"525-ci qəzet" bir məktəbdir"

 

Rəşad Məcid: "Vaxtın azlığından yaza bilmirəm"

 

Müsahibimiz yazıçı-publisist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məciddir. Onunla söhbətimiz "525-ci qəzet"in redaksiyasında baş tutdu.

- Rəşad müəllim, durduğunuz nöqtədən dönüb arxaya baxanda, ötən illərə nəzər salanda nəyi xatırlayırsınız. Hansı yollardan keçmisiniz?

- Əlbəttə, indi keçmişə baxanda həm özüm, həm qəzetlə bağlı müxtəlif xatırlanası məqamlar, müxtəlif uğurlu məqamlar var və şübhəsiz, kədərli, ağrılı məqamlar da var, ölkəmizin taleyindən, hamımızın şəxsi taleyindən keçən ümummilli məsələlərə baxsaq, xoş dəqiqələr olub. "525-ci qəzet"i təsis etməyim, bu qəzeti yaşada bilməyim, qəzetin həyatındakı uğurlar, tanınmağı mənim bioqrafiyamın əsas xətti kimi keçir. Eyni zamanda, şübhəsiz ki, həm də bir şair, yazıçı kimi bu gün Azərbaycan Yazıçılar Birliyinin katibi olmağım, çox sevdiyim insanların, pərəstiş etdiyim Anar müəllimin yanında olmağım, bir zaman əsərlərini oxuyub heyrətləndiyim adamlarla bir yerdə olmağım mənim üçün uğurdur. Uğursuzluqlar da olub, bunlar ölkəmizin həyatında baş verən məlum hadisələr, dünyada ən çox sevdiyim şəhərin - Şuşanın, doğulduğum yerlərin- Qarabağın işğal altında olmasıdır. Bu kimi kədərli, hüznlü məqamlar var.

- Deyirlər, insan nəyinsə qədrini onu itirəndən sonra bilir. Bəs Rəşad müəlllim necə, qazandıqları ilə itirdiklərinin nisbətini düşünəndə nəyin təəssübünü çəkir?

- Elə bilirəm ki, mən itirdikdən sonra yox, mənim üçün qiymətli, dəyəri olan nə varsa onların qədrini vaxtında bilirəm. Ola bilsin ki, başqalarından fərqim də bundadı. Əgər nəzərə alsaq ki, tutaq ki, mənim ən çox qiymətləndirdiyim keyfiyyətlərdən biri də insanda istedad, etibar, xeyirxahlıqdı, bu keyfiyyətləri hər bir insanda görəndə qiymətləndirirəm, mümkün dərəcədə dəyərləndirdiklərimin sonradan acısını çəkməmək üçün vaxtında qədrini bilirəm, çalışıram bunu başqalarına da aşılayım. Amma şübhəsiz ki, bizim həyatımızdan itən anlar var. Bəzən vaxtında qədrini bilmədiyimiz bəzən dəyərli nələrsə olur. Bəlkə də biz itirdiyimiz torpaqların qədrini bilməmişik. O mənada daha çox acı çəkirik.

- Qəzeti yaradarkən qarşınıza qoyduğunuz planlarınızı, missiyanızı yerinə yetirə bilmisinizmi?

- Qəzeti yaradarkən daha gənc idik, daha çox arzularımız var idi, daha böyük uğurlar əldə edəcəyimizə, daha böyük işlərə qol qoyaçağımıza inanırdıq, amma bəlkə obyektiv, subyektiv səbəblər buna imkan vermədi. Mən həmişə demişəm, Azərbaycan qəzetlərini daha güclü görmək istəyirəm. Bizim mediamızı iqtisadi cəhətdən güclü, biznes strukturuna çevrilmiş, ölkənin ictimai həyatına güclü təsir edən bir universitet kimi görmək istəyirdim. Amma, təəssüf ki, bu gün bizim mediamız zəifdi. İqtisadi cəhətdən, ictimai rəyə təsir etmək baxımından zəifdi. Bu mənada hələ istədiklərimizə çata bilməmişik.

- 17 il bundan əvvəlki media ilə bugünkü media arasında nə kimi fərqlər var?

- 17 il bundan əvvəlki media, sovetin qapalı sistemindən, kommunist partiyasının inhisarında olan mediadan çıxıb, müstəqilliyə qovuşmuş, böyük arzular, ümidlərlə yaşayan media idi. Düzdür, müəyyən məqamlarda qeyri-peşəkarlıq sistemindən gələn məhdudiyyətlər var idi. Amma 17 il əvvəlki daha çox milli, ölkənin müstəqilliyinə çalışan, üsyankar media, indi sakit, ölçüb-biçən mediaya çevrilib.

- Bəs 17 il əvvəlki "525-ci qəzet"lə indiki "525"in fərqi nədi?

- 17 il bundan əvvəl şövqdən, istedaddan, həvəsdən başqa heç nəyimiz yox idi. Uzun müddət də elə oldu, demək olar ki, ayaq üstündə, səyyari vəziyyətdə qəzetlər çıxartdıq. 1998-ci ildən sonra müəyyən qəzetlərdə bir az imkan yarandı ki, iqtisadi gücü artırsınlar. Bu mənada uğurlarımız olub. Əlbəttə, 17 il bundan əvvəl A3 formatda 8 səhifə həcmində çıxan nazik qəzet idik. Sonra səhifələrimiz qalınlaşdı, dövriliyimiz artdı. Şübhəsiz ki, "525-ci qəzet" uzun illərdi Azərbaycan media məkanında əsas yerlərdən birini tutur.

- Ədəbiyyat aləmində bir qrup müxalif yazar "Alatoran" adlı dərgi yaradıb. Bunlar Azərbaycan Yazıçılar Birliyinin tanınmış üzvlərinə müxalif yazarlardı ki, yazılarını öz jurnallarında çap edirlər. Sizin buna münasibətiniz?

- Mən "Alatoran" jurnalında dərc olunan yazıların çoxunu qəbul etmirəm. Amma eyni zamanda müxalif olan bu yazarların arasında istedadlı adamlar var. Heyf ki, bu adamlar vaxtlarının çoxunu ciddi yazı yazmaqdansa, dedi-qoduya sərf edirlər. Çoxları indi dərk edir ki, zaman keçir, onlar yaşlaşırlar, amma ortaya dəyərli bir əsər qoymayıblar. "525-ci qəzet"in fərqi ondadı ki, Azərbaycanda ədəbi dəyərlərə önəm verən, həyatın ən yuxarı zirvəsində olan insanların əsərlərini çap edir. Gənc yazarlara da yer verir. Müəyyən mənada ölçüləri, etik məqamları gözləyirik.

- "525-ci qəzet" ictimai qəzet kimi tanınır. Qəzetinizdə iqtidar, müxalifət nümayəndələri, şou əhli görünür. Bu balansı saxlamaq çətin deyilmi?

- 1990-cı ilin ortalarında Azərbaycan mətbuatında çox pis tendensiya var idi. Mətbuat iqtidar və müxalif mətbuata bölünmüşdü. Bu qəzetlərin jurnalistləri də bir-biriylə az qala düşmən kimi davranırdı. Bir qəzet ancaq iqtidarı vəsf edirdisə, o biri ancaq müxalifəti vəsf etməklə məşğul idi, bir-birlərini söyürdülər. Mənim düşüncələrimdə, arzularımda həmişə olub ki, Azərbaycanda elə qəzet çıxaraq ki, o qəzet milli qəzetə çevrilsin. Bu qəzetdə çap olunmaq heç kim üçün problem olmasın. Hamı ürəklə bu qəzetdə yazılarını dərc etdirsin. Azərbaycanda iqtidar və müxalifətdən əlavə də xeyli ziyalı təbəqə var ki, bu ziyalı təbəqəsi iqtidar və müxalifətlə də eyni məsafədə olmaq istəyir, eyni narahat problemlərə müstəqil münasibət bildirmək istəyir. Bu adamlar üçün də "525-ci qəzet" açıqdı. Tale, zaman göstərdi ki, biz düz yolda olmuşuq. Azərbaycan mediasının müstəqilliyinə çalışmaqla, ümumiyyətlə mediada olan gərginliklərin də aradan götürülməsinə çalışmışıq. Amma təəssüf ki, bu gün də bizim istədiyimiz mühit tam bərpa olunmayıb. Çünki yenə də Azərbaycanda çoxlu sayda rəsmi mətbuat orqanları var. Həmişə dövlət qəzetlərinin əleyhinə olmuşam. Siyasiləşmiş, sərt müxalif mövqedə olan, siyasi partiyanın nəzarətində olan qəzetlərin əleyhinə olmuşam. Azərbaycanda da bu vəziyyətdən çıxış yolu müstəqil medianın güclənməsidir ki, bu mənada "525-ci qəzet" uzun illərdi buna çalışır.

- Son illərdə tanınmış köşə yazarları ədəbiyyata meyl edirlər. Bu, sizcə, dəbdir, yoxsa... Necə fikirləşirsiniz?

- İndi ümumiyyətlə ədəbiyyata maraq azalıb, ədəbiyyat ikinci plana keçib, ədəbiyyat oxuyan azalıb. Bu mənada ədəbi istedadı olan insanların köşə yazısı yazmaları təbiidir. Bu baxımdan Azərbaycanda bir çox köşə yazarları var ki, hesab edirəm onlar ədəbiyyatla məşğul olsaydılar, daha böyük uğurlar qazanıb, yaxşı şair-yazıçı ola bilərdilər. İndi də onlardan hesab edirəm ki, Zamin Hacının bir sıra köşə yazıları var ki, onlar klassik bədii ədəbiyyat nümunələridir. Bu mənada indiki dövr ona gətirib çıxarıb ki, köşə yazıları, publisistika çoxlu şair, yazıçıları ədəbiyyatdan alıb məhz jurnalistikaya gətirib.

- Sizcə, bü gün Azərbaycan mətbuatında hansı problemlər var? Nə çatışmır? Ən qlobal problem nəyi hesab edirsiz?

- Azərbaycan mətbuatının bir sıra problemləri var. Ən ciddi problem hesab edirəm ki, Azərbaycan mətbuatının iqtisadi gücünün zəif olmasıdır. Həmişə də demişəm, Azərbaycan mətbuatının vəziyyəti bizim ölkəmizin iqtisadi inkişafı ilə adekvat deyil. Bu mənada hesab edirəm ki, son vaxtlar yaradılan mətbuata yardım fondu da bu problemin nəticəsində meydana gəlib. Arzu edirəm ki, Azərbaycanda reklam bazarı normal vəziyyətə gəlib çıxsın. Qəzetlərin iqtisadi gücü artsın ki, jurnalistlərimiz normal əmək haqqı ala bilsinlər, məişət və sosial vəziyyətlərini düzəldə bilsinlər.

- "Reket" jurnalistika haqqında müxtəlif fikirlər irəli sürürlər. Bu məsələdə bəziləri məmurları günahlandırır, digərləri isə jurnalistləri. Bəs əsl müqəssir kimdi?

- Reket mətbuatının olmasının bir səbəbi də ciddi mətbuatın iqtisadi gücünün az olmasıdı. Əgər ölkədə iqtisadi əsaslar olarsa, reklam bazarı geniş olarsa, mətbuat inkişaf edəcək. Reket mətbuatı bir milçək vızıltısına bənzəyəcək və heç kim ona fikir verməyəcək, onun yazdıqlarına diqqət kəsilməyəcək. Bu mənada birinci problem ondadı ki, normal ciddi mətbuatın inkişafı üçün normal şərait yaradılsın. Mətbuat Şurasının üzvü kimi deyə bilərəm ki, bu məsələlərlə bağlı bir sıra hallarda "reket" mətbuatın inkişafına müəyyən məmurlar da təkan verir. Onlar öz rəqiblərini, istəmədikləri məmurları işdən çıxarmaq üçün bu cür qəzetlərdən istifadə edirlər. Bir sıra hallarda bu onların maraq dairəsində olur. Eyni zamanda mətbuatdan kənar xeyli adamlar bu sahədə populyarlaşmağın və özlərinin düşüncəsi ilə pul qazanmağın daha münbit olduğunu görüb bu sahəyə əl atırlar və nəticədə də ümumiyyətlə ölkədə qəzetə, ciddi jurnalistikaya inam itir. Bu isə çox pis tendensiyadır. İnanıram ki, bu tendensiya sıradan çıxacaq.

- Bu gün əksər baş redaktorlar mətbuat üçün məqalələr yazmır. Bu nədən irəli gəlir? Siz niyə yazmırsız..?

- Mən vaxtaşırı yazıram. Son 5 ildə yazdıqlarım və "525-ci qəzet"də dərc olunan publisistik, ədəbi tənqidi yazılarım yeni işıq üzü görən "Əlvida və salam" kitabında toplanıb. Ancaq şübhəsiz ki, az yazıram. Bir səbəb onunla bağlıdır ki, vaxtım az olur. Digər səbəb odur ki, insan həyatında yazılan sözə ümid azaldığından yazmaq çətinləşir. Amma tam yazmamaq da demək olmaz. Əlimizdə olan hər bir nazik kitab hər halda onu göstərir ki, yaradıcılıq baxımından boş dayanmamışam.

- Sizi bəziləri yazıçı kimi məhsuldar hesab etmirlər. Bəlkə sandıq ədəbiyyatı ilə məşğulsunuz?

- Mənim bir hekayəm 2003 - cü ildə çap olunub. "10 sentyabr". Hekayə böyük rezonans doğurdu. 15 xarici dilə tərcümə olundu və maraqla qarşılandı. Beynimdə nəsr əsərləri var, yazmaq istəyirəm. Sadəcə qeyd etdiyim səbəblərdən, vaxtın azlığından imkanım olmur. İnşallah, nə vaxtsa beynimdə olan əsərləri yazıya, kompüterə köçürəcəm. Və bu əsərlər maraqla qarşılanacaq.

- Oğlunuz qol.az saytının rəhbəridir. Sənət seçimində, jurnalist olmasında seçimi özü etdi, yoxsa sizin təsiriniz oldu?

- Üç övladım var, hər üçü də başqa sahələrdə təhsil alırlar. Ancaq bu futbol saytı yaratmaq ideyası ortaya çıxanda şübhəsiz ki, mən əngəlləməyə çalışdım. Ancaq çox böyük marağı olduğunu gördüm. Artıq bir ildir ki, bu sayt fəaliyyət göstərir.

- Rəşad Məcid və "525-ci qəzet"in kollektivi...  

- Yaradıcı heyət böyük şövqlə çalışır. "525-ci qəzet"in kollektivi mənə hər zaman sevimli insanlar olub. Kollektivdə əzəl gündən mənim dostlarım çalışır, özəyini təşkil edirlər. "525-ci qəzet" bəlkə də gənclərin yazılarını ən çox dərc edən bir qəzetdir. Bizim əməkdaşlarımız Prezident Administrasiyasından tutmuş bütün nazirliklərdə çalışırlar. Heç vaxt da bizim qəzeti unutmurlar. "525-ci qəzet" bir məktəbdir. ("OLAYLAR"İA)

 

 

Şərq.- 2009.- 24 noyabr.- S. 6.