"Türk Birliyi dünyaya ədalət, barış gətirəcək"

 

Can Sevən: "Hər şeydən öncə ümumi türk dili ətrafında birləşməmiz gərəkdir"

 

 Dosye:

 

Can Sevən, 1968-ci ildə Kərkükdə doğulub. 1974-cü ildə ailəsi ilə birlikdə Türkiyəyə köçüb.1994-cü ildə Adanada Çuxuroba Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1992-1994-cü illər Türkiyədə "Kanal-6" televiziyasında çalışıb. 1995-1996-cı illərdə dövlət nazirinin sözçüsü (danışmanı) olub. 1998-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümünü bitirib. 1999-2007-ci ilədək Birləşmiş Ərəb Əmirliklərində "Əl-Cəzirə" TV-də müxbir və proqramçı olub. 2007-ci ildə Türkiyəyə dönərək Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzini qurub. Bilkənt Universitetində doktora təhsili alır. 

Ailəlidir 2 övladı var.

Soyuq savaşların, iqtisadi böhranların, milli münaqişələrin qızışdığı bir dövrdə Türk Birliyinin yaranması zərurəti ortaya çıxır. Qloballaşan dünyada da bir ədalət simvolu olan birlik aranmaqdadır. Ta qədimdən üzü bu yana mövcud olmuş türk imperiya və dövlətləri daxilində yaşamış digər xalqlar sərbəst, mehriban və barış içində yaşamışlar. Türk Birliyinin yaradılması türk xalqlarının bir araya gəlməsi baxımından daha vacibdir. Bunun üçün dörd bir yandan sıxılmaya məruz qalan türk dövlətlərin oyanması gərəkdir. Türk xalqları arasında ilk olaraq könül bağının təsis edilməsi yönündə fəaliyyət göstərən Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzinin başqanı Can Sevən "Şərq"in əməkdaşına bu haqda geniş açıqlamalar verib:

- 2007-ci ildə Türkiyənin başkəndi Ankarada Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzinin qurulması yönündə çalışmalara başladıq. Türk cümhuriyyətləri universitetlərinin professor-müəllim heyətinə, elm adamlarına fikrimizi və niyyətimizi anladan bir məktub yolladıq. Hazırda 16 min elm adamının dəstəyi ilə Ankarada Koordinasiya Mərkəzimiz fəaliyyət göstərir. Bu Koordinasiya Mərkəzinin qurulmasının amacı özəlliklə 7 müstəqil türk dövlətinin xalqları arasında könül bağının təsis edilməsi ilə bağlı bir çalışmadır. Bu çalışmalarımızın daha sağlam irəliləməsi üçün hər bir türk cümhuriyyətində Koordinasiya mərkəzlərinin qurulması vacibdir. Artıq Qazaxıstanda və Qırğızıstanda mərkəzi ofislərimiz qurulub. Azərbaycan ofisinin qurulması yönündə də çalışma yapmaqdayıq. Bu çalışmamız bir aya yaxındır davam etdirilir.

- Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzi hansı formada fəaliyyət göstərəcək? 

- Türk xalqlarının bir-birilərini yaxşı tanımadıqları, özləri ilə bağlı tarixi köklərini bilməmələri, ata-babalarının kim olduğu haqqında yetərli bilgilərinin olmadığı məlumdur. Xalqlar arasında əvvəlcə mədəniyyət, təhsil, turizm və səhiyyə istiqamətində komissiyalar yaradılmalıdır. Hər bir türk dövlətində yaradılacaq bu komissiyalar öz aralarında qarşılıqlı səfərlər etməklə çalışmalara başlayacaqlar. Artıq bu çalışmalara bütün turk dünyasındakı universitetlərlə, oradakı 16 min elm adamımızla, aşqın xocalarımızla başlamışıq. Azərbaycan Ofisimizin qurulması ilə bərabər Azərbycandakı universitetlər və Azərbaycan Koordinasiya Mərkəzi bu xidmətləri davam etdirir. 

- Soykökü bir olan 7 baxımsız türk cümhuriyyətində Koordinasiya mərkəzlərini yaratmaq yönündəki çətinliklər nədən ibarətdir? Ölkələrin qanunları buna mane olurmu?  

-Əgər diqqət edərsinizsə Sovetlər Birliyi dağıldıqdan sonra yeni qurulmuş müstəqil türk dövlətlərinin qanunlarının tam anlamı ilə tərtib olunmadığını görərik. 80 idən çoxdur ki, Türkiyədə də qanunlarla bağlı dəyişikliklər görülməkdədir. Ancaq Türkiyədəki qanunlar yenidən tərtib olunsa belə, digər türk dövlətlərindəki qanunların da tam olaraq işləmədiyi və tam olaraq uyğun olmadığı məlumdur. Amma bunlar keçici və həll oluna biləcək bir prosesdir. Buna baxmayaraq hansı türk dövlətinə getdiksə orada çox böyük sevgi və hörmətlə qarşılandıq. Azərbaycanda və digər türk dövlətlərində görüşmüş olduğumuz hər bir insan birliyin əhəmiyyətindən danışaraq, bu yöndə bizə yardımçı olacaqlarını bildirdilər. Dəstək almadığımız bir kişi belə yoxdur. Sadəcə, bu mövzu ilə bağlı olan çalışmalarımızın gecikməsi Azərbaycanda və Bakıda quracağımız mərkəzlərin İdarə Heyəti üzvlərinin kim ola biləcəyi konusundakı çalışmalarımızın uzanması ilə əlaqəlidir. İdarə Heyəti üzvlərinin kim olacağı bilindikdən sonra əlbəttə ki Azərbaycan və Bakı ofislərimiz daha sağlam və daha geniş bir şəkildə olacaq. Əvvəlcə biz Azərbaycan Koordinasiya Mərkəzini ilk mərhələdə 4-5 mərtəbəli bir binada yerləşdirməyi düşünürdük. Ancaq sonradan gəldiyimiz bir qərarla hazırda Azərbaycan Ofisi üçün 2,5 hektarlıq bir torpaq sahəsi götürüb orada 15-20 mərtəbəli bir bina tikdirmək istəyirik. Fondumuzun belə şəraitdə işləməsi daha asan olacaq, həm də Azərbaycan Koordinasiya Mərkəzi xidmətlərini bir bina daxilində daha sağlam yapa biləcək.

-Türk Cümhuriyyətləri Birliyi yaradılarkən model kimi hansı modelə üstünlük verdiniz?

- Dünya yarandığından bu günə kimi Yer üzündə türklər mövcud olublar. Türkün tarixini sildiyiniz zaman dünyada tarix deyə bir şey qalmaz. Çünki dünaynın tarixini yazan türklərdir. Bununla əlaqəli bizim üstündə durduğumuz və qəbul etmək zorunda olduğumuz heç bir birlik modeli yoxdur. Keçmiş dönəmlərdə babalarımızın yapmış olduqları çalışmaların bizə hər zaman yol göstərdiyini və bizə hər zaman model olduğunu görürük. Bizim indi yeni düşüncələr, yeni fikirlər, yeni arayışlarla bağlı bir çalışmamız yoxdur. Keçmiş tariximizə baxaraq gələcək planlarımızı ona görə qururuq. Türkün keçmiş tarixi dünya var olduğu müddətdə ona yol göstərəcəkdir. Keçmişdə tarix yazmış olan türklər indən sonra da Yer üzündə hər zaman ədalətli və barış tarixi yazmağa başlayacaqlar.

- Türk Cümhuriyyətləri Birliyi daxilində Azərbaycanın potensialı, türk dünyasındakı yeri hansı səviyyədədir? 

- Mən rəhmətlik Heydər Əliyevlə 3 səfər görüşdüm. Və onunla görüşümüş olduğum dönəmlərdə hər zaman onun söyləmiş olduğu, hətta ondan sonra Azərbaycan prezidenti seçilən cənab İlham Əliyevin də hər zaman söylədiyi bir söz var - "Bir millət, iki dövlət" fəlsəfəsi. Bu türk dünyası üçün çox önəmli və çox gözəl bir kəlamdır. Artıq digər türk dövlət liderləri də Heydər Əliyevin bu sözünü Türkiyəyə gəldikləri zaman söyləməyə başlayıblar. H.Əliyev türk dünyasında çox önəmli bir yerdə dayanan şəxsiyyətdir. Bir modeldir. Çox önəmli bir liderdir. Deyə bilərəm ki, Atatürkdən sonra türk dünyasına gəlmiş ikinci bir terk lideridir. Azərbaycan indiki halda Azərbaycan olaraq varsa mən bilirəm ki, bu, Heydər Əliyevin sayəsində olmuşdur. Amma ondan sonra prezident seçilən öz qanından, öz canından olan prezident İlham Əliyevin də eyni yolda davam etdiyini cox gözəl bilirəm. İnşallah Azərbaycanın türk dünyası üzərindəki özəlliklə lider görüşü çərçivəsində Heydər Əliyevin cızmış olduğu və özünün də istiqamət götürdüyü yollarda davam edəcəyində heç bir şübhəm yoxdur. Buna görə də, türk dünyası heç bir zaman Azərbaycansız olmaz, Azərbaycan da heç bir zaman türk dünyası olmadan olmaz.

- Türk Cümhuriyyətləri Birliyi dedikdə həmən göz önünə geniş bir coğrafi ərazi gəlir. Yaradılacaq Birlik tək müstəqil türk cümhuriyyətlərinimi əhatə edəcək?

- İndiki anda Türk Birliyinin olması zəruridir, mütləq və mütləq yaradılmalıdır. Xəritəyə nəzər salsanız görərsiniz ki, türk dünyası dörd bir yandan sıxılmaqdadır. Düşünürəm ki, Türk Birliyi yolunda irəliləmək üçün hər bir insan bilik və bacarığını ortaya qoymalıdır. Təbii ki, Azərbaycanda və digər türk dövlətlərində dövləti sevən kimi sevməyən xainlər də olacaq. Əgər biz oyanıb özümüzü dərk edəriksə heç bir xain əməli ilə bizə təsir edə bilməz. Türk Birliyi dünyaya ədalət gətirəcək, barış gətirəcək. Çünki tarix boyu belə olmuşdur. Hər şeydən öncə ümumi türk dili ətrafında birləşməmiz gərəkdir. Biz türkcə danışdığımız zaman bir-birimizlə daha yaxın olaraq ümumi problemlərə qarşı birgə duruş gətirə bilərik. Bunun üçün türk xalqları hər biri öz dillərinə sahib çıxmalıdırlar. Türklər Doğu Türküstandan tutmuş Rusiyanın böyük bir hissəsində, Cənubi Azərbaycanda, Suriyadan tutmuş İraqın şimalına kimi geniş bir arealda yaşayırlar. Hətta Bolqarıstanın və Yunanıstanın önəmli bölgələrində yaşayan türklər vardır. Bu türklərin mütləq öz aralarında birlik yaratması gərəkdir. Bizim, sadəcə, 7 baxımsız türk dövləti ilə deyil, bu coğrafiyada var olan bütün türklərlə əlaqəli çalışaraq onlara sahib çıxmamız gərəkdir.   

- Məlumdur ki, yüzillər boyunca etnik və milli azlıqlar türklərlə birgə yaşamaqdadır. Siz həmin bu etnik və milli azlıqların Birlik daxilində yerini necə dəyərləndirirsiniz?

- Türklərin tarixinə nəzər salsaq görərik ki, min illərdir türklər ədalətli və humanist bir tarix yazmışlar. Türklərin çoxəsrlik dövlətçilik ənənələri və idarəetmələri bu gün dünyanın aparıcı dövlətləri tərəfindən ideal model kimi qəbul olunaraq demokratiya adı ilə qəbul olunub. Xarici qüvvələrin təsiri ilə daim türklərlə birgə yaşamış etnik millətlər bəzən bizim üzərimizdə oyunlara cəlb olunublar. İlk olaraq bizim bu oyunları görüb də bunun içinə girməməyimiz gərəkdir. Türklər həmişə kiçik xalqların yaşamasını təmin etmiş bir millətdir. Misal üçün, Hitler yahudiləri insanlığa sığmayan dəhşətlərlə qıranda, sobalarda yandıranda Türkiyə hökuməti onlara sığınacaq verdi. Bundan daha öncəyə gedərək Osmanlı tarixinə nəzər salsaq görərik ki, 550 il Osmanlı dövlətində yaşamış xalqlar hamısı Osmanlı dövlətindən heç bir zaman ziyan görməyərək öz dillərini, dinlərini, adət və ənənələrini saxlamışlar. Buna səbəb Osmanlıların hər bir xalqa sərbəstlik verməsi olmuşdur. Bununla yanaşı, həmin xalqlar da Osmanlı vətəndaşı olmalarından çox böyük qürur hissi keçiriblər. Bir çox millətlər bu gün dünyada öz milli kimliklərini saxladıqlarına görə türklərə borcludurlar.

- Azərbaycana hər gəlişiniz zamanı gənclərlə birlikdə olursunuz. Azərbaycan gəncliyinin potensialını necə dəyərləndirirsiniz?

- Azərbaycan gəncliyi olduqca enerjili və olduqca həssasdır. Azərbaycan gəncləri türkçülük yolunda daha irəli getmişlər. Gənclərlə görüşlərim zamanı onların prezident cənab İlham Əliyevi ürəkdən dəstəkləməsinin şahidi oluram. Ancaq onlar bu sevgilərini liderlərinə çatdırmaq üçün cənab İlham Əliyevlə tez-tez bir arada olmaq istəyirlər. Düşünürəm ki hər bir dövlət liderinin mütləq və mütləq ölkə gənclərinə sahib çıxması gərəkdir. Universitet gəncliyi bizim vətənin gələcəyidir. Universitet gəncliyi dövlətə, millətə hər zaman xidmət edəcək bir potensialdır. Bu gəncliklə mütləq sərbəst diqloqa girilmsəi gərəkdir. Gənclərlə bir araya girərək onlarla dialoq quran liderin və həmin dövlətin arxası yerə gəlməz.

- "2008-ci il türk dünyasının ən yaxşı türk lideri" anket sorğusunun keçirilməsində məqsəd nə idi?

- Bizim təşkilat türk dünyasında baş verən bütün hadisələri izləyər. Hər bir türk respublikalarındakı universitetlərdə türk dünyası məsələləri üzrə məsul gənclərimiz var. Bu gənclərimiz TCB Koordinasiya Mərkəzi ilə daimi olaraq əlaqədədir. Bunlar Türk Birliyi ilə bağlı çalışmalar yapmaqdadır. Həmin gənclərimizlə belə qərara gəldik ki, 7 müstəqil türk cümhuriyyətinin universitetlərində bir anket sorğusu keçirək. Anketin liderlərlə bağlı bölümündəki sual belə idi: "2008-ci ildə 7 türk dövləti içərisində görmüş olduğunuz ən yaxşı türk lideri kimdir?" Bu anket sorğusu 2 milyon 268 min tələbə arasında aparılmışdı. 1 milyon 652 min 225 tələbənin seçimi ilə Azərbaycan prezidenti İlham Əliyev "2008-ci il türk dünyasının ən yaxşı türk lideri" seçilmişdir. Mən öz müşahidələrimdən də hiss etmişəm ki Azərbaycan gəncləri həqiqətən də öz prezidentlərini çox sevirlər. Çünki İlham Əliyevin bölgə üzrə və türk dünyası üçün gərəkli olan siyasi fəaliyyəti, siyasi qətiyyəti bütün türk dünyası gənclərinin İlham Əliyevi lider kimi görməsini ortaya çıxarmışdır. Xüsusi olaraq qeyd edim ki, ayrı-ayrılıqda bütün türk respublikalarındakı universitet tələbələri İlham Əliyevi lider kimi 1-ci yerdə görürlər. Azərbaycan universitetləri gənclərinin isə 97 faizi İlham Əliyevi türk dünyasının lideri kimi görürlər.

Biz bu sorğu ilə digər dövlət liderlərinin yaxşı olmadığını göstərmək niyyətində deyilik. Sadəcə, türk dünyası gənclərinin 2008-ci ilin ən yaxşı türk lideri kimi hansı lideri gördüyünü üzə çıxarmaq istəmişdik. 2009-cu ilin yekunlarına görə də təkrar sorğu keçirəcəyik. Burada lider İlham Əliyev də ola bilər, digər dövlət başçısı da.  

- Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən siyasi müzakirələrə necə dəyər verirsiniz? İndiki Türkiyə hakimiyyətinin ermənilərlə danışığa gedərək sərhəd qapılarını açacağı nə qədər real görünür?  

- Türkiyənin indiki halda uyğulamış olduğu siyasət son 80 il içərisində uyğulanan siyasətlərin ən öndə gedənidir. Türkiyənin cumhurbaşqanı və baş nazıri nəticədə eyni fikirdən və eyni düşüncədən gələn bir kadrlardır. Mən belə düşünürəm ki bu kadrlar (mənim hər ikisi ilə keçmiş zamanlarda yapmış olduğum görüşmələr çərçivəsində söyləyirəm) türk dünyasına çox böyük önəm verən liderlərdir. Dağlıq Qarabağla bağlı görüşmüş olduğum Türkiyə xarici işlər naziri və ya XİN yetkililəri Dağlıq Qarabağ problemini PKK problemi kimi Türkiyənin daxili problemi hesab edirlər. Yəni bu, sadəcə, Azərbaycanın problemi deyil. Eyni zamanda Türkiyənin və türk dünyasının da problemidir. Çünki Azərbaycan türkü ilə Türkiyə türkünün qanı arasında heç bir fərq yoxdursa, Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün PKK problemi kimi bir problemdir. PKK problemi də Türkiyə üçün Dağlıq Qarabağ kimi bir problemdir. Türkiyə hökuməti Ermənistanla, Avropa Birliyi dövlətləri, Rusiya ABŞ liderləri ilə apardığı dialoqlarda bölgədə davamlı bir sülhün əldə olunmasına nail olmaq istəyir.  

Ölkə liderləri həmişə öz dövlətinin mənafeyi naminə çalışırlar. Heç bir lider öz ölkəsinə və xalqına xəyanət etməz. Dağlıq Qarabağ Türkiyənin də daxili problemi olduğuna görə Türkiyə bu məsələdə hər zaman, hər an Azərbaycanın yanındadır. Əgər Dağlıq Qarabağ problemi Türkiyə hökuməti tərəfindən çözülməzsə, hökumət xalqa xəyanətdə ittiham olunaraq bir an belə hakimiyyətdə duruş gətirə bilməz. Ancaq heç vaxt belə düşünmək istəməmişəm, düşünməyəcəm də. Çünki bu problem mütləq və mütləq Azərbaycanın ərazi bütövlüyü daxilində həll olunacaq.

 

   

Yusif  Əfşar

 

Şərq.- 2009.- 26 sentyabr.- S. 6.