Diffomasiya haqqında" qanun layihəsi MM-ə təqdim olunub

 

Arif Əliyev: "Bu qanunun qəbulu Azərbaycan mediası üçün çox önəmlidir"

 

"Diffomasiya haqqında" qanun layihəsi "Yeni Nəsil" Jurnalistlər Birliyi tərəfindən hazırlanaraq rəsmi şəkildə Milli Məclisə təqdim olunub. Ötən gün birliyin sədri Arif Əliyev sözügedən qanun layihəsi ilə bağlı mətbuat konfransı keçirib.  

O bildirib ki, "Diffomasiya haqqında" qanun layihəsi millət vəkilləri Fazil Mustafa, Vahid Əhmədov, Cəmil Həsənli Sabir Rüstəmxanlının imzası ilə parlamentin katibliyində qeydiyyatdan keçirilib: "Bundan sonra prosedura uyğun olaraq Milli Məclisin sədri Oqtay Əsədov məsələyə baxılmasını müvafiq bildiyi komitəyə həvalə edəcək. Layihənin sonrakı aqibəti artıq Milli Məclisdən asılıdır. Ümid edirik ki, bu qanunun qəbulu istiqamətində işlər başlayacaq. Biz layihənin olduğu kimi qəbul edilməsini israr etmirik. Sadəcə, onu istəyirik ki, artıq bu proses başlasın. Təbii ki, millət vəkillərinin də tövsiyələri olacaq, onlar da müzakirə edib müəyyən rəylər, fikirlər səsləndirəcəklər. Bizim layihədə çatışmayan müddəaların olması da mümkündür. Amma məqsəd bunun artıq bir qanun şəklinə salınmasıdır. Yetər ki, qanun qəbul olunsun". A.Əliyev vurğulayıb ki, rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə ərsəyə gələn bu layihə bir sıra tanınmış hüquqşünaslar, deputatlar QHT nümayəndələrinin daxil olduğu işçi qrup tərəfindən hazırlanıb: "Bu proses 3 il əvvəl başlayıb. Son vaxtlar isə şərəf və ləyaqətin ləkələnməsi iddiası ilə 6 jurnalistə qarşı başlanılıb. Ona görə də "Diffomasiya haqqında" qanunun qəbuluna ehtiyac olduğunu düşünürük. Bu qanunun qəbulu Azərbaycan mediası üçün çox önəmlidir". Bu ilin may ayı ərzində 6 jurnalist təşkilatı rəhbərinin "Diffomasiya haqqında" qanunun qəbulu ilə bağlı parlamentə müraciət edildiyini xatırladan A.Əliyev bundan sonra jurnalistlərin, media sahəsindəki təşkilatların arasında imzatoplama kampaniyası keçirdiyini diqqətə çatdırıb: "Artıq bu qanunun qəbulunu istəyən 400-ə yaxın imza toplanılıb. Millət vəkilləri arasında da qanunun qəbulu ilə razılaşanlar az deyil. Onlar bizə müzakirələr zamanı layihəni dəstəkləyəcəklərini deyiblər". Qanun layihəsinin 3 fəsil, 18 maddədən ibarət olduğunu diqqətə çatdıran A.Əliyev qanunun qəbulu ilə yanaşı, jurnalistin yazısına görə həbsinə imkan verən 147-ci və 148-ci maddələrin Cinayət Məcəlləsindən çıxarılmasını, jurnalistin yalnız mülki məsuliyyət daşımasının tərəfdarı olduğunu qeyd edib.

    

 

Anar

 

Şərq.- 2009.- 14 oktyabr.- S. 6.