Şəkidə "Milli
Kulinariya günü" qeyd edilib
Bayram tədbirinə xarici ölkə səfirliyi
və beynəlxalq təşkilatların təmsilçiləri də
qatılıb
Şəki Şəhər İcra Hakimiyyəti,
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Şəki
şəhərində "Milli kulinariya günü" bayramı
keçirilib.
Tədbirdə
Azərbaycanda fəaliyyət göstərən 25-ə yaxın xarici
ölkə səfirliyi və beynəlxalq təşkilatların təmsilçiləri,
Milli Məclisin deputatları, KİV nümayəndələri, elm və
incəsənət nümayəndələri iştirak ediblər. Bayram
tədbiri şəhər rəhbərliyi və qonaqların mərhum
prezident Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə
tər çiçəklər düzüb, onun xatirəsini yad etməklə
başlayıb. Daha sonra tədbir iştirakçıları parkı gəzib, meyvə və
giləmeyvələrdən hazırlanan şərbətlərdən
dadıblar.
Daha
sonra bayramın rəsmi açılışı mərasimi keçirilib. Şəki şəhər
icra hakimiyyətinin başçısı Nazim İbrahimov bildirib ki, ölkəmizdə
mədəni irsin qorunub saxlanmasına, xalqımıza məxsus zəngin
mədəniyyətin təbliğinə böyük diqqət göstərilir:
"Prezident İlham Əliyevin mədəni irsin qorunub saxlanması
ilə bağlı imzaladığı fərman və sərəncamlar buna bariz
nümunədir. Bu kimi tədbirlərin Şəkidə keçirilməsi
artıq bir ənənə halını alıb. Belə ki, belə çeşidli
bayramlardan 2006-cı ildə "İpək bayramı", 2007-ci ildə
"Sənətkarlar günü", 2008-ci ildə isə "Şəki
- qədim sivilizasiyalar diyarı" adlı bayram tədbirləri
keçirilib. Bu bayramların təşkilində əsas məqsəd
tarixi mədəni irsimizi qoruyub saxlamaq, təbliğ etmək,
habelə bölgənin turizm potensialının genişləndirilməsinə
nail olmaqdan ibarətdir. Qeyd edim ki, Şəkinin məşhur aşpaz və
qənnadçılarının əldə etdikləri vərdiş, bilik və
bacarıq daim zənginləşib, bu günümüzə qədər gəlib
çatıb. Bununla yanaşı, bu cür bayramların xalqlarımızın daha da yaxınlaşmasına,
ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərinin
möhkəmlənməsinə xidmət edəcəyinə əminəm".
Şəkidən seçilən millət vəkili, AMEA Tarix İnstitutunun
direktoru Yaqub Mahmudov isə deyib ki, belə bir tədbirin Şəkidə
keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, Şəki
Yer kürəsində həyatın başlandığı yerlərdən biri olub. Y.Mahmudovun
dediklərinə əsasən, 6 min il bundan əvvəl burada
ilk insan məskənləri yaranıb.
Azərbaycan
Milli Kulinariya Mərkəzinin direktoru, YUNESKO-nun Ənənəvi
Qida Komitəsinin sədri, professor Tahir Əmiraslanov isə
vurğulayıb ki, aparılan sonuncu tədqiqatlar Azərbaycanın dünyanın mətbəx
mədəniyyətinin beşiyi olduğunu göstərib: "Qobustan
qayalarının üzərində çəkilmiş rəsmlər 37 min il bundan
öncə Azərbaycanda çox böyük və gözəl kulinariya məktəbinin
olduğunu sübut edir. Müasir ət bölgüsü ilk dəfə Qobustan
qayalarında və Naxçıvanda yerləşən "Gəmiqaya"da
cızılan rəsmlərdə öz əksini tapıb. Gildən hazırlanmış
və 4 min ilə yaxın yaşı olan ən qədim samovar da məhz
Şəkidə tapılıb. Hər bir ölkənin özünün kulinariya imici
var. Onu da qeyd edim ki, Azərbaycanda 200-dən çox plov növü vardır. Şəki
aşpazları 100-dən artıq plov hazırlayırlar". Bundan sonra parkda meyvə
və giləmeyvələrdən hazırlanmış 30-a yaxın şərbət
və sərinləşdirici içkilərin təqdimatı olub.
Daha
sonra bayram iştirakçıları "Şəki xanlarının sarayı"nın həyətində
çay süfrəsi arxasında müxtəlif növ mürəbbə, qənnadı məmulatları
və Şəki şirniyyatını dadıb, musiqi və rəqs kollektivlərinin
çıxışlarını izləyiblər. F.Əmirov adına Dövlət Mahnı və
Rəqs Ansamblının rəqsləri, İraqdan gəlmiş kərküklü bəstəkar,
folklorşünas və müğənni Seyfəddin Çaxmaqçıoğlunun ruh oxşayan
mahnıları xoş ovqat bəxş edib. Bayram iştirakçıları Kiş kəndində
yerləşən qədim Alban məbədini də ziyarət
ediblər. Burada qonaqlara salat və soyuq qəlyanaltılar təqdim
olunub. "Cənnət bağı" istirahət mərkəzində
qonaqlar ət, toyuq və tərəvəzlərdən
hazırlanmış isti xörəklərdən dadıblar. "Yuxarı
Karvansara"da isə tədbir iştirakçılarına müxtəlif bitki və
quru meyvələrdən hazırlanmış çay dəstgahı, habelə 30-a
yaxın kabab və 30-dan artıq plov növü təqdim edilib.
Bayramda
qonaq qismində olan səfirlər, beynəlxalq qurumların nümayəndələri
belə bir bayramda iştirak etməkdən məmnun qaldıqlarını söyləyiblər.
Ayrı-ayrı sahələr üzrə fərqlənmiş aşpazlara Milli
Kulinariya Mərkəzinin fəxri diplomları təqdim edilib. Şəki
şəhərində keçirilən bayram tədbiri "Milli
kulinariya günü" atəşfəşanlıqla başa çatıb.
Anar
Şərq.- 2009.- 30 iyun.- S. 6.