Ustad şairə
dost təbriki
Ağır cərrahiyyə əməliyyatından
çıxmışdım. Ev şəraitində
müalicə olunurdum. Oğlum həftənin qəzetlərini
gətirmişdi. "Ədəbiyyat" qəzetini oxuyanda gözüm bir xəbərə sataşdı: "Azərbaycan
Yazıçılar Birliyində ustad şairimiz
İlyas Tapdığın 75 illiyinə həsr olunmuş yubiley məclisi keçiriləcək". Xəbəri oxuyan kimi ürəyimdən
bir sızıltı keçdi. Qırx ilə yaxındır ki, çox yaxından
tanıdığım, qayğısını gördüyüm, şəxsiyyətinə
və yaradıcılığına dərin hörmət bəslədiyim,
boynumda halal haqqı olan, gəncliyin
yaradıcılıq uğurlarına ürəkdən sevinən
və onları sevə-sevə təbliğ edən, uzun illər
ərzində heç vaxt uğurumu diqqətdən
qaçırmayan şair dostum İlyas Tapdıq haqqında onun məclisində söz demək
fürsətini xəstəliyimlə bağlı təbiət mənim əlimdən
almışdı. Sevinc, kədər
qarışıq kövrək duyğular
içində xəyala
getdim: Zəlimxan, ağrılar imkan
verməsə də, bu
imkansızlıqda imkan tapıb ağsaqqal şairimiz İlyas Tapdıq haqqında kürsüdən deyə bilmədiyin
sözləri qələmə pıçıldayıb varaqlara
deməlisən. Belə də oldu.
Əsərləri
dünyanın bir çox aparıcı dillərinə tərcümə olunan,
kitabları keçmiş SSRİ məkanında kütləvi tirajlarla nəşr olunan,
ömrü boyu sazımızın-sözümüzün keşiyində dayanan, ustad aşıqlarımızın
dostu, gənc şairlərin qayğıkeş ağsaqqalı olan, "Gədəbəydədir"
qoşmasıyla doğulduğu torpağın himnini yazan, bir uşaq saflığından yaranmış uşaq
şeirləriylə balalarımızın mənəvi dostuna çevrilən bir
şair haqqında ürək sözü demək hər bir qələm adamı kimi
mənim üçün də olduqca xoşdur.
Əzizim, İlyas müəllim!
Sizin
yaradıcılığınızı mənə hər ikimizin unudulmaz dostumuz, böyük
şairimiz Hüseyn Arif sevdirib.
Sazmısan, kamanmısan,
Nə həssas yaranmısan.
Yananda da
yanmısan
Palıdın közü kimi.
...Qoşmalar ustadısan
Vaqifin özü kimi.
Hüseyn Arifə həsr elədiyin bu şeri rəhmətlik Qağa özünəməxsus bir həvəs və sevgiylə tez-tez oxuyar, sizin təbiətə bağlılığınızdan, dilinizin şirinliyindən, şair kimi poetik imkanlarınızdan
danışardı.
Bənövşə xatirinə
Kol dibinə iz düşdü.
-
məşhur şeirinizi klassik poeziyamızın məşhur "Bənövşə"ləri
ilə müqayisə edərdi.
Sizin
poetik diliniz sazdan, qoşmadan, gəraylıdan, Vaqifdən, Ələsgərdən,
Səməd Vurğundan mayalanan, güllərdən-çiçəklərdən
şirə çəkən, palıdın kökündən, qayanın sərtliyindən,
torpağın yeddi qatından gələn, bulaqlara, çaylara qoşulub axan bir
dildir.
Gəzib dolaşanda
binələrini,
Əzmə, çiyələyin dənələrini.
Dərənin dərini, suyun sərini
Dağların qocası Gədəbəydədir.
Hər kəs bu yerlərdən olubsa halı,
Dəyibsə dilinə bir qaşıq balı
Söyləyər dolansa bütün mahalı
Dərdlərin dəvası Gədəbəydədir.
Əziz dostum,
çox hörmətli İlyas müəllim!
Ədəbiyyat tariximizdən bizə məlumdur ki, nəinki bir şeiriylə, hətta bir beytiylə də yaddaşlara əbədi həkk olunan şairlər olub. Tam səmimiyyətlə
deyirəm, bu illər ərzində heç nə yazmamış
olsaydınız, təkcə
bu şeirlə ədəbiyyat tariximizdə
əbədi yaşamaq haqqı qazanardınız. Qara sazın yaddaşına
köçən şairlər ölmür, İlyas müəllim!
Vaqiflər, Vidadilər,
Xəstə Qasımlar, Səməd Vurğunlar kimi!
Öyünürdü şair yenə,
Öyünməyə haqqı vardı.
Misralara əl vuranın
Söz əlini yandırardı.
Bu dörd
misranın istiliyi bir şair ömrünə
bəsdi. Burda poetik mənzərə
nə qədər canlı, təbii və diridi.
Dağa-daşa salır ömür-gün bizi
Təbiətdə min iz itir, bilinmir,
Yetimliyin nəqş etdiyi qəm izi
Baxışlardan silinmir ki, silinmir.
İnsan taleyi haqqında sözün, fikrin, dilin poetik möhürünü
belə vuranda şair adilikdən qeyri-adiliyə yüksəlir.
Sazı öyrən, gözüm nuru,
Sazda ana laylası var.
Bu iki
misrada şair ömrünün kitablara sığmayan böyük dünyası, ustadlar-ozanlar yoluna, dədələr-babalar
sərvətinə ilahi
diqqəti və məhəbbəti var.
Mən gözlərə şeir yazdım,
Gözlər məni gözdən saldı.
Üzüm yaman üzlər
gördü,
Üzlər məni üzdən saldı.
...Qəm yolunu bizdən saldı.
Bu
sətirlərdə həyatın acı təcrübəsinin təəssüflə
dolu məntiqi nəticəsindən doğan, bütün şairlərə
doğma olan, ağlayıb-sızlamadan dünyanın, insanın vəfasızlığı,
etibarsızlığı necə şirin və poetik bir dillə oxucuya təqdim
olunur. Bu misralarda bütün
sevənlər öz taleyini görür. Öz başına
gələn acı duyğuları yaşayır. Şeirin hamının sərvətinə çevrilmək
xoşbəxtliyi bax budur!
Taleyinə
"şübhə kimi oyaq qalmaq, sevinc verib, dərdi almaq" düşən,
qismətinə "əzablardan doğulan kitablar" yazılan, bəxtinə
"bir qələm, bir kağız, bir də masa" ayrılan şairin
bundan böyük nə sərvəti, nə malı, nə mülkü ola bilər?
Bu gün dünya saz səsinə
oyandı,
Mən bu günü başqa
günə qatmaram.
Saz səsində dünya necə təmizdi,
Mən bu günü başqa
günə qatmaram.
- deyən
şairimiz! Mənə belə gəlir
ki, siz dünyaya
gələndə sazın
səsinə yuxudan oyanmısınız. Yoxsa saz səsində
dünyanın bu qədər təmiz olduğunu belə bir səmimiyyətlə qələmə ala bilməzdiniz.
Şairin kimliyini, şəxsiyyətini
görmək və duymaq istəyirsənsə
onun doğulduğu torpağı yaxından tanımaq gərəkdir. Bu fikri ilk dəfə hansı müdrik səsləndiribsə,
çox düzgün fikirdi. Mən İlyas Tapdıqla
onun doğulduğu torpaqda, yer üzünün
həqiqi cənnəti
Gədəbəydə bir
neçə dəfə olmuşam. Ona görə deyirəm
ki, İlyas Tapdığın yaradıcılığı bizə təbiət qədər əzizdir.
İlyas müəllim həm də gözəl həmsöhbətdi. Vətənimizin dilbər guşələrinə
uzanan yollarında onun şirin və
maraqlı söhbətlərinə
çox qulaq asmışam. Onun söhbətlərindən doymaq olmur. Deyirsən, ilahi, yollar uzana, söhbət
bitməyə! O danışa,
sən dinləyəsən.
O, nədən danışır ki, söhbəti maraqlı olur? Təbiətdə
çoxlarının görə və bilə bilmədiyi təbiət möcüzələrindən, ədəbiyyat
tariximizin ən maraqlı səhifələrindən,
ədəbi şəxsiyyətlərimizin
ən maraqlı və unudulmaz keyfiyyətlərindən, Səməd
Vurğundan, Osman Sarıvəllidən, Əli Vəliyevdən, Süleyman Rəhimovdan, Mir Cəlaldan,
Əbülhəsəndən, əlbəttə,
daha çox Hüseyn Arifdən söhbət açanda hiss edirsən ki, gözlərin önündə canlı bir kitab
varaqlanır - İlyas Tapdıq kitabı!
Şair ömrü
uzun olur, İlyas müəllim! Sazın, sözün ömrü qədər
olan ömrünüz onsuz da uzun
olacaq. Gələcəyə
doğru gedən yolunuz daha da
uğurlu olsun, mənim şair qardaşım!
Sən yaşa ömrünü
Xızır İlyasın,
Yetmişin üstünə beş gələn
kişi.
Şirin nəğmələri yaz ətri verən,
Bu qoca dünyaya qış
gələn kişi.
Şair - çiçəklərdən
bal çəkən arı,
Şerin - zirvələrin tərtəmiz
qarı.
Qalxıb Gədəbəydən
Bakıya sarı
Dağ enən, düz keçən, döş gələn kişi.
Sözü çiçəklərin dadında qalan,
Eşqi baxışların odunda qalan,
Şeri Zəlimxanın yadında qalan,
Nəfəsi Allaha xoş gələn kişi.
Zəlimxan Yaqub
Şərq.- 2009.- 17 noyabr.- S. 7.