Ordu ilə bağlı yazılara senzuranın tətbiqi yolverilməzdir

 

Millət vəkilinin təklifi dəstək qazanmadı

 

 "Ordu haqqında informasiya ciddi filtirasiyadan keçməlidir. Rəsmi məlumatlar olmalıdır. Ordu ilə əlaqədar yazılan yazılara qanun ciddi sədlər qoymalı, eyni zamanda insanların özləri də məsuliyyət daşımalıdır".

Bu fikirlərlə millət vəkili Aydın Mirzəzadə çıxış edib. Onun sözlərinə görə, bəzi mətbuat səhifələrində orduya qarşı çirkin kampaniya aparılır ki, bu da təsadüfi deyil. Bu proses ordu rəhbərliyinə deyil, müstəqilliyimizə qarşı çox ciddi təxribatdır. A.Mirzəzadə hesab edir ki, belə kampaniya dövlətçiliyimizin bünövrəsinə zərbə vurmaqdan ötrü edilən cəhdlərdir: "Vaxtaşırı dövlətçiliyimizin ayrı-ayrı sütunlarını laxlatmağa çalışırlar. Dövlətin bel sütunu da ordudur. Orduda hər hansı bir hadisəyə görə, ümumilikdə orduya, zabitlərə kölgə salmaq cəhdi çox çirkin piar texnologiyasıdır ki, bundan da istifadə edirlər". Onun, fikrincə, konkret ordu məsələlərinin işıqlandırılması ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər etməyin vaxtı çoxdan çatıb. Millət vəkili hesab edir ki, ordu haqqında yazıların ciddi senzuraya alınması ilə bağlı Milli Məclisdə məsələ qaldırılmalıdır.

Lakin millət vəkilinin bu fikirləri ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı rəylərini öyrəndiklərimizin hər biri bildirib ki, ordu haqqında yazılan yazılara hansısa tənzimləmə mexanizminin yenidən tətbiq edilməsi ölkənin dünyadakı nüfuzuna zərər gətirə bilər.  

 

Aydın Quliyev,

"Bakı-Xəbər" qəzetinin baş redaktor

 

   - Bütün hallarda senzuranın və yaxud da ki senzuraya oxşar bir nəzarətin ölkədə yenidən tətbiqi geriyə qayıdış olardı və bu, çox mənfi bir seçim olardı. Ona görə mən istəməzdim ki, senzuranın və yaxud da senzuraya oxşar bir mexanizmin tətbiqi ilə bağlı məsələ parlamentdə müzakirə edilsin. Bu, Azərbaycanın imicinə ziyan gətirə bilər. Əlbəttə, ordu ilə bağlı bəzi hallarda həqiqətən narahatçılıq doğuran yazılar çap olunur. Amma buna senzura tətbiq etmək, məsələnin həlli yolu deyil. Çünki senzuranın tətbiq olunması, bir yandan orduda olan neqativ halların mətbuata çıxmasının qarşısını alacaqsa, digər tərəfdən ölkənin imicinə dünya miqyasında mənfi təsir edəcək. Ona görə də belə incə məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Konkret onu demək istəyirəm ki, ordu haqqında məlumatların mətbuata çıxmasının qarşısını almaq üçün senzuranın tətbiqi səmərəli yol deyil. Bunun yolunu zaman özü göstərəcək və necə ki, göstərməyə başlayıb. Yavaş-yavaş ölkədə jurnalist peşəkarlığı artır, qəzetlərin müəyyən bir hissəsi artıq peşəkar qəzet olaraq formalaşmağa başlayıb. Mənim fikrimcə, bir qədər dözümlü yanaşsaq, çox yaxın vaxtlarda ölkədə artıq jurnalistikanın, qəzetçiliyin özü hansı hərbi mövzuların, məsələlərin mətbuata çıxarılıb-çıxarılmamasının, hansının lazım və mümkün olduğunu həll edəcək. Düşünürəm ki, məhz buna görə bu məsələdə çox narahatçılıq hissi keçirməyə dəyməz.

  

Fazil Mustafa,

Böyük Quruluş Partiyasının sədri, millət vəkili 

 

Ümumiyyətlə, bu məsələlərdə hansısa kontrol, yoxlama, senzura formasının tətbiq olunması doğru addım sayılmaz. Təbii ki, hər kəsin bu məsələ ilə bağlı öz fikri var. Amma mən düşünürəm ki, daha çox orduda elə bir şəffaflıq qurulmalıdır ki, Müdafiə Nazirliyi tərəfindən informasiyalar elə çevik verilməlidir ki, mətbuatda spekulyasiyalara yer qalmasın. Bu baxımdan da bütün hallarda senzura yanlışdır. Çünki indiki şəraitdə baş verənləri hər kəs dərhal internet, telefon vasitəsi ilə çox rahatlıqla əldə edə bilər. İndi bunun adını senzura qoymaqla ölkənin nüfuzdan salınmasına gətirib çıxara bilərik. Hər bir millət vəkilinin parlamentdə hansısa bir məsələni qaldırmaq hüququ var. Amma mən hesab edirəm ki, belə bir məhdudiyyətin qoyulması yanlış addım olardı və biz buna getməməliyik.

 

Aynur Camalqızı,

millət vəkili

 

- Mən düşünürəm ki, senzura haqqında bütün söz-söhbətlərə artıq son vermək lazımdır. Azərbaycan demokratik inkişaf yolu seçmiş, Avropaya inteqrasiya edən və Avropa dəyərlərini özü üçün prioritet seçmiş bir ölkədir. Buna görə də senzura haqqında müzakirələr açmaq, düşünürəm ki, tamamilə yerinə düşməyən bir məsələdir. Ordu haqqında yazılan yazılara gəlincə, təbii ki, Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir, torpaqlarımızın 20 faizindən artığı düşmən işğalındadır və cəbhə xəttində ermənilərlə Azərbaycan əsgəri bir-birinin gözünün içinə baxır. Bu baxımdan da, təbii ki, ordu haqqında yazılan yazılarda müəyyən qədər ehtiyatlı olmaq lazımdır. Yəni elə informasiyalar var ki, onları mətbuat səhifəsinə çıxarmaq olmaz. Ona görə ki, düşmən tərəfi bizim mətbuatımızı, kütləvi informasiya vasitələrimizi çox ciddi şəkildə izləyir, diqqət altında saxlayır. Amma bu, heç də o demək deyil ki, Azərbaycan jurnalistləri ordunun problemlərindən yazmamalıdır, ümumiyyətlə, ordu tamamilə mətbuatın diqqətindən kənarda qalmalıdır. Mətbuat bir güzgüdür və orda bizim bütün əyər-əskiklərimiz, təbii ki, uğurlarımızla yanaşı öz əksini tapmalıdır. Hesab edirəm ki, bu məsələlərlə bağlı maarifçilik işlərinin aparılmasına ehtiyac var.  

 

Zahid Oruc,

Ana Vətən Partiyasının sədr müavini, millət vəkili

 

- Aydın Mirzəzadə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. O, bu fikirləri bildirərkən heç də köhnə dövrdəki senzuranın bir idarə şəklində dövlətin qəzetə müdaxiləsi kimi nəzərdə tutduğunu düşünmürəm. Söhbət jurnalistlərin ordudan bəhs edərkən bir sıra təhlükəsizlik məsələlərinin nəzərə alınmasından gedir. A.Mirzəzadə özü çox demokratik fikirli insandır və onun düşüncəsi daha çox ona yönəlib ki, Azərbaycan müharibə gerçəkliyini yaşamaqdadır, yəni düşmənlə üz-üzə dayanmışıq. Ölkənin silahlı qüvvələrinin daxili vəziyyətini, ordunun imkanlarını dəyərləndirərkən bir sıra hallarda yanlışlıqlara, son dərəcə ciddi səhvlərə və sair kimi hallara yol verilir. Ona görə də bu sahədə çalışanların müəyyən qədər diqqətli olmasına, bu məqamların nəzərə alınmasına bir çağırışdır. Həmkarımın fikirlərini hər hansı bir idarənin müəyyən bir yazını özünün nəzarətindən keçirmək kimi qiymətləndirmək yanlış olardı. Mən də düşünürəm ki, jurnalistlər ordu haqqında yazı yazarkən ehtiyatlı olmalıdır.

      

  

Seymur Qasımbəyli

 

Şərq.- 2009.- 26 iyun.- S. 7.