Milli Məclisdə Qarabağ müzakirəsi
aparılıb
Qüdrət Həsənquliyev: "Rusiya ilə
yaxın əlaqələr qurulmalıdır"
İqbal Ağazadə: "Biz istəyirik ki,
Rusiya Azərbaycanda yeni Xocalı faciəsi törətsin?"
Milli Məclisin dünənki iclasında
2010-cu ilin büdcəsi qəbul edildikdən sonra geniş müzakirələr
aparılıb. Bu müzakirələr isə son zamanlar ictimaiyyəti
narahat edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan
danışıqlardı. Büdcə zərfinin qəbulundan sonra spiker Oqtay Əsədov
cari məsələlərin müzakirəsi üçün vaxt ayırıb. Çıxış edən
bütün deputatlar isə Qarabağ danışıqları ilə bağlı öz fikirlərini
səsləndiriblər. Millət vəkillərinin əksəriyyəti
bu danışıqlardan xəbərsiz olduqlarını və onlara məlumat
verilməsini istəyiblər.
"Madrid prinsipləri"nin 4-cü bəndi
Azərbaycan üçün təhlükəlidi"
İlk
çıxış edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn son zamanlar
"Madrid prinsipləri"ndən tez-tez danışıldığını xatırladaraq
bu prinsiplərin dördüncü bəndinin - Dağlıq Qarabağın yekun statusunun
referendumla müəyyənləşməsi müddəasının Azərbaycan
üçün təhlükəli olduğunu deyib. O qeyd edib ki, Azərbaycan
hakimiyyəti bu məqamla bağlı açıqlama verməli, danışıqların
hansı istiqamətdə getdiyini bildirməlidir.
"Milli Məclisdə qapalı toplantı keçirilsin"
Millət
vəkili Fazil Mustafa isə təklif etdi ki, deputatlar aparılan
danışıqlar barədə məlumatlandırılsınlar. Onun fikrincə,
prezidentlər səviyyəsində keçirilən görüşlərdə
əldə olunan nəticələr, detallar barədə Milli
Məclis qapalı iclas keçirməlidi. "Biz yalnız məlumatları qəzetlərdən
oxuyuruq. Amma jurnalistlər də hər dəfə bizə bu
barədə mövqe bildirməyi tələb edirlər. Biz isə
xəbərsiz olduğumuz danışıqlardan necə danışa bilərik?"
sual edən BQP başqanı hesab edir ki, parlament rəhbərliyi ən
azı MM-də təmsil olunan partiyaların rəhbərlərinə
məlumat verməlidir. "Rəhbərlik partiya sədrləri
ilə qapalı toplantı keçirsin və məlumatların yayılmaması məsuliyyəti
də qoyulsun onların üzərinə".
"Beynəlxalq təşkilatlar Azərbaycana
təzyiq etməyə başlayıblar"
AVP
sədrinin müavini, deputat Zahid Oruc isə bütün həmkarlarını
birliyə səslədi. Onun fikrincə, münaqişə ilə
bağlı Azərbaycanın mövqeyi bəllidir. Bu səbəbdən də
ölkəyə beynəlxalq təşkilatlar artıq təzyiq etməyə
başlayıblar. Zahid Orucun sözlərinə görə, bütun beynəlxalq
güclərə Milli Məclis cavab verməlidir. Buna görə də
münaqişə ilə bağlı danışıqlar, keçirilən görüşlərlə
bağlı hər bir Azərbaycan vətəndaşı ciddi mövqe ortaya
qoymalıdır. "Prezidentin Goranboyda səsləndirdiyi fikirləri
hər bir vətəndaşımız dəstəkləməli, onun
arxasında olduğunu sübut etməlidir".
"Rusiya ilə yaxın əlaqələr
qurulmalıdır"
Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət
Həsənquliyev Azərbaycanın Rusiya ilə yaxın əlaqələr
qurmasını təklif etdi: "Azərbaycan NATO ilə inteqrasiya
yolu tutub, Türkiyə ilə strateji müttəfiqdir. Rusiya ilə də
belə münasibətlər qurulmalıdır". Q.Həsənquliyevin
fikrincə, Rusiya Azərbaycanın Dağlıq Qarabağ üzərində
suveren hüquqlarını tanıyarsa, Azərbaycan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına da daxil ola bilər: "Sərhədləri
də birgə qoruya bilərik, hətta Rusiya Azərbaycanda hərbi
baza da yerləşdirə bilər".
"Qarabağ problemini yaradan Rusiyadır"
Deputat
İqbal Ağazadə Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsi
təklifinə qarşı çıxıb: "Biz istəyirik ki, Rusiya Azərbaycanda
yeni Xocalı faciəsi törətsin? Qarabağ problemini yaradan Rusiyadır.
MDB-dəki bütün milli-etnik konfliktləri Rusiya yaradıb. Rusiya əlini
çəksə, bu konfliktlər həllini tapar. Dağlıq Qarabağ məsələsi
bütün vətəndaşları narahat edir. Biz də millət vəkili
olaraq fikirlərimizi açıqlayırıq. Narahat olduğumuz üçün istəyirik
ki, Xarici İşlər Nazirliyi danışıqlar barədə məlumat
versin".
"Tək prezidentin yox, xalqın da səsi çıxmalıdır"
Vətəndaş
Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir
Rüstəmxanlı da xalqı birliyə çağırdı. Deputat bildirdi ki, son
zamanlar Qarabağ münaqişəsindən yalnız Azərbaycan prezidenti
İlham Əliyev danışır. Amma onun fikrincə, ümummilli problem olduğu
üçün tək dövlət başçısının yox, xalqın da səsi çıxmalıdır. "Bu,
adi hal alıb. İnsanlar heç nə danışmırlar. Yalnız prezident danışır. Tək
prezident yox, xalq da səsini çıxarmalıdı" deyən deputat
bildirib ki, Türkiyə Böyük Millət Məclisinin deputatları Qarabağ
münaqişəsi ilə bağlı aparılan danışıqlardan daha çox xəbərdardılar.
"Biz onlarla görüşdükdə elə şeylər danışırlar ki, bizim
onlardan xəbərimiz yoxdu. Çünki onların məclisində belə
müzakirələr aparılır".
Sabir
Rüstəmxanlının çıxışından sonra digər millət vəkillərinin
danışmasına imkan verilmədi. Spiker vaxt azlığından gündəlikdəki
məsələlərin müzakirəsinə keçilməsini istədi.
Gündəlikdə
olan ilk məsələ "Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin təsdiq edilməsi
ilə bağlı qanun layihəsi idi. Bu qanun layihəsi ilə bağlı
MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov məlumat verdi. Deputat
dedi ki, bundan sonra bütün türkdilli dövlətlərlə Azərbaycanın
əlaqələri genişlənəcək və qarşılıqlı layihələr
həyata keçiriləcək. Sənəd səsə qoyuldu və
qəbul edildikdə zaldan alqış səsi eşidildi. Bu, deputat Pənah
Hüseyn idi. Onun alqışları spikeri təəccübləndirdi və Oqtay
Əsədov deputatdan nə üçün əl çaldığını soruşdu:
Oqtay
Əsədov: Nə olub, Pənah bəy, nəyə görə əl
çalırsınız?
Pənah
Hüseyn: Necə yəni, neyçün əl çalıram? Belə dəstəkləyirəm
də bu qanunun qəbulunu.
Oqtay
Əsədov: Çox yaxşı. Sən əgər dəstəkləyirsənsə,
deməli yaxşıdı vəziyyət.
Sonra
iclasda bir sıra imzalanmış sazişlər təsdiqləndi və
qanunlara edilən əlavə və dəyişikliklər qəbul
edildi.
Rəşad Baxşəliyev
Şərq.- 2009.- 27 noyabr.- S. 27.