Elmar Məmmədyarov Nyu-Yorkda bəzi həmkarları ilə bir araya gəlib

 

Əsasən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

 

 BMT Baş Assambleyasının 64-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfəri çərçivəsində xarici ölkələrdən olan bəzi həmkarları ilə görüşüb. XİN-in mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə, İsrailin xarici işlər naziri Aviqdor Libermanla keçirilən görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. 

Regional məsələlər ətrafında fikir mübadiləsi aparan tərəflər Ermənistan-Azərbaycan münaqişəsinə də toxunublar. Nazir Elmar Məmmədyarov israilli həmkarını münaqişə ətrafındakı vəziyyət və nizamlanma prosesi barədə məlumatlandırıb. Görüşdə ABŞ-dakı Azərbaycan və yəhudi icmaları arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.  

Avstriyanın xarici işlər naziri Mixail Spindelegger ilə keçirilən görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub. Həmçinin siyasi, iqtisadi, humanitar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün təmasların intensivləşdirilməsi razılaşdırılıb. Avstriyalı nazir ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və Avstriya hökumətinin Azərbaycanda səfirlik açmaq qərarını bunun göstəricisi kimi dəyərləndirib. Əməkdaşlıqda enerji sektorunun önəmini vurğulayan nazir Avstriyanın Azərbaycanla mütəmadi olaraq siyasi dialoqun aparılması, Cənubi Qafqazda gedən proseslərlə daha yaxından tanış olması, əlaqələrin qeyri-enerji sektorunda da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Nazir Elmar Məmmədyarov isə öz növbəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini önə çəkərək, ölkəmizdə diplomatik nümayəndəliyin, o cümlədən Avstriyanın nüfuzlu AMV şirkətinin təmsilçiliyinin açılmasını Avstriya tərəfinin əlaqələrin inkişafında maraqlı olmasının göstəricisi kimi dəyərləndirib. Elmar Məmmədyarov iki ölkənin XİN-i arasında mütəmadi siyasi məsləhətləşmələrin aparılmasının vacibliyini vurğulayaraq, bunun regional məsələlər və Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafı ilə bağlı mövzuların müzakirəsinə imkan verəcəyini bildirib. Tərəflər həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunublar.    

Portuqaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Æoao Gomes Kravinyo ilə keçirilən görüşdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqətdə olub. Həmçinin tərəflər XİN-lər arası təmasların genişləndirilməsinin vacibliyini önə çəkərək, mütəmadi siyasi məsləhətləşmələrin aparılması, iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsi, Azərbaycanla Aİ arasında əməkdaşlığın gücləndirilməsində Portuqaliyanın verə biləcəyi, Şərq Tərəfdaşlığı proqramını müzakirə ediblər.   

Nazir Elmar Məmmədyarovun estoniyalı həmkarı Urmas Paetlə görüşündə isə iki ölkə arasındakı əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər hazırda iki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və yüksəksəviyyəli qarşılıqlı davam etdirilməsinin vacibliyini önə çəkib. Görüşdə Azərbaycan və Estoniya hökumətləri arasında "İnformasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb. Bu sənədin iki ölkə arasında İKT sektorunda əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açdığını bildirən tərəflər bu istiqamətdə konkret layihələrin müzakirəsi, ümumilikdə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq imkanlarının araşdırılması üçün qarşılıqlı biznes missiyalarının əhəmiyyətini qeyd ediblər. Nazirlər həmçinin iki ölkə arasında müxtəlif sahələr üzrə hüquq-müqavilə bazasının gücləndirilməsi üçün sənəd layihələrinin mübadiləsi üzrə də razılığa gəliblər. Nazir Elmar Məmmədyarov səfəri çərçivəsində ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar və Kubanın xarici işlər naziri Bruno Rodriqes Parilya ilə də görüşüb. Görüşlərdə tərəflər ölkələr arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı müzakirələr aparıblar.

   

 

Vüsalə

 

Şərq.- 2009.- 25 sentyabr.- S. 2.