Minimum pensiyanın məbləğinə görə Azərbaycan MDB- 4-cüdür

 

2008-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1395,9 milyon manat təşkil edib

 

 Dünən Yeni Azərbaycan Partiyasının qərargahında növbəti mətbuat konfransı keçirilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərin suallarını cavablandırıb. Ötən ilin yekunları ilə bağlı danışan S.Müslümov deyib ki, 2008-ci ildə DSMF gəlirləri 1395,9 milyon manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 958,6 milyon manat olduğunu bildirən Fond sədrinin sözlərinə görə, qeyri-büdcə təşkilatlarının ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləği keçən il nisbətən 154,7 milyon manat çox olub.   

S.Müslümovun sözlərinə görə, 2008-ci ildə DSMF-nin xərcləri 1392 milyon manat olub. Hesabat dövründə pensiya müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1339 milyon manat vəsait yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 385 milyon manat çoxdur. Hazırda mövcud olan minimum pensiyanın məbləğinə görə Azərbaycanın MDB məkanında Baltikyanı ölkələr sırasında 4-cü yerdə olduğunu dilə gətirən Fond rəhbəri bildirib ki, bu sırada birinci yeri 170 dollarla Estoniya, ikinci yeri 130 dollarla Litva, üçüncü yeri 101 dollarla Qazaxıstan, dördüncü yeri isə 93,2 dollarla Azərbaycan tutur. Onun sözlərinə görə, Rusiyada minimum pensiyanın məbləği 50,66 dollardır. Lakin şimal qonşumuzda dövlət pensiyaçı vətəndaşlara bəzi kompensasiya xarakterli sosial ödəmələr tətbiq olunur. Bu vəsaitlərlə birlikdə Rusiyada minimum pensiyanın məbləği 68 dollardır. Gürcüstanda bu göstərici 33 dollar, Belorusda 67, Ukraynada 70, Moldovada 45, Özbəkistanda 40, Latviyada 92 dollar, Tacikistanda 16, Qırğızıstanda 13, Ermənistanda isə 26,2 dollardır.   

DSMF sədri həmçinin bildirib ki, ölkə başçısının müvafiq sərəncamları ilə yaşa görə əmək pensiyasının baza hissəsi yanvarın 1-dən 60 manata, sentyabrın 1-dən isə 75 manata çatdırılıb. Onun sözlərinə görə, 2008-ci ildə pensiya xərcləri əvvəlki ilə nisbətən 41 faiz artaraq 1306 milyon manat təşkil edib.   

Azərbaycandakı təqaüdçülərin sayı ilə bağlı məlumat verən DSMF sədri bildirib ki, 1 yanvar 2009-cu il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 2008-ci ilin əvvəli ilə müqayisədə 26 455 nəfər artaraq 1,275 138 nəfərə çatıb. Onlardan 496 788 nəfəri kişi, 778 350 nəfəri qadındır. Qadınlardan 374 490 nəfəri çoxuşaqlı anadır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9241 nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 125 548-i işləyən pensiyaçılardır. Yaşa görə pensiya alanların sayı 835 844, əlilliyə görə 301 661 nəfər təşkil edir. Əlilliyə görə təqaüd alanlardan 22 354 nəfəri I qrup, o cümlədən 7644 nəfəri I qrup gözdən əlildir. Əmək zədəsi peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4705 nəfərdən ibarətdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 137 633 nəfərə çatıb. Onlardan 22-si Azərbaycan Milli qəhrəmanlarının ailə üzvləridir.  

Daha sonra Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun problemlərinə toxunub. Onun sözlərinə görə, adıçəkilən dövlət qurumunun ən böyük problemi kadr potensialının lazımi səviyyədə olmaması ilə bağlıdır. S.Müslümov istəyir ki, problemin həlli üçün özlərinin tədris mərkəzləri olsun. Onun sözlərinə görə, hazırda Avropa ölkələrinin dəstəyi ilə bu problemin həlli istiqamətində ciddi tədbirlər görülür. S.Müslümov bildirib ki, bu tədbirlər Fondun kadr təminatının ödənməsində ciddi nəticələrə gətirib çıxarmır. Çünki mövcud sistem, yəni avtomatlaşdırılmış pensiya təyinatı tamamilə yeni proqramlarla işləməyi bacaran işçilər tələb edir. Belə işçilərin formalaşdırılması düzgün ixtisas təhsilinin verilməsi başlıca vəzifə hesab olunur. Fondun indiyədək Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasına təqdim etdiyi vakant yerlərə bir il ərzində cəmi 12 namizəd keçdiyini bildirən S.Müslümov qeyd edib ki, halbuki hazırda Dövlət Sosial Müdafiə Fondunun 100-dən yuxarı vakant yer üzrə kadra ehtiyacı var.

 

 

Nəsimi Cəfərli

 

Şərq.- 2009.- 7 mart.- S. 11.