"Hərbi xidmət
üçün yaş həddi 27-yə endirilsin"
Millət vəkilləri 5 hərbçinin
güllələnməsi faktından narahatdır
Fazil Mustafa təhsil nazirinin diqqətinə
çatdırdı ki, məktəblərdə yenə pul
yığılır
Dünən Milli Məclisin növbəti iclasında bir şəxsin ikinci dəfə ombudsman seçilmək hüququna qoyulan qadağa ləğv olundu. Bəzi deputatlar dəyişikliyin vacib olduğunu bildirsələr də, bir qisim deputatlar dəyişikliyin əleyhinə səs verdi. Cari məsələlərin müzakirəsi zamanı isə deputatlardan maraqlı təkliflər səsləndirildi.
"Orta məktəblərdə
pul yığılır, nazir yolu bağlatdırır..."
Millət vəkili
Fazil Mustafa Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 91-ci ildönümü münasibətilə
xalqımızı təbrik etdi. F.Mustafa orta məktəblərdə
pul yığmaq ənənəsinin ciddi problem kimi
qalmasından şikayətləndi: "Təhsil naziri Misir Mərdanov
son zəngin keçirilməməsi üçün
çağırış etdi. Bu, müsbət bir
addımdır. Ancaq aşağı səviyyədə yenə
də pul yığılır". O, az əvvəl
Qaradağ rayonunda, Sahil qəsəbəsində bir nazirin
villasına gedərkən yolu bağlatdırmasını da
anormal hal hesab edir: "Bu məsələyə də rəsmi
səviyyədə münasibət bildirilməlidir".
Spiker Oqtay Əsədov
Təhsil Nazirliyində "qaynar xətt"
yaradıldığını nəzərə
çatdırdı: "Pul yığılırsa, zəng
vurub desinlər".
"Milli Məclis bazar deyil"
Üçüncü
çağırış millət vəkillərinin səlahiyyət
müddətinin bitməsinə bir il qaldığını
deyən Müsavat deputat qrupunun üzvü Nəsib Nəsibli
parlamentdə müxalifət deputatlarına münasibətdən
narazıdır: "Hələ ki əsəbdən
çatlamamış vəzifəmizi yerinə yetiririk. Mən
təklif edirəm ki, çıxışlar
üçün ayrılmış vaxt 10 dəqiqəyə,
cari məsələlər üçün
ayrılmış vaxt 30 dəqiqədən 1 saata
çatdırılsın. İş gününün bitməsindən
sonra iclasın davam etməsi qanun pozuntusu
sayılmasın".
Spiker nizamnamə dəyişdirməyin tamam
başqa bir söhbətin mövzusu olduğunu dilə gətirdi:
"Ancaq parlamentdə heç kəsin sözü də kəsilməyib".
Nəsib Nəsibli
"israr ediləndə söz verilmir" deyərək
replika atdı. Oqtay Əsədovun reaksiyası gecikmədi:
"Vaxt qurtarır. Həm də bura bazar deyil ki?"
"Hərbi xidmət
üçün 35 yaş həddi 27 yaşa qədər
endirilməlidir"
Millət vəkili
İqbal Ağazadə bir neçə gün əvvəl hərbi
hissələrin birində əsgərin 5 hərbiçini
güllələməsinə toxundu. O hesab edir ki, bunun səbəbi
35 yaşına çatan şəxslərlə 20
yaşlı gənclərin bir yerdə qulluq etmələridir:
"Az qala arada iki dəfə yaş fərqi var. Bu da əlavə
psixoloji problemlərə yol açır. Hesab edirəm ki,
bunu aradan qaldırmaq üçün hərbi xidmət
üçün 35 yaş həddi 27 yaşa qədər
endirilməli, çağırış ildə 4 dəfədən
2 dəfəyə endirilməlidir. Magistrlərin də hərbi
qulluğa çağırılması
yanlışdır". İqbal Ağazadə ordu hissələrinin
mütəmadi dislokasiyasının tərəfdarıdır.
Pənah Hüseyn yenə spikeri əsəbiləşdirdi
Millət vəkili
Sabirabad rayonunun Əsədli kənd bələdiyyəsinin
Qaralar kənd bələdiyyəsinə birləşdirilməsinə
etirazını dilə gətirdi.
Pənah
Hüseyn Əsədli bələdiyyəsinin birləşməyə
razı olması barədə 750 sakinin imzasıyla parlamentə
daxil olan protokolun da saxta olduğunu iddia etdi: "Həm də
niyə Naxçıvan bələdiyyələri yox, Sabirabad
bələdiyyələri birləşdirilir? Bələdiyyələrin
birləşməsi məsələsinə yanaşılma hər
yerdə eyni olmalıdır".
Spiker Oqtay Əsədov
Əsədli bələdiyyəsi və protokolla bağlı
araşdırma aparıldığını, bununla
bağlı Pənah Hüseynin sorğusuna cavab verildiyini nəzərə
çatdırdı: "Həm də nəzərə almaq
lazımdır ki, 1500 bələdiyyə birləşir.
İndi Milli Məclis hər bələdiyyəyə görə
komissiya göndərəsi deyil ki?" Pənah Hüseyn
yerindən ayağa qalxaraq dedi ki, ona verilən cavab gülməlidir
və heç nəyə yaramır: "Demişdim ki, mənimlə
bir nəfər Əsədliyə gedsin. Əgər 30 nəfər
"hə" desə, mən də
yanıldığımı deyərəm".
Spiker nəinki
30, 230 nəfərin də birləşməyə razı
olduğunu desə də, Pənah Hüseynin bunu qəbul etməyəcəyini
söylədi. Buna sərt reaksiya verən Pənah Hüseyn əlindəki
vərəqi yelləyərək dedi ki, "siz isə mənə
kağızda heç nə yaramayan bir cavab vermisiniz".
Millət vəkilinin
yerindən qalxaraq yüksək səslə
danışması Oqtay Əsədovu hövsələdən
çıxardı: "Oturun yerinizdə,
qışqırmayın. Özünə hörmət qoy! Bir
misal deyərdim, yeri deyil...".
Müharibə vəziyyətində
hərbi çağırış 4 dəfə olur
Sonra
vitse-spiker Ziyafət Əsgərov söz alaraq İqbal
Ağazadənin söylədiklərinə münasibətini
açıqladı. O xatırlatdı ki, "Hərbi
çağırışın əsasları"
haqqında qanuna əlavə və dəyişikliklər
müzakirə olunarkən müdafiə nazirinin müavini,
general Çingiz Məmmədov da parlamentə dəvət
edilib. Nazir müavini nədən çağırış
yaşının 27-dən 35-ə qaldırılmasına, nə
üçün il ərzində 4 dəfə
çağırışın olmasına aydınlıq gətirib.
Məsələ ondadır ki, həmin dönəmdə
müəyyən insanların 27 yaşlarına qədər hərbi
xidmətdən müəyyən bəhanələrlə
yayınmaları müşahidə olunub. Buna görə də
son hədd kimi 35 yaş müəyyənləşdirilib:
"Bu, vətən, millət qarşısında bir borcdur,
vaxtında hərbi xidmətə getsinlər, 35 yaşa
qalmasınlar. Digər tərəfdən, müharibə vəziyyətində
olduğumuz üçün il ərzində 4 dəfə
çağırış həyata keçirilir". Z.Əsgərov
MM-in spikeri ilə bəzi deputatların tərbiyəli
davranmasını istədi.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi.
Bir
şəxsin ikinci dəfə ombudsman seçilmək
imkanı olacaq
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" konstitusiya qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verdi. Layihə 63 deputatın təşəbbüsüylə parlamentə daxil olub. Dəyişikliklərə görə, 7 il olmaqla bir şəxs iki dəfə ombudsman seçilə bilər. İkincisi, yeni ombudsman təyin edilənə qədər səlahiyyət müddəti başa çatmış ombudsman bu vəzifəni icra edəcək. Əli Hüseynov bir neçə Avropa ölkəsində bir şəxsin iki dəfə ombudsman seçilə bilməsi ilə bağlı müddəanın olduğunu xatırlatdı.
"Azərbaycanda ombudsman ola biləcək
şəxs tapılmır?"
Millət vəkili İqbal Ağazadə Əli Hüseynova qulaq assa da, dəyişikliklərin qəbulu zərurətinin nədən ibarət olduğunu başa düşmədiyini dilə gətirdi: "Azərbaycan tipli kifayət qədər ölkələr də var ki, o ölkələrdə bir şəxsin bir dəfə ombudsman seçilməsi ilə bağlı norma var. Başqa ölkələrin təcrübəsində müxalifət nümayəndələrinin Əfv komissiyasında və digər qurumlarda təmsil olunmaları ilə bağlı normalar da var. Ancaq Azərbaycanda buna əməl olunmur. Mən özüm hazırkı ombudsmanın fəaliyyətindən də narazıyam. İki dəfə seçilmək imkanı ombudsman olan şəxsi xalqa xidmətə məcbur etmir, əksinə, 7 ilin özü kifayət qədər uzun müddətdir. Digər tərəfdən, bu konstitusiya qanunu qəbul edildikdən sonra qüvvəyə minmir, 6 aydan sonra təkrar səsverməyə çıxarılmalıdır. İyunda isə hazırkı ombudsmanın vaxtı bitir. Nə vaxta qədər onun ombudsman səlahiyyəti saxlanacaq? Nədir, Azərbaycanda ombudsman ola biləcək şəxs tapılmır?"
"Pənah bəy, heç kimin
səsini batırmağa gücünüz çatmaz"
Millət vəkili
Fazil Mustafa bu dəyişikliyin beynəlxalq təcrübəyə
zidd olmadığını düşünür. Ancaq hesab
edir ki, sabah əlavə dəyişikliklərə ehtiyac
yaranmaması üçün prezidentə ombudsmanın səlahiyyətini
6 ay uzada bilmək səlahiyyəti verilməlidir. Eyni zamanda əgər
fəaliyyətdə olan ombudsmanın namizədliyi də irəli
sürülürsə, onunla bərabər formal olaraq əlavə
iki şəxsin namizədliyini irəli sürməyə də
ehtiyac yoxdur. Pənah Hüseyn konstitusiya qanunlarının
konstitusiyanın mətninə daxil olduğunu və buna
görə də belə dəyişikliklərlə
bağlı referendum keçirilməsini zəruri hesab etdi. O,
prezident seçiləcək şəxsə məhdudiyyət
qoyulmadığı halda ombudsman üçün iki dəfədən
artıq seçilməmək məhdudiyyətinin
qoyulmasını də məntiqsiz sayır.
O, Ziyafət Əsgərovun az əvvəl etdiyi çıxışdan da narazılığını dilə gətirdi: "Çıxışlarda tez-tez "tərbiyə" sözü işlədilməsin. Mən min deputat vəzifəsinə görə şərəfimdən əl çəkmərəm. Belə danışanların səsini batıraram". Ziyafət Əsgərov isə Pənah Hüseynə məsləhət verdi: "Pənah bəy, özünüzdən müştəbeh olmayın. Heç kimin səsini batırmağa gücünüz çatmaz".
"Dəyişikliklər Elmira Süleymanovaya
aid deyil"
Azərbaycanın
Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA)
nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə
bir şəxsin 2 dəfə ombudsman seçilə bilməsini
mütərəqqi hal saydı. Nəsib Nəsibli
çıxışının sonunda dedi ki, o, spikerin
deputatlara "sən" yox, "siz" deməsini
arzulayır.
Vitse-spiker
Ziyafət Əsgərov spikerin deputatlara həmişə
"siz" deyə müraciət etdiyini vurğuladı:
"İkincisi, yaşından asılı olmayaraq onu spiker
seçmişiksə, o, bu Milli Məclisin
ağsaqqalıdır, "sən" də, "siz" də
deyə bilər". Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli
iddia etdi ki, bu, hazırkı ombudsman Elmira Süleymanovanın
yolunu açmaq üçündür. Ancaq millət vəkili
Zahid Oruc konstitusiya qanununun 6 aydan sonra təkrar səsverməyə
çıxarılmalı, daha sonra prezident tərəfindən
təsdiq edilməli olduğunu vurğuladı: "Bu dəyişikliklər
hazırkı ombudsmana aid deyil". Sənəd səsə
qoyularaq qəbul edildi.
Rəşad Baxşəliyev
Şərq.- 2009.- 27 may.- S. 4.