Məmməd Araz gülü bitsin

 

Gəlimli-gedimli, son ucu ölümlü dünyanın tükənməzliyə, ölümsüzlüyə doğru gedən yolunda Məmməd Araz Dədə Qorqudla qoşalaşdı. "Zəfər yolu - əbədiyyət qitəsinə səfər yolu" onu da qoynuna aldı. Hər şeyə inanaram, Məmməd Arazın ölümünə yox!..

     

   İnana bilmərəm ölüm haqq ola,  

   Torpaq rəssam uda, bəstəkar uda.

   Ana dəfn oluna, gözəl qocala,   

   Bəlkə bir kitabdı, əsərdi bu da...

 

Əliyin hürkməsinə, qaranquşun yuvasından ayrılmasına, bənövşənin tapdanmasına qıymayan, dağ yelini saçındakı darağa, yovşanlı düzləri təbiətin bəxş etdiyi varağa bənzədən, buz bulaqların əyilib gözündən içmək istəyən, itən gəncliyini görmək üçün təbiətin qoynuna can atan Məmməd Araza təbiət necə qıydı?

   

   Ona öz borcumu verməkdi dərdim 

   Yaz, ürək qanınla şair, yaz onu.   

   Gözümdən Arazı, Kürü tökərdim,

   Neylim ki, göz yaşı ayıltmaz onu.

 

Onun öz qələmindən çıxan bu misraları Məmməd Araz haqda oxumaq hər bir dost oxucu - pərəstişkar - vətəndaş üçün ağırdı, çox ağırdı. Musiqidə Üzeyir bəyin, poeziyada Səməd Vurğunun, muğamatda Xanın, rəssamlıqda Səttar Bəhlulzadənin ayrılığı qədər ağırdı bu həsrətin yükü.   

"Özülsüz şöhrətlər uçurub tökən, zamana bənzəyən dağ gürşadları" çox adları, ünvanları yer üzündən silib atacaq. Dünəninə qəbir qazmayan, dünənini döşdən asmayan, ürəksiz bir kəlmə yazmayan, gözəllər qəlbini saç-gözüylə yox, sadə sətirləri ilə ovsunlayan, heç kəsin olmayan dünyada ölməz poetik nümunələrlə hər kəsin könül sərvətinə çevrilən Məmməd Arazın halal şair şöhrətindən zaman bir qamqalaq da qopara bilməyəcək. Zaman hər şeyə toxunur. Bircə əbədiyyətlə bacara bilmir.   

O əbədiyyət ki, Nizamiləri, Füzuliləri, Nəsimiləri qoruyur, o, Məmməd Arazı da qoruyacaq! O yaddaş ki Xətaini, Qurbanini, Abbası, Xəstə Qasımı yaşatdı, o, Məmməd Arazı da yaşadacaq. O xalq ki "nur dağları dikəldib" Sabir kimi söz vulkanı, fikir zəlzələsi ucaldıb, o, Məmməd Arazı da ucaldacaq!  

Məmməd Araz poeziyası - bütün keçilməzləri bir mərd qadınla keçdi, barıt çəlləyini oddan, duz tayını çaydan keçirdi, bütün vəznlərə sığdı, sevgi vəzninə sığmadı, təzə məhəbbət cümlələrinin mübtədasına, xəbərinə çevrildi, məst olan başları torpaqla övkələdi, neçə-neçə xatirə dəftərini bəzədi, qələmə külüng, yaradıcılığa fəhləlik kimi baxdı, şairi küsdürən dünyanı Günəş sistemindən kənara tullamaq gücü qazandı, yarımçıq qalan nəğmələri təzədən oxudu, biganələr iqlimini parçaladı, şerimizə qaya obrazı kimi gəldi, günəşin zirvədə doğan anını nur kimi könüllərə səpələdi, dağlar başında Təbrizi ağlatdı, Bakıya gələ bilməyən Şəhriyara yas tutdu, el sazında bircə sim olmağa tələsdi, çox dağları yerindən oynadan, bir daşı da yerinə qaytara bilməyən, təbiətə divan tutanlara şair şapalağı çəkdi, "iti bazarında atından baha" olan dünyanı nifrətlə damğaladı, göyə bülənd oldu, şərə kəmənd oldu, Araza bənd oldu, "özün sevməyincə, sevilməyincə, özgədən məhəbbət əsəri yazma!" hökmünü verdi. Azərbaycanı ayağa qaldırmaq gücünə sahib oldu, sevdi-sevildi, yaşadı-yaşatdı, "ölə-ölə yazmadı, yaza-yaza öldü". Dünyasını dəyişmədi, dünyanı dəyişdi. Öldü - ölüləri diriltmək üçün. Öldü - ölümüylə qayalıqda çiçək kimi bitdi, çiçəklərin içində qaya kimi göründü. Hansı daşda su yandısa, o daş altdan Məmməd Araz tüstüsü göylərə qalxdı. Oxucuya Tanrı kimi tapındı, anadan-bacıdan gizlətdiyini oxucudan gizlətmədi. Peyğəmbərdən ad, çaydan soyad aldı. Məmməd İbrahimov - Məmməd Araz oldu. Doğulduğu kəndin adındakı nurdan sudan mayalandı, Nursunun, Azərbaycanın, Türk dünyasının əbədi nəğməkarına çevrildi. "Bax, beləcə daşa dönəm yavaş-yavaş" deyib, dağ döşündə daşa döndü, göy üzündə quşa döndü, aşıqların sinəsində saza döndü, el dilində "Araz" adlı sözə döndü. Təbiətdən söz düşəndə qaya üstə mamır oldu, Xətainin qılıncına söykənəndə polad oldu, dəmir oldu, ilmə-ilmə, kəlmə-kəlmə ömürlərə körpü salan ömür oldu. tərifi, təltifi gözləmədi, hasar üstə ölənlərə nifrətini, bu torpağı bölənlərə nifrətini açıq dedi, heç bir kəsdən gizləmədi. Dilimizin "haralısan" damarına, sözümüzün "sənin-mənim" qabarına şillə kimi ilişdirdi qəzəbini, özü çəkdi təkbaşına bu millətin ağrısını, əzabını. Onun üçün dünya idi dörd misralıq bir bayatı, Füzuliydi peyğəmbəri, Ələsgərdi kainatı, "Salamat qal!" nidasıyla möhürlədi, saz üstündə bəstələdi bu həyatı, çox atlılar atdan endi böyük sözün meydanında o çapanda köhlən atı. Anasından yadigardı nəğmələri, atasının kitabıydı həm cümləsi, hər əsəri. O yaşadı Vətən daşı olmaq üçün, o yaşadı bu ölkənin vətəndaşı olmaq üçün. O yaşadı Vətən üçün qanlı köynək ola gələ, o yaşadı ehtiyac bir yola gələ. Dava-şava, müharibə ona dəydi, "səndən-məndən ötən zərbə" ona dəydi. Sönən ocaq, dağılan yurd, uçan saray yaraladı onun şair ürəyini, "Şuşa bürcü" əldən getdi, Qarabağdan qalxan haray yaraladı onun şair ürəyini, Kəlbəli xan, Fətəli xan, qədər xan yaraladı onun şair ürəyini, Daşaltıda, Xocalıda tökülən qan yaraladı onun şair ürəyini!  

Ey sevgisi aşıb-daşan Məmməd Araz! Ey daşlaşan, torpaqlaşan Məmməd Araz! Baş əyirəm dözümünə, səbrinə mən, baş əyirəm ruhuna mən, qəbrinə mən!

     

   Qoy o qəbrin başdaşında,   

   Azərbaycan gülü bitsin.

   Qoy o qəbrin başdaşında

   Azərbaycan dili bitsin...

   Məmməd Araz gülü bitsin!..

 

 

Şərq.- 2009.- 14 oktyabr.- S. 7.