31 Mart soyqırımı...
Ekspertlər bu istiqamətdə görülən
işləri qiymətləndirir
Bu gün Azərbaycanda
31 mart soyqırımının növbəti
ildönümü qeyd olunur. Bu gün son yüz ildə Azərbaycan
tarixində baş vermiş faciəvi hadisələrin
xalqın yaddaşında həkk olunmasını özündə
əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə
qırılması, repressiyalara məruz qalmasını XX
yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən
biri hesab etmək olar.
Əslində ermənilər
tərəfindən Azərbaycan türklərinə
qarşı aparılan genosid siyasəti tarixin bütün mərhələlərində
özünü göstərib. Tarix elmləri doktoru, professor
Musa Qasımlı da bu fikirdədir. O hesab edir ki,1918-ci il, 31
mart tarixi azərbaycanlıların soyqırımının
zirvə nöqtəsidir: "31 mart öz mahiyyətinə
görə soyqırımdır. Çünki həmin
gün Bakıda və Azərbaycanın digər yerlərində
azərbaycanlıları, türkləri, müsəlmanları
siyasi mənsubiyyətinə fərq qoymadan bolşevik və
daşnak qüvvələri kütləvi şəkildə məhv
etdilər. Bu məhvetmə çox qəddarlıqla həyata
keçirildi. Hamilə qadınların bədənlərinə
süngülərin vurulması, qocaların, qadınların,
uşaqların kütləvi şəkildə məhv edilməsi,
təndirə atılaraq yandırılması, su quyularına
doldurulması, əzalarının kəsilməsi,
insanların təhqir olunması, bütün bunlar
amansızlıqla həyata keçirildi".
Tarix elmləri doktoru
deyir ki, 31 mart soyqırımından danışarkən 31
mart hadisələrinin baş verməsinə qədər olan
proseslərə diqqət yetirilməlidir:
- Bundan ötrü
mütləq çarizmin isti dənizlərə enmək siyasətinə
nəzər salmaq vacibdir. Çar Rusiyası isti dənizlərə
enmək siyasətini reallaşdıranda bu regionda özünə
arxa olan bir xalqı axtarmağa başladı. Həmin xalq ermənilər
idi. Onlar bu regionda heç vaxt yığcam halda
yaşamamışdılar. Azərbaycan
işğalçı müharibələr nəticəsində
bölüşdürüldükdən və şimal hissəsi
Çar Rusiyasının işğalı altına girdikdən
sonra çarizm azərbaycanlı torpaqlarına Osmanlı və
İrandan erməniləri köçürməyə
başladı. Bu köçürmənin bir sıra məqsədləri
var idi. Demokratik vəziyyəti dəyişdirmək, Cənubi
Qafqazı daha çox Rusiyanın müstəmləkə
siyasətinə və mərkəzə bağlamaq məqsədləri
güdürdü. Bu işğallara qədər Cənubi
Qafqazda təxminən 300 min erməni yaşayırdı. Onlar
yığcam halda yaşamırdılar. Amma çarizmin
köçürmə siyasəti nəticəsində I
Dünya müharibəsinə qədər təxminən 1
milyon nəfər erməni köçürüldü. Beləliklə
ermənilərin sayı 1 milyon 300 min nəfərə
çatdırıldı. Bu rəqəmlər həm
Çar Rusiyasının köçürmə siyasəti ilə
məşğul olan məmurları tərəfindən
yazılıb, həm də Daşnaksütyun
partiyasının sənədləri sırasında var. Təkcə
1904-05-ci illərdə Cənubi Qafqaza 45 min erməni
köçürüldü. Ermənilərin yerləşdirilməsi
prosesinə diqqət yetirsək, ermənilər Türkiyə
və İranla sərhədlərdə Azərbaycan
torpaqlarına yerləşdirilirlər, münbit torpaqlardan gəlirlər
götürürlər, azərbaycanlıların hesabına
varlanırlar, azərbaycanlıları tədricən
sıxışdırırlar və nəticədə milli və
dini ziddiyyətlər kəskinləşir, ən
böhranlı anlarda isə erməni silahlı dəstələri
türk-müsəlman əhalisinə qarşı kütləvi
soyqırımları həyata keçirməyə
başlayırlar. Bunun ilk aktı 1905-07-ci illərdə oldu.
Növbəti mərhələ isə I Dünya müharibəsi
illəridir. I Dünya müharibəsi illərində
çarizmin Cənubi Azərbaycanda və Anadoluda olan hərbi
komandanları və konsullarının rəhbərliyi
altında erməni silahlı dəstələri
hazırlandı. İmperatorluğun müxtəlif yerlərindən
ermənilər Cənubi Qafqaza gəldilər, onlar Tiflisdə
Qriboyedov küçəsi 28-də, Bakıda isə indiki
Nizami küçəsi ilə Qorki küçəsinin tinində
toplanırdılar. Bundan sonra ilk soyqırım hadisələri
törədildi. Soyqırımların coğrafiyası həddindən
artıq genişdir. Bu soyqırımlar Cənubi Azərbaycanı,
Şərqi Anadolunu, Borçalını, İrəvan
Quberniyası və indiki Azərbaycan Respublikasının ərazisini
əhatə edirdi. İrəvan Quberniyasında 1918-ci ilin
martına qədər 199 azərbaycanlı kəndi tamamilə
yerlə-yeksan edildi.
M.Qasımlının
bildirdiyinə görə, 1918-20-ci illərdə
bütövlükdə İrəvan Quberniyasında təxminən
250 azərbaycanlı kəndi tamamilə yerlə-yeksan edilib,
bu kəndlərin əhalisi qırılıb:
- Qafqaz Cəbhəsi
dağıldıqdan sonra geri çəkilən rus ordusu
öz silahlarını erməni silahlı dəstələrinə
verdilər və onlar Anadoluda törətdikləri kütləvi
qırğınları bu dəfə Cənubi Qafqazda həyata
keçirdilər. Onun da ən zirvə nöqtəsi
Bakıda oldu. Bakıda törədilən
soyqırımının əsas məqsədi Azərbaycanın
istiqlalının qarşısını almaq, Bakı və
Abşerondan azərbaycanlıları tamamilə qovub
çıxarmaq, Bakını bolşevik Rusiyasının təsiri
altında saxlamaq idi. Həmin dövrdə Bakıda hakimiyyətdə
olan Bakı Soveti fəaliyyət göstərirdi, onun rəhbəri
Şaumyan idi, amma real güc Şaumyanda deyildi. Bakı
Sovetinin qüvvələri kifayət qədər
olmadığından o, daşnak qüvvələrinə
arxalanırdı və daşnak qüvvələri ilə
bolşeviklər 1918-ci ilin martında Azərbaycanın
müxtəlif yerlərində türk əhalini kütləvi
şəkildə qırmağa başladılar. Lənkəranda,
Hacıqabulda, Kürdəmirdə, Şamaxıda, Qubada əhali
amansızlıqla məhv edildi. İnsanları məscidlərə
doldurub yandırdılar, müxtəlif işgəncələr
verdilər. Nəhayət, bu hadisələr Bakıda da
xüsusi amansızlıqla həyata keçirildi.
Sovet dövründə
bu hadisələrin vətəndaş müharibəsi kimi qələmə
verildiyini qeyd edən tarix elmləri doktoru vurğulayıb ki,
yalnız SSRİ dağılmağa yaxın son illərdə
bu barədə bəzi yazılar, məlumatlar
açıqlanmağa başlayıb:
- Amma bu məsələlərə
sistemli yanaşma ümummilli lider Heydər Əliyevin
müvafiq sərəncamından sonra oldu. Məhz onun sərəncamından
sonra 31 Mart Azərbaycanlıların Soyqırımı
Günü kimi qeyd edilir. Bundan sonra arxivlərdəki geniş
materiallar çap olunmağa başladı, hətta Azərbaycan
arxivlərinin məlumatları Türkiyədə nəşr
olunaraq ölkəyə gətirildi, çoxlu əsərlər
yazıldı, dissertasiyalar yazıldı. Hesab edirəm ki,
dövlətin bu sahədə götürdüyü xətt
tamamilə doğrudur. Strategiya düzgün müəyyənləşdirilib,
qalır müvafiq qurumların öz işlərini görməsi.
Bizdə olan ictimai təşkilatlar yalnız seçkilərlə
məşğul olmamalıdır, onlar hökumətin
strategiyanı müəyyənləşdirdiyi, lakin gündəlik
məşğul olmadığı məsələlərlə
məşğul olmalıdırlar. Onlardan biri də Azərbaycan
xalqının başına gətirilən
soyqırımların dünyaya
çatdırılmasıdır. Hesab edirəm ki, bundan
ötrü artıq kifayət qədər ciddi addımlar
atılıb. Xaricdəki diaspora təşkilatlarımız
bu sahədə mühüm fəaliyyət göstərirlər.
Eyni zamanda kütləvi informasiya vasitələrimiz də bu məsləni
diqqətdə saxlayır və gənclərimizdə tarixi
biliyin, milli şüurun formalaşmasına müsbət təsir
edən bir haldır. Azərbaycanla bağlı həqiqətlərin
dünyaya çatdırılması bizim öz işimizdir.
Biz düşünsək ki, kimlərsə bizim əvəzimizdən
bizə qarşı törədilmiş soyqırımları
qəbul edəcək, yanlışlıq olardı. Biz bundan
ötrü çalışmalıyıq.
Tarix elmləri doktoru, professor
Cəmil Həsənli də hesab edir ki, 31 mart
soyqırımı ilə bağlı son illər
görülən işlər təqdirəlayiqdir:
- Əvvəla, onu deyim
ki, 1918-ci ilin yazında Bakıda, Qubada, Göyçayda və
bura yaxın bir çox rayonlarda ermənilər dinc əhalini
vəhşicəsinə qırıblar. Bu, Azərbaycan
tarixinin qara səhifələrindən biridir. Erməni vəhşiliyi
zaman-zaman sübut olunmaqdadır. Sadəcə olaraq biz də
bu soyqırımları təbliğ etmək, ermənilərin
törətdikləri vandalizmi dünya ictimaiyyətinə
çatdırmaqda çətinlik çəkirik. Bu, məsələnin
başqa bir tərəfidir. Düşünmürəm ki, 31
mart soyqırımına tarixi qiymət verilməyib. 1998-ci ildə
Azərbaycanın dövlət başçısı 31 mart
soyqırımı ilə bağlı sərəncam
imzaladı, bu, soyqırım kimi qəbul olundu. Bu gün isə
31 martla bağlı müəyyən işlər
görülür. Tarixi araşdırmaq üçün
fövqəladə istintaq komissiyasının
materiallarının bir neçə dildə çap
olunması bunun materiallar şəklində, kitab şəklində
ərsəyə gətirilməsi prosesi də baş verdi. Bu
yaxınlarda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) köməkliyi
ilə Solmaz Rüstəmova Tohidin kitabı nəşr olunub. Hesab
edirəm ki, bu vəsait də soyqırımın
tanıdılmasında, təbliğ olunmasında çox dəyərlidir.
Çünki orada əks olunanlar tarixi materiallar və faktlara
söykənir. Bunun 4 dildə nəşr olunmasının da
ayrı bir özəlliyi var. Düşünürəm ki,
sürətli olmasa da, müəyyən işlər
aparılır.
Nəsimi Cəfərli
Anar Bayramoğlu
Şərq.- 2009.- 31 mart.- S. 4.