İsrail prezidenti Bakı görüşlərindən razı qalıb

 

Şimon Peres Azərbaycanın bölgədə sülhün əldə olunması istiqamətindəki səylərini yüksək qiymətləndirib

 

 İsrail prezidenti Şimon Peres iyunun 28-də Azərbaycana rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra İsrail prezidenti ilə Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra isə prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Şimon Peres mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, görüşdə ikitərəfli əlaqələrə aid məsələlər müzakirə edilib. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin 2009-cu ildə də bu rəqəm civarında olacağına əminliyini vurğulayıb. Ölkələrimiz arasında enerji sektorundakı əlaqələrə toxunan prezident İlham Əliyev bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib. Humanitar əməkdaşlıqdan söz açan dövlət başçısı Azərbaycan və İsrail xalqları arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib: "Azərbaycanın yəhudi icması əsrlər boyu burada sülh və dostluq şəraitində yaşayıb və yaşayır. Bu gün müzakirə etdiyimiz kimi, Azərbaycanda doğulan və hazırda İsraildə yaşayıb çalışan İsrail vətəndaşları da ikitərəfli əlaqələrimizin inkişafında çox önəmli rol oynayırlar. Onlar əslində İsraildə Azərbaycan diasporu kimi fəaliyyət göstərirlər. Yəqin ki, insanlar arasında ünsiyyət cənab prezidentin səfərindən sonra daha geniş vüsət alacaq".

Görüşdə regional vəziyyət, Yaxın Şərqdəki, Qafqazdakı vəziyyət, münaqişələrə aid məsələlər də müzakirə edilib: "Mən cənab prezidenti Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət haqda məlumatlandırdım. Əfsuslar olsun ki, atəşkəsin əldə edilməsindən 15 ildən də çox vaxt keçsə də, münaqişənin həllində heç bir əsaslı irəliləyiş, nailiyyət olmayıb. Torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, işğal hələ də davam edir və bu, nəinki bizə, hətta bütün regiona ən böyük təhlükədir".

Sonda Azərbaycan prezidenti əminliklə vurğulayıb ki, İsrail prezidentinin səfəri çərçivəsində keçiriləcək görüşlər, imzalanacaq sənədlər iki ölkə arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacaq.

İsrail prezidenti Şimon Peres isə bəyanatında deyib ki, ölkələrimiz ərazicə kiçik olsa da, insanlarımızın qəlbi çox genişdir. İsrail dövlətinin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və münaqişə nəticəsində yaranmış işğal faktına da münasibət bildirib: "İşğala baxmayaraq, siz öz mədəniyyətinizi və nikbinliyinizi qoruyub saxlaya bildiniz. Səkkiz milyondan çox əhalisi olan ölkədə 1 milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram. Bu o deməkdir ki, hər 8 nəfərdən biri məcburi köçkündür və siz bu məsələnin öhdəsindən lazımınca gəlirsiniz".

İsrail prezidenti ölkəmizdə yəhudi icmasına göstərilən xoş münasibətə görə minnətdarlığını bildirərək deyib: "Bu, tarixən belə olub. Azərbaycanı tərk edərək İsrailə gələn yəhudilər ölkəniz haqqında daim xoş təəssüratlarını bölüşürlər. Biz yeniliklər yolunun başlanğıcındayıq. Bu, böyük və vədedici başlanğıcdır. Lakin bu gün kiçik ölkələr öz yenilikləri ilə məhdudlaşmamalı, yeni üfüqlərə, milli konsepsiya və təfəkkürə doğru addımlamalıdırlar. Bu səfərə biz böyük nümayəndə heyəti ilə gəlmişik. Onun tərkibində 3 nazir var. Bundan əlavə, 50-yə yaxın nüfuzlu iş adamı da var. Onlar bizim münasibətlərimizi daha da dərinləşdirmək və zənginləşdirmək fikrindədirlər. Bu, qarşılıqlı olmalıdır. Biz qarşılıqlı fayda naminə birgə çalışmalıyıq".

Prezident Şimon Peres Azərbaycanın bölgədə sülhün əldə olunması istiqamətindəki səylərini yüksək qiymətləndirib. Ali qonaq ona və nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.

İyunun 28-də Şimon Peres Heydər Əliyev Fondunda da olub. İki ölkənin dövlət rəhbərlərini Fondun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qarşılayıb. Burada qonağa ümummilli liderin xatirəsinə yaradılmış Fondun məqsədləri fəaliyyəti barədə məlumat verilib.

Axşam isə ali qonağın şərəfinə ziyafət təşkil olunub.

İsrail prezidenti görüşlərini dünən davam etdirib. Dünən o, səhər saatlarında Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini yad edib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. Daha sonra isə İsrail prezidenti ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub. O, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə əklil qoyub.

Dünən İsrail prezidenti Şimon Peres Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb. Universitetin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov ali qonağı müəllimlər tələbələr adından səmimi salamlayıb, bu ali məktəbin fəaliyyəti strukturu barədə ona məlumat verib. Səməd Seyidov bildirib ki, universitet bir çox dillər, o cümlədən ivrit dili üzrə mütəxəssislər hazırlayır: "Bizim ali məktəbdə İsrail mərkəzi açılıb. Əlbəttə, neft qaz iqtisadi münasibətlərin inkişafı üçün çox vacibdir, lakin mədəni əlaqələr təhsil bundan az vacib deyil". Rektor qeyd edib ki, Nobel mükafatı laureatı olan İsrail prezidenti ilə görüşə təkcə Dillər Universitetinin deyil, Azərbaycanın bir çox digər ali məktəblərinin tələbələri gəliblər. Səməd Seyidov sonda deyib ki, bu görüş iki ölkənin bir-birini daha yaxşı anlamasına kömək edəcək. Sonra İsrail prezidenti Şimon Peres tələbələrin suallarını cavablandırıb. Universitetin İvrit bölməsində təhsil alan tələbələr İsrail prezidentinə sualları onun doğma dilində veriblər.

Görüşün sonunda Azərbaycan Dillər Universitetinin rektoru qonağa xatirə hədiyyəsi - ali məktəbin fəaliyyəti haqqında albom təqdim edib.

 

     

Nəsimi

 

Şərq.- 2009.- 30 iyun.- S. 3.