Vəfa Quluzadə proqnozlarını verdi
"Yaxın günlərdə ABŞ-dan bura Azərbaycanı
yola gətirmək üçün çoxsaylı qonaqlar gələcək"
AKP
hökumətinin Ermənistanla münasibətləri normallaşdırmaq
fonunda siyasi oyun oynaması tək Azərbaycanda deyil, başqa türkdilli
ölkələrdə də narazılıq doğurub.
Rəcəb
Tayyib Ərdoğan başda olmaqla AKP hökuməti rəsmilərinin
"DQ münaqişəsi ortadan qalxmayınca sərhədləri
açmarıq"- deyərək ermənilərlə dostlaşmaq üçün əməldə
günü-gündən daha çox canfəşanlıq nümayiş etdirməsi artıq digər
türkdilli ölkələrin rəhbərlərini də dilə gətirib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyə hökumətinə
müraciət edərək "Ərdoğan Azərbaycan xalqına
verdiyi vədin üstündə durmalıdır" səpkili müraciət
edib. Bu yaxınlarda Naxçıvanda keçirilən türkdilli dövlət
başçılarının sammitində də bu məsələnin müzakirə
edildiyini bildirən Qazaxıstan prezidenti DQ münaqişəsi həll
olmayınca AKP hökumətinin Ermənistanla normal münasibətlər
qurmaq siyasətinin türk birliyinə zərbə olacağına da açıq şəkildə
işarə vurub. Xəzər Araşdırmalar Fondunun prezidenti, politoloq Vəfa
Quluzadə isə hesab edir ki, Nursultan Nazarbayevin bu bəyanatı
alqışlanmalıdı. "Nazarbayev həmişə Rusiyanın qorxusundan belə
məsələlərə müdaxilə etmirdi. Amma bu gün bu bəyanatı
veribsə, bu alqışlanmalıdı. Ümidvaram ki, onun bu çağırışı eşidiləcək"
deyən politoloq hesab edir ki, rəsmi Ankaranın Bakıya qarşı apardığı
siyasət kökündən yanlışdı. "Ermənistan-Türkiyə
yaxınlaşmasının əsas müəllifi ABŞ və Türkiyədi. Hesab edirəm
ki, hər iki ölkənin siyasəti səhvdi və onlar sonra
bunun ziyanını görəcəklər" deyən politoloqun sözlərinə
görə, Obama administrasiyasının Cənubi Qafqazla bağlı siyasəti dəyişib.
Amma ABŞ Azərbaycana indi deyil, bir az əvvəldən Türkiyə
və Ermənistan arasında gizlin danışıqlara start verilməsini dəstəkləməklə
xəyanət edib. Ermənistan-Türkiyə gizlin danışıqlarının bir
hissəsinin hələ Buş hakimiyyəti dönəmində Osloda
aparıldığını xatırladan politoloq hesab edir ki, həmin danışıqların Azərbaycandan
gizlədilməsi düzgün deyildi. Vaxtında məlumat verilmədiyinə
görə Azərbaycanın hər iki strateji partnyoru - ABŞ və
Türkiyə bizim ölkəyə xəyanət edib. Politoloq onu da
bildirib ki, Obama administrasiyasının bu bölgədəki siyasətini dəyişməsinin
mahiyyəti də hələ tam aydın deyil. Ya Obama burada nə baş
verdiyini başa düşmür və ona səhv məlumat verilir, ya da özü bu
siyasəti aparır" deyən politoloq artıq Azərbaycanda həm
Türkiyə, həm də ABŞ-ın nüfuzunun ciddi şəkildə aşağı
düşdüyünü bildirir. Onun sözlərinə görə, Ermənistan
prezidenti Serj Sərkisyana Türkiyə prezidentinin göstərdiyi
xüsusi münasibət təkcə Azərbaycanda deyil, elə Türkiyənin
özündə də etiraz doğurub. "Ərdoğan çıxış edib deyir ki,
Türkiyə böyük dövlətdi. Onun böyük maraqları var. Biz xırda məsələlərlə
məşğul olmuruq. Bu nə deməkdir? Yəni Azərbaycan və
DQ məsələsi Türkiyə üçün xırda məsələdir. Onda
Türkiyə Ermənistanla birgə getsin böyük məsələlərini
həll etsin. Türkiyədə Sərkisyanın elə qarşılanması kimə
lazım idi? Azərbaycan televiziyası bu gün Abdullah Gülü Sərkisyanın
aşbazı adlandırır. Sərkisyan kimdi axı? Sərkisyan əli minlərlə
azəri türkünün qanına batan bir canidi. DQ-i işğal edən separatçı və
işğalçıdı. Belə bir adamı özündən yüksəkdə tutub onun
qabağında yeri gəldi-gəlmədi dişlərini göstərmək
kimə lazımdı axı? Hər şeyin bir həddi var. Burada ciddi məsələlərdən
danışılırsa, ciddiyyəti də qorumaq lazımdı"- deyən
politoloq uzun illərin təcrübəli və peşəkar diplomatı
kimi AKP hökumətinin apardığı siyasətin diplomatiya çərçivəsindən
kənar olduğunu bildirib. Vəfa Quluzadənin baş verən proseslərlə
bağlı maraqlı proqnozu da var. Azərbaycan prezidentinin və Azərbaycan
xalqının sərt təpkisinin bu proseslərin irəliləməsinə
bir qədər mane olacağını deyən politoloq güman edir ki, həm
ABŞ, həm də Türkiyə öz siyasətlərini bir qədər
"tormozlamalı" olacaqlar. "Mən belə hiss edirəm
ki, yaxın günlərdə ABŞ-dan bura Azərbaycanı yola gətirmək
üçün çoxsaylı qonaqlar gələcək. Yəqin ki, yaxın vaxtlarda
bu səfərlərə start veriləcək. Çünki belə
götürəndə Azərbaycan çox kiçik ölkə olsa da, elə kiçik
ölkələr var ki, bu gün ABŞ-a meydan oxuyurlar. Azərbaycanın da
müəyyən imkanları var. Ona görə ABŞ yəqin ki, bu səhv
siyasətini düzəltməli olacaq. Əks halda hər iki ölkənin
Azərbaycandan əli çıxacaq"- deyən politoloq rəsmi
Bakının hər iki ölkə ilə münasibətlərdə sərt
siyasətə keçməsinin tamamilə normal olduğu qənaətindədir.
Onun sözlərinə görə, onsuz da Azərbaycana qarşı bu ölkələr
tərəfindən artıq xəyanətə yol verilib. "Onlar
bilməli idilər ki, bir gün bu gizlin danışıqların üstü açılacaq. Əgər
Obama Sərkisyanla telefon danışığında DQ məsələsinin Ermənistanla
Türkiyənin sərhədlərinin açılmasına dəxli olmadığını, Ərdoğan
isə bu məsələləri xırda məsələlər
adlandırırsa, onda Azərbaycan nə etməlidir ki? Onlar bizdən
sərt mövqeni gözləməlidirlər".
Vüsalə Rafiqqızı
Şərq.- 2009.- 20 oktyabr.- S. 3.