Gələn ilin dövlət büdcəsi çox ehtiyatlı hazırlanıb

 

Deputatlar müdafiə, təhsil və sosial sahələrə ayrılan vəsaitin azaldılmasına etiraz ediblər

 

 Milli Məclisin daimi komitələri 2010-cu ilin dövlət büdcəsinin müzakirələrini yekunlaşdırdı. Deputatlar layihənin parlamentin plenar iclasında müzakirə olunmasını tövsiyə edib. Dünən layihə ilə bağlı son olaraq Milli Məclisin 4 - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası baş tutub. İclasda sənədlə bağlı ciddi müzakirələr aparılıb.   

Əvvəlcədən qeyd edək ki, 2010-cu il dövlət büdcəsinin layihəsində büdcə gəlirləri 10 milyard 15 milyon manat, xərcləri 11 milyard 264 milyon manat olacaq.

 

Büdcə maliyyə böhranının reallıqları nəzərə alınmaqla hazırlanıb

 

Dövlət rəsmilərinin iştirak etdiyi iclasda çıxış edən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, büdcə layihəsi ehtiyatlı, dünyada yaranan maliyyə böhranının reallıqları nəzərə alınmaqla hazırlanıb.  

Ancaq çıxış edən bəzi millət vəkilləri narazılıqlarını söyləyiblər. Deputatlar daha çox müdafiə, təhsil sosial sahələrə ayrılan vəsaitin 2010-cu ildə azaldılmasına etirazlarını bildirib, Xarici İşlər Nazirliyinə ayrılan vəsaitin artırılmasını istəyiblər.

 

"Bakıda pullar asfaltlara xərclənir"

 

İclasda çıxış edən millət vəkili Gülər Əhmədova qeyd edib ki, beynəlxalq aləmdə ermənilərin qarşısına çıxarmaq üçün yüksək səviyyəli diplomatlarımızın hazırlanmasına ehtiyac var. "Təəssüf ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər vəsait ayrılmır. Dövlət büdcəsi Azərbaycandan qat-qat aşağı olan Ermənistanda diplomatların hazırlanmasına daha ciddi yanaşılır". Onun sözlərinə görə, Amerikanın və dünyanın ən məşhur universitetlərində 1000-dən artıq erməni diplomatiya təhsili alır. Bakıda isə pullar asfaltlara xərclənir. Ehtiyac olmadan yollar dəfələrlə qazılır, asfaltlanır, qazılır, yenə asfaltlanır...   

"Azərbaycanda diplomatların hazırlanmasına pulu, bax, ordan çıxarmaq lazımdır. Yəni lazımsız yerə yollara xərclənən pullar diplomatların hazırlanmasına sərf edilməlidir".

 

"Müdafiə xərclərinə ayrılan  vəsaitin həcmi artırılmalıdır"

 

Millət vəkili Fəzail Ağamalı qeyd edib ki, büdcədə müdafiə xərclərinə ayrılan vəsaitin həcmi artırılmalıdır. Çünki bu, Azərbaycanın təhlükəsizliyinin təminatı və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün vacibdir. Onun fikrincə, beynəlxalq güc Azərbaycanı ədalətsiz müharibəyə sövq edir. Beynəlxalq aləmdə baş verən hadisələrin gedişi göstərir ki, nəhayət, Dağlıq Qarabağ problemini güc yolu ilə həll etməliyik. "Bunun üçün isə ordumuz gücləndirilməli, onun maddi-texniki potensialı möhkəmləndirilməlidir. Bu isə təbii ki, orduya ayrılan vəsaitin həcminin artırılmasından asılıdır. Azərbaycanın hazırkı durumunda müdafiə xərcləri azaldıla bilməz".

 

"Dövlət partiyalara sahib çıxmalıdır"

 

Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli isə büdcədə partiyaların dövlət tərəfindən maliyyələşməsinin nəzərdə tutulmamasını mənfi hal kimi qiymətləndirib. Onun fikrincə, hazırda siyasi partiyaların maddi vəziyyəti onların normal fəaliyyətinə imkan vermir. Partiyaların gündə olduğu hamıya məlumdur. A.Səmədbəyli qeyd edib ki, dövlət partiyalara sahib çıxmalıdır. Eyni zamanda onlara fəaliyyətlərini inkişaf etdirmək üçün vəsait ayırmalıdır. Ölkədə vətəndaş cəmiyyətinin formalaşması və inkişafı dövlətin marağında olmalıdır.

 

"Bir neçə dil bilən diplomatın maaşı yol polisinin aylıq məvacibindən iki dəfə azdır"

 

Deputat Asim Mollazadə diplomatların maaşlarının azlığından şikayətlənib. Onun sözlərinə görə, Azərbaycanda bir neçə dil bilən diplomatların maaşı yol polisi müfəttişinin aylıq məvacibindən iki dəfə azdır. "Maaşların az olması gənc kadrların diplomatiya sahəsinə marağını azaldır və onlar başqa sahələrə üz tuturlar. Biz hər il büdcə müzakirə olunanda Milli Məclisdə bu məsələni qaldırırıq. Amma bir nəticəsi yoxdur".  

   Millət vəkili eyni zamanda söyləyib ki, 2010-cu ilin dövlət büdcəsində məmurların hüquqları yaxşı qorunub. "Dünyanın çox ölkəsində maliyyə böhranından çıxmaq üçün məmurların məvacibini azaldırlar. Azərbaycanda isə müdafiə, təhsil, sosial sahələr kimi vacib sahələrə ayrılan büdcə vəsaitlərini ixtisar ediblər. Bu, qəbuledilməz haldır".

 

"AZAL"da maliyyə    yoxlamaları aparılmalıdır

 

Millət vəkili Qüdrət Həsənquliyev isə son zamanlar Naxçıvana təyyarə biletlərinin qiymətlərinin qaldırılmasından narahatçılıq keçirdiyini dilə gətirib. Deputat qeyd edib ki, "AZAL" bir neçə gün əvvəl Naxçıvana təyyarə biletlərinin qiymətini 40 manatdan 75 manata qaldırdı. "Belə təəssürat yaranır ki, Naxçıvanı ermənilərlə yanaşı, "AZAL" da mühasirəyə alır. Qiymətlər süni şəkildə qaldırılıb" deyən millət vəkilinə görə, "AZAL"da maliyyə yoxlamaları aparılmalıdır. Hesab edirəm ki, burda korrupsiya halları var. Bunun araşdırılması üçün Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi formada müraciət edəcəm" söyləyib.

 

"XİN-in mərkəzi aparat   işçilərinin sayı artırılmalıdı"

  

   İclasda iştirak edən xarici işlər nazirinin müavini Vaqif Sadıqov isə qeyd edib ki, hazırda Azərbaycanın xarici ölkələrdə beynəlxalq təşkilatlarda 65 səfirliyi və diplomatik korpusu fəaliyyət göstərir. Yeni səfirliklərin açılması prosesi gələn ildən həyata keçiriləcək. Xarici ölkələrdəki diplomatik korpuslardan 50-si səfirlik, 5-i beynəlxalq təşkilatlar yanında nümayəndəlik, 8-i konsulluq, 2-si xarici səfirliklərin nümayəndəliyi, 3-ü isə fəxri konsulluqdan ibarətdir. Xarici İşlər Nazirliyində mərkəzi aparat işçilərinin sayı az olduğundan səfirliklərin rotasiyasında proporsionallıq pozulur. Onun sözlərinə görə, bu problemi aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə Xarici İşlər Nazirliyinin mərkəzi aparat işçilərinin sayını 80-100 nəfər artırmaq təklifi verilib. Lakin büdcə layihəsindən bu təklifin qəbul edilmədiyi hiss olunur. Əgər təklif qəbul edilməsə, bu problem 2010-cu ildə də həll edilməyəcək.

 

"Vəsait Müdafiə Nazirliyinə yox, xüsusi Müdafiə Fonduna köçürülüb"  

 

Millət vəkillərinin çıxışından sonra Maliyyə Nazirliyinin əməkdaşı Fazil Fərəcov çıxış edib. F.Fərəcov bildirib ki, dövlət büdcəsinin icrasına nəzarət etmək məqsədilə hər hansı qurumun yaradılmasına ehtiyac yoxdur. Büdcəyə nəzarət qanunvericiliklə tənzimlənir. Büdcəyə ali qanunverici orqan olan Milli Məclis, onun orqanı Hesablama Palatası, eləcə də Maliyyə Nazirliyi nəzarət edir. Bundan başqa, dövlət büdcəsinə ayrı-ayrı yerli beynəlxalq auditorlar tərəfindən nəzarət həyata keçirilir.   

Onun fikrincə, 2010-cu il üçün müdafiə xərcləri 145 milyon manat azaldılmayıb. Sadəcə olaraq həmin vəsait bu il Müdafiə Nazirliyinə ayrılmayıb, xüsusi Müdafiə Fonduna köçürülüb.  

Çıxışlardan sonra layihənin plenar iclasda müzakirə edilməsi tövsiyə edilib. Qeyd edilib ki, parlamentdə büdcə müzakirələri gələn həftə reallaşacaq. Milli Məclis noyabrın 10, 11, 12 və 13-də büdcəni müzakirə edəcək.

 

 

Şərq .- 2009.- 6 noyabr.- S. 3.