Dəniz sərhədçilərimiz...
Onlar istənilən
çətin şəraitdə peşəkarlıq göstərməyə
hazırdılar
Xəzəryanı regionda
yaranmış hərbi-siyasi vəziyyət, Azərbaycan
iqtisadiyyatının, xüsusilə neft sənayesinin durmadan
inkişafı Sərhəd Qoşunlarının bütövlükdə, eləcə də
dənizdə güclənməsinin mühüm faktorudur. Ölkənin təhlükəsizliyini və
dövlət sərhədinin etibarlı mühafizə edilməsi məsələlərini
daim ciddi nəzarət altında saxlayan
müdrik dövlət xadimi Heydər Əliyev dəniz sərhədlərinin mühafizəsinin
gücləndirilməsinə xüsusilə diqqət yetirmişdir.
1996-cı ildə ümummilli liderin sərəncamı ilə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin tərkibindən Sərhəd
Qoşunlarının tərkibinə gəmilərin verilməsi dənizdə
dövlət sərhədinin mühafizəsinin mütəşəkkil
aparılmasına ilkin şərait
yaratmışdır.
Ulu öndər
dövlət sərhədlərimizin
qorunmasına xüsusi diqqət yetirərək ölkəmizdə mərkəzi
icra hakimiyyəti orqanı səlahiyyətinə
malik yeni bir qurumun - Dövlət
Sərhəd Xidmətinin
(DSX) yaradılması barədə
2002-ci ilin iyul ayının 31-də qərar verdikdən sonra ölkəmizin sərhəd mühafizəsi tarixində yeni mərhələ başlandı. Qısa müddət ərzində
sərhəd gözətçi gəmilər briqadasında əsaslı tikinti və təmir işləri aparıldı, gəmilərin cari və tərsanə
təmiri, müasir tipli radioelektron və naviqasiya
cihazları, qəza-xilasetmə və digər avadanlıqlarla, katerlərlə
təmin edilməsi işləri yüksək səviyyədə həyata
keçirildi. Sərhəd
gözətçi gəmilər briqadasının maddi-texniki bazasının möhkəmləndirilməsi,
döyüş vahidlərinin sayının artırılması istiqamətində mühüm addımlar atıldı.
Dəniz sərhədlərimizin
mühafizəsinin beynəlxalq
standartlar səviyyəsində
təşkil edilməsinə,
ən müasir texniki avadanlıqlarla təchiz olunmasına sonrakı illərdə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət və qayğı göstərildi.
Heydər Əliyevin müəyyənləşdirdiyi
milli sərhəd siyasətini uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dövlət sərhədlərimizin mühafizəsi sisteminin təkmilləşdirilməsinə, sərhədçilər
üçün yüksək xidmət və məişət şəraitinin
yaradılmasına, DSX-nin maddi-texniki
bazasının möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı göstərir. Dəniz sərhədlərimizin
mühafizəsini daim xüsusi
diqqət mərkəzində saxlayan prezident İlham Əliyevin 18 fevral
2005-ci il tarixli Sərəncamı ilə DSX-nin tərkibində daha geniş və
çevik imkanları özündə cəmləşdirən
yeni struktur - Sahil Mühafizəsi yaradıldı və dəniz sərhədlərimizin
mühafizəsində keyfiyyətcə yeni mərhələ başlandı.
Prezidentin həmin sərəncamından sonra Sahil Mühafizəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, dənizdə sərhəd nəzarətinin təkmilləşdirilməsi üzrə
kompleks işlər görülmüş, sərhəd gözətçi gəmilərində və katerlərdə lazımi təmir işləri aparılmış, gəmilərdə naviqasiya-bort kompyuterləri, rəqəmsal informasiyanın ötürülməsi avadanlığı quraşdırılmış, radioavadanlıqlar, bort kompyuterləri, yeni xilasetmə avadanlıqları alınmış, dənizə çıxan bütün üzmə
vasitələrinin digər qurumlarla birgə qeydiyyata alınması sistemi yaradılmışdır.
Sahil Mühafizəsi yaradıldıqdan sonra dəniz sərhədçilərinin qarşısına qoyulmuş vəzifələr daha mühüm xarakter daşıdı.
Sahil Mühafizəsində
inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə sıx əlaqələr yaradılmış, sahil mühafizəsi üzrə beynəlxalq təcrübədə
qazanılmış nailiyyətləri
ölkəmizdə tətbiq
etməklə dəniz
sərhədlərinin daha
müasir və səmərəli mühafizə
sisteminin yaradılması üçün qısa müddət
ərzində bir sıra mühüm işlər
görülmüşdür. Komanda-idarəetmə məntəqəsində,
Xızı, Astara, Lənkəran, Türkan,
Yalama, Neftçala texniki-müşahidə məntəqələrində
xidmətin təşkili və aparılması təmin olunmuş,
tətbiq edilmiş yeni texnikanın istifadə qaydalarının öyrənilməsi məqsədilə,
eləcə də digər mövzularda Sahil Mühafizəsinin Tədris
Mərkəzində çoxsaylı təlimlər təşkil edilmiş, miçman hazırlığı kursları keçirilmişdir.
Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi,
döyüş vahidlərinin sayının artırılması nəticəsində xidməti
sahənin ərazisi xeyli genişlənmiş,
katerlər divizionlarının yaradılması üçün müvafiq tədbirlər görülmüşdür.
2006-cı ilin dekabr ayının 19-da Astara şəhərində müasir tələblərə
cavab verən Cənub katerlər divizionu istifadəyə verilmişdir. Analoji divizionun şimalda da istifadəyə verilməsi planlaşdırılır.
"Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi
sisteminin 2006-2010-cu illərdə
texniki inkişafına dair Dövlət Proqramı"nın qəbulu və uğurla icra olunması dəniz
sərhədlərimizin mühafizəsi
işinin yüksək tələblər səviyyəsinə
qaldırılması istiqamətində
görülən işlərə
böyük təkan vermişdir. Həmin proqram çərçivəsində
Dövlət Sərhəd Xidməti bir sıra iri
sərhəd infrastrukturu yaratmışdır
ki, bunlardan da biri Sahil
Mühafizəsinin yeni
bazasıdır. 2008-ci ilin noyabr
ayının 8-də Sahil Mühafizəsinin yeni bazasının
təntənəli açılış mərasimi olmuş, prezident İlham Əliyev Sahil Mühafizəsinin yeni bazası ilə tanış olmuşdur.
Yeni baza
Xəzər dənizinin
Azərbaycana mənsub
hissəsində nəzarətin
gücləndirilməsində, dəniz sərhədlərinin,
neft-qazçıxarma rayonlarının,
platformaların və sualtı boru kəmərlərinin
daha etibarlı şəkildə mühafizəsinin
təmin olunmasında mühüm rol oynayır.
Bazadakı komanda-idarəetmə mərkəzində Xəzərin Azərbaycan
sektorunda hərəkət
edən bütün obyektlər radarlar vasitəsilə
fasiləsiz müşahidə edilir. Kameralar vasitəsilə
18-20 km məsafədə
hərəkət edən bütün
üzmə vasitələrini
görmək mümkündür. Əraziyə
daxil olan gəmilər sorğuya cavab vermədiyi təqdirdə,
Sahil Mühafizəsinin gəmiləri vasitəsilə onun
mənsubiyyəti araşdırılır. Buradakı helikopter meydançaları, şəxsi heyətin xüsusi dəniz hazırlığı üzrə poliqonu, yanalma körpüləri və hidrotexniki qurğular ən müasir tələblərə cavab
verir. Sahil Mühafizəsinin bazasında kiçik
şəhərciyi xatırladan
kompleksdə 10 yaşayış binası, binaların hər birində isə mebel və digər
məişət avadanlığı ilə təmin olunmuş
18 mənzil var. Burada uşaq bağçası, kafe, mağaza, idman
qurğuları və məişət evi də inşa olunmuşdur.
Sərhədçilərin uşaqlarının
istirahəti və əyləncəsi üçün
də hər cür şərait
yaradılmışdır.
Hazırda Xəzər dənizinin Azərbaycana məxsus sektorunda fasiləsiz müşahidə və nəzarət imkanlarının artırılması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan işlər davam etdirilir.
Müasirtipli radioelektron
və naviqasiya cihazları, qəza-xilasetmə
və digər avadanlıqlar quraşdırılan sərhəd gözətçi gəmiləri və katerlərinə malik olan Sahil Mühafizəsi
tərəfindən hazırda
Xəzər dənizində
hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək imkanları əldə edilmişdir. Sahil Mühafizəsinin
yeni, daha müasir üzmə vasitələri ilə təmin
edilməsi istiqamətində məqsədyönlü tədbirlərin
həyata keçirilməsi davam etdirilir. Belə olan halda, mürəkkəb və müasir
hərbi texnikanı idarə
etməyi bacaran dənizçi
heyətinin formalaşdırılmasına daha böyük zərurət
yaranır. Peşəkarlığın artırılmasını zəruriləşdirən başqa bir amil
isə Sahil Mühafizəsində
aparılan ciddi struktur dəyişiklikləri
ilə bağlıdır. DSX-nin perspektiv
inkişaf proqramına uyğun olaraq peşəkar hərbi
xidmətə keçilməsi ilə əlaqədar Sahil Mühafizəsində də peşəkar kadrlara tələbat artmaqdadır. Bu
tələbatı ödəmək
üçün məqsədyönlü tədbirlər görülür.
Sahil Mühafizəsinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, dənizçilərin
peşəkarlıq səviyyəsinin
artırılması xidməti-döyüş
fəaliyyətinin nəticələrinə
bilavasitə müsbət
təsir göstərir. Şəxsi heyətin
döyüş hazırlığının yüksəldilməsinə,
ekstremal şəraitdə
peşə vərdişlərinin yüksək səviyyədə
olmasına böyük yardım göstərən,
həm nümayiş, həm də sınaq olan döyüş və taktiki
təlimlərin keçirilməsi
DSX-də artıq ənənə halını almışdır. Təlim
tapşırıqlarını yerinə yetirən sərhədçilər hər il Xəzər dənizinin təbii sakitliyini
pozur, müxtəlif mövzularda
geniş təlimlər
keçirirlər.
Təlimlərə Xəzərin
Azərbaycana mənsub
bölməsi üzrə fasiləsiz nəzarəti
həyata keçirən komanda-idarəetmə mərkəzindəki
şəraitlə, təlimlərə
cəlb olunmuş texnika, avadanlıq və qurğuların təqdimatı ilə başlanılmış, təlimin əməliyyat-taktiki xüsusiyyətləri
barədə məlumat
verilmişdir. Sahilboyu ərazidə və ixrac boru kəmərinin
keçdiyi zonada dövlət sərhədinin mühafizəsi tapşırıqlarının yerinə yetirilməsinə
və xilasetmə əməliyyatlarının aparılmasına
DSX-nin qüvvə və vasitələrinin hazırlığını yoxlamaq məqsədilə keçirilən
əməliyyat-taktiki təlimlər
4 mərhələ və
12 elementdən ibarət
olmuşdur.
Birinci mərhələdə
qüvvə və vasitələrin döyüş hazırlığı dərəcəsinə
gətirilməsi, Sahil
Mühafizəsinin sualtı avadanlıqlarının və katerlərinin limanda təhlükəsizlik tədbirlərinin
təmin edilməsi üzrə hərəkətləri
işlənilmişdir.
İkinci mərhələdə
Sahil Mühafizəsinin gəmiləri və katerləri, aviasiya dəstəsinin helikopterləri
vasitəsilə çevik hərəkət qüvvələri
tərəfindən sorğuya
cavab verməyən və hərəkətini
davam etdirən gəminin saxlanılması, zərərsizləşdirilməsi və gəmiyə baxışın keçirilməsi üzrə elementlər işlənilmişdir.
Üçüncü mərhələ
neft-qaz platformasında və yaxın ərazidə
davam etdirilmişdir. Bu zaman
neft-qaz platformasının
sualtı hissəsinin yoxlanılması, çevik qrupların helikopterlər, katerlər və ZTR-lər
vasitəsi ilə desant çıxarılması,
platformanın və sahilboyu ərazinin
nəzarətə götürülməsi, antiterror əməliyyatı zamanı platformada baş verən yanğının söndürülməsi,
gəmi və helikopterlərlə xilasetmə əməliyyatları
keçirilmişdir. Bu mərhələ sahilə çıxmağa cəhd göstərən
təxribatçı qüvvələrin qalıqlarının dənizdən desantla çıxarılan çevik qruplar tərəfindən
ZTR-lərin atəş dəstəyilə zərərsizləşdirilməsi
ilə başa çatmışdır.
Üç gün davam edən taktiki təlimlər zamanı DSX-nin bölmələri möhkəm ciddi intizam və yüksək döyüş hazırlığı nümayiş etdirmiş, qarşıya qoyulan vəzifələri tam həcmdə yerinə yetirmişlər.
Sahil Mühafizəsinin
şəxsi heyəti təlim və məşqlər zamanı topladığı bilik və təcrübəni bilavasitə dövlət sərhədinin mühafizəsi
zamanı bacarıqla tətbiq edir. Gəmilərin heyətləri Xəzər
dənizinin çətin şəraitində dövlət sərhədinin
mühafizəsi üzrə qarşıya qoyulan tapşırıqları həmişə müvəffəqiyyətlə
yerinə yetirir. Hər
il gəmilər tərəfindən yüzlərlə
üzmə vasitəsinə baxışlar keçirilir, sərhəd rejimini pozan, yanacaq alveri və qanunsuz balıq ovu ilə məşğul olan onlarla gəmi
və qayıq saxlanılır. Sərhədçilər dənizdə həyata
keçirilən bir neçə
mürəkkəb axtarış-xilasetmə əməliyyatlarında
da uğurlar qazanmış və bununla bir daha əyani şəkildə
sübut etmişlər ki, istənilən şəraitdə yüksək peşəkarlıq
nümunəsi göstərməyə, sərhədlərimizin
toxunulmazlığını tam təmin
etməyə qadirdirlər.
Aydın Baxış
Şərq.- 2009.- 3 oktyabr.- S. 6.