Dövlət büdcəsindən
maksimum qənaətlə
istifadə edilməlidir
Əli Məsimli hesab edir ki, gələn
il də dünya bazarında neftin qiymətində sıçrayışlı dəyişikliklər
gözlənilmir
2010-cu ilin dövlət büdcəsi layihəsi
haqqında sənəd artıq Nazirlər Kabinetində müzakirədən
keçsə də, sənəd hələlik parlamentə təqdim
edilməyib. Bununla belə, artıq indidən gələn ilin dövlət
büdcəsinin 2009-cu ilin büdcəsindən 3 milyard dollar az
olacağına dair fikirlər səsləndirilməyə başlayıb.
Onu
da qeyd edək ki, hələlik büdcə xərclərinin
azalmasının əsas səbəbləri tam açıqlanmasa da, bunun
dünyadakı qlobal maliyyə böhranı və neftin qiyməti ilə
bağlı 2009-cu ilin proqnozlarının özünü doğrultmaması ilə bağlı olduğu
istisna edilmir. Milli Məclisin İqtisadi-siyasət daimi komitəsinin
üzvü, millət vəkili Əli Məsimli də deyir ki, büdcə
xərclərinin azalmasında neftin qiyməti əsas şərtlərdəndi.
Bəzi hökumət nümayəndələrinin bu fikri qəbul etməməsinə
rəğmən Azərbaycanın dövlət büdcəsinin neftdən
asılı olduğunu bildirən millət vəkilinin sözlərinə görə,
bu elə özünü bu il dünya bazarında neftin qiyməti ilə bağlı
yaranmış vəziyyətdə də bir daha təsdiqlədi. Neftin
qiyməti ilə bağlı hökumət rəsmilərinin proqnozlarının
özünü doğrultmadığını bildirən millət vəkili hesab edir ki, gələn
il də dünya bazarında neftin qiymətində sıçrayışlı dəyişikliklər
gözlənilmir. Bu baxımdan da millət vəkili 2010-cu ilin dövlət
büdcəsi haqqında qanun layihəsində bir barrel neft üçün proqnoz
qiymətin aşağı həddinin seçilməsini vacib sayır. Onun sözlərinə
görə, gələn ilin büdcə layihəsində hələlik
neftin proqnoz qiymətinin nə qədər götürüldüyü açıqlanmasa
da, bunun 45 dollar həddində olmasına dair məlumatlar var. Əli
Məsimli hesab edir ki, əgər 2010-cu ilin dövlət büdcəsində
bir barel neftin qiyməti üçün 45 dollar seçilərsə, bu, iqtisadi
baxımdan da özünü doğrulda bilər. "Çünki belə proqnozlar var ki,
bu ilin sonu, gələn ilin əvvəlləri üçün bir barel
neftin qiyməti 45 dollardan aşağı düşməyəcək" deyən
millət vəkili hesab edir ki, builki kimi proqnoz göstəricilərini
yuxarı həddə seçmək mənasızdı. "Ötən il müzakirələr
zamanı biz dəfələrlə 70 dolların bir barel neft üçün çox
olduğunu bildirsək də, hökumət rəsmiləri bu proqnozun
üzərində durub onu əsaslandırmağa çalışdılar. Bildiyiniz kimi,
il ərzində neftin qiyməti cəmi bir neçə dəfə
70 dollar həndəvərində oldu və tez də aşağı
düşdü. Yəni hökumətin bu proqnozu özünü doğrultmadı. Hökumət rəsmiləri
nə qədər ki, Azərbaycan büdcəsinin neftdən
asılılığını etiraf etmirlər, belə şeylər baş verəcək"-
deyən Məsimli 2010-cu ilin büdcə layihəsində üç
milyard azalmanın olmasını da məhz neft bazarında yaranmış vəziyyətlə
izah edir. Onun fikrincə, büdcədə xərclərin azalması bəzi
investisiya layihələrinin təxirə salınmasına səbəb
ola bilər. Millət vəkili, ümumiyyətlə, belə
düşünür ki, hazırda qlobal böhran davam etdiyinə görə Azərbaycan
hökuməti 2009-2010-cu illərin büdcə vəsaitlərindən
maksimum qənaətlə istifadə etməlidir. "Doğrudur,
bizdə qlobal böhranın təsirləri o biri ölkələrdəki
kimi hiss edilmədi. Başqa MDB ölkələrində ümumdaxili məhsul
artımı 9 faiz zəifləsə də, bizdə yenə də
artım var. Başqa ölkələrdə banklar müflisləşsə də,
bizdə bu baş vermədi. Eləcə də Azərbaycanın milli
valyutasının kursunun qorunub saxlanılması çox yaxşı və təqdirəlayiq
haldı. Ancaq hökumət rəsmiləri onu da bilməlidirlər
ki, nə qədər ki, büdcənin neftdən asılılığını etiraf
etmirlər, neft bazarında qiymətlərin aşağı düşməsi Azərbaycanın
gəlirlərinə də öz təsirini göstərəcək. Yəni
vaxtında antiböhran tədbirləri görülməli, neftdənkənar
sahənin inkişafına diqqət artırılmalıdı"- deyən millət
vəkilinə görə, 2010-cu ilin büdcə xərcləri üçün də
hökumətin yenidən Neft Fondunun ehtiyatlarından istifadə etməsi
istisna deyil. 2009-cu ildə böhranı önləmək, eləcə də
neftin qiyməti ilə bağlı yaranmış problemləri ortadan qaldırmaq
üçün fonddan 4,9 milyard vəsait götürüldüyünü bildirən iqtisadçı gələn
ilin sosial xərcləri üçün də belə bir addım atılmasını gözlənilən
sayır. Əli Məsimli həmçinin onu da bildirib ki, 2009-cu ilin
dövlət büdcəsində neftin qiymətinin bazardakı vəziyyətə
uyğun seçilməməsinə baxmayaraq sosial xərclər üçün
Neft Fondunun vəsaitlərindən istifadə edilməsi büdcədə
kəsir yaratmayacaq. Bununla belə o, vergilərin toplanmasında müəyyən
çətinliklərin ortaya çıxacağını istisna etməyib. Bu baxımdan da
millət vəkili 2010-cu ilin büdcə layihəsinin müzakirəsi
zamanı neftin qiyməti ilə bağlı proqnoz göstəricilərin
seçilməsinə xüsusi diqqət göstərilməsinin vacib olduğu
qənaətindədir.
Onu
da qeyd edək ki, bir neçə gün əvvəl Nazirlər
Kabinetində müzakirə edilən büdcə layihəsi artıq
Prezident Aparatına təqdim edilib. Sənəd prezident Aparatında
olduğuna görə orada bu sənədlə bağlı hər hansı dəyişiklik
və düzəlişlərin ediləcəyi millət vəkillərinə
bəlli deyil. Büdcə layihəsinin oktyabrın sonlarında MM-ə
daxil olacağı gözlənilir.
Vüsalə Rafiqqızı
Şərq.- 2009.- 29 sentyabr.- S. 9.