"ABŞ-la
Azərbaycan arasında ciddi proseslər baş verir"
Rauf Mirqədirov: "Biz vaxtilə bir
sıra səhvlərə yol vermişik"
-Bəzən
heç olmasa, ermənilərin təcrübəsinə müraciət etmək
lazım idi. Ermənilər heç vaxt yumurtaların hamısını bir zənbilə
yığmırlar. Bir zənbilə beş yumurta qoyanda, o biri zənbilə
də üçünü qoyurlar ki, sonra əlləri boşda qalmasın...
Regionda gedən geosiyasi proseslərin
dinamikasının artması və hadisələrin sürətlə
bir-birini əvəzləməsi Cənubi Qafqazdakı prosesləri
öz nəzarətinə almaq istəyən Birləşmiş Ştatlar və
Azərbaycan arasında münasibətlərin soyuqlaşması ilə müşayiət
olundu. Baxmayaraq ki, iki ölkə arasındakı münasibətlərin dəyişməsinə
dair rəsmi mövqelər ortada yoxdu, bununla belə ABŞ-ın Ermənistan-Türkiyə
sərhədlərinin açılması ilə bağlı siyasətinin rəsmi
Bakının etirazı üzündən əngəllənməsi okeanın o
tayından Azərbaycana yönəlmiş tənqidi bəyanatların sayını
da artırmaqdadı. Başqa sözlə desək, geosiyasi maraqların üst-üstə
düşməməsi Vaşinqtonda Azərbaycanda milli azlıqların
hüquqlarından tutmuş, demokratiya məsələlərinə kimi
bütün sahələrdə problemlərin olduğunu "yada
salıb". Ekspertlər isə iki ölkə arasında münasibətlərin
soyuqlaşmasının davam edəcəyini bildirirlər. Rəsmi Bakının
siyasətinin Vaşinqtonun bölgə maraqları ilə üzləşmədiyini
bildirən ekspertlərin DQ münaqişəsinin nizamlanması ilə
bağlı proqnozları da nikbin deyil.
"Ayna"-"Zerkalo"
qəzetlərinin siyasi şərhçisi, politoloq Rauf Mirqədirov isə
Azərbaycan-ABŞ münasibətlərində yaranmış problemlərin
tək Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə
bağlı olmadığını və ortada digər problemlərin olduğunu deyir.
ABŞ-dan Azərbaycanın ünvanına tənqidlərin artmasını isə
politoloq gözlənilən sayır.
-
Əgər siz son dövrlərdə Azərbaycanla bağlı yayılan
hesabatlara baxsanız, təbii ki, söhbət insan haqları və
demokratiya ilə bağlı hesabatlardan gedir. Bu hesabatlar ildən-ilə
sərtləşir. İldən-ilə daha da belə deyərdim ki,
neqativ olur. Bunu ABŞ-la Azərbaycan arasındakı münasibətlərlə
əlaqələndirmək mənə elə gəlir ki, bir qədər
düzgün olmazdı. Bu, tamamilə başqa prosesdi. Azərbaycan-ABŞ münasibətlərində
bu gün yaşananlar, baş verənlər isə tamamilə başqa proseslərdir.
Ona görə də bu bəyanatları münasibətlərdə
yaranmış problemlərlə əlaqələndirmək düzgün
olmazdı. Mən bu hesabatları hər zaman izləyirəm və
onun haqqında yazılar yazıram. Ona görə də onların dinamikası
haqqında çox yaxşı məlumatım var.
-
Artıq faktdır ki, Azərbaycanın Birləşmiş Ştatlarla münasibətlərində
də müəyyən problemlər yaşanır. Sizcə, iki ölkə
arasında nə baş verir?
-
ABŞ-la Azərbaycan arasında düşünürəm ki, doğrudan da ciddi proseslər
baş verir. Bu proseslərin də həm subyektiv, həm də
obyektiv səbəbləri var. İlk olaraq subyektiv amillərdən
başlamaq istərdim. Təəssüf ki, Azərbaycanın siyasəti də
deyərdim, diplomatiyası da, bütövlükdə isə bizim siyasi təcrübəmiz
kifayət qədər yüksək səviyyədə deyil. Bunun əsasında
da biz bir sıra səhvlərə yol vermişik. 2000-ci il parlament
seçkilərindən sonra biz Milli Demokratiya İnstitutunu Azərbaycandan
faktiki olaraq qovduq. Formal olaraq onlar fəaliyyət göstərirdilər,
ancaq biz onları heç bir seçkilərin monitorinqinə buraxmadıq. 2005-ci
ildə Milli Demokratiya İnstitutunun rəhbəri, keçmiş dövlət
katibi Madlen Olbrayt Azərbaycana gəldi. O, Azərbaycana gələndə
məhz bu məsələni həll eləmək istəyirdi
ki, Milli Demokratiya İnstitutu seçkiləri müşahidə edə bilsin,
onun monitorinqi ilə məşğul olsun. Nəinki bunun bu təşəbbüsünə
yox deyildi. Sonra nə baş verdi, ABŞ-da prezident seçkiləri ərəfəsində
baş verənləri də yadınıza salmaq istərdim. Azərbaycanın
siyasi elitası, ABŞ-da olan diaspor təşkilatları birmənalı olaraq Con
Makkeyni dəstəkləməyə başladılar. Doğrudu, bəzən
biz bunu qəbul etmirik. Amma bəzən də heç olmasa, ermənilərin
təcrübəsinə müraciət etmək lazım idi. Ermənilər
heç vaxt yumurtaların hamısını bir zənbilə yığmırlar. Bir zənbilə
beş yumurta qoyanda, o biri zənbilə də üçünü qoyurlar ki, sonra əlləri
boşda qalmasın. ABŞ-da Barak Obamanın andiçməsindən əvvəl
keçirilən iyirmiliyin görüşündə Obamanı Madlen Olbrayt təmsil
edirdi. Yaddan çıxarmaq lazım deyil ki, Madlen Olbrayt Klinton hökumətində
dövlət katibi olub, indi elə bir rəsmi vəzifəsi olmasa
da, ABŞ xarici siyasətini müəyyənləşdirən şəxslərdən
biridir. Yəni bu siyasi dəstəyin olması kimi subyektiv amillər
var. Amma burada obyektiv amillər də olmamış deyil. Azərbaycanın
bugünkü siyasəti axını saxlamağa yönələn bir siyasətdi. Bu
axının başında Qərb və ABŞ durur. Bu, sözsüz ki, ABŞ-ı qıcıqlandırır.
Düşünmürəm ki, bu siyasət təcrübəsizlikdən doğan məsələ
deyil. Sadəcə olaraq biz əvvəlki buraxdığımız səhvlərə
görə belə bir situasiyaya düşmüşük. Rəsmi strukturların fikrincə,
biz indi bu axının qarşısını almaq siyasəti yeritmək məcburiyyətində
qalmışıq. Bu, sözsüz ki, ABŞ-ı qıcıqlandırmalıdı. Birincisi, Azərbaycanın
bu axına gücü çatar, ya çatmaz məsələsi var. Digər tərəfdən,
bu, sözsüz ki, qarşılıqlı münasibətlərə təsir göstərməlidi.
-
Azərbaycanın axına qarşı getdiyini deyirsiniz. Söhbət hansı axından
gedir?
-
2008-ci ilin avqustundan sonra Qərb və Qərb blokunun başında
duran ABŞ dərk elədilər ki, regiondakı dondurulmuş münaqişələr
onların geostrateji maraqları üçün böyük təhlükədir. Onlar istənilən
vəziyyətdə dondurulmuş haldan çıxarıla bilərlər və
Qərbin regiondakı maraqlarını təhlükə altında qoya bilərlər.
Ona görə də ABŞ başda olmaqla Qərb bu münaqişələrin həllini
birinci vəzifə kimi qarşıya qoydular. Onların burdakı maraqları artıq
hər kəsə bəllidir. Burda iki proses gedirdi və paralel
istiqamətdə gedirdi. 2008-ci ildən üzü bu yana, təkcə
bu il Azərbaycan və Ermənistan prezidentlərinin altıncı
görüşü olacaq, ümumilikdə isə bu, prezidentlərin səkkizinci,
ya da doqquzuncu görüşü olacaq. Prezidentlər Rusiya prezidentinin təşəbbüsü
ilə də üç dəfə görüşüblər. Yəni prezidentlərin
görüşünün intensivləşməsi müşahidə edilirdi. Ancaq azdan-çoxdan
bu danışıqlar prosesindən məlumatı olan insanlar bilirlər ki,
prinsipcə prezidentlərin müzakirə edəcəyi elə bir
məsələ qalmayıb. Yəni danışıqların getdiyi on beş-on altı
il ərzində bütün mümkün olan variantların hamısı müzakirə
olunub. Bütün variantlar araşdırılıb. Söhbət onların hansısa birinin üzərində
durub onun müzakirəsindən gedir və bunu xarici işlər nazirləri
müzakirə edirlər. Prezidentlərin intensiv görüşləri ona görə
təşkil olunurdu ki, real nəticə əldə olunsun. Paralel
olaraq Ermənistan-Türkiyə münasibətlərinin
normallaşdırılması prosesi gedirdi. Yada salmaq istəyirəm ki, məhz
2008-ci il avqust hadisələrindən sonra bütün danışıqlar
leqallaşdırıldı. Və apreldə yol xəritəsinin konturları elan
edildi. Söhbət ondan gedirdi ki, bu proseslərdən hansı qabağa
düşəcək. Ermənistan-Türkiyə münasibətlərinin
normallaşdırılması istiqamətində real nəticəni əldə
etmək daha tez mümkün oldu. Bu, təbii ki, Azərbaycanın
maraqlarına cavab vermir. Azərbaycanın maraqlarına əks-proses cavab
verə bilərdi ki, DQ münaqişəsinin nizamlanmasında bir həll
planı olsun və bundan sonra Türkiyə-Ermənistan münasibətləri
ilə bağlı plan irəliləsin. Çünki Ermənistan çalışır ki, DQ
münaqişəsinin həllində əlavə dividendlər əldə
etsin. Bu, sözsüz ki, danışıqlar prosesinə təsir göstərir. Ermənistan-Türkiyə
protokolları imzalandıqdan sonra Azərbaycan rəsmiləri bəyan
etdilər ki, Ermənistanın mövqeyi daha da kəskinləşməyə
başladı. Bu da təbiidi.
-
Ermənistan-Türkiyə məsələsi ABŞ-Azərbaycan
münasibətlərinin soyuqlaşmasında nə qədər rol
oynadı?
-
Çox. Çünki bu məsələnin gündəmə gətirildiyi bir şəraitdə
Azərbaycanın siyasəti dəyişdi. Yəni biz DQ münaqişəsi
həll olunmazsa, Ermənistan-Türkiyə münasibətlərinin
normallaşdırılmasının əleyhinəyik. Bu da sözsüz ki, Qərbin Cənubi
Qafqazdakı siyasətinə ziddi və həmçinin, bizə müəyyən
problemlər yaradır. Adi bir nümunə. Bildiyiniz kimi, idman
yarışlarında finişə birinci çatan qızıl medal alır. Sonrakılar isə
biri gümüş, o biri bürünc alır. Burda problem ondan ibarətdir ki, tutaq
ki, Ermənistan və Türkiyə münasibətlərinin
normallaşması məsələsi DQ münaqişəsinin həlli ilə
müqayisədə finişə birinci çatıb. Artıq bu prosesdə iştirak
edən siyasi xadimlər də beynəlxalq imicləri baxımından
müəyyən irəliləyişlər əldə ediblər. Bu,
sözsüz ki, Azərbaycanın ziyanınadı.
-
Qarşıdakı proseslərdən nə gözləyirsiniz? Türkiyə-Ermənistan
protokollarının ratifikasiyası hələlik reallaşmasa da, hər halda
bu da uzunmüddətli məsələ deyil...
-
Protokollar imzalandıqdan sonra sizə demişdim ki, düşünürəm ki, aprel
ayına qədər Azərbaycan və Ermənistan prezidentlərinin
bir və ya iki görüşü keçiriləcək. Artıq bir görüşün olacağı dəqiqləşib.
Düşünürəm ki, vasitəçilər çalışacaqlar ki, xüsusilə də
ABŞ çalışacaq ki, heç olmasa münaqişənin həllinə dair niyyət
protokolu imzalansın. Amma bu nə dərəcədə mümkün
olacaq, mənim üçün çox böyük şübhə doğuran məsələdir.
Çünki məndə olan məlumata görə, doğrudan da Ermənistanın
münaqişənin həlli ilə bağlı bir sıra parametrlərə görə
mövqeyi kifayət qədər kəskinləşib. İlk növbədə
söhbət Dağlıq Qarabağın statusunun formalaşdırılmasından gedir. Bildiyimə
görə, indi orada daha ağır şərtlər irəli sürülür.
-
Münaqişənin nizamlanması ilə bağlı son dövrlər ABŞ daha çox təşəbbüsçü
kimi çıxış edir. Bu prosesin irəli aparılmasında Qərbin rolu nədən
ibarət ola bilər? İndi belə fikirlər özünə yer alıb
ki, ABŞ ermənilərin mövqeyindən çıxış edir...
-
Amerikanın nə ermənilərin, nə azərbaycanlıların xeyrinə
olan mövqeləri yoxdu. Amerikanın bir mövqeyi var, o da öz xeyrini güdməkdi.
Münaqişə ilə bağlı ABŞ-ın mövqeyi ondan ibarətdir ki, münaqişə
mümkün qədər tez həll olunmalıdı. Hansı şərtlərlə
həll olunur, bu, ABŞ üçün önəmli deyil. Əgər söhbət
bizim partnyorlarımızdan gedirsə, onlar üçün də hansı şərtlərlə
mümkündürsə, münaqişə o şərtlər çərçivəsində
mümkün qədər tez həll olunmalıdı. Söhbət burda başqa şeydən
gedə bilər, sadəcə, bizim üçün əsas odur ki, biz öz
maraqlarımızı nə qədər təmin etdirə bilərik. Təbii
ki, Azərbaycan kimi ölkələr ABŞ-la rəqabət apara biləcək
səviyyədə deyil. Maraqlarımızın təmin olunması isə
onların maraqları ilə nə dərəcədə uzlaşdıra biləcəyimizdən
asılıdır. Söhbət təkcə ABŞ-dan getmir, elə Rusiyanın da
qarşısında Azərbaycan söz deyə bilməz, ya gərək onun
qarşısında duruş gətirə biləcək bir qüvvə ilə
ittifaqa girəsən və bizim yerimizə də o danışsın. Eyni
zamanda biz ittifaqa girdiyimiz qüvvə ilə öz maraqlarımızı
uzlaşdırmalıyıq ki, onun dəstəyindən istifadə edə bilək.
Ya da ki, gərək biz Rusiyanın maraqlarını qəbul edək və
onun maraqları çərçivəsində problemin həllini qəbul edək.
Ona görə də biz öz maraqlarımızı uzlaşdırmağı bacarmalıyıq.
-
Problemin həlli ilə bağlı müxtəlif proqnozlar var. Bəziləri
ilin sonuna qədər, digərləri gələn ilin birinci
rübünə qədər dəyişikliklər ola biləcəyini
istisna etmirlər. Sizin proqnozunuz nədən ibarətdi?
-
Belə bir dəyişikliyin gələn ilin aprelinə qədər
ola biləcəyini istisna etmirəm. Amma düşünmürəm ki, o vaxta
qədər Ermənistanda və ya Türkiyədə qeyri-adi
hadisə baş verməsə, nizamlanma Azərbaycan üçün məqbul da
deyil, hər halda əvvəlki mümkün variantlardan az məqbul
olsun.
-
Ermənistan və Türkiyədə hansı fövqəladə hadisə
ola bilər ki? Dövlət çevrilişi, yoxsa hansısa başqa hadisələr?
-
Mən bunu indi söyləmək istəməzdim. Hər halda Ermənistanda
indi daxili-siyasi vəziyyət o qədər də sabit deyil.
Türkiyə ilə protokollar imzalandıqdan sonra Ermənistanın beynəlxalq
mövqeyinin möhkəmlənməsinə baxmayaraq hakimiyyətin
daxili dayaqları o qədər də güclü deyil. Türkiyənin
daxilində də ciddi proseslər gedir. Təkcə Azərbaycan
və Ermənistanla bağlı məsələlər deyil, "kürd
açılımı" ilə bağlı da proseslər gedir. Eyni zamanda kənardan
da Türkiyəyə böyük təzyiqlər var. O baxımdan da bu ölkələrdə
hansısa fövqəladə hadisələrin baş verməsi istisna
deyil.
Vüsalə Rafiqqızı
Şərq.- 2009.- 18 noyabr.- S. 6.