Mənəviyyat haqqında düşüncələr

 

 Jurnalist Ziadxan Məmmədov tədqiqatçı-alim, filosof, böyük şəxsiyyət olan Camal Mustafayevə həsr etdiyi bu ürək sözlərini hələ alimin 70 illik yubileyi günlərində qələmə alıb. Bu səhifədə onun "Mənəviyyat haqqında düşüncələr" yazısını dərc edirik. 

 

Novruzgülü gecikirdi

 

Yurdumuza bayram gəldi. Novruz gəldi. Qarayazı boy qardaşı Borçalıya süfrə açdı, büsat qurdu. Novruzgülü gecikirdi. Axtardılar, səs saldılar, səməni süfrələrdə dilə gəldi, haray saldı... Novruzgülü gecikirdi. Mart apreldən borc almışdı. O, borcunu tez qaytardı. Günəş bulud arxasında çöhrəsini gizlətmişdi. Tez oyandı. Buludları yara-yara nur çilədi, şölə saçdı... Novruzgülü gecikirdi. O, günəşdən, novruzdanmı incimişdi? Ziya dolu şöləsini Günəş saldı süfrələrə, səməni bar-bərəkət rəmzi kimi coşub-daşdı. Novruzgülü gecikirdi. Səbəbini biz bilmirdik. Amma onu bilirdik ki, o gələndə nur gətirir, ətrini, rövnəqini, ləçəyini süfrəmizə səpələyir...

Elimizə xəbər gəldi. Novruzgülü yolda gəlir. O, üzündən nurlu olan bir insanla Nurla gəlir, camalından, çöhrəsindən nur tökülən bir insanla süfrəmizə qonaq gəlir, camalından elimizə nur ələyən Camal gəlir...

Camalımın gəlişilə elimizin, obamızın süfrəsinə rövnəq gəldi, xalqımızın Novruz adlı bayramına bayram gəldi. Oğul sevən, övlad sevən, yetirdiyinin dəyərinə dayaq olan Qarayazı camaatı öz oğlunun gəlişinə bir toy qurdu, büsat qurdu. Qubernator dəstəyində parlamanın elçiləri, Qarayazı çökəyinin qədir bilən övladları insanlığın heykəlinə çələk düzdü, müğənnilər coşub-daşdı, şairləri dilə gəldi qaynar, coşqun bulaq kimi. Bu bulağın nəğmə dolu dodağıyla Knyaz Aslan belə dedi: 

 

   Bircə gün vətəndən gen gəzən deyil,

   Qara gün acısı, gün balıdır.

   O, təkcə Bakının, Təbrizin deyil,

   Bütöv yurdumuzun ağsaqqalıdır!

 

 

Düşüncələr

 

Camal müəllimin yubileyi günlərində Azərbaycanın Gürcüstanın müxtəlif bölgələrindən gələn alimlərin, şairlərin, incəsənət xadimlərinin, dövlət məmurlarının, ziyalılarının, ağsaqqallarının, boya-başa çatdığı kənd məktəbinin müəllimlərinin, şagirdlərin ürək sözləri biri-birini əvəz edirdi. Çıxış edənlər böyük filosofun əsərlərini xatırlayır, dahi Nizami haqqında yazdığı əsərlərdən misallar gətirir, sanki bu fikirləri onun özünə, şəxsiyyətinə şamil etmək istəyirdilər... Çıxışlar səngimirdi. Mən isə el bayramına çevrilən bu böyük məclislərdə iştirak etdiyim üçün çox xoşbəxtəm. Xoşbəxtəm ki, Camal kimi böyük şəxsiyyət orta məktəbdə mənə dərs deyib... Düşüncələr məni xeyli keçmişə - Camal müəllimin gəncliyinə, özümün uşaqlığıma aparır. Qardabani orta məktəbinin 9-cu sinfində oxuyurdum. Kosalı kəndinin, Qarayazı elinin ilk qaranquşu Camal Mustafayev Lomonosov adına Dövlət Universitetini bitirib, rayona gəlmişdi. El öz oğlunu qiymətləndirdi. Qardabani Azərbaycan orta məktəbinə direktor təyin olundu. Onun ilk şagirdləri biz olduq - biz X sinif şagirdləri. Bu xoşbəxtlik bizə nəsib oldu. Məktəbi qurtaranlar təəssüflənir. Aşağı sinif həmkarlarımız bizə həsəd aparırdılar. Xoş lisanlı, həlim qəlbli Camal bizim ürəyimizə yol tapdı. Biz onu sevdik, ona oxşamağa çalışdıq. Bu mümkün idimi? Bircə onu bilirəm ki, o dərs dediyi, gələcəyə ruhlandırdığı 13 nəfər hamımız ali təhsil aldıq. Bəli, ona oxşamağa, onun özünü isə kiməsə oxşatmağa çalışırdıq... Hamının nəzəri ona - Camalın camalına dikilmişdi. Bu camalda mən təmiz, pak, qaranlığın sinəsini yarıb şölə saçan, zehinləri işıqlandıran bir camal görürdüm. Çıxışlar biri-birini əvəz edirdi. Mən Camalın 65 yaşlı şagirdi çıxış edib ürək sözümü demək istərdim. Cürət etmirdim. Axı uşaqlıqdan başlamış ömür boyu həyat idealım sandığım böyük insan haqqında sadə jurnalist kimi deyə bilərdim?. Təntənə iştirakçıları yubilyar haqqında çıxış edir, şəninə sözlər deyirdi. Mən isə öz ürəyimlə danışır, Camal həyatının anlarını xatırlayırdım. Bu anlarda tarixə dönən bir əsəri vərəqləyirdim.

Camal dahi Nizamini tədqiq edə-edə, onu öyrənə-öyrənə dahilik səviyyəsinə yüksəlib. O, Nizamini ondan sonra gələn dahilərin fikirlərində, təfəkkürlərində axtarıb, Nizaminin əxlaqi, mənəvi, xəlqi dəyərlərini araşdıra-araşdıra milli - mənəvi dəyərlərin zirvəsinə qalxıb. Camal Avropa klassiklərinin Şərq ədəbiyyatına səcdəsini aşkarlayıb, elmi traktatlar yaradıb. "Belinski Nizami haqqında" əsərini yazarkən Belinskinin özünü tədqiq edərkən rus klassikinin Pyotr haqqında "polad sınar, əyilməz" kəlamı yəqin ki, Camalın yaddaşında həkk olunub.  

 

Polad sınar, əyilməz

 

Camal qəlbi qədər həlim, mülayim, bahar çiçəyi tək kövrəkdir. Bu kövrəklikdə kəskinlik, dönməzlik, sınmazlıq axtaran, onu görən, duyan olubmu, mən görmüşəm, duymuşam, müşahidə etmişəm. Elin, obanın, millətin taleyi həll olunan yerdə Camalın çöhrəsindən həlimlik, kövrəklik silinmiş, şaxta qədər kəskin olmuşdur. Millətin taleyüklü məsələlərində - "olum, ya ölüm" seçimində Camal əyilməz olmuşdur. Camalın xoş camalı bir anda kəskinləşmiş mövqeyindən, vəzifəsindən, səviyyəsindən asılı olmayaraq öz millətinə dayaq olmayanları, məsləksizləri, alçala-alçala yüksələnləri, könüllü qulları şaxta kimi sızlatmış, qılınc kimi kəsmişdir.

Camalımızın Camalında onun varlığında, xarakterində həmişə belə "Təzadlar" olub. Həlim, ilıq nəfəsilə hər birimizin qəlbini hərarətləndirən böyük filosof Camal Mustafayev millət taleyi, milli özünəqayıdış məsələlərində "polad sınar, əyilməz" kəlamını həyatının mənası hesab edib. Bax, Camalımız belə "təzadlar" camalıdır!

Ömrünü Şərq ədəbiyyatının, mədəniyyətinin, Nizami dühasının tədqiqinə ünvanlayan böyük insan alimin mənəviyyatına həsr edilmiş bu etüdlər sadə bir jurnalistin hissləri, qənaətləri, Camal nəfəsi ilə isinən, Camal qayğısı ilə dəyərlənən bir insanın ürək sözləridir. Qloballaşma inteqrasiya əsrində mənəviyyatın, insanlığın az qala cılızlaşdığı bir dövrdə yaxşı ki, Borçalı elinin, Qarayazı çökəyinin Dədə Camalı var. Nur vücudlu, insanlığın, şəxsiyyətin, milliliyin, vətəndaşlığın, türklülüyün, saflığın, ülviliyin, paklığın kəhkəşanında duran, peyğəmbərimiz səviyyəsinə yüksələn Camalımız var. yaxşı ki, mənəviyyat bulağından bir parç içmək istəyənlərə Tanrı Camalı bəxş edib. Bax, bizi təmizləyən, saflaşdıran Camalımız belə Camaldır. 

 

 

Şərq.- 2009.- 26 iyun .- S. 12.