləsində nəzərə alınması ilə bağlı məqamın dəyişdirilməsi təklif olunur. Bir sözlə, biz həmin təkliflərdən, sadəcə, 2-sini üçüncü oxunuşda nəzərə almışıq".      

 

"Konstitusiyada ali məktəbə qədər olan təhsil pulsuz və icbaridir

 

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 15 illik müzakirəyə nöqtə qoyaraq, qanunun birbaşa səsverməyə çıxarılmasını istədi. VHP sədri Sabir Rüstəmxanlı Azərbaycandan kənarda yaşayan azərbaycanlıların təhsili məsələsinin nəzərə alınmasını, test imtahanlarında sualların sadələşdirilməsini və konkretləşdirilməsini zəruri saydı.

Millət vəkillərinin layihəni səsverməyə qoymaq yönündə təkidlərinə baxmayaraq, spikerin Pənah Hüseynə söz verməsi ikincinin buna maraqlı təşəkkürü ilə yadda qaldı: "Oqtay müəllim, görürəm ki, siz burada olanların çoxundan demokratiksiniz". 

Pənah Hüseyn qanun layihəsində bakalavr və texniki peşə məktəblərindən fərqli olaraq magistratura və doktorantura mərhələlərinə qəbulun test üsulu ilə aparılması barədə heç nə yazılmadığına diqqət çəkdi.   

Sonra qanun layihəsi səsverməyə çıxarıldı və 3 nəfər əleyhinə, 107 nəfər lehinə olmaqla qəbul edildi.

Millət vəkilləri günün birinci hissəsində "Büdcə sistemi haqqında", "Milli Bank haqqında" qanunlara, Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsini dəstəklədilər. Füzuli rayonunun inzibati ərazi bölgüsünə də dəyişikliklər edildi.   

   

 

Rəşad Baxşəliyev

 

Şərq.- 2009.- 20 iyun.- S. 3.