"7 rayonun boşaldılması münaqişənin həlli
demək deyil"
Araz Əzimov: "Münaqişənin birtərəfli
həll variantı yoxdu. Kompromis isə ikitərəfli
xarakter daşıyır"
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti
görüşünün keçirilməsi ilə bağlı regiona səfər edən ATƏT-in Minsk qrupunun
həmsədrləri region turnelərini
optimist əhvalda başa vursalar da, rəsmi
Bakı münaqişənin nizamlanması prosesində çətinliklərin hələ
də qaldığını bildirir.
Xarici
işlər nazirinin müavini Araz Əzimov dünən jurnalistlərə
açıqlamasında Azərbaycan tərəfinin prezidentlərin Kişinyov
görüşündə iştirak etməyə hazır olduğunu desə də,
münaqişənin nizamlanması prosesində olan çətinliklərdən
də danışıb. Nazir müavini prezidentlərin Kişinyovda keçiriləcək görüşündə
bu məsələlərə
daha çox yer ayrılacağını deyib. Nazir müavininin
sözlərinə görə,
bəzi məsələlərin
müzakirəsi isə sonrakı mərhələyə
saxlanılacaq. Hazırda nizamlanma prosesində vəziyyətin sadə olmadığını vurğulayan nazir müavini "münaqişənin birtərəfli
həll variantı yoxdu. Kompromis isə ikitərəfli xarakter daşıyır. Gərək nəyisə verəsən ki, nəyisə alasan" - söyləyərək, nizamlanma
prosesinin qarşılıqlı əsaslarla aparıldığını və rəsmi Bakının kompromislərinin nədən ibarət olacağı barədə artıq açıqlamanın verildiyini deyib. "Azərbaycan öz prinsipial mövqeyində duraraq maksimum kompromisə getməyə
hazırdır. Bu mövqe Qarabağ regionunu vertikal olaraq bilavasitə Azərbaycana tabe etmək ola bilər. Azərbaycan bildirib ki, DQ məntəqəsinə,
orada yaşayacaq iki icmaya Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində yüksəksəviyyəli
özünü idarəetmə modelini verməyə hazırdır. Bu, artıq o deməkdir ki, Azərbaycan öz yolunu keçib. Maksimum
kompromisə gedərək
körpünün ortasında dayanıb. İndi Ermənistan
öz maksimum mövqeyindən çəkilməli
və həmin körpünün ortasına gəlməlidir. Bu o deməkdir
ki, Ermənistan məsələlərin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həllinə
razılıq bildirməlidir.
Bildirmirsə, deməli,
ümumi konseptual məxrəc yoxdur". Nazir müavini həmçinin
onu da deyib
ki, müzakirələrin
davam etdirilməsi üçün ümumi konseptual
əsaslar olmalıdır və tərəflər müzakirələri məhz bu əsaslar üzərində davam etdirməlidirlər. Münaqişənin
nizamlanmasında ərazi bütövlüyünün qorunması məsələsinə gəlincə
isə nazir müavini deyib ki,
bu, beynəlxalq hüquq normaları ilə tənzimlənir. Eyni zamanda buna
dair prinsipial məqamlar da var. Rəsmi Bakının münaqişənin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri
çərçivəsində həllinə
maraqlı olduğunu bir daha qeyd
edən Əzimov Dağlıq Qarabağın ətrafında olan rayonların boşaldılmasının heç də münaqişənin
həlli olmadığını deyib. Nazir müavini
bildirib ki, bu, münaqişənin həlli istiqamətində
zəruri addımlardan biridir. "Çünki bu ərazilər işğal altında qalmaqla
Dağlıq Qarabağ münaqişəsi həll oluna bilməz. Əhali qayıtmalıdı. Bunun üçün də
ilk növbədə həmin
ərazilər işğaldan
azad edilməlidir. Yenə də təkrar edirəm ki, DQ ətrafındakı 7 rayonun boşaldılması münaqişənin həlli demək deyil. Növbəti mərhələlərə
çatmaq üçün əhali öz yurduna
qayıtmalıdır. Dağlıq Qarabağ problemi o halda həll ediləcək ki, öncə azərbaycanlılar Qarabağa qayıtsınlar. Qarabağ azərbaycanlıları ora qayıtdıqdan sonra erməni əhali ilə birbaşa əməkdaşlıq qurmaqla, birlikdə dinc yaşamaqla normal şərait yaradacaqlar. Məhz bu cür
obyektiv şəraitdə
növbəti mərhələdə
məsələlər tam həll
oluna bilər. Bu məntiqi alt-üst etmək, geriyə çevirmək mümkün deyil". Bununla belə nazir müavini erməni tərəfin davranışlarının
xoşagəlməz olduğuna
da işarə vurub. Ermənistan tərəfinin son bəyanatlarının
narahatçılıq yaratdığını deyən Əzimov "Eyni zamanda bu
bəyanatlar bizim haqlı mövqeyimizi daha da təsdiq
etmək üçün əsas yaradır. Azərbaycanlıların Qarabağdan
qovulması etnik təmizləmə nəticəsində
baş verib və bu etnik
təmizləmə bu
səbəblər aradan
qaldırılmadan statusun müəyyənləşdirilməsi mümkün
deyil. Digər şərtlərlə müəyyənləşdirilmiş
istənilən status bir
gün də davam etməyəcək və kimsə tərəfindən qəbul
olunmayacaq". Nazir müavini onu da
deyib ki, Azərbaycanın razılıq vermədiyi məsələ
Ermənistan üçün heç vaxt həqiqətə
çevrilə bilməz. "Azərbaycan ərazi bütövlüyündən başqa variant,
format görmürsə, Ermənistan
bu formatda hərəkət etməli
və tələblərini
də bu format çərçivəsində irəli
sürməlidir. Regional baxımdan
münaqişənin həlli
çox böyük əhəmiyyətə malikdir.
Problemin davam etməsi regiona çox ciddi ziyanlar
vurub. Bu gün dövlətlər arasında əlaqə yoxdu". Bununla belə Azərbaycanın iqtisadi baxımdan inkişaf etdiyini bildirən Araz Əzimov Ermənistan rəhbərliyinin
bir daha vəziyyəti yenidən qiymətləndirməsinin və
özü üçün götür-qoy etməyin vacibliyini önə çəkib.
Laçın
rayonunun taleyi ilə bağlı məsələlərə gəlincə
isə nazir müavini deyib ki, Laçın da digər rayonlar kimi işğal edilib
və işğal altında olan digər rayonlar kimi Laçının da azad edilməsi
eyni əhəmiyyət daşıyır. Laçından keçən
yola toxunarkən isə nazir müavini bu yolun
hər zaman Azərbaycan üçün əhəmiyyət daşıdığını
bildirib. "Ermənistan
düzgün davranarsa, bu yolun əhəmiyyəti
regional səviyyəyə gəlib
çıxa, bütün region ölkələri arasında əlaqələrə müsbət
təsir göstərə
bilər. Yolun qarşılıqlı əsaslarla hər iki tərəfin
istifadəsinə verilməsi
prinsipial və çox əhəmiyyətli xarakter daşıyır. Digər tərəfdən,
bütün bəyanatlarında həmsədrlər mərhələli
həll prosesindən danışırlar. Biz də bu mövqedəyik. Çünki bütün ərazilər
dərhal və eyni gündə boşaldıla bilməz. Nizamlanma prosesinin məntiqinə uyğun olaraq hansısa mərhələlər olacaq.
Bizim bütün səylərimizin məqsədi
odur ki, bu proses uzanmasın.
Biz prosesin süni şəkildə uzanmasının əleyhinəyik".
Vüsalə Rafiqqızı
Şərq.- 2009.- 7 oktyabr.- S. 3.