"X" planı işə düşüb

 

Ekspertlər cəbhə xəttindəki olayları Rusiyanın adı ilə bağlayır

 

 Vəfa Quluzadə:  "Görünür ki, Rusiyanın  Azərbaycana zərbə endirmək fikri ciddiləşir. Yəni bu ehtimalı nəzərdə saxlamaq lazımdı"

 

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə yenidən start verilməsi Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı rəsmi Ankara İrəvan arasında danışıqların başlandığı bir vaxtda Azərbaycan Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin Ağdam rayonundan keçən hissəsində tərəflər arasında lokal toqquşma baş verdi. Erməni əsgərlərinin cəbhə xəttinə hücumu Azərbaycan silahlı qüvvələri tərəfindən dəf edilməklə yanaşı, düşmənin 5 əsgərinin həlak olduğu bildirilir.      

Onu da qeyd edək ki, bu, cəbhə xəttində itki ilə müşayiət olunan birinci hadisə olmasa da, Türkiyə Xarici İşlər Nazirliyinin baş verənlərə münasibət bildirərək Azərbaycan tərəfinə hücum edən erməni əsgərlərindən 5-nin öldürülməsinə öz təəssüfünü bildirməsi Azərbaycan cəmiyyəti üçün şok effekti yarada biləcək ilk dəfə rast gəlinən hadisə oldu. Bu vaxta qədər Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində demək olar ki, hər gün atəşkəsin pozulmasına və illərdən bəridir ki, bu, Azərbaycan ordusunun onlarla şəhid verməsi ilə müşayiət olunsa da, Türkiyə xarici siyasət idarəsinin rəhbərliyinin atəşkəsin pozulmasına dair indiyə qədər nəinki təəssüf, heç bir münasibəti bildirməsinə də rast gəlinməyib. Bu baxımdan da ekspertlər cəbhə xəttində lokal toqquşmaların baş verməsini fərqli versiyalarla izah edirlər. Bəzi versiyalarda bu, rəsmi Moskvanın Türkiyənin Cənubi Qafqazda öz mövqeyini gücləndirmək, xüsusilə də Ermənistanla əlaqələr quraraq bu ölkədə Rusiyanın nəzarətindən çıxarmaq siyasətinə qarşı atılan bir addım kimi dəyərləndirilir. Lakin bunun Moskva tərəfindən Bakıya yönəlik törədilən təxribatlar olması da istisna edilmir. Bir qədər əvvəl Şimali Qafqazdakı hadisələrin gərginləşdiyi məqamda Rusiyanın baş naziri Vladimir Putinin Cənubi Qafqaz ölkələrini hədələməsini xatırladan ekspertlər həmin hədələrin səslənməsindən sonra Rusiyanın Azərbaycana qarşı təxribat hazırlamasına dair irəli sürülən versiyaların özünü doğrultmasının mümkünlüyünüistisna etmirlər. Qeyd edək ki, Putinin bəynatından sonra Rusiyanın Azərbaycana böyük təxribatlar hazırlaması barədə proqnozlar verən Xəzər Araşdırmalar Fondunun prezidenti, politoloq Vəfa Quluzadə cəbhə xəttində baş verənləri Rusiyanın adı ilə bağlayır. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəsin pozulmasının lokal toqquşma ilə müşayiət olunması Türkiyənin Ermənistanla bağlı planlarının pozulmasına yönəlməyib.

 

Rusiyanın "X" planı işə düşür?

 

"Bu məsələ, bu cür toqquşmalar Azərbaycanın həqiqi müdafiə qabiliyyətini öyrənmək üçün edilir. Görünür ki, Rusiyanın Azərbaycana zərbə endirmək fikri ciddiləşir. Yəni bu ehtimalı nəzərdə saxlamaq lazımdı"- deyən politoloq rəsmi Moskvanın Azərbaycana qarşı qəzəbli olduğunu deyir. Onun sözlərinə görə, Rusiya Azərbaycanın siyasətindən narazıdı. "Biz Rusiyanın istəyinə uyğun olaraq Kollektiv Təhlükəsizlik Təşkilatına qoşulmuruq, eyni zamanda NABUKKO-ya dəstək veririk. ABŞ-la hərbi əməkdaşlıq edirik. NATO ilə əməkdaşlıq edirik və bu inteqrasiya NATO-ya üzvlüyə aparıb çıxaracaq. Bunların hamısını Rusiya yaxşı bilir. Ona görə də Rusiya böyük təxribatlara əl ata bilər. Məsələn, bu dəqiqə Rusiyanın bütün qərargahlarında hesablayırlar ki, görəsən Azərbaycana zərbə endirilsə, Qərbin reaksiyası nə ola bilər. Çünki Rusiya zərbəni öz əli ilə endirməyəcək. Bunu Ermənistanın vasitəsi ilə edəcək və özünü qırağa çəkəcək ki, Azərbaycanın günahından yenidən atəşkəs pozuldu. Ermənilərə hücum edildi və ondan sonra da Azərbaycan ermənilər tərəfindən məğlub edildi. Rusiyanın "X" planı budur"- deyən politoloq rəsmi Moskvanın eyni zamanda Azərbaycanı hücuma sövq etmək kimi təxribat planlarının olduğunu da deyib. "Baxmayaraq ki, Ermənistan uzaqdadır və bu gün söhbət bizim işğal olunmuş ərazilərdən gedir, istənilən halda Rusiya bu ərazilərdə toqquşmaların baş verməsinə və bunu beynəlxalq ictimaiyyətə Azərbaycanın Ermənistana hücumu kimi təqdim etməyə maraqlıdı. Ona görə də mən bunu çox təhlükəli hal hesab edirəm"- deyən politoloq cəbhə xəttində baş verən lokal toqquşmaların dairəsinin genişlənməsinin mümkünlüyünü də istisna etməyib.

 

Toqquşmalara Rusiya özü komandanlıq edir

 

"Bu, öz-özünə baş verən hadisə deyil. Bunların hamısı Rusiya tərəfindən idarə edilən ssenaridi. Mən əvvəldən də demişdim ki, Rusiya Ermənistanı təzədən Azərbaycanın əleyhinə müharibəyə başlamağa sövq edə bilər. Rusiya Ermənistanı təpədən-dırnağa qədər silahlandırıb. Sonuncu dəfə Rusiya Ermənistana 800 milyon dollarlıq silah verəndə Azərbaycan yenə də hay-küy salsa da, Azərbaycan məsələni nə cür qoyub danışsa da, məsələ batdı. Çünki burada Ermənistan da əsas tərəf deyil. Bu toqquşmalara Rusiya özü komandanlıq edir" deyən Vəfa Quluzadə Ermənistandakı Rusiya hərbi bazalarında rusların sayının 5 faizdən çox olmadığını deyib. Onun sözlərinə görə, həmin hərbi hissələrdə çalışanlar əsasən rus ordusunda yaxşı təlim görmüş və Rusiya vətəndaşı olan erməni hərbçilərdir. "Rusiya xüsusi xidmət orqanlarında xidmət etmiş və təlim görmüş ermənilər gəlib oturublar Gümrüdə. Sözsüz ki, bunlar rus ordusudu. Ona görə bizim təhlükəmiz böyükdü. Mən ümid edirəm ki, Azərbaycan müdafiəyə hazırdır".

 

Təxribatlar davam edəcək

 

Politoloq düşmənin cəbhə xəttindəki hücumunun dəf edilməsi və erməni ordusunun itki verməsinə baxmayaraq təxribat planının həyata keçirilməsinin davam edəcəyini düşünür. Onun fikrincə, ilk həmlənin uğursuz olması heç də qarşı tərəfin mövqeyinin dəyişməsinə gətirib çıxarmayacaq. "Erməninin 5 əsgərinin öldürülməsi o demək deyil ki, bu, qarşı tərəfə Azərbaycanla bağlı nəticə çıxarmaq üçün əsas verəcək. Birincisi 5 əsgərin öldürülməsi o qədər də böyük rəqəm deyil. Digər tərəfdən isə Rusiya öz maraqlarını həyata keçirmək üçün 5 yox, onlarca əsgərin öldürülməsinə də razıdı". Vəfa Quluzadə Rusiyanın Azərbaycana qarşı başladığı təxribat planını davam etdirməyə israrlı göründüyünü deyib. Bu baxımdan da politoloq Azərbaycanda baş verənlərin ciddi təhlil edilməsinə və ölkənin müdafiə qabiliyyətinin daha da artırılmasına ehtiyac olduğunu bildirib. Cəbhə xəttindəki toqquşmadan sonra Azərbaycanın döyüş vertolyotlarının cəbhə xətti boyunca uçuşlar keçirməsi barədə yayılan xəbərləri də rəsmi Bakının narahatçılığı ilə izah edən politoloqa görə, ola bilsin, bu uçuşların əsas məqsədi düşmənin həmlə etmək istədiyi nöqtələrin öyrənilməsi məqsədi daşısın. Bütün hallarda Vəfa Quluzadə Azərbaycan ordusunun döyüş hazırlığına gətirilməsini vacib sayır. Cəbhə xəttində baş verənlərin rəsmi Bakı üçün gözlənilməz olmadığını və münaqişənin başladığı ilk günlərdən indiyə qədər Azərbaycanda bu problemlə bağlı narahatçılığın olduğunu qeyd edən Vəfa Quluzadənin fikrincə, artıq Azərbaycan da bu təxribatların hardan idarə edildiyini və nə məqsəd daşıdığını bilir.

 

Gözlənilən təhlükələrə hazır olmalıyıq

 

Türkiyə XİN-in cəbhə xəttində baş verən toqquşma və 5 erməni əsgərinin öldürülməsinə təəssüfünü bildirməsi məsələsinə gəlincə isə politoloq AKP hökumətinin xarici siyasət idarəsinin bu açıqlamasını heç cür anlamadığını deyib. "Bu, Türkiyə deyil. Bu - Türkiyə və türk xalqı deyil. Bu, türk ölkəsi deyil. Bunu edən Türkiyənin rəhbərliyidi. Türkiyənin rəhbərliklərinin hamısı da gəldi-gedərdi. Amma ki, məndə təəccüb doğurur, nə səbəbə görə bu günə qədər orada nə qədər Azərbaycan əsgərləri, dinc əhali həlak olub. Türkiyə bu barədə bir dəfə rəsmi şəkildə öz təəssüfünü bildirməyib. İndi nə olub, Türkiyə və Ermənistan birləşib bir dövlətmi olub? Nəyə görə Türkiyə Azərbaycana hücum edən, 7 yerdən Azərbaycana hücum edən ermənilərin hücumu dəf ediləndə və orada ermənilər itki verəndə buna təəssüfünü bildirir" deyən politoloq yayılan xəbərlərə baxmayaraq hələ də Türkiyənin belə bir mövqe nümayiş etdirməsinə inana bilmədiyini deyib. Onun fikrincə, ola bilər ki, Əhməd Davudoğlu Elmar Məmmədyarova atəşkəsin pozulması ilə bağlı təəssüfünü çatdırıb. "Amma 5 erməni əsgərinin öldürülməsinə Türkiyə təəssüfünü bildirə bilməz. Onda nəyə görə indiyə qədər atəşkəsin hər gün pozulmasına və neçə yüzlərlə Azərbaycan əsgərinin öldürülməsinə Türkiyə münasibət bildirmirdi? Bir də ki atəşkəsin pozulması da yeni məsələ deyil. Türkiyə rəhbərləri bu cür addımlar atmaqla nə etmək istəyirlər, anlamıram"- deyən politoloq Azərbaycana artan təzyiqlər qarşısında hansısa bir ölkənin bizə dəstək verəcəyini gözləmədiyini deyib. "Azərbaycan özü onu gözləyən təhlükələrə yaxşı hazır olmalıdı. Görək indi bizi müdafiə edən dostlarımız varmı? Ümumiyyətlə, mən bilmirəm bizim dostumuz varmı? Mən artıq Türkiyənin adını çəkməyə qorxuram. Türkiyə Azərbaycana hücum edən ermənilərdən beş nəfərin öldürülməsinə təəssüfünü bildirirsə, mən də buna öz təəccübümü bildirirəm".

   

  

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 12 sentyabr.- S. 3.