"Azərbaycan mətbuatında islahatlara ciddi ehtiyac var"

 

Akif Aşırlı: "Cəmiyyət inkişaf etdikcə "reket" mətbuat sıradan çıxacaq"

 

 Jurnalistikadan sui-istifadə etməyə çalışanlar həmişə olub. Elə bu gün olduğu kimi. Öz məqsədlərini həyata keçirmək üçün bu sahədən daha yaxşı təbliğat vasitəsi düşünə bilməyənlər elə jurnalistika vasitəsilə də istəklərini həyata keçirir. Çox zaman da niyyəti xoş olmayan insanların jurnalistka peşəsindən, bu peşənin çətinliklərindən xəbəri olmur.  

Elə buna görə də bu peşənin adına xələl gətirməkdən çəkinmirlər. Kimin ürəyi nədən və necə istəyirsə, elə o cür də yazır. Belə qəzet sahibləri arasında heç məmurların da sayı az deyil. Problemin qarşısını almaq üçün müxtəlif üsullara əl atılır. Mübarizənin effekt verib-verməyəcəyini, yaxud bu mübarizələrdən qarşı tərəfin deyil, jurnalistikanın ziyan çəkib-çəkməyəcəyini isə gələcək göstərəcək. Qəzetçiliyin təmizlənməsinə yönəlmiş bu və ya digər məsələrlə bağlı "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı fikirlərini bizimlə bölüşdü.("OLAYLAR"İA)

-Akif müəllim, qəzetlərin qeydiyyatı üçün ödəniləcək məbləğ 1000 manata çatdırıldı. Sizcə, bu addım qəzetçilikdən sui-istifadə etmək niyyətində olanlara mane ola biləcək?  

-Bu, Azərbaycan mətbuat bazarında yaranan qarışıqlığı aradan götürmək üçün nəzərdə tutulmuş məhdudlaşdırıcı bir vasitədir. Bunun mahiyyətində reket mətbuatına qarşı tənzimləmə dayanır. Müəyyən mənada bunun da rolu ola bilər. Amma hesab edirəm ki, əgər kimsə qarşısına qəzet açmağı və ondan reket məqsədlər üçün istifadə etməyi, öz sosial problemlərini Azərbaycan jurnalistlərinin şərəfli peşəsindən sui-istifadə etməklə yerinə yetirməyi məqsəd kimi qoyubsa, qeydiyyat üçün nəzərdə tutulan məbləğin artırılmasının o qədər əhəmiyyəti olmaycaq. Hər halda bunu da məhdudlaşdırıcı vasitə kimi qəbul etmək olar. Hesab edirəm ki, 1000 manatdan da artıq vəsaitin qoyuluşu da nəzərdə tutula bilərdi. Qəzet açmaq istəyən insan üçün 1000 manat əldə etmək çətin deyil. 

-Sizcə, reket jurnalistika ilə mübarizə aparmaq üçün hansı üsullardan istifadə olunsa, effektli ola bilər?

-Reket jurnalistika bu cəmiyyətin bəlasıdır. Onun mahiyyətində bir cinayət əməli var. Sadəcə, cəmiyyət hələ yetişməyib. Ayrı-ayrı strukturlarda əyləşən məmurların ölkədə azad fikrin, sözün mahiyyətini kifayət qədər anlamamasından, ciddi qəzetlərlə qeyri-ciddi qəzetlər arasında fərq qoya bilməməsindən bu kimi hallar doğur. Cəmiyyət inkişaf etdikdən, hər kəs öz yerində olduqdan sonra reket mətbuat da sıradan çıxacaq. Bunun üçün zaman lazımdır. Eyni zamanda Azərbaycan mətbuatında ciddi islahatlara çox böyük ehtiyac var. Bu islahatları həyata keçirdikdən sonra biz reket mətbuatın sıralarının azaldığını hiss edəcəyik.

-Hazırda həyata keçirilən yenilikləri sizin nəzərdə tutduğunuz ciddi islahatlara aid etmək olar? 

-Aparılan islahatlar, qanunvericiliyin müəyyən mənada sərtləşdirilməsi hər halda özündə müsbət olmaqla yanaşı, mənfi xalları da daşıyır. Amma bütövlükdə hesab edirəm ki, atılan addım-KİV haqqında qanuna edilən dəyişikliklərin bəzilərində olan mütərəqqi dəyişiklik öz-özlüyündə bir islahatdır. Redaktorluq fəaliyyəti ilə məşğul olmaq üçün qoyulan şərt, eləcə də hər kəsin qəzet açmaq imkanını məhdudlaşdıracaq olan qeydiyyat prosesində dövlət rüsumunun artırılması kimi addımlar həm də Azərbaycan mətbuatının sağlamlaşdırılmasına xidmət edir. Əlbəttə, bunu müxtəlif aspektlərdə qiymətləndirmək də olar. Hələlik cəmiyyətdə məhdudlaşdırıcı faktorlardan istifadə məqbul hesab olunursa, biz buna getməliydik və gedirik də.

-Ali təhsilli olmayan qəzet redaktorları ilə bağlı nə deyə bilərsiniz? Tanıdığınız qəzet redaktorları arasında belələri çoxdur?

-Çoxdur. "Şərq" "Azərbaycan" nəşriyyatında yerləşir. Reket mətbuatının müxtəlif mənzərələrini müşahidə etmək imkanlarımız var. Onların böyük əksəriyyəti orta məktəb səviyyəsi həcmində savaddan da bixəbərdirlər. Azərbaycan mətbuatında savadsız bir kütlə-"jurnalistlər" peyda olub və onlar mətbuatı korlamaqla məşğul olurlar. Öz tərcümeyi-hallarını yazanda belə səhvə yol verirlər. Nəinki ifadə səhvlərinə, orfoqrafik səhvlərə yol verirlər. Bunlar da qəbulolunmaz hallardır.

-"Azərbaycan" nəşriyyatında reket jurnalistika ilə məşğul olan qəzetlər çoxdur?

-Əvvəllər nəşriyyatda reket qəzetlər həddən ziyadə çox idi. Son dövrlər Mətbuat Şurası ilə "Azərbaycan" nəşriyyatı arasında aparılan dialoq, eyni zamanda reket mətbuatının mahiyyəti ilə bağlı aparılan maarifçilik işləri bu nəşriyyata da təsir edib. "Azərbaycan" nəşriyyatında artıq getdikcə reketlərin sayı azalır. Hesab edirəm ki, bu da doğru bir yoldur. Ancaq demək olmaz ki, nəşriyyat bütövlükdə reketlərdən xilas olub. Yox. Biz bu nəşriyyatı həmişə nüfuzlu bir yer kimi qəbul etmişik və ali bir məbəd kimi baxmışıq. Bunun belə də olmasını istərdik. Təbii ki, rəhbərlik səviyyəsində müəyyən işlər görülür.

-"Diffamasiya haqqında" qanunun müzakirəsi hər zaman gündəmdədir. Sizcə, qanunun qəbul olunması üçün kifayət qədər şərait yetişibmi?

-Hesab edirəm ki, diffamasiya haqqında qanunun qəbulu üçün artıq real imkan və şərait var. Heç nədən çəkinmədən diffamasiya haqqında qanunu qəbul etməliyik. Artıq bu məsələ bir neçə ildir ki, müzakirə mövzusudur və beynəlxalq təşkilatlar qanunun qəbul olunmamasından dolayı Azərbaycana qarşı müəyyən təkidlər də edirlər. Bu qanunun qəbul olunmasını Azərbaycan mətbuatı üçün elə də böyük təhlükə hesab etmirəm. Əgər hər halda biz ciddi jurnalistikanın və ciddi qəzetlərin problemlərindən danışırıqsa, demək olar ki, Azərbaycanda məsuliyyətli jurnalist nəsli formalaşır.əEtik ölçüləri gözləyən, azad sözün imkanlarını dəyərləndirən jurnalistlərimiz var. Buna görə də qanunun qəbulu artıq mümkündür. Çünki bu gün azad sözə görə, jurnalistlərə heç bir təzyiq yoxdur. Belə olduğu halda diffamasiya haqqında qanunun birdəfəlik qəbulunu məsləhət görərdim.

-Həmkarlarınız arasında qanunun qəbulu üçün şəraitin yetişmədiyini düşünənlər çoxdur.  

-Bəziləri deyir ki, hələ mühit yoxdur. Kimlərsə, bundan istifadə edər və cinayət məsuliyyətindən yaxa qurtarar. Bu belə deyil. ?urnalistin peşə davranış qaydalarını pozduğu halda, mülki məsuliyyət hüququndan doğan məsuliyyəti artıra bilərik. Müəyyən cərimələri, qəzetin fəaliyyəti ilə bağlı müəyyən müddətə xitam vermə hallarından istifadə daha yaxşı olar. 

-Artıq Mətbuata Dövlət Dəstəyi Fondu formalaşıb. Qarşıdan mətbuatın yaranma ildönümü də gəlir. Sizcə, mətbuatın ilk növbədə hansı ciddi problemləri həll olunmalıdır?

-Mətbuata Dövlət Dəstəyi Fondu artıq demək olar ki, formalaşıb. Əlbəttə, bu Azərbaycan mətbuatının inkişafı üçün çox böyük bir fəaliyyət proqramıdır. Ancaq düşünmək olmaz ki, fond fəaliyyətə başladı və Azərbaycan mətbuatının problemləri birdəfəlik həllini tapacaq. Bu problemlər illər-uzunu formalaşıb. Müəyyən reallıqlar var. Qəzetlərin bazar arenası hələ tam inkişaf edib öz dayaqlarını möhkəmləndirməyib. Bu baxımdan da mətbuatda problemlər qalacaq. Ancaq bu problemlərin qarşısının alınması yönündə atılan addımlardır. Dövlət də cəmiyyət qarşısında öz məsuliyyətini həmişə qəbul edir və eyni zamanda, azad sözün imkanlarını genişləndirmək istəyində olur. Fondun yaradılması da mətbuatın inkişaf etməsi üçün dövlətin istəyidir. Belə ki, məsuliyyətli, sosial məzmuna malik, qərəzdən uzaq bir mətbuat inkişaf etsin. İnanıram ki, fond fəaliyyətə başladıqdan sonra problemlərin müəyyən hissəsinin həllini biz görə bilərik. Təbii ki, bu birinci növbədə işin qurulmağından da asılı məsələdir. Ciddi problemlərə gəlincə isə, inkişafın qarşısını alan xeyli sayda problem var. İstəmirəm ki, bu problemləri sayım. Əlbəttə ki, hər birimiz uzun müddət qəzetçilikdə çalışan insanlar kimi bu problemləri çox gözəl bilirik. Bu problemləri aradan qaldırdıqdan sonra biz Azərbaycanda müstəqil mətbuat şəbəkəsinin varlığından danışa bilərik.

-Avropada olmasa da, artıq ABŞ-da internet medianın qəzetləri sıxışdırdığı bildirilir. Belə bir təhlükəni Azərbaycan üçün də görürsünüz?

-Artıq hiss olunmasa da, son dövrlərdə çap mediası ilə internet mediası arasında rəqabət var. Ancaq ABŞ-la, Avropa ölkələri ilə Azərbaycanı eyniləşdirmək olmaz. Bu ölkələrdə artıq hər bir ailənin özünün internet imkanları var. Azərbaycanda dövlət strukturlarının elektron vasitələrdən istifadə imkanları getdikcə artır. Ancaq gəlin görək bu gün əhalinin neçə faizinin kompyuterdən, internetdən istifadə etmək imkanı var? Bu məsələ hələ tam dəqiqləşməyib. Bu məsələ tam dəqiqləşdikdən sonra, hər bir ailə bu imkanlara sahib olduqdan sonra biz bu rəqabətin haqqında danışa bilərik. Kimsə deyir ki, çap mediası sıradan çıxacaq, bu düzgün deyil. Qəzetin xəbəri təhlil etmək imkanları var. Qəzetdən alınan informasiyanın zövqü ilə internetdən alınan informasiyanın zövqü tamamilə fərqlidir. Buna görə də çap mediası həmişə varlığını qoruyub saxlayacaq.

  

 

 Şərq.- 2009.- 24 iyun.- S. 5.