Protokolların imzalanması ilə sərhədlərin açılması arasında böyük fərq var"

 

-Mən inanıram ki, Ərdoğan, Abdullah Gül, onların xarici işlər naziri öz sözlərinin arxasında dayanacaqlar...

 

Anar Məmmədxanov: "Bir var söz verəsən ki, evlənəcəksən. Bir də var ki, sən həmin qızla evlənirsən"

 

 Ermənistan-Türkiyə diplomatik əlaqələrinin qurulmasına dair tərəflər arasında protokolların imzalanması ərəfəsində regiondakı proseslərdə də bir qədər gərginlik müşahidə edilməkdədir. Türkiyə rəhbərlərinin "bu protokolların imzalanması hələ sərhədlərin açılması demək deyil" - vədinə inanaraq böyük şübhə ilə baş verən proseslərin sonunu gözləyən Azərbaycanda hələlik bir qədər sakitlik olsa da, Ermənistan həm daxili, həm də xarici etirazlar səbəbindən çalxalanır.  

Protokolların imzalanması ərəfəsində Ermənistan prezidenti Serj Sərkisyanın erməni diasporundan dəstək almaq cəhdlərinin uğursuzluğa düçar olması isə Ermənistanda yeni təxribatların baş verməsinin mümkünlüyünə dair çoxsaylı versiyaların irəli sürülməsi ilə müşayiət olunmaqdadır. Millət vəkili Anar Məmmədxanovun da istər Türkiyə-Azərbaycan münasibətlərində yaranmış anlaşılmazlıqlar, istərsə də AKP hökumətinin Ermənistanla bağlı yürütdüyü "açılım" siyasəti və regionda baş verənlərlə bağlı öz düşüncələri var. Millət vəkili "Şərq"ə açıqlamasında Ermənistanda gözlənilən hadisələrlə bağlı proqnozlarını da açıqlayıb. 

- Bir var ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, prezident Abdullah Gül, ya da ki, xarici işlər naziri Əhməd Davudoğlu onlar mənim evimə gəlir və mənə konfidensial şəkildə deyirlər ki, biz sərhədləri açmayacağıq. Bir də var ki, sən bunu dəfələrlə bəyan edəsən, Bakıya gəlib burada faktiki olaraq and içəsən ki, qətiyyən belə şey ola bilməz. Əhməd Davudoğlu bunu hər yerdə deyir ki, əgər Azərbaycan torpaqları azad olunmasa, biz sərhədləri açmayacağıq. Abdullah Gül də həmin şeyi deyir. Ərdoğan Bakıya gəlib, Azərbaycan parlamentində çıxış edib bunu bəyan edir, mən belə başa düşürəm, bu, tamamilə ayrı məsələlərdi. Əgər bir insan siyasətlə məşğul olursa, türk dünyasında Türkiyə ən iri və qüdrətli bir ölkədir. Bu, şəksiz bir faktdır. Amma əgər bunlar öz sözlərini, yəni mənim evimdə deyilməyən, yəni sirli şəkildə yox, hər yerdə hər zaman təkrarlaya-təkrarlaya bunu bəyan edirlərsə, sonra da öz sözlərindən geri çəkilirlərsə, deməli, bunlar qeyri-ciddi bir insanlardı. Sabahları onlar tək Azərbaycanın maraqlarını yox, Türkiyənin maraqlarını və ərazi bütövlüyünü də qoruyub saxlaya bilməyəcəklər. Çünki insanlar əgər hansısa məsuliyyət daşıyırsa və öz sözlərinin arxasında dururlarsa, bu o deməkdir ki, onlar öz sözlərinin məsuliyyətini daşıyırlar. Mən indiyə qədər inanmıram ki, Türkiyə Azərbaycan torpaqları boşalmayana qədər sərhədləri açsın. Mən buna inanmıram. Mən ona inanıram ki, Ərdoğan, Abdullah Gül, onların xarici işlər naziri, parlamentlərinin sədri, bir çox insanlar bunu bəyan edirlərsə, yəqin ki, onlar öz sözlərinin arxasında dayanarlar. Təzyiqlərə baxmayaraq. Azərbaycan bu on altı, on yeddi - on səkkiz il ərzində o qədər təzyiqlərə məruz qalıb. Biz o vaxt bugünkü kimi güclü deyildik. Amma biz o təzyiqlər qarşısında öz iradəmizi nümayiş etdirdik, öz maraqlarımızı qoruyub saxlaya bildik və bu proseslərdən kişi kimi çıxdıq. Türkiyə qüdrətli, güclü bir ölkədir. Deyirlər ki, kimsə onlara təzyiq göstərir, onlar o təzyiqlər qarşısında Azərbaycanın maraqlarına zidd addım atırsa, bu, təkcə bizə qarşı deyil. Birinci növbədə Türkiyənin, ümumiyyətlə, türk dünyasına qarşı hansısa bir addım atarlarsa, deməli, vəziyyət çox xarab olacaq. Mən inanmıram ki, Türkiyə belə bir addım atsın. Bu günə qədər də mən buna inanmıram.   

- Sərhədlərin açılacağına inanmırsınız. Amma Türkiyə tərəfi açıqlama verdi ki, oktyabrın 10-da protokollar imzalanacaq. Bəs protokolların imzalanmasından sonra nə gözləyirsiniz?

- Birinci növbədə mənə belə gəlir ki, Türkiyə və Ermənistan diplomatik əlaqələri bərpa edəcəklər. Sərhədlər isə açılmayacaq. Mən yaxın gələcəkdə bu perspektivi görürəm.

- Amma Azərbaycanda sərhədlər məsələsi ilə bağlı şübhələr var. Bu yaxınlarda vitse-spiker Ziyafət Əsgərov özü də dedi ki, onda da bu proseslə bağlı müəyyən şübhələr var. Belə açıqlamaları bizim digər millət vəkilləri və rəsmilərimiz də səsləndiriblər. Sizdə necə, belə şübhələr varmı?  

- Mənim şübhəm ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Bakıda olub. Bu, iki il bundan qabaq olmayıb, 3-4 ay bundan qabaq olub. Özü öz ayağı ilə bura gəlib. Ona heç kim təzyiq göstərməyib ki, gəlib burda belə bəyanatlar versin. Məndə şübhələr təbii ki, var. Amma yenə də deyirəm, inanmıram ki, Türkiyə bu gün faktiki olaraq Azərbaycanı satsın. Əgər onlar bu gün sərhədləri açsalar, mən yenə də bu fikirdəyəm ki, doğrudur, mən diplomat deyiləm. Amma mən açıq bəyan edirəm ki, bu, Azərbaycana qarşı satqınlıqdı. Azərbaycanlıları satdılar. Vəssalam. Bununla bağlı başqa sözlər də tapmaq olar. Diplomatlar bəlkə başqa, daha diplomatik sözlər tapa bilərlər. Daha etik sözlər də tapa bilərlər. Amma mənim sözüm odur ki, heç bir partiyanın üzvü deyiləm, mən sadəcə olaraq millət vəkiliyəm. Bitərəfəm və azad bir deputatam. Sadəcə olaraq bunu deyirəm ki, əgər sərhədlər Türkiyə tərəfindən açılsa, bu o demək olacaq ki, Türkiyə Azərbaycana xəyanət edib. 

- Azərbaycanda bu protokolların imzalanmasına həm cəmiyyətdə, həm də elə hökumətdə ciddi narazılıq var. Protokolların imzalanması Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir edəcək? 

- Protokolların imzalanması ilə sərhədlərin açılması arasında bilirsiniz necə fərq var, bir var ki, söz verib evlənmək, bir də var ki, evlənmək. Onların arasında böyük fərq var. Bir var ki, söz verəsən ki, evlənəcəksən. Bir də var ki, sən həmin qızla evlənirsən. Bunun arasında böyük fərq var. Bir var ki, proses gedir, protokolları imzalayırsan. Bir də var ki, faktiki gedib sərhədi açırsan. Ona görə təbii ki, mənim də şübhəm var. Mən demək olar ki, pantürkistliyə meyilli bir insanam. Bizim inteqrasiya yolumuz Avropa olsa da, eyni zamanda ən böyük arzum budur ki, Avropa İttifaqı kimi türk dünyası üçün də heç olmasa, mədəni konfederativ cəmiyyət qurulsun. Yəni Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Türkiyə, həmçinin də bizə yaxın olan başqa xalqlar, Tatarıstan, qaqauzlar və başqaları. Mən hesab edirəm ki, böyük bir konfederativ cəmiyyət qurulmalıdı. Vahid bir türk televiziyası olmalıdı. Türk ədəbiyyatı mükafatını biz təsis etməliyik və s. yəni bu proses getməlidi. Çünki tarix boyu biz böyük bir tayfa olmuşuq, bir yerdə olmuşuq. Qıpçaqlar da, oğuzlar da bir yerdə olmalıdı. Əgər ən yaxın dövlət və millət bizə xəyanət etsə, bu, mənim üçün çox acınacaqlıdı və bizə böyük zərbədi. Söhbət tək siyasətdən getmir. Söhbət həm də ondan gedir ki, bu, həm əxlaqi, həm də mənəviyyat cəhətdən bizə böyük zərbə olacaq. Ona görə də mən inanmıram ki, tək biz yox, yəni mənim yaş dövrümə uyğun olan olan siyasətçilər, gələcək nəsillər, tək siyasətlə məşğul olanlar yox, başqaları da Türkiyəyə bunu bağışlaya bilsinlər, əgər Türkiyə bu addımı atsa. 

- Bu yaxınlarda Bakıda türkdilli ölkələrin Parlament Assambleyasının iclası, Naxçıvanda isə türkdilli dövlət başçılarının sammiti oldu. Türk dünyasının gələcəyi ilə bağlı görmək istədiklərinizi bu prosesdə nə qədər görə bildiniz?  

- Nəyə mən inanmalıyam, bir var ki, Abdullah Gül, Ərdoğan bunu bəyan edir. Onlar deyirlər ki, bəli, biz onlarla bu protokolları imzalayırıq, diplomatik əlaqələri qururuq, amma sərhədləri açmırıq. Onlar belə deyirlər. Mənə belə gəlir ki, onlar bu barədə bizə yalan danışmırlar. Əgər onlar sərhədləri açmaq istəyirlərsə, gedib açsınlar, amma bizə yalan danışmasınlar. Söhbət bundan gedir. Ancaq özləri deyir ki, biz sərhədləri açmayacağıq. Bizdən qorxurlar onlar? Nədən qorxurlar? Eyni zamanda qorxurlar. Çünki bu addımın atılması Türkiyənin içində Ərdoğanın partiyasına böyük zərbə olacaq. İnanmıram ki, onlar belə addım atsalar, hakimiyyətdə bir il qala bilərlər. Çünki bunu sadəcə olaraq yalnız və yalnız xəyanət kimi qiymətləndirmək olar. Türkdilli sammitin keçirilməsi, eləcə də türkdilli ölkələrin Parlament Assambleyasının təsis edilməsi çox gözəl addımdı. Mən bunu çox alqışlayıram və çox yüksək dəyərləndirirəm. Amma yenə də həm türkdilli ölkələrin Parlament Assambleyasında, həm də Abdullah Gülün bəyanatlarından göründü ki, onlar yenə də öz mövqelərində dururlar. Yəni ermənilərlə diplomatik əlaqələri qururuq, amma sərhədləri açmayacağıq.   

- İslam Konfransı Təşkilatının üzvləri bir araya gələndə yekun bəyanatda DQ münaqişəsi ilə bağlı bənd öz əksini tapır. Amma biz bunu türkdilli ölkələrin yekun bəyanatında qəti mövqe kimi görə bilmədik. Sizcə, 4-5 türkdilli ölkənin bunu birgə bəyan etməsi niyə mümkün olmadı, ən azından bunu İKT ilə müqayisədə götürsək?

- Qazaxıstan da, Qırğızıstan da, Türkmənistan da, Özbəkistan da dəfələrlə elan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Burda Türkiyədən heç danışmıram, çünki Türkiyə daha sərt mövqedə olub. Amma onu da unutmayın ki, Qazaxıstan və Qarğızıstan Ermənistanla bir İttifaqdadı. Yəni həm MDB-də, həmçinin də Kollektiv Təhlükəsizlik Təşkilatında. Onlar öz sənədlərində, Azərbaycanla bağlı imzaladıqları ikitərəfli sənədlərdə də həmişə bəyan edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Burda söhbət sərt mövqedən getmir axı. Bir var ki, sən bəyan edəsən, bir də var ki, faktiki nəsə edəsən. Əgər bir ticarət dövriyyələrinin səviyyəsinə baxın da Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın mal dövriyyəsi onlarla Azərbaycana nisbətən nə qədərdi. Biz görərik ki, orda tamamilə faktiki sıfra bərabərdir. Ona görə də burada real siyasətdən söhbət gedir. Azərbaycan bu ölkələrlə strateji partnyordu. Həm də iqtisadi partnyordu. Ermənistan yetim bir ölkədi. Ona heç bu gün dövlət də demək olmaz.

- Biz Türkiyə-Ermənistan sərhədlərinin açılmasına təbii ki, öz maraqlarımız baxımından etiraz edirik. Amma Ermənistan prezidentinin diaspora ilə danışıqlar üçün xarici ölkələrə səfəri faktiki olaraq erməni diasporunu ayağa qaldırıb. Erməni diasporunun etirazı ciddidirsə, nəyə etiraz edirlər? Yoxsa bu, daha çox məqsədli qurulmuş oyundu?  

- Bu, bilirsiniz nəyə bənzəyir? Tutaq ki, Amerikada yaşayan azərbaycanlıların armudu stəkanı var, bir də hansısa diskləri var. Oturub Amerikadakı evində, məhz bunlara görə özünü azərbaycanlı hesab edir. Eləcə də ermənilər. Onlar üçün bu oyundu. Mənim yadımdadır, Kaliforniyada olanda, daşnaklar otururdu orda, mən girdim onların içərisində çıxış etdim. Gördüm ki, onların imkanları da çox yaxşıdı, bahalı maşınlarla-filan gəldilər və s. Bu, 1995-ci il idi. Baxdım ki, qadınlarda brilliant üzüklər, sırğalar, bilmirəm daha başqa bahalı bəzək əşyaları, çox yaxşı geyiniblər. Kişilərdə də çox bahalı maşınlar var. Mən dedim ki, siz burda oturursunuz və yaxşı yaşayırsınız. Ermənistanda isə soyuq, qaz-işıq yox, su yox. Siz burda komfort, lüks şəraitdə otura-otura deyirsiniz ki, "soyqırım" məsələsini siz qaldırın. Onlar dedilər ki, bəli, biz belə istəyirik. Mən dedim ki, onda siz gedin Ermənistana, orada yaşayın, ondan sonra mən deyim ki, siz vətənpərvərsiniz. Burda vətənpərvər olmağa nə var ki. Eləcə də indiki diaspora. Bunlar hesab edirlər ki, onlar vətənpərvərdirlər. Özü də öz vətənlərində olmaya-olmaya. Bəlkə heç erməni dilini də bilməyə-bilməyə. Onlar hesab edir ki, kim Ermənistanda yaşayırsa, qoy dözsün, lap qırılsın acından, amma bu məsələləri qaldırsınlar. Mənim üçün İrəvan ermənisi ilə daha asandı söhbət etmək, nəinki Kaliforniya ermənisi ilə. O orada özü üçün yaşayır, türklərə nifrətlə yaşayır. O öz vətəninə, onun insanlarına məhəbbətlə yaşamır, türklərə qarşı nifrətlə yaşayır. Sərkisyan gedir onlarla danışığa ona görə ki, o siyasətçidi və bu, onun işidi. Amma mənə elə gəlir ki, bu onun üçün böyük bir dərs olacaq. O da anlayacaq ki, diaspora bəlkə bu gün 5 manat verir, amma bəlkə Ermənistana və oradakı ermənilərə bəlkə 200 manat ziyan vurur.   

- Amma Ermənistan diasporadan maliyyə baxımından asılı ölkədir. Bu etirazlar Sərkisyanın qərarlarına nə kimi təsir edə bilər?

- Mənə elə gəlir ki, təsir etməyəcək. Mənə elə gəlir ki, Serj Sərkisyan daha sərt mövqe nümayiş etdirəcək. Bəzən bəziləri belə yozurlar, həmçinin də mən belə yozuram, bəlkə də biz düz fikirləşmirik, amma mən görürəm ki, o, ağılsız bir insan deyil. O anlayır ki, regionda sülh olmalıdı. Bəlkə də o, hansısa yol tapmaq istəyir ki, bu sülhə nail olunsun. Yaxşı, diaspora büdcənin beş faizini, lap 10 faizini verir. Yaxşı, bu 90 faizi necə etsinlər? Misal üçün, diaspora yığıldı ildə Ermənistana 200 milyon dollar verdi. 200 milyon nədir? Bu gün bir futbolçunun qiyməti 200 milyondur. Ronaldinyo və yaxud da Messiyə 200 milyon verirlər ki, getsin futbol oynasın. Yəni bir dövlət üçün 200 milyon heç nədi. Onların Ermənistana pul verməsini biz çox şişirtmişik, amma bu, elə də böyük məbləğ deyil. Bəli, onların təsiri çox böyükdü. Əgər Ermənistan özü içəridən inkişaf etməsə, onlara nə qədər istəyirsən pul ver, bu pulu ancaq çörək yeməyə verəcəklər. Faktiki olaraq o pullar buna gedir. 

- Belə versiyalar var ki, Türkiyə ilə yaxınlaşmanı əngəlləmək üçün Ermənistanda hansısa təxribatlar ola bilər. Sizin bu barədə hər hansı proqnozunuz varmı?  

- Bu ola bilər. Bir dəfə yadımdadır ki, 99-cu ildə elə "Şərq"ə mən bir proqnozu düz on il bundan qabaq İstanbul sammiti ərəfəsində vermişdim. O vaxt mən "Şərq" qəzetinə demişdim ki, proqnozlaşdırıram ki, sammit ərəfəsində Ermənistanda hansısa təxribatlar ola bilər. Həmin proqnozdan beş gün keçmədi, Ermənistan parlamenti gülləbaran edildi. Mən bu gün də proqnozlaşdırıram ki, təxribatlar ola bilər. 100 faiz deyə bilmərəm ki, çünki falçı deyiləm. Amma proqnozlaşdırıram ki, yenə də Ermənistanda nəsə baş verə bilər. 

- Bütün bu baş verənlərin fonunda DQ münaqişəsinin nizamlanması ətrafındakı proseslə bağlı nə düşünürsünüz, prezidentin də bəyanatı oldu ki, münaqişənin nizamlanması son mərhələdədi...

- Mən falçı deyiləm, sadəcə olaraq proqnozlaşdıra bilərəm də bu məsələni. Mən görürəm ki, Sarkisyan da çox çalışır. Mənə elə gəlir ki, Sarkisyan indi çox ağır vəziyyətdədi. Onun vəziyyəti, şahmatda belə bir məsələ var də, hər bir gediş sənə qarşıdı. İndi Sarkisyanın da vəziyyəti elədir. Hesab edirəm ki, əgər Rusiya bu gün Sarkisyana güclü, möhkəm dəstək verməsə, o, heç bir addım atmayacaq. Əgər Rusiyanın niyyəti bu gün sözün əsl mənasında regionda sülh, normal ab-hava, iqtisadi əməkdaşlıq yaratmaqdırsa, Sarkisyan bu addımı atacaq. Həmçinin də 3-4 aya bunu həll edə bilərik. Əgər Sarkisyan buna getsə, amma Rusiya ona dəstək verməsə, demirəm ki, Rusiya ona qarşı olacaq, sadəcə olaraq dəstək verməsə, Sarkisyanın demək olar ki, beli qırılacaq. Mənim proqnozum bundan ibarətdir.

 

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 7 oktyabr.- S. 4.