Televiziyalar üçün müəyyən azadlıqlar tanınmalıdır"

 

Fazil Mustafa: "Nə qədər ki, bu mühit yaradılmayıb, bir aydan sonra təzədən əvvəlki vəziyyət yaranacaq"

 

-Daha çox dövlət tərəfindən maliyyələşən telekanalların üzərinə gedilməlidir...

Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində efir məkanının problemləri ilə bağlı yazı ilə çıxış etməsi cəmiyyətdə yeni müzakirənin əsasını qoydu. Artıq mövzu ətrafında bir neçə müzakirə keçirilib. Telekanalların da nümayəndələrinin qatıldığı müzakirələrdə nöqsanlardan danışılıb, problemdən çıxış yolları aranıb. Prinsipcə, bu cür müzakirələrin keçirilməsi vacibdir. Amma bir şərtlə ki, bu sona qədər müzakirə şəklində qalmasın. Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da bu fikirdədir:

- Müzakirələrin keçirilməsi hələ məsələnin həlli deyil. Telekanallar yeni alternativ proqramlarını cəmiyyətə təqdim etməlidirlər. Bunun əsasında da yenilik orda bilinməlidir. Hesab etmirəm ki, hansısa şou proqramlarını ixtisara salmaqla hansısa bir islahat keçirmək görüntüsü vermək düzgün olar. Buna heç ehtiyac da yoxdur. Şou proqramları da olmalıdır, amma boşluğu doldurmaq üçün proqramlar nəzərdə tutulmamalıdır. Daha çox analitik xarakterli, hər televiziyanın marka deyilə biləcək bir neçə verilişi olmalıdır ki, ayrı-ayrı kateqoriyaya mənsub olan insanlar seçim edə bilsinlər. Bu da televiziyaların keyfiyyətini düzəldə bilər.   

- Müzakirələrdə müxtəlif fikirlərə rast gəlinir. Hətta bu tədbirlərin kampaniya şəklində təşkil olunaraq aparıldığını deyənlər də var...

- Əlbəttə ki, kampaniya elementləri həmişə olur. Akademik Ramiz Mehdiyevin məqaləsindən sonra hamının müzakirəyə qoşulmasında eyni niyyəti gözləmək olmaz. Bir qisim həqiqətən televiziyaların sağlamlaşmasına diqqət yetirir, çünki məqalədə hərtərəfli şəkildə problemə toxunulub bu da belə yanaşmaya əsas verir. Bir var hansısa ziyalının, tanınmış şəxsin mövqeyi, bir var dövlət idarəetməsində aparıcı mövqe tutan şəxsin fikirləri. Bu həm o deməkdir ki, dövlətin yuxarı eşalonunda telekanallarla bağlı narazılıq mövcuddur bunun aradan qaldırılması üçün cəmiyyətdən təkliflər gözləyirlər. Ona görə məncə bu prosesin tənzimlənməsi üçün ağıllı təkliflərin səsləndirilməsi müzakirəsi vacibdir. Bu olandan sonra kimlər kampaniyasını aparacaqsa, onsuz da yarıda dayanacaq, kimlər televiziyaların həqiqətən sağlam efir məkanının yaranması yönündə çalışacaqsa, buna da faydası olacaq.   

- ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev müzakirələri xəstə haqqında həkimlərin deyil, daha çox onların valideynlərinin danışmasına bənzədib...  

- Belə bənzətmələr aparılır. Mən bilmirəm, bütün bənzətmələrə bizim qiymət verməyimiz dərəcədə doğru olar. Amma bütövlükdə hesab edirəm ki, burda təkcə televiziyaların yox, hakimiyyətin özünün kifayət qədər ciddi nöqsanları var ki, televiziyalarda öz əksini tapır. Hakimiyyət özü televiziyalarda demokratik ab-havanın genişləndirilməsinə, lazımsız məhdudiyyətlərin bir qədər aradan qaldırılmasına köməklik göstərməlidir. Bu olmasa, proseslər yenə əvvəlki qaydada davam edəcək.

- "Azad Azərbaycan" televiziya kanalı Prezident Administrasiyasının rəhbərinin məqaləsindən sonra tutulan iradların aradan qaldırılması üçün Ekspert Şurası yaradıldı və siz də o şurada təmsil olunursunuz. Bu şuranın fəaliyyətinin təsirini görürsünüzmü?

- Bu, televiziyanın özünün bir seçimidir. Hesab edirəm ki, faydası olar. Burda hər hansı bir senzuradan, proqram siyasətini formalaşdıran qurumdan söhbət getmir. Burda tövsiyələr, təkliflər verən qurumdan söhbət gedir. Orda səsləndirilən fikirləri qəbul edib-etməmək telekanal rəhbərliyinin özündən asılı olan məsələdir. Ona görə hər halda məsləhətləşməyin, məşvərət etməyin bir faydası olar ki, ziyanı olmaz. 

- Başqa kanallara da məsləhət görərdinizmi ki, belə bir qurum yaratsınlar?

- Bu, kanalların özünün seçimidir. Çünki elə telekanallar var ki, onlar buna ehtiyacın olmadığını düşünür. Biz onlara deyə bilmərik ki, sizdə mütləq belə bir şura fəaliyyət göstərməlidir.

- Şou-biznes verilişləri ilə bağlı açılan müzakirələr Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılmasını gündəmə gətirib. MTRŞ rəhbərliyi səlahiyyətlərinin artırılmasını istəyir. Bu yolla problemin həllinə təsir etmək imkanları qədərdir?

- Məncə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli keçirilən son müzakirədə kifayət qədər səviyyəli mövqe ortaya qoydu. O da göstərdi ki, inzibati yolla tənzimlənmə arzusunda olmağın özü belə yanlışdır. Burda, sadəcə, məsləhətləşmələrlə, daha çox əlaqə qurmaqla problemi həll etmək olar. Məncə, burda qanunvericiliyə üz tutmağa ehtiyac yoxdur. Qanunvericiliyin verdiyi səlahiyyətlər kifayət qədər yetərli sayıla bilər. Sadəcə, telekanallarla MTRŞ arasında təmaslar, ünsiyyətlər intensivləşsə, bir çox nöqsanları operativ şəkildə aradan qaldırmaq olar.  

- Deputat həmkarlarınızdan "Şou-biznes haqqında" qanunun qəbulunu problemdən çıxış yolu kimi təklif edənlər də var. Buna münasibətiniz necədir?

- Məncə, bu qanuna gərək yoxdur. Cəmiyyətdə elə münasibətlər var ki, qanunla yox, ümumi razılaşma ilə tənzimlənir. Cəmiyyətin ümumi davranış qaydaları içində bu nöqsanları əritmək lazımdır. Bu nöqsanların şişirdilməsi həm azad rəqabətin iqtisadi azadlığın yetərli olmamasından qaynaqlanan problemdir. Bunlar qaydaya düşsə, məncə heç kim səviyyəsiz verilişləri bu şəkildə dəstəkləməyəcək, belə verilişlər efir məkanını geninə-boluna işğal etməyəcək.

- Səviyyəsiz verilişlərin efirdə özünə yer almasında dövlətdən maliyyələşən telekanalları günahlandıranlar da var. Bu mövqeyi bölüşürsünüzmü?

- Təəssüf ki, mənim tədbirdəki çıxışımı mətbuat işıqlandırmayıb. Bu da narahatedici məqamlardan biridir. Orda mən bu məsələyə toxundum və bildirdim ki, problemlərin böyük əksəriyyəti AzTV ilə bağlıdır. Daha çox dövlət tərəfindən maliyyələşən telekanalların üzərinə gedilməlidir. Çünki özəl televiziyanı kimsə öz pulu hesabına formalaşdırırsa, təbii ki, müəyyən dəyərlər, əxlaq məsələləri ilə bağlı irad göstərilə bilər. Amma proqram siyasətinə qarışmaq olmaz. Ona görə düşünürəm ki, bu, haqlı mövqedir.

- Ümid edirsinizmi ki, başlanmış olan bu müzakirələr müsbət nəticə ilə sonuclanacaq?

- Yox, ümid etmirəm. Ona görə ki, qədər ki, dediyim mühit yaradılmayıb, bir aydan sonra təzədən əvvəlki vəziyyət yaranacaq. Məhdudlaşdırma ortadan qalxmalıdır. Televiziyalar üçün müəyyən azadlıqlar tanınmalıdır. Siyasi debatlar demək olar ki, telekanallardan yığışdırılıb. Bu, problem yaradır. Bunun yerini ilə doldurmalısan, təbii ki, şou-bizneslə.  

- Amma axı telekanallarda təkcə siyasi verilişlər deyil, vətənpərvərlik mövzusunda verilişlər də demək olar ki, yayımlanmır, yeri şou verilişləri ilə doldurulur. Bu mövzu ilə bağlı ki, məhdudiyyət yoxdur...  

- Hər halda sırf vətənpərvərlik verilişləri adı ilə də cəmiyyətə maraqsız verilişlər təqdim etmək olmaz. Hansı mövzuya aidliyindən asılı olmayaraq bütün hallarda səviyyəli verilişlər hazırlamaq lazımdır.   

- Telekanallar səviyyəli verilişlərin hazırlanmamasını da özlərinəməxsus şəkildə əsaslandırırlar. Bildirirlər ki, BDU-nun jurnalistika fakültəsi peşəkar kadrlar hazırlaya bilmədiyi üçün onlar da səviyyəli verilişlər yayımlaya bilmirlər...  

- Söhbət təkcə kadr deyil, həm maddi imkanlardan gedir. Yaxşı maddi vəsait olmadan telekanalları bu işə sövq etmək mümkün deyil. Pul olmadan yaxşı kadrları saxlamaq da mümkün olmur. Ona görə maddi bazanın gücləndirilməsinə diqqət yetirilməlidir. Telekanallar şirkət formasında fəaliyyət göstərirlərsə, azad rəqabmühiti olmalıdır ki, gəlir götürə bilsinlər, reklam bazarından yararlana bilsinlər, bununla da başqa problemlərini həll etsinlər.

    

 

Nəsimi Cəfərli

 

Şərq.- 2009.- 15 oktyabr.- S. 5.