Avaz" ortaq türk mədəniyyətinin
carçısıdır"
Akif Aşırlı: "İstərdik ki, telekanal sərbəst
yayım vasitəsilə izlənilsin"
Ortaq türk televiziyası -
"Avaz"ın yayıma başlaması Türkiyənin
paytaxtı Ankarada genişmiqyaslı tədbirlərlə qeyd
edildi. TRT kanalının təşkilatçılığı
ilə keçirilən tədbirlərdə Türkiyə də
daxil olmaqla, 6 türk dövləti - Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistandan nümayəndə heyətləri
iştirak etdi.
Nümayəndə heyətlərinin
tərkibində hökumət təmsilçiləri,
tanınmış media mənsubları, telejurnalistlər, sənətçilər
də vardı. Məlum olduğu kimi,
Azərbaycan nümayəndə
heyətinin tərkibində
"Şərq" qəzetinin
baş redaktoru Akif Aşırlı da həmin tədbirlərdə
iştirak edib. Azərbaycanın "Novosti
Azerbaydjan" saytı
səfərdən sonra
A.Aşırlıdan müsahibə
götürüb. Həmin
müsahibəni oxucularımıza
təqdim edirik.
- Ankaradakı
görüşün əhəmiyyəti barədə
danışardınız...
- Türk dövlətləri
kütləvi informasiya vasitələrinin təmsilçiləri,
telejurnalistlər martın 22-də Türkiyə paytaxtına toplaşmışdı.
Digər dövlətlərlə müqayisədə Azərbaycan
nümayəndə heyəti
daha sanballı tərkibdə təmsil olunmuşdu. Azərbaycan
nümayəndə heyətinə
Prezident Aparatı İctimai-siyasi şöbənin
müdiri Əli Həsənov başçılıq
edirdi. Nümayəndə heyətinin tərkibində
dövlət televiziyası
və İctimai televiziyanın rəhbərliyi,
ANS telekompaniyasının vitse-prezidenti
və digər jurnalistlər vardı. Bu görüşdən məqsəd uzun müddətdir müzakirə
mövzusu olan bir ideyanın - ortaq türk televiziyası yaradılması
layihəsinin gerçəkləşməsi idi. Qeyd
edim ki, ortaq türk televiziyasının yaradılmasında
təşkilati işlər
və maliyyə məsələlərini Türkiyənin
TRT kanalı üzərinə
götürüb. Azərbaycan
tərəfindən layihənin
gerçəkləşməsində dövlət televiziyası,
həmçinin İctimai
Teleradio Yayımları
Şirkəti iştirak
edir. Bilirsiniz ki, bu televiziyaların
TRT ilə müəyyən
əlaqələri artıq
formalaşıb və
onlar əməkdaşlıq
təcrübəsinə malikdirlər.
Məsələn, İTV-də
TRT ilə birgə bir sıra layihələr,
televerilişlər hazırlanıb.
Ona görə də hesab edilir
ki, məhz bu telekanalların əməkdaşlığı daha uğurlu nəticələr verə
bilər. Yeni telekanalın açılışı
mərasimində Türkiyə
prezidenti Abdullah Gül iştirak etdi və nitq
söylədi. Türkiyə
prezidenti ortaq türk televiziyasının
əhəmiyyətini vurğuladı
və kanalın "Avaz" adlandırılacağını
söylədi. Bu söz bütün türk dillərində eyni anlamı daşıyır və hər kəs tərəfindən başadüşüləndir.
Həmçinin yaradılmış
telekanalın mahiyyət
və məqsədlərini
də çox gözəl ifadə edir. A.Gül dedi ki, "Avaz" telekanalı türk mədəniyyətlərinin
vəhdətinə xidmət
edəcək, kanalın
əsas vəzifəsi
türkdilli xalqların
yaxınlaşması, mövcud
dil baryerinin aradan qalxmasına yardım etmək olacaq. Həqiqətən də, bəzən görürsən ki, Azərbaycan türkünün
danışığını qazax, qırğız anlamır. Yaxud Anadolu türkü türkməni, özbəyi
başa düşmür.
Bir-birimizi anlamaq üçün sadə dildə, mimika ilə yavaş-yavaş danışmalı oluruq. A.Gül telekanalın mahiyyətinə də toxundu və bildirdi ki, "Avaz"ın yayımında məqsəd
türk xalqlarının
milli-mədəni yaxınlığının təmin
edilməsidir. Açılış
törəni türkdilli
dövlətlərin incəsənət
ustalarının birgə
konserti ilə yekunlaşdı. Konsertin açılışını isə müğənni Azərin etdi. Gözlənilirdi ki, tədbirdə emosional çıxışları ilə
tanınan Baş nazir Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Türkiyədə
bələdiyyə seçkiləri
kampaniyasının qızğın
vaxtı olduğundan Baş nazirin nitqi seçkiqabağı
təşviqat kimi dəyərləndirilə biləcəyindən
Ərdoğan tədbirə
qatılmadı.
- Ortaq türk
televiziyasının yaradılmasına digər
iştirakçıların münasibəti necə oldu?
- Azərbaycan tərəfinin
bu layihəyə verdiyi önəm, əhəmiyyət
nümayəndə heyətinin tərkibinə baxdıqda
bilinir. Türkiyəni və Azərbaycanı
çıxmaq şərtilə,
digər türk dövlətləri bu hadisəyə bir qədər səthi yanaşmışdı. Bu,
həmin dövlətlərin
Ankaraya göndərdiyi
nümayəndə heyətlərinin
səviyyəsindən görünürdü.
Azərbaycan-Türkiyə
əlaqələri daha
sıxdır, nəinki
digər türk dövlətlərinin. Azərbaycan
televiziyaları da türkiyəli həmkarları
ilə həmişə
sıx əlaqədə
olub, bizim telekanallarda Türkiyənin
ictimai, siyasi-iqtisadi həyatında baş verən hadisələr daha geniş əks olunur.
- Yeni kanalın texniki məsələləri
barədə nə məlumdur?
- Əlbəttə, istərdik
ki, telekanal sərbəst yayım vasitəsilə izlənilə
bilsin. Ancaq digər türk dövlətləri yayım
məsələsinə fərqli
yanaşırlar. Eyni zamanda qonşu dövlətlərin də
sərgiləyəcəyi reaksiyanı
diqqətə almaq lazımdır. "Avaz"
telekanalı 24 saat yayımlanacaq və 6 türk dövlətinin hər birinə 4 saat vaxt ayrılacaq.
"Avaz" bütünlüklə
TRT-nin bazasında yaradılıb və bu kanalın mülkiyyətidir. Mən
arzu edərdim ki, burada Azərbaycanın
da mülkiyyət payı olsun və lazım gəldikdə televiziyanın
yayım siyasətinə
müdaxilə edə
bilək, yeni telelayihələrin yaranmasında
iştirak edək. Fikrimcə, 6
türk dövlətinin
hər birinin televiziya mütəxəssislərindən,
jurnalistlərdən, ziyalılardan
ibarət nümayəndələrin
təmsil olunacağı
Məşvərət Şurası,
ya da komitə
formasında bir orqanın yaradılması
daha məqsədəuyğun
olardı. Bu şura, yaxud komitə cari məsələlərlə
bağlı qərarların
qəbulunda iştirak
edərdi. Amma daha yaxşı olardı ki, tamamilə müstəqil,
heç bir telekanalın bazasında yaradılmayan bir televiziya olsun.
- Siz də
tamaşaçısınız və həm Azərbaycan, həm
də Türkiyə, Rusiya və Avropa kanallarının
televerilişlərinin keyfiyyəti ilə
tanışsınız. Necə
düşünürsünüz, ortaq türk televiziyası
Azərbaycan tamaşaçısının sevimli kanalına
çevrilə biləcəkmi?
- Yaradıcıların
da dediyi kimi, yeni telekanal
siyasi olmayacaq. Burada türk xalqlarının mədəniyyəti,
milli-mənəvi dəyərləri əksini
tapacaq, musiqi proqramları yayımlanacaq,
milli-etnik birlik təbliğ olunacaq. Xəbərlər də əsasən bu səpkili olacaq və siyasət arxa planda qalacaq.
İlk növbədə
bizə lazımdır
ki, vahid, hamı tərəfindən
başa düşüləcək
bir dil vasitəsilə
bir-birimizi anlayaq. Fikrimcə, ortaq türk televiziyasının
yaradılması turançılıq
ideyasının və
İsmayıl bəy Qaspralının "dildə,
fikirdə birlik" fəlsəfəsinin reallaşması
istiqamətində bir
addımdır. Təbii
ki, burada söhbət siyasi-administrativ
birlikdən yox, türk xalqlarının mədəni, iqtisadi, milli dil birliyindən
gedir.
Şərq.-
2009.- 31 mart.- S. 7.