Dövlət büdcəsi təsdiqləndi
Sənədin lehinə 101, əleyhinə
isə 8 nəfər səs verdi
Milli Məclis 2010-cu ilin dövlət
büdcəsini təsdiqlədi. Sənəd lehinə 101, əleyhinə
8 səs olmaqla qəbul edildi. Amma büdcənin müzakirəsi zamanı
76 deputatın səsləndirdiyi təkliflərdən bir neçəsi
qəbul olunub. Spiker Oqtay Əsədov Qurban bayramı münasibəti
ilə həmkarlarını təbrik etdikdən sonra bildirdi ki, MM-də
4 gün büdcə ilə bağlı müzakirələr aparılıb. Müxtəlif təkliflər
səslənib. Hökumətə isə 10 gün vaxt verilib. Sonra isə
büdcə ilə bağlı maliyyə naziri Samir Şərifov açıqlama
verdi.
Deputatların təkliflərinin bəziləri qəbul edilib
Maliyyə
naziri isə çıxışında qeyd etdi ki, ötən iclasda 76 millət vəkili
çıxış edərək əhalinin maddi rifah halının, ölkənin müdafiə
potensialının gücləndirilməsi, ekoloji problemlərin həlli,
elm, təhsil, səhiyyəyə dövlət dəstəyinin
artırılması və digər məsələlərlə bağlı bir
sıra sual, təklif və tövsiyələr irəli sürüblər. Bütövlükdə
səslənən təkliflərə ətraflı cavab verilib.
Hökumət tərəfindən həmin təkliflər müzakirə
edilib, onların həlli yolları, həyata keçirilməsi və maliyyə
tutumu nəzərə alınmaqla büdcə imkanları daxilində bəzilərinin
müsbət həlli üzrə əməli addımlar atılıb.
Dövlət Neft Fondunun büdcə xərcləri
20 milyon manat artırılıb
Nazir
dedi ki, bir sıra dövlət əhəmiyyətli və prioritet vəzifələrin,
o cümlədən ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması,
alternativ enerji mənbələrinin yaradılması ilə bağlı əlavə
vəsaitin ayrılması məqsədi ilə 2010-cu ilin icmal büdcəsinin,
onun tərkib hissəsi olan Dövlət Neft Fondunun gələn il
üçün büdcə xərcləri 20 milyon manat artırılacaq. Artım üçün nəzərdə
tutulan vəsaitin 2010-cu ilin ölkədə Ekologiya ili elan
olunmasını nəzər alaraq ekoloji problemlərin həlli ilə
bağlı müvafiq dövlət proqramlarının və tədbirlərinin maliyyə
təminatına, ölkənin enerji balansının artırılmasında mühüm əhəmiyyət
kəsb edən və ekoloji təmiz alternativ enerji mənbələrinin
yaradılması ilə bağlı xərclərə yönəldilməsi nəzərdə
tutulub.
Elm xərclərinə əlavə 3 milyon manat ayrıldı
Nazirin
sözlərinə görə, artımlar nəzərə alınmaqla 2010-cu
il üçün icmal büdcənin xərclərinin yuxarı həddi 12 milyard
636 milyon manat təşkil edəcək. Elm xərclərinin, əsasən
də elmi-tədqiqat institutlarının maddi-texniki təminatının
yaxşılaşdırılması, onların müasir avadanlıqlarla təchizatı ilə bağlı
xərclərin artırılması üçün dövlət büdcəsindən elm xərclərinə
əlavə 3 milyon manat vəsait yönəldiləcək.
Səhiyyə xərclərinə də əlavə 4 milyon manat verilir
Samir
Şərifov bildirdi ki, ötən iclaslarda əksər millət vəkili
səhiyyə xərclərinin azlığından şikayətlənmiş və
bu sahəyə ayrılan vəsaitin artırılmasını tələb
etmişdilər. Nəzərə alınan təkliflər sırasında səhiyyəyə
ayrılan vəsaitlər də var. Onun sözlərinə görə,
ölkədə dərman preparatlarının təchizatının
yaxşılaşdırılması üçün səhiyyə xərcləri bölməsində
nəzərdə tutulan şəkərli diabet üzrə dövlət
proqramı və səhiyyə sahəsindəki digər
proqramların maliyyə təminatı ilə bağlı xərclərə əlavə
4 milyon manat veriləcək.
Milli Məclis və XİN-in əməkhaqqı
fondu 458 və 580 min manat artırılır
Büdcənin
müzakirəsi zamanı bəzi deputatlar tarixi abidələrin bərpası,
diplomatik korpusların işçilərinin əməkhaqlarının və teatr,
film çəkilişlərinə ayrılan vəsaitin azlığından şikayətlənmişdilər.
Ancaq hökumət aparılan müzakirələr zamanı bu sahələrə
ayrılan vəsaitin də artırılmasını nəzərə alıb. Nazir
bildirdi ki, tarixi abidələrin bərpası, ölkəmizin xaricdə
mədəniyyət mərkəzlərinin təsis edilməsi,
teatr tamaşalarının qoyuluşu, bədii və sənədli filmlərin
çəkilişi və digər mədəniyyət tədbirlərinin
maliyyələşdirilməsi üçün əlavə 6.3 milyon manat vəsait
ayrılır. Milli Məclisin yeni inzibati binasının istifadəyə
verilməsi, habelə XİN-in fəaliyyətinin genişləndirilməsi
ilə bağlı bu qurumların əməkhaqqı fondunun müvafiq olaraq 458 və
580 min manat artırılması məqbul hesab edilib.
13.3 milyon manat sosialyönümlü tədbirlərin
maliyyələşdirilməsinə yönəldiləcək
Bütövlükdə
deputatların təkliflərinə müvafiq olaraq dövlət büdcəsi
üzrə ayrı-ayrı xərclərin tənzimlənməsi üçün əlavə
ayrılması təklif olunan 14.3 milyon manat vəsaitin 13.3 milyon manatı
sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə
yönəldiləcək. Göstərilən əlavə xərclərin
ayrılması 2010-cu il üçün dövlət büdcəsi xərclərinin təqdim
olunmuş ümumi məbləğinin artımına gətirib çıxarmayacaq. Yəni
dövlət büdcəsinin xərclərinin məbləği əvvəlki
kimi 11 milyard 264 milyon manat səviyyəsində qalacaq.
Dövlət
büdcəsinin bəzi xərclərinə tətbiq ediləcək
artımlar isə 2010-cu ilin büdcəsinin əsas bölmələrə
aid edilməyən xidmətlər xərcləri bölməsində
valyuta komertasiyası üzrə xərclər üçün nəzərdə
tutulan vəsaitin azaldılması hesabına həyata keçiriləcək. Eyni
zamanda bəzi deputatların səsləndirdikləri təkliflər
hökumətin diqqət mərkəzindədi. Onların mərhələli
qaydada növbəti illərin dövlət və icmal büdcələrində
baxılması üçün tədbirlər görüləcək.
"Gəl sənə bir qonaqlıq
verim"
Nazirin
çıxışından sonra spiker Oqtay Əsədov müzakirələrə
ehtiyacın olub-olmadığını soruşdu. Əksər millət vəkili sənədin
səsə qoyulmasını istədi. Müsavat deputat qrupunun üzvü Pənah
Hüseyn isə əlini qaldıraraq danışmaq istədi. Amma spiker onun əlini
görmədi. Pənah Hüseynin danışmaq istədiyini görən millət
vəkili Rüfət Quliyev atmaca atdı: "Ay Pənah bəy, gəl
sənə bir qonaqlıq verim, qurtarsın getsin bu məsələ".
Amma Pənah Hüseyn bu dəfə deputat həmkarına cavab vermədi
və beləliklə, sənəd sənəd səsə
qoyuldu, 101 lehinə və 8 əleyhinə olmaqla qəbul
edildi.
Büdcənin
qəbulundan sonra iclasda Dövlət Sosial Müdafiə Fondunun, Milli Məclisin
xərclər smetası qəbul edildi, yaşayış minimumu və ehtiyac
meyarı təsdiqləndi.
Rəşad Baxşəliyev
Şərq.- 2009.- 27 noyabr.- S. 4.