Qatilin atası Bakıya gətirildi

 

Terrorla bağlı şübhəli şəxs saxlanıb

 

"Fərda Qədirov hadisədən qabaq deyirmiş ki, bir-iki günə dünya ondan danışacaq"

 

 Dövlət Neft Akademiyasında iki gün öncə törədilən qanlı terror hadisəsinin başvermə səbəbləri müəmma olaraq qalmaqdadır. Hadisə ilə bağlı istintaq qrupu fəaliyyət göstərsə də, hələlik elə bir ciddi nəticə əldə olunmayıb. Xatırladaq ki, aprelin 30-da saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkarlanaraq götürülüb. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin başvermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılıb, intensiv tədbirlər həyata keçirilir.

 

İntensiv istintaq tədbirləri davam etdirilir

 

Dünən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Şərq"ə açıqlamasında bildirib ki, ADNA-da baş vermiş hadisəni araşdıran istintaq qrupu istintaq hərəkətlərini davam etdirir. Onun sözlərinə görə, intensiv istintaq hərəkətləri Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin ciddi nəzarəti altında Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin başvermə səbəblərinin müəyyənləşdirilməsi və digər zəruri araşdırmaların aparılması istiqamətində müəyyən olunmuş istintaq fərziyyələri ətrafında aparılır. E.Sultanov qeyd edib ki, cinayət nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 13 nəfərdən 3-ü elə aprelin 30-da ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb, qalan 10 nəfərin vəziyyəti isə stabil ağırdır. O deyib ki, istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Hadisə ilə bağlı bir nəfər saxlanılıb  

 

Dünən bir qədər sonra isə məlum olub ki, aprelin 30-da baş verən cinayət hadisəsi ilə bağlı bir nəfər saxlanılıb. Həbs olunan şəxs Gürcüstan vətəndaşı, Marneuli rayonu Daştəpə kənd sakini Nadir Şirxan oğlu Əliyevdir. Bu barədə APA-nın Gürcüstan bürosuna Nadir Əliyevin qardaşı Namiq Əliyev məlumat verib. Nadirin ADNA yaxınlığında dönər satdığını deyən N.Əliyev qardaşının terror hadisəsini törətməkdə təqsirləndirilən Fərda Qədirovla əlaqəsi olmadığını söyləyib: "Nadirlə Fərda bir-birini yalnız daştəpəli kimi tanıyıblar. Qardaşım Fərdadan beş yaş kiçikdir. Fərda Rusiyada olanda qardaşım Ukraynada idi. Nadir 2008-ci ilin sentyabrında Tiflisə gəldi. Bu il martın 18-dən isə Bakıya gedib". N.Əliyev deyib ki, qardaşı əvvəlcə Bakıdakı şadlıq saraylarından birində çalışıb, sonra isə ADNA yanında dönər satıcılığı ilə məşğul olub: "Ailəmizin məsələdən xəbəri var. Bu gün ata-anam Bakıya yola düşüblər. Nadirin tutulması barədə bibim və xalam uşaqları zəng edib xəbər verdilər". N.Əliyev onu da deyib ki, Nadir ADNA-da baş verən hadisədən sonra saxlanılıb, izahatı alınandan sonra isə sərbəst buraxılıb: "Amma sonra onu yenidən həbs ediblər. Bu dəfə bibim və xalam uşaqları onu özləri polisə aparıblar ki, günahsız olduğunu sübuta yetirsinlər. Fərdanı Bakıya qardaşım çağırmayıb. Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları xalamgilə də gəlib, bəzi məsələlərlə bağlı onları sorğu-sual ediblər". N.Əliyev ailədə iki qardaş olduqlarını söyləyib. O, Nadirin subay və dindar olduğunu, namaz qıldığını da açıqlayıb. Qeyd edək ki, baş verən silahlı hücumdan sonra ilkin olaraq hadisənin məhz Nadir Şirxan oğlu tərəfindən törədildiyi barədə məlumat yayılmışdı. 

Nadir Əliyevin saxlandığını ANS PRESS-in Bakı Şəhər Prokurorluğundakı mənbəsi də təsdiqləyib. Bildiriblər ki, adıçəkilən şəxs istintaqda dindirilib. Saxlanılan şəxs ifadəsində Fərda Qədirovla bir evdə kirayə yaşadığını və onunla həmyerli olduğunu deyib. N. Əliyevin sözlərinə görə, F.Qədirov hadisəni törətməmişdən əvvəl bir-iki günə bütün dünyanın ondan danışacağını deyib. F.Qədirovda silah gördüyünü deyən N.Əliyev qeyd edib ki, o, həmin silahla Gürcüstandakı həmyerlisi Hacıəhmədi öldürəcəyini söyləyib. Faktla bağlı akademiyada yaradılan qərargahda Bakı şəhər və rayon prokurorluqlarının müstəntiqləri tərəfindən tələbə və akademiyanın əməkdaşları dindirilir.

 

Fərda Qədirovun kirayə   qaldığı evdə axtarış aparılıb  

 

Həmçinin bildirilir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Qədirovun Nizami rayonu Çobanzadə küçəsi 65 saylı binada məskunlaşdığı mənzilində cümə axşamı gecə saatlarında axtarış keçirilib. Bu barədə Trend News-a Nizami Rayon Polis İdarəsindəki mənbələr məlumat verib. Mənbə bildirib ki, axtarış zamanı Qədirovun mənzilindən istintaq üçün xüsusi əhəmiyyətli sübutlar götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif Trend News-a bildirib ki, mətbuat xidmətində bu barədə məlumat yoxdur. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Trend News-a açıqlamasında bildirib ki, istintaq sirri olduğundan, aparılmış istintaq-əməliyyat tədbirlərinin təfərrüatları ilə bağlı mətbuata məlumat verilmir.

Bunu dünən qatilin yaşadığı mənzilə gedən Lent.az əməkdaşları da təsdiqləyib. Onlar mənzilin qapısına plomb vurulduğunu müşahidə ediblər. Plombun üzərində "Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsi" yazılıb. Lent.az-ın əməkdaşının əldə etdiyi məlumata görə, sözügedən mənzil Gürcüstan vətəndaşı, azərbaycanlı Arif Qabulova məxsusdur. Fərda Qədirovla qohum olduğu bildirilən Qabulov mənzili ona kirayə verib. Ancaq özü hərdən evə gəlirmiş. Arif Qabulov Gürcüstan-Azərbaycan xətti üzrə sərnişin avtobusunda sürücü köməkçisi işləyir. O, hazırda Azərbaycanda yoxdur. Qabulovun Gürcüstanda olduğu bildirilir. 

Qonşuları Fərda Qədirovu bir neçə dəfə gördüklərini deyiblər: "Tək yaşayırdı, yanına gedib-gələn yox idi. Sakit həyat sürürdü, kimsə onu tanımırdı". Mənzil 35-in qapı qonşularından isə jurnalistlərə açıqlama verən olmayıb. Belə ki, bir gün əvvəl - aprelin 30-da F.Qədirovun yaşadığı mənzilin qonşuluğunda yaşayan şəxslər prokurorluq orqanları tərəfindən sorğu-suala çəkilib. Qədirovun yaşadığı mənzildən başqa, 1-ci mərtəbədə daha iki ev var. Həmin evlərin sahibləri jurnalistlərə qapını belə açmayıblar.

Nizami Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov Lent.az-a bildirib ki, Fərda Qədirovun üzərindən həmin mənzilin açarı çıxıb. Onun həmin mənzildə yaşayıb-yaşamadığı hələlik məlum deyil. Mənzil Gürcüstan vətəndaşı Arif Zahid oğlu Qabulovun adınadır. Ancaq Qabulov da orada daimi yaşamır. Onun ailə üzvləri hazırda Marneulidə yaşayır.

 

Qatilin atası Bakıya gətirilir

 

Qeyd edək ki, F.Qədirovun atası da Bakıya gətirilir. "İstintaqa ifadə vermək təhqiqat işinə yardım göstərmək üçün Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsinin müşayiəti ilə Bakıya uçacağam". Bu açıqlamanı APA-nın Moskva müxbirinə Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı törətmiş Fərda Qədirovun atası Əsəd Qədirov verib.

Oğlunun son zamanlar dini ekstremist ədəbiyyata maraq göstərib-göstərmədiyi barədə sualı cavablandıran Əsəd Qədirov bildirib ki, bu barədə ümumiyyətlə heç bir məlumata malik deyil: "Əgər bu mənada nə isə baş veribsə, bu, apreldə onun Bakıya getməsindən sonra baş verə bilər. Oğlumun Bakıya kimin yanına getdiyini dəqiq bilmirəm, amma hətta bu mənada da isə baş veribsə, məhz aprel ayında olub. Əslində heç nəyi təsdiqləyə bilmirəm, çünki məndə heç bir məlumat yoxdur. Yalnız onu deyə bilərəm ki, ədəbiyyatla maraqlanmayıb, ümumiyyətlə çox az mütaliə edirdi. Amma televizora həddən artıq çox baxırdı".

Əsəd Qədirov Bakıda nə qədər qalacağını bilmədiyini deyib: "Təhqiqat işi ilə bağlı istintaqla nə qədər lazımdırsa, əməkdaşlıq etməyə hazıram". Qeyd edək ki, 1949-cu il aprelin 1-də anadan olmuş Əsəd Qədirov Rusiya vətəndaşıdır.  

Dünən günün ikinci yarısında həqiqətən qətlin F.Qədirov tərəfindən törədilməsi ilə bağlı rəsmi açıqlama verilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, "İstintaq Dövlət Neft Akademiyasında qətli törədən şəxsin kimliyini müəyyənləşdirib. Tanınma zamanı qatilin üzərindən tapılan sənədin həqiqətən ona aid olduğu təsdiqlənib. Qatil 1980-ci il təvəllüdlü, Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini Fərda Qədirovdur"

 

ADNA-nın rektoru danışdı

 

Nazirlər Kabinetinin sözçüsü Akif Əli "Media forum" saytına bildirib ki, hökumət aprelin 30-da Neft Akademiyasında qətlə yetirilənlərin ailələrinə və yaralananlara yardım göstərəcək: "Dünən dövlət başçısı başsağlığı verdi. Eyni zamanda bu qanlı olayın istintaqının öz nəzarəti altında olduğunun dedi. Bütün Azərbaycan ictimaiyyəti bu hadisədən sarsılıb. Yaxın-uzaq ölkələrdən başsağlığı daxil olur, bizimlə həmrəy olduqlarını bildirirlər". A.Əli hesab edir ki, bu hadisə ölkədə sabitliyi pozmağa çalışan qüvvələrin işidir: "İstintaq öz işini görür, hadisənin necə səbəbə baş verdiyini aydınlaşdıracaq. Bu, sıradan bir hadisə deyil". Gənclər İdman Nazirliyi isə hadisənin şahidi olan gənclərin psixoloji durumunun qaydasına gətirilməsi üçün faliyyət göstərmək niyyətindədir. Nazirin müavini İntiqam Babayev törədilən cinayətin təkcə Azərbaycan gənclərinə yox, həm Azərbaycan millətinə, Azərbaycan dövlətinə qarşı olduğunu vurğulayıb. O, hadisənin şahidlərinə psixoloji yardım göstərilməsinin vacib olduğunu da deyib: "Çox böyük hadisədir, hadisənin şahidləri dərin sarsıntı keçiriblər. Buna görə onlara psixoloji yardım göstərilməlidir. Artıq mütəxəssislərlə bu istiqamətdə aparılır. Şahidlərə psixoloji yardım göstəriləcək".

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev də baş verən qanlı olayla bağlı danışıb. Rektor "Azadlıq" radiosunun əməkdaşı ilə söhbətdə gələcəkdə tədris binasında təhlükəsizliyin artırılacağını da bildirib: "Əlbəttə, mühafizə güclənəcək. Amma söhbət axı mühafizədən getmir. Əgər sizin üstünüzə silahla gəlirlərsə, sizin silahınız yoxdursa, neyləyə bilərsiz?" Rektor binanın girişində silahlı mühafizəçilərin yerləşdirilə biləcəyini istisna etməyib: "Yəqin ki, belə bir addım atılacaq".

 

Yaralılardan 5-nin vəziyyəti ağırdır

 

Dünən Səhiyyə Nazirliyinin mətbuat xidməti yaralıların vəziyyəti ilə bağlı məlumat açıqlayıb. Məlumatda bildirilir ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən silahlı basqın nəticəsində yaralanan 10 nəfərdən 5-nin vəziyyəti ağırdır. Həkimlər digər 4 nəfərin vəziyyətini orta ağır, 1 nəfərin vəziyyətini isə kafi kimi qiymətləndirirlər. Qeyd edək ki, yaralıların 8-i Kliniki Tibbi Mərkəzə, 1-i 4 saylı Şəhər Klinik Xəstəxanasına, 1- i 1 saylı Dəmiryol Xəstəxanasına yerləşdirilib.   

Onların 6-sı baş sifət nahiyəsindən, 2-si sinə, 1-i bilək, 1 isə bud nahiyəsindən yaralanıb. Bütün xəstələrdə birincili cərrahiyyə işlənməsi aparılıb, 5-də təcili əməliyyat keçirilib, 3-də isə əməliyyat keçiriləcək.   

Səhiyyə Nazirliyi yaralılara qan vermək üçün adıçəkilən xəstəxanalara üz tutan vətəndaşlara da müraciət edərək, onlara öz minnətdarlığını bildirib. Nazirlikdən bildirilib ki, Qan Bankında bütün qan rezuslarına dair kifayət qədər qan ehtiyatı var.   

  

 

Nəsimi Cəfərli

 

Şərq.-2009.- 2 may.- S. 8.