"BMT-nin özünün fəaliyyəti ilə
bağlı şübhə yaranıb"
Rəbiyyət Aslanova: "Bu təşkilat üzərinə
düşən missiyanı lazımi şəkildə yerinə
yetirə bilmir"
-BMT-nin Təhlükəsizlik
Şurasının Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı 4 qətnaməsi var. Hansı ki, bu gün bu
qətnamələr tamamilə əhəmiyyətsiz bir
kağız parçasına çevrilibsə, erməni tərəfi
əgər bu qətnamələri, ümumiyyətlə, vecinə
almırsa, artıq bu nə deməkdir? Bu qurumun təzyiq və
təsir gücü sıfıra enib...
BMT-nin İnsan Haqları
Şurasına Azərbaycanın seçilməməsi birmənalı
qarşılanmayıb. Qeyd edək ki, Azərbaycanın bundan əvvəl
həmin qurumda təmsilçiliyi olsa da, budəfəki
seçkilər zamanı Azərbaycan insan haqlarının
qorunması sahəsində "Pisdən ən pisə
doğru gedən" ölkələr siyahısında yer
aldığından Şurada təmsil oluna bilmədi. Onu da
qeyd edək ki, belə bir qiymətləndirilmənin
aparılması bir tərəfdən Azərbaycana
qarşı ikili standartların olması ilə bağlı
olsa da, burada Azərbaycanda fəaliyyət göstərən bəzi
QHT-lərin də rolu az olmayıb. MM-in İnsan haqları
daimi komitəsinin sədri, millət vəkili Rəbiyyət
Aslanova isə Azərbaycanın qiymətləndirilməsi ilə
qəti şəkildə razılaşmır. Millət vəkili
hesab edir ki, Şurada üzvlük məsələsi ilə
bağlı seçkilərin yenidən keçirilməsi tələb
olunmalıdı.
- Mən çox istərdim ki, BMT-nin
İnsan Haqları Şurası haqqında danışarkən
ilk növbədə bu qurumun fəaliyyəti ilə
bağlı bir neçə məlumatı bildirim. BMT-nin
İnsan Haqları Şurası BMT-nin hüquq müdafiə
qurumudu. 2006-cı ildə təsis edilib və o vaxta qədər
bu qurum İnsan hüquqları komissiyası kimi fəaliyyət
göstərirdi. 2006-cı ildə həmin komissiya öz fəaliyyətini
sona yetirdi və onun yerinə İnsan Haqları Şurası
yarandı. Bu şuranın üzvləri BMT Baş
Assambleyası tərəfindən seçilmiş üzv
dövlətlərdir. Ayın 12-də Baş Assambleya bu
Şuranın 18 yeni üzvünü seçdi. Bu ölkələr
bu ilin iyun ayının 20-dən fəaliyyətə
başlayacaqlar və üç il müddətində fəaliyyət
göstərəcəklər. Bunlar ABŞ, Rusiya,
Banqladeş, Səudiyyə Ərəbistanı, Belçika,
Norveç, Kuba, Meksika, Urquvay, Kamerun, Cubuti, Seneqal, Avstriya və
Nigeriyadır. Amerika birinci dəfədir bura seçilir.
"Biz səslərin 90 faizini almışıq və buna
çox şadıq" - bunu ABŞ-ın BMT-dəki daimi
nümayəndəsi Süzan Rays deyib. Qeyd etməliyəm ki,
ABŞ birinci dəfədir ki, bu quruma seçilir. Ancaq
Çexiyanın keçmiş prezidenti bu quruma seçkilərin
daha da ciddiləşməsi tələbi ilə
çıxış edib. O bildirib ki, o ölkələr
buraya daxil olmalıdır ki, onların insan
hüquqlarının qorunması sahəsində ciddi problem
yoxdu. Hətta o deyib ki, 2006-cı ildən İnsan haqları
komissiyası öz işinə ona görə yenidən
başladı ki, o heç vaxt öz işinə ciddi nəzarət
etmirdi. Çox vaxt kütləvi insan hüquqlarının
pozulması məsələsini gündəmə gətirmirdi.
İş o səviyyəyə gəlib çatdı ki, bu
qurum belə vəziyyətdə qala bilməzdi. İndi tamam
başqa vəziyyət var və ən əsası Şuraya
üzv olan ölkələr öhdəliklərini
anlamalıdır. Bu Şura Cenevrədə fəaliyyət
göstərir və buraya üzv olan ölkələr mütəmadi
olaraq bir il ərzində üç dəfə biri əsas
olmaqla üç dəfə sessiyalara
yığılırlar. Bu sessiyaların ümumi davamı 10
həftədir. Burada sessiyalar ona görə uzunmüddətli
olur ki, orada hər bir ölkə ilə bağlı çox
ciddi müzakirələr gedir. Bu Şuranın əvvəlki
qurumdan fərqi ondadır ki, əvvəlki komissiya çox
siyasiləşmişdi. İndi çalışırlar ki,
siyasiləşməkdən bir qədər
uzaqlaşsınlar. Amma təəssüf ki, biz yenə də
belə elementləri görürük. BMT-nin İnsan
Haqları Şurasının 47 üzvü var, üç ildən
bir onlardan 18-i dəyişir. Sonuncu seçkilər zamanı təəssüflər
olsun ki, Azərbaycanın ünvanına xoşagəlməz
fikirlər səsləndirilib. Əlbəttə ki, mən
bununla razı deyiləm. Azərbaycanla bağlı səsləndirilən
fikirlər reallığa söykənmir.
- Azərbaycanla bağlı
Şuranın belə bir mövqeyə gəlməsində təkcə
"Fredum House" təşkilatının təqdimatı
rol oynayıb, yoxsa buna daxildən gedən şikayətlər
də təsir edib?
- Daxildən gedən şikayətlər
də var. Məsələn, "Fredom House"nin Azərbaycan
haqqında yazdığı xoşagəlməyən,
qeyri-obyektiv rəylər də var. Bütün bunlar
hamısı isə sonda Azərbaycan haqqında çox sərt
fikir formalaşdırmağa gətirib çıxarır. Yəni
bir halda ki, bu Şura hər ölkənin durumu haqqında,
demokratik islahatların gedişatı, oradakı demokratik vəziyyətlə
əlaqədar olaraq bir qərar qəbul edir, o qərarla
bağlı bir çox məsələlərlə
bağlı müqayisəli təhlil aparmalıdır. Mənə
elə gəlir ki, burada hətta ABŞ-ın Azərbaycandakı
səfirliyinin də rolu az olmayıb. O quruma verilən məlumatlar
ayrı-ayrı mənbələrdən toplanılır.
Çox təəssüflər olsun ki, bu materiallar içərisində
qeyri-obyektiv məqamlar çox olub. Azərbaycanda insan
haqlarının qorunması sahəsində çox
böyük işlər görülür. Bu işlərlə
əlaqədar bizim milli fəaliyyət planımız var.
Artıq iki ildən çoxdur ki, insan hüquqlarının
qorunması sahəsində milli fəaliyyət planı
işləyir. Biz bütün işlərimizi o fəaliyyət
planının müddəaları əsasında gerçəkləşdiririk.
Fəaliyyət planında normativ-hüquqi bazanın təkmilləşdirilməsi
sahəsində fəaliyyət, insan hüquqları sahəsində
fəaliyyət göstərən beynəlxalq təşkilatlarla
əməkdaşlıq, əhalinin müxtəlif
qruplarının hüquqlarının müdafiəsinin
gücləndirilməsi sahəsində tədbirlər,
dövlət orqanlarının fəaliyyətinin insan
hüquqlarının təmini baxımından təkmilləşdirilməsi
sahəsində tədbirlər, insan hüquqları sahəsində
tədris, maarifləndirmə, elmi-analitik və əməkdaşlıq
tədbirləri ilə bağlı bütün qanunlar var. Azərbaycanda
qəbul edilən qanunların hamısı beynəlxalq təşkilatların
ekspertlərinin rəyi əsasında qəbul edilir. İnsan
Hüquqlarının qorunması ilə bağlı belə fəaliyyət
planı olan və buradakı müddəaların, burada 48 bənd
var, artıq gerçəkləşdiyi bir dövlətdə
insan hüquq və azadlıqlarının düzgün qiymətləndirilməməsi
və bunun nəticəsində Azərbaycanın o qurumdan kənarda
qalması hesab edirəm ki, həmin qurumun özünün
nüfuzuna xələl gətirən bir məqamdı. Azərbaycan
demokratik cəmiyyətdi və hüquqi dövlətdir. Bu
hüquqi dövlətdə də ali prinsip olan demokratik
prinsipləri rəhbər tutur. Bu gün Azərbaycan vətəndaşının
həmin seçimə olan münasibəti var. Bu gün Azərbaycan
vətəndaşı bu seçimlə razı deyil. Beynəlxalq
təşkilatların özünün içərisində
bir siyasiləşməyə getdiyi artıq göz
qarşısındadır. Biz elə bilirdik ki, əvvəlki
komissiyadan fərqli olaraq Şura siyasiləşməyəcək.
Ancaq görürük ki, hansısa istəklər, daxili istəklər,
yaxud demokratik tranzit ölkələrinə olan mənfi
münasibət yenə də özünü göstərir.
Burada Azərbaycanla yanaşı, digər ölkələrin
də adları var. Burada nə zaman, nə də məkan
faktoru nəzərə alınmır. Baxmayaraq ki, Azərbaycan
demokratik tranzit ölkələri içərisində
çox sürətlə inkişaf edən, insan
hüquqlarının qorunması sahəsində də
çox fəallıq nümayiş etdirən bir ölkədir.
Niyə bunun haqqında yazmırlar? Hansısa "Freedom House
" kimi qeyri-hökumət təşkilatının
yazdığı məlumatları əsas götürürlər.
- Sizcə, BMT-nin yüksəksəviyyəli
qurumu niyə hansısa QHT-nin verdiyi rəylər əsasında
qərar qəbul edib? Burada BMT-nin İnsan Haqları
Şurasının ekspertləri səviyyəsində
hansısa araşdırmalar aparıla bilməzdimi?
- Məndə, ümumiyyətlə,
təkcə BMT-nin İnsan Haqları Şurası ilə
bağlı deyil, ümumiyyətlə BMT-nin özünün
fəaliyyəti ilə bağlı şübhə
yaranıb. Təkcə məndə deyil, indi çoxları
da bu fikirdədir ki, 1945-ci ildən bu yükü öz üzərinə
götürüb bu günə qədər böyük tarixi
yol keçən bu təşkilat bu gün üzərinə
düşən missiyanı lazımi şəkildə yerinə
yetirə bilmir. BMT-nin Təhlükəsizlik
Şurasının Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı 4 qətnaməsi var. Hansı ki, bu gün
bu qətnamələr tamamilə əhəmiyyətsiz bir
kağız parçasına çevrilibsə, erməni tərəfi
əgər bu qətnamələri, ümumiyyətlə, vecinə
almırsa, artıq bu nə deməkdir? Bu qurumun təzyiq və
təsir gücü sıfıra enib. Ona görə də bu
qurumun özünün içərisində böyük,
radikal dəyişikliklər getməlidir. Bu cür xarakterik dəyişikliklər
yox. Bu təşkilat öz durumuna, özü qəbul etdiyi sənədlərə
kifayət qədər ciddi münasibət bəsləməlidir.
Təəssüf ki, bu gün bu təşkilat
ayrı-ayrı qüvvələrin əlində oyuncağa
çevrilib. BMT artıq qlobal qurum kimi missiyasını yerinə
yetirə bilmir. Bu gün regional qruplar daha çevikdirlər.
Təkcə bu məsələ deyil. Vaxtaşırı
ABŞ Dövlət Departamentinin müəyyən sahələrlə
bağlı hesabatları olur. O hesabatlarla BMT-nin hesabatları
arasında elə də ciddi fərq olmur. BMT özünün
üzv dövlətinə qarşı kifayət qədər
ciddi münasibət bəsləməlidir. Bir seçim etməlidir.
Müqayisəli bir təhlil aparılmalıdır ki, bu
ölkələrə qarşı əsassız ittihamlar irəli
sürürsən və bu ittiham nəticəsində Azərbaycanı
bura qəbul etmirsənsə, deməli, böyük bir məsuliyyət
götürürsən. Azərbaycan hər dəqiqə həmin
Şuranın ekspertlərini Azərbaycna dəvət edə
bilər və biz bunu onlara sübut etmək
iqtidarındayıq və bunu açıq şəkildə də
deyirik.
- Xeyli vaxtdır ki, BMT-də
islahatların aparılmasına dair fikirlər səsləndirilir.
Bu islahatlar hansı istiqamətdə aparılmalıdır ki,
lazımi effektini versin?
- Bugünkü dövrün
çox maraqlı xüsusiyyəti var. Bu gün
yaşadığımız iyirmi birinci əsrin birinci onilliyi
başa çatır. Bu gün dünyada mövcud siyasi təlimlərə,
beynəlxalq hüquq normalarına ictimai etimad azalıb və
azalmaqda da davam edir. Vaxtilə İkinci Dünya müharibəsindən
sonra yaranan bu quruma ayrı-ayrı ölkələrin və
onların ictimaiyyətlərinin inamı çox idi.
İnsanlar inanırdılar ki, bu qurum ayrı-ayrı ölkələri
və insanları yarana bilən təhlükələrdən
qorumaq imkanındadır. Amma zaman keçdikcə bəlkə
də vaxtilə insanlara lazım olan bu qurum öz
missiyasını tarazlaşdıra bilmir. BMT-nin içərisində
çox böyük qlobal gücə malik olan super-dövlətlərin
özlərini sayması və s. müstəvidə çox
güclü qruplaşma gedir. Bu gün BMT super-dövlətlərin
sözünü deyir. Öz üzvlərinin hər birinə
fərqli bir mövqelərdən yanaşır və bu da
etimadı azaldır. ATƏT BMT-yə baxanda duruma həssas
yanaşdı. Artıq 3-4 ildir ki, ATƏT öz əvvəlki
mövqeyini itirməmək üçün Avropa arxitekturasında
ATƏT-in yeri və rolu məsələsinə təzədən
baxdı. Bu beynəlxalq qurum anlayır ki, içərisində
əhəmiyyətli dəyişikliklər aparmalıdır və
56 ölkədə baş verən hadisələrlə
bağlı nüfuzunu itirməməlidi. Bu baxımdan da bu
qurum yaşayır və inanıram ki, gələcəkdə
də yaşayacaq. Avropa Şurası da eyni ilə. Azərbaycanda
insan hüquqlarına münasibətə gəldikdə, ATƏT
və Avropa Şurasının mövqeyi bir ayrıdır.
BMT-nin İnsan Haqları Şurasının münasibəti
bir qədər fərqli oldu. Halbuki BMT-yə üzv olan
ölkələrin əksəriyyəti elə bu regional
qurumların üzvləridir. Sadəcə olaraq bu regional
qurumlar sanki çeviklik nümayiş etdirirlər. Problemi bilərək
ona münasibət bildirirlər. Elə Azərbaycana gələn
insan hüquqları üzrə ekspertlər Azərbaycandakı
durumu çox yüksək qiymətləndirirlər. Amma
görürsünüz ki, İnsan Haqları Şurasında
başqa cür fikirlər ortaya çıxır. Mən bir
şeyi bilirəm ki, necə ki, insan hüquqları ilə
bağlı 2006-cı ildə yaranmış komissiya qısa
müddətdə öz fəaliyyətini sona verdi, bu da elə
olacaq. Ola bilməz ki, bu dərəcədə qeyri-obyektivlik
olsun.
- Amma son dövrlər Azərbaycanda
insan hüquqlarının qorunması sahəsində problemlərin
olmasına dair fikirlər bir tərəfdən deyil, bir
neçə istiqamətdən gəlir. Hətta AŞ PA yenidən
siyasi məhbuslar üzrə məruzəçi də təyin
etdi. Bütün bu məsələlərin arxasında, sizcə,
nə dayanır?
- İnsan hüquqları daha
çox spekulyasiya məqsədi ilə istifadə olunan bir məhfumdu.
Bəzən bu və ya digər dövlətə təzyiq etmək
üçün də bu, bəlkə də ən əlverişli
vasitəyə çevrilir. Hər hansı bir dövlətə
təzyiq etmək istəyəndə bu məsələni
ortaya atırlar. Əgər vaxtilə təzyiq etmək
üçün ölkələri hər hansı
iqtisadi-siyasi blokadaya salırdılarsa, indi insan
hüquqları adı altında həmin ölkənin beynəlxalq
təşkilatlarda fəaliyyətini məhdudlaşdırmaq
üçün məhz bu vasitədən istifadə edirlər.
Amma bu, uğurlu vasitə deyil.
- Bildirdiniz ki, Azərbaycan bu
seçimlə razılaşmır. Əgər belədirsə,
onda Azərbaycan öz etirazını hansı şəkildə
bildirə bilər?
- Məni çox narahat edən həm
də Azərbaycandan ayrı-ayrı QHT-nin və digər
şəxslərin ora müraciət edərək Azərbaycanın
bu quruma qəbul edilməməsinə
çağırışlar etməsidir. Çox
ağrılı məqamdır. Bir Azərbaycan vətəndaşının,
öz milli hissiyyatı olmadan, öz dövlətinin milli təəssübkeşi
olmayaraq onun üzvlüyünün qəbul edilməməsi
çağırış etməsi, bu nəinki xoşagəlməyən,
ümumiyyətlə, milli hisslərdən uzaq bir
addımdır. Mən buna heç cür ad tapa bilmirəm. Yəni
öz dövlətinin adının siyahıdan
çıxarılması üçün
çalışmaq necə Azərbaycan vətəndaşına
yaraşan bir məqamdı. Əgər hansısa bir
narazılıq varsa, onu da çalışıb biz daxildə
həll etməliyik. Ona görə də mən o insanları
başa düşmürəm və başa düşmək
arzusunda da deyiləm. Azərbaycanın etirazını bildirməsinə
gəlincə, bizim beynəlxalq təşkilatlarda fəaliyyət
göstərən qurumlarımız, nümayəndəliklərimiz
var. Bizim millət vəkillərimiz var. Yəni bizim hər
birimiz bununla bağlı öz münasibətimizi bildirə
bilərik. Azərbaycanın BMT yanında olan nümayəndəliyi
öz münasibətini bildirməlidir. İlk növbədə
Azərbaycan vətəndaşının buna öz münasibəti
olmalıdır. Çünki bu cür seçimin olması və
Azərbaycana qarşı belə ittihamların səslənməsi
çox təəssüf doğuran haldı.
Vüsalə Rafiqqızı
Şərq.- 2009.- 20 may.- S. 5.