"Təcridxanaya getmək mənim üçün çox çətin
olur"
İradə Cavadova: "Orda bəzən
hiss edirəm ki, mənə vəkil yox, sırf qadın kimi
baxırlar"
-Bir
çox vəkillər saat 7, 8-dən sonra telefonlarını keçirir. Mənim
müştərim isə bazar günü saat 12-də də mənə zəng
vura bilir...
Rubrikamızın budəfəki
qonağı vəkillikdən başqa həm də Qeyri-Hökumət Təşkilatının
rəhbəri kimi tanınıb. Etiraf edək ki, növbəti müsahib kimi
İradə Cavadovanın üzərində dayanmağımıza səbəb təkcə
onun fəaliyyəti olmadı. Bu işlərin öhdəsindən bir
qadının necə gəlməsi bizi daha çox düşündürürdü. Müsahibənin
vaxtını dəqiqləşdirmək elə də asan olmadı.
İşgüzar xanımın bir saat vaxtını almaq üçün bir
neçə gün "dəridən-qabıqdan çıxdıq". İradə Cavadovanın iş qrafikinin nə qədər gərgin
olmasının müsahibənin gedişində özümüz də şahidi olduq. Güc-bəla
ilə əldə etdiyimiz bir saatı da vəkil xanımın sayğıdəyər
müştəriləri bizə çox görmüşdülər deyəsən.
Bu qənaətə İradə xanıma gələn
telefon zənglərindən və köməkçisinin içəri girərək
kimlərinsə onunla görüşmək istəyində olması barədə
məlumatını eşidəndən sonra gəldik. Söhbətimizə isə
ənənəmizə sadiq qalaraq müsahibimizin hüquqşünaslıq
sevdasından başladıq...
- Mən uşaqlıq dövründən hüquqşünas
olmaq istəmişəm. Amma ailədə buna etiraz ediblər. Deyiblər
ki, bu, qadın işi deyil. Valideynlərimin sözündən də çıxa
bilmirdim. Bu baxımdan düşünürdüm ki, məktəbi bitirəndən
sonra onların istədiyi instituta daxil olum, amma oranı bitirəndən
sonra hökmən öz istədiyim yerə sənəd verim. Mənim
anam çox istəyirdi ki, həkim olum. Mən isə nəyə
görəsə həkim olmaq istəmirdim. Hesab edirdim ki, həkim
olmaq üçün gərək çox böyük istedadım olsun. Anam tibbə daha
meyilli idi . Məktəbi bitirəndən sonra Tibb Universitetinə
sənədlərimi verdim. Təbii ki ailəmin istəyi ilə.
Üç imtahandan keçdim. Lakin sonuncuda özüm şüurlu şəkildə
komissiyanın üzvlərinə boş vərəq verdim, heç nə
yazmadım. Təbii ki, iki aldım və keçmədim. Hüquq fakültəsinə
daxil olmaq üçün o zaman onsuz da iş "staj"ın olmalı idi, o baxımdan
heç nə itirmədim və sonda istədiyim universitetə daxil
oldum və artıq valideynlərimi də razı sala bildim. Bakı Dövlət
Universitetinə sənədlərimi təqdim etdim və qəbul
oldum.
Pafos üçün demirəm, amma doğrudan da öz peşəmi
sevirəm. Lakin qeyd etməliyəm ki, bizim peşəmiz çox çətin
bir peşədir. Həm də insan kimi çox emosionalam. Hər bir
müştərimin dərdi ilə demək olar ki yaşayıram. Bu,
professional cəhətdən bir az yaxşı deyil.
- İş fəaliyyətinizə nə
vaxtdan start vermisiniz?
- Hüquq fakültəsinə daxil olduqdan
sonra paralel olaraq universitetin özündə çalışırdım. Cəfər müəllimin
rəhbəri olduğu Cinayət prosesi kafedrasında laborant olaraq işləyirdim.
Cəfər müəllim yaxşı müəllim olmaqla yanaşı, həm də
çox gözəl insan idi. O dövrdə ona "kristal Cəfər"
deyərdilər, çünki rüşvət almırdı. Sonra Məhkəmə
Ekspertiza İnstitutuna keçdim. Orda kiçik elmi işçidən şöbə müdirinə
kimi yüksəldim. Sonra müəyyən səbəblərə görə
Əmək Nazirliyinə keçmişdim, orda hüquqşünas işləmişdim. Ali
Attestasiya Komissiyasında elmi katib vəzifəsində də çalışmışam.
- Vəkilliyə gəlişiniz necə
oldu?
- Mən lisenziyalı hüquqşünas kimi fəaliyyətə
başlamışdım və nümayəndə qismində məhkəmələrə
çıxırdım. Vəkilliyə 2001-ci ildən başlamışam. Dövlət
strukturlarında işləmişdim deyə, heç bir zaman prokuror və ya
hakim olmaq arzusunda olmamışam. Düzdür, dövlət strukturundan çıxdıqdan
sonra hakim olmaq üçün keçirilən ilk imtahana qatıldım. Amma ondan sonra
heç bir zaman buna cəhd göstərməmişəm.
- İlk imtahandan keçmədiniz deyə, növbəti
dəfə bəxtinizi sınamadınız, yoxsa başqa səbəblər
vardı?
- Məsələ burasındadır ki,
imtahandan sonra nədənsə topladığımız balı demədilər.
Heç kim bilmirdi ki, neçə bal toplayıb. Sadəcə, qəzetdə
çıxmışdı ki, kimlər keçib müsabiqədən. Mənim üçün maraqlı
idi ki, nə qədər bal toplamışam. Bir dəfə təsadüfən
orda işləyən bir yoldaşı gördüm. Mənə dedi ki, yetərincə
bal toplamışam. Amma peşman deyiləm ki, keçməmişəm.
- Ekpertiza İnstitutundan çıxmağınızın səbəbi
nə oldu?
- Onu demək istəməzdim, amma mən
sevinirəm ki, Ekspertiza İnstitutundan getmişəm.
- Özünüz getmisiniz, yoxsa kənarlaşdırdılar?
- Təbii ki özüm getmişəm, amma səbəbini
demək istəməzdim. Mənim işlədiyim şöbə
Kriminalogiya şöbəsi idi. Sırf elmə aid olan bir şöbə idi.
Ekspert kimi fəaliyyət göstərmirdik, ancaq elmi araşdırmalarla məşğul
idik. O qədər də maraqlı deyildi. Bizim şöbədə əməkdaşlar
çox passivləşirdi.
- Ailəniz hüquqşünas olmağınıza niyə
etiraz edirdi ki?
- Mənim
atam da hüquqşünas idi. Düşünürdülər ki, çətin peşədir. Fikirləşirdilər
ki, hüquq-mühafizə orqanları qadın peşəsi deyil. Əvvəlcə
belə bir fikir var idi ki, hüquqşünas, prokuror kişi olmalıdı. Ancaq VVAQ
müdiri qadın ola bilər. O zaman hüquq fakültəsində də
qadınlarımız az idi. İndi maşallah çoxdu, amma rəhbər vəzifələrdə
qadınlarımız azdı. Bundan başqa mən ailənin yeganə uşağıyam.
Yeganə uşaq olanda bütün peşələri ona yiyələndirmək
arzusu olur.
- Hakimliyə imtahandan keçmədiniz.
Bundan sonra?
- Mən bayaq da qeyd etdiyim kimi
lisenziyalı hüquqşünas kimi fəaliyyət göstərirdim, proseslərə
çıxırdım nümayəndə kimi. Kollegiyanın üzvü deyildim. 2001-ci ildə
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi yaratdıq. Və
mən artıq həmin QHT-nin nəzdində fəaliyyət göstərməyə
başladım. Burda insan hüquqlarının müdafiəsi ilə məşğul olurduq.
Bu da vəkilliklə demək olar ki, eyni bir məsləkdir. Məmnun
idim öz fəaliyyətimdən, vəkilliyi də çox sevdim.
İnsanları, onların hüquqlarını müdafiə edirsən. Təxminən həkimlik
peşəsinə də yaxındır. İnsanlara növbəti həyat bəxş
etməyə çalışırsan.
- Vəkillər Kollegiyasına keçməyiniz
necə oldu?
- O zaman bir sıra lisenziyalı hüquqşünaslar,
içi mən qarışıq forum yaradıldı. Və Hüquqşünaslar Forumu vəkillər
və vəkillik qanunu və üzvlüklə bağlı müəyyən
reformaların aparılmasına nail oldu və onun nəticəsində
lisenziyali hüquqşünaslar Vəkillər Kollegiyasına üzv oldular (120-dən
artıq vəkil).
- Azərbaycanda vəkil olmaq çətindir,
yoxsa asan?
- Çətindir. Çünki hər bir hüquqşünas
üçün əsas məsələ müştərisinin hüquqlarının keyfiyyətli
müdafiəsidir. Bilirsiniz, vəkilin müdafiə etdiyi şəxs
haqsız olaraq həbs edilib və ya cəzaya məhrum qalanda və
vəkil onu müdafiə edə bilməyəndə izah edə
bilmirsən ki qanunla bu belə olmalıdır. Amma əfsuslar olsun ki,
heç də hər zaman qanun yazıldığı kimi olmur. Yox, əgər
müdafiə edə bilirsən və işi udursansa, o zaman çox məmnun
qalırsan və bu uğura müştəridən çox sevinirsən. Çünki bu
onun uğuru olmaqla yanaşı, həm də vəkilin uğuru və
rahatçılığıdır. Amma o uğuru əldə edə bilməyəndə
və dərk edəndə ki, bu, artıq səndən asılı deyil,
müxtəlif siyasi və digər bəhanələr var, çox pis vəziyyətdə
qalırsan. Fikirləşirsən ki, mən onu müdafiə edə bilmədimsə,
köməkliyimi göstərə bilmədimsə, onda mən nəyə
görə ona vəkillik edirdim. Düzdür, vəkil olmayanda həmin
müştərinin vəziyyəti daha da gərgin olur. İstintaqda təzyiqlər
də ola bilər, müstəntiq tərəfindən boş kağıza qol
da çəkdirilə bilər. Amma vəkildən vəkilə fərq
var. Əgər vəkil mübarizdirsə, müstəntiqin yaxasından
tuta bilirsə ki, sən haqsız yerə bunları etmisən, bu, başqa
məsələ. Məhkəmələrdə vəkillərin
çox problemləri olur. Bundan başqa, vəkil hər zaman istintaqda
müştərisini müdafiə etmir. Adətən istintaq bitir, bundan
sonra məhkəmə mərhələsində müdafiəyə
başlayır. Və bu zaman artıq istintaq öz işini görmüş olur. O qədər
maddələr yükləyirlər ki. Soruşursan müştəridən
deyir ki, oxumadan qol çəkdim, ya latın qrafikasını bilmirəm, ya heç
bu mənim qolum deyil və ya fiziki təzyiqə məruz
qalmışam. Və təbii ki, müəyyən müddət keçdikdə
hansısa zorakılığı, təzyiqi və s. sübut etmək çətin olur və
bəzən heç mümkün də olmur.
Ən müxtəlif problemlər ortaya
çıxa bilər. Bu baxımdan cinayət işindən fərqli olaraq mülki
iş daha rahatdır. Lakin bunun da xüsusiyyətləri olur. Bəzən
qanunvericilikdə boşluqlar var ki, onu həm belə tətbiq etmək
mümkündür, həm də əksinə.
- Azərbaycanda vəkillərin adətən
makler rolunu oynaması kimi bir rəy formalaşıb. Yəni ittiham tərəfi
və ya məhkəmə ilə ittiham edilən arasında pul
sövdələşməsi aparır vəkil. Razısınızmı bu bənzətmə
ilə?
- Demək olar ki, Azərbaycanda məhkəmələr
müstəqil deyil. Cinayət işlərində dövlət
ittihamçısının hakimə təzyiqi olur. Və təbii ki, bu zaman
hakim müstəqil qərar verə bilmir. Belə hallar da olur ki, hətta
hakim bəraət hökmü vermək istəsə belə,
prokurorluq ona təzyiq göstərir və o, sonradan veriləcək
protestdən ehtiyatlanır. Mən hələ siyasi sifarişləri nəzərə
almıram .
Vasitəçi məsələsinə gəldikdə
isə əvvəla, bütün vəkillər vasitəçi deyillər.
İkincisi də bəli, olur ki, vəkil məcburdur danışığa getsin.
Çünki buna həmin o dövlət orqanı məcbur edir. Və bu, artıq
müştəridən asılıdır. Əgər müştəri buna getmək istəyirsə
və xahiş edirsə, vəkillər bunu edirlər. Əlbəttə
ki, bunu hamısına aid etmək olmaz. Amma desəm belə hallar olmur,
qeyri-səmimi olardı.
- Fəaliyyətiniz dönəmində
belə danışıqlar olub?
- Bilirsiniz necədir, hakimə izah etməyə
çalışmışam, sübutlar təqdim etmişəm və sairə. Mən həm
də QHT rəhbəri kimi tanınıram deyə, heç etik baxımdan da
düzgün deyil ki, gedib qeyri-qanuni hansısa hərəkətlər edim.
Savadlı, mübariz, prinsipial vəkillərimiz
var və onlar çox yaxşı işləyirlər. Əgər burda məhkəmə
instansiyalarında bəzi işləri uduzurlarsa, o zaman işi yaxşı
aparanlar (yəni iddianın düzgün verilməsi, vaxtında və düzgün vəsatətlərin,
şikayətlərin verilməsi və sairə) əmindilər
ki, beynəlxalq məhkəmədə ədalətli qərara
nail olacaqlar. Yaxşı vəkil bilir ki, artıq Avropa Məhkəməsi
var, BMT-nin müvafiq orqanları var və ədalətli qərarlar
olacaq.
- Qadın olmağınız vəkillik fəaliyyətinizdə
üstünlüyünüzdür, yoxsa əksinə?
- Elə məsələlər var ki,
üstünlüyümdür, amma elə məsələlər də var ki, əngəl
törədir. Daim hiss etmişəm ki, mən prosesə çıxanda və
koloniyaya gedəndə daha çox hörmət olunur. Amma mənim üçün
təcridxanaya getmək çətin olur. Təcridxanaya gedəndə,
orda bəzən hiss edirəm ki, mənə vəkil kimi yox,
sırf qadın kimi baxırlar.
- Bəs QHT rəhbəri olmağınız?
- Bəzi hüquq-mühafizə orqanları
çalışır ki, mən onların saxlanma yerlərinə getməyim.
Gedib-gələndən sonra eşidirəm ki, müvəkkilimə
müxtəlif təzyiqlər edirlər ki, mən növbəti dəfə
ora getməyim. Ona görə ki, həm də QHT rəhbəriyəm.
Bir QHT rəhbəri kimi təbii ki, mən də KİV-lə işləyirəm
və neqativ hallar barədə dərhal ictimaiyyəti məlumatlandırıram.
- Ən maraqlı prosesiniz hansı olub?
- Mənim bütün proseslərimin hamısı
maraqlıdır. Çünki hər bir işimə ürəkdən yanaşıram, sonda da
hər bir müştərimlə dostlaşıram. Birini qeyd edim: bir oğlan
vardı, maşın satışı ilə məşğul olan bir yoldaş idi. Şər
atmışdılar ona. Problemli bir situasiya yaranmışdı və həbs etmişdilər
həmin oğlanı. Cavan ailə idi, körpə uşağı vardı. Məhkəmə
zalından onu buraxdılar. Bəlkə ondan çox mən sevinirdim. Biz
sübuta yetirə bildik ki, həmin adamın günahı yox idi. Borc məsələsi
idi, sadəcə notariat qaydada izah olunmamışdı. Biz şahidlər
tapdıq, sanballı sübutlar təqdim edə bildik. Onu da deyim ki, rüşvət
vermədik (gülür). Artıq heç bir qaranlıq məqam yox idi. Nəticədə
onu zaldan azad etdilər. Özümü o qədər rahat hiss edirdim ki, həddən
artıq çox sevinirdim. Bilirsiniz, bəraət hər vəkilin fəaliyyətində
olmur. Mənim bir işim vardı, dövlət hesabına çıxırdım həmin işə.
Dövlət hesabı da belədir ki, bir saatı 99 qəpiyə çıxırsan.
Ona görə də vəkil dövlət hesablı işlərə maraqsız
gedir. Çünki vaxtını, gücünü sərf edir həmin işə. Və burda
artıq məhkum istəyir ki, vəkil gəlsin, onunla təcridxanada
görüşsün. Gedə bilmirsən. Çünki səmimi deyim ki, pulsuz vəkillik
etmək olmur. Bu, mümkün olan iş deyil. Çünki sənin artıq digər
müqaviləli müştərilərin var ki, məsuliyyətin daha çox
onların qarşısında olur. Belə olan təqdirdə isə sən
dövlət hesabına, 99 qəpiyə çıxa bilmirsən. Bu baxımdan da
çox zaman vəkillər imtina edir. Amma vəkillik fəaliyyətinə
başlamış insanlar üçün bu, bir təcrübədir. Cinayət işində təqsirləndirilən
şəxsin hökmən vəkili olmalıdır. İmkanı yoxdursa, həmin şəxsi
dövlət özü vəkillə təmin edir. Amma əksər
hallarda hakimlərimiz neynirlər - Təqsirləndirilənlərə
deyirlər ki, bir dənə imtina ərizəsi yaz, neynirsən
vəkili, özüm həll edəcəm. Dəfələrlə
bunun şahidi olmuşam.
- Bəs dövlət hesabına işə çıxmaq
hansı prinsiplə həyata keçirilir?
- Vəkillər Kollegiyasına siyahı gedir
ki, bu qədər cinayət işi var, filankəslər vəkillə
təmin olunmalıdır. Kollegiya hüquq məsləhətxanaları
arasında bölgü aparır. Məsləhətxanaların rəhbəri də
cədvəl müəyyənləşdirir və vəkillər növbəlilik
prinsipləri ilə həmin işlərə çıxırlar. Nəsimi
rayon Polis İdarəsi ilə bizim məsləhətxananın əməkdaşlığı
var. Orda bir iş olanda polis idarəsinin növbətçisi zəng edir
ki, təcili vəkil lazımdır. Mən bir dəfə Nəsimi
rayon Polis İdarəsinə çıxdım, müstəntiq dedi ki, bir də o
xanımı bura göndərməyin. O qədər suallar verdim ki, müstəntiq
bezdi.
Şərq.- 2009.- 1 oktyabr.- S. 5.