Hadisə Rusiyanın kəşfiyyat qruplarının əli ilə törədilib"

 

Vəfa Quluzadə: "Bu gün Rusiyanın Azərbaycanla bağlı çox böyük iddiaları var"

 

 "Azərbaycanın enerji resurslarına nəzarəti ələ almaq və öz bazalarını Azərbaycanda yerləşdirmək iddiasındadır"

 

Terrorçuluğun yayılmasında Azərbaycanın məntiqli marşrut olması barədə ABŞ Dövlət Departamentinin hesabat yayması Bakıda Dövlət Neft Akademiyasında terror aktının törədilməsi ilə eyni vaxta düşdüyündən bu məsələyə yanaşmalar da birmənalı olmadı.

Qeyd edək ki, hələlik Birləşmiş Ştatlarda hazırlanan hesabatda əksini tapan fikirlərlə bağlı bir əsaslandırılmanın aparılıb-aparılmadığı tam aydın olmasa da, ekspertlər bu fikirlərlə tam razılaşmır. Xəzər Araşdırmalar Fondunun prezidenti, politoloq Vəfa Quluzadə isə deyir ki, Azərbaycan terrorçuluğun yayılmasında marşrut olan yox, ABŞ-la birgə dünyanın ayrı-ayrı bölgələrində terrorçuluğa qarşı mübarizə aparan ölkədir. Rusiya tərəfindən də müəyyən vaxtlarda Çeçenistan və digər yerlərlə bağlı Azərbaycanın ünvanına ittihamlar səsləndirildiyini xatırladan Vəfa Quluzadə bu ittihamların heç bir əsasının olmadığını deyir. "Rusiyadan Çeçenistana gəlmək terrorçu üçün daha asandı, nəinki Azərbaycandan keçib getmək. Çünki burada ən azından sərhəd var"- deyən politoloq Azərbaycanın özünün terrora məruz qalan ölkə olduğunu bildirib. Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktına toxunan politoloq Azərbaycanda belə təxribatların törədilməsinin birinci dəfə olmadığını deyib. "90-cı illərin əvvəllərində baş verənlər, Bakıda metronun partladılması, bütün bunlar hamısı terror aktları olub. Hətta mərhum prezident Heydər Əliyevə qarşı iki dəfə sui-qəsd cəhdi olmuşdu. Amma bütün bunlara baxmayaraq Azərbaycan bu təzyiqlər qarşısında duruş gətirdi"- deyən Vəfa Quluzadə Neft Akademiyasında baş verən qanlı olayla bağlı öz versiyasını da açıqlayıb. Politoloq birmənalı şəkildə bu hadisənin Rusiyanın kəşfiyyat qruplarının əli ilə törədildiyi qənaətindədir. Hadisənin Neft Akademiyasında törədilməsinin də səbəbsiz olmadığını deyən Vəfa Quluzadə hesab edir ki, bu qanlı olayı törədən qüvvələr Azərbaycana mesaj veriblər. Bu hadisədən bir gün əvvəl Azərbaycan prezidentinin Brüsseldə olduğunu və orada Avropa İttifaqı və NATO ilə bağlı çox önəmli bəyanatlar səsləndirdiyini deyən politoloq hesab edir ki, Rusiyanın israrına baxmayaraq Azərbaycanın öz xarici siyasət kursunu Avropaya inteqrasiya istiqamətində davam etdirməsi Moskvanı qəzəbləndirib. "Rusiyanın bizə dost ölkə deməsinə baxmayın. Bu gün Rusiyanın Azərbaycanla bağlı çox böyük iddiaları var. Rusiya Azərbaycanın enerji resurslarına nəzarəti ələ almaq və öz bazalarını Azərbaycanda yerləşdirmək iddiasındadır". Vəfa Quluzadə onu da bildirib ki, Azərbaycan Rusiya ilə qonşu dövlət kimi normal münasibətlər qurmağa həmişə maraqlı olub və bu istiqamətdə də müəyyən addımlar atıb. "Bu gün Azərbaycanda rus dilinin təbliğatı var. Slavyan Universiteti açılıb. Ruslarla iqtisadi-ticarət dövriyyəsi xeyli artıb. Yəni Azərbaycan milli maraqlara toxunmayan həddə qədər dərəcədə mümkündürsə, Rusiyanın istəklərini təmin edib, amma Rusiyanın iştahası artıq milli maraqları tapdayır. Rusiya Qafqazda Ermənistandan sonra özünün ikinci "kolon"unu yaratmaq iddiasındadır"- deyən Vəfa Quluzadə baş verən hadisələrin məntiqi nəticəsi kimi Rusiyanın Azərbaycana qarşı müəyyən planlar hazırladığı qənaətinə gəlib. "Görünür, Rusiya Azərbaycana qarşı Gürcüstandan da pis variant hazırlayıb" deyən politoloq bütün bunlara rəğmən rəsmi Bakının təzyiqlər qarşısında duruş gətirəcəyini deyib. "Azərbaycana qarşı təzyiqlər hər zaman olub. Rusiya belə şeylərlə heç kimin gözünü qorxuda bilməz. Azərbaycan rəhbərliyi açıq şəkildə bəyan edib ki, Azərbaycan müstəqil dövlətdir müstəqil siyasət aparır. Azərbaycan prezidenti haqlı olaraq Azərbaycana müstəqil dövlət kimi yanaşılması tələbini ortaya qoyub. Biz bütün ölkələrlə münasibətlərimizi müstəqil şəkildə qururuq. Düşünürəm ki, bundan sonra da Azərbaycan siyasi iradə nümayiş etdirəcək" Vəfa Quluzadə Neft Akademiyasında törədilən terror aktının birbaşa Azərbaycanın Avroatlantik məkana inteqrasiya Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu ilə bağlı rəsmi Bakıya verilən mesajı olduğunu deyib. "Amma bu mesajın cavabı daha əvvəl Brüsseldə verilib".   

 

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 2 may.- S. 6.