Hadisə qanlı terrordu!

 

 İlyas İsmayılov: "Məni, sadəcə, bir sual düşündürür ki, o terrorist niyə məhz Neft Akademiyasına gedib"

 

Zahid Oruc: "O vaxt neft marşrutları üstündə savaş gedirdi. İndi insanlar hədəf seçilib"

 

Fazil Mustafa: "Qisasçılıq zəminində bu qədər insan öldürülməzdi"

 

Fəzail Ağamalı: "10-dan çox insan qətlə yetirilib. Bu, adi bir hadisə deyil"

 

Aydın Mirzəzadə: "Ciddi şəkildə hazırlanmış məqsədli şəkildə həyata keçirilmiş terrordur"

 

Ötən ayın son günündə səhər saatlarında Azərbaycan Dövlət Neft Akademiyasında qanlı terror hadisəsi baş verdi. Ölkədə böyük səs-küyə səbəb olan qanlı olay nəticəsində 13 nəfər qətlə yetirilib, 12 nəfər isə ağır yaralanıb. Sözügedən terror aktı ilə bağlı bir çox fikirlər səsləndirilir, mülahizələr ortaya qoyulur.

Milli Məclis üzvləri akademiyada baş verən hadisəni terror adlandıraraq bunun Azərbaycan xalqını sarsıtdığını söyləyirlər. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov deyib ki, bu hadisə həqiqətən çox üzücüdür. Olayın motivləri haqqında havadan söz söyləmək istəmədiyini qeyd edən deputat vurğulayıb ki, hadisə təkcə ölənlərin ailələri üçün yox, ümumilikdə Azərbaycan üçün faciədir: "Burda məni sadəcə bir sual düşündürür ki, o terrorist niyə məhz Neft Akademiyasına gedib əməlini orada törədib. Cinayətkarı bu institutla birləşdirir? Çünki Azərbaycanda bir çox ali məktəblər var, "ASİ" niyə seçilib? Bax bu məsələni aydınlaşdırmaq lazımdır.  

Deputat Zahid Oruc isə akademiyada baş verən olayları qanlı terror adlandırır: "Azərbaycan 15 il əvvəl belə qanlı terror hadisələrinin hədəfinə çevrilmişdi. Söhbət həmin vaxt bir-birinin ardınca Bakı metrosunda baş verən partlayışlardan gedir. O vaxt Azərbaycan böyük iqtisadi layihələrin astanasında idi. Bəs görəsən, indi Azərbaycanda gedən hansı proseslər kimlər üçün maneə sayıla bilər? Biz dünyada aparıcı resursların sahibiyik. Bu resurslar uğrunda savaşın da şiddəti artıb. Region böyük siyasət içindədir. Bunun alt qatında təxribatlar ola bilər. O vaxt neft marşrutları üstündə savaş gedirdi. İndi insanlar hədəf seçilib. Məqsəd eynidir. Onlar sanki siqnal verirlər, hesablaşmağın vacibliyini nümayiş etdirmək istəyirlər".   

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da bunun çox ağır bir hadisə olduğu qənaətindədir: "Respublika üçün çətin bir situasiyada baş verən hadisədir. Ona görə buna münasibət bildirmək o qədər asan deyil. Fikrimcə, bütün hallarda daha təmkinli mövqe nümayiş etdirib cəmiyyətin birliyinə nail olunmalıdır ki, bu cür hadisələr bir daha baş verməsin. Hesab edirəm ki, bu, daha çox terrora bənzəyir. Çünki qisasçılıq zəminində bu qədər insan öldürülməzdi".  

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə hələ şokdadır: "Hər birimizi sarsıdan bir qanlı hadisə baş verdi. Gözlənilməz bir faciədir. Mən fürsətdən istifadə edib dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Əlbəttə ki, barışılası bir hadisə deyil. Mən hələ şok vəziyyətdəyəm, olayı təsəvvürümə gətirəndə narahatçılıq keçirirəm. Düşünürəm ki, bu, təkcə azərbaycanlılara deyil, hər bir insana pis təsir göstərə biləcək olaydır. Əminəm ki, hüqüq-mühafizə orqanları bunun motivlərini araşdıracaq, cəmiyyətə bildirəcək. İndi bəziləri deyir bu cür baş verib, bir başqası digər şey söyləyir. Hər halda 10-dan çox insan qətlə yetirilib. Bu, adi bir hadisə deyil. Mahiyyətinə görə kifayət qədər ciddi bir olaydır. Mən hansısa gümanın üstündə dayanmaq istəmirəm. Hüquq-mühafizə orqanlarının istintaqçıların tədqiqatlarının nəticələrini gözləmək lazımdır". Millət vəkili Aydın Mirzəzadə isə bunun birmənalı şəkildə terror aktı olduğunu bildirir: "Ciddi şəkildə hazırlanmış məqsədli şəkildə həyata keçirilmiş terrordur. Amma burada məqsəd olub, bunu kimlər yaxud da kim təşkil edib, onu deyə bilmərəm. Hesab edirəm ki, hüquq-mühafizə orqanları sadaladığım suallara çox ciddi araşdırma apardıqdan sonra cavab verəcəklər".

 

 

Anar Bayramoğlu

 

Şərq.- 2009.- 2 may.- S. 4.