BOLŞEVİKLƏR
1.Sözlərilə yox, əməllərilə tanımaq
lazımdır.
Bu gün bizim qonşumuz,
özü də ən güclü qonşumuz, bolşevik
Rusiyasıdır. Bolşeviklərlə necə rəftar etməyi
bilmək üçün, öncə onları
yaxşı-yaxşı tanımaq lazımdır, özü
də danışıqlar apardıqları zaman dedikləri sözlərə
görə yox, yalnız gördüyü işlərinə,
əməllərinə baxıb tanımaq lazımdır.
Bu gün biz elə bir vəziyyətdəyik
ki, bir zaman bundan əvvəl Zaqafqaziya respublikaları da elə
buna oxşar vəziyyətdə idilər. Bolşevikləri
tanımaq, taktika və hərəkətlərini bilmək,
onlardan yaxşı-pis nə gözləmək olarsa, eləcə
də onları başa düşmək üçün,
bolşeviklərin Zaqafqaziyada
törətdikləri əməllərlə azdan-çoxdan
tanış olmaq faydalı olardı.
Denikinin Könünlü
Ordusunun süqutundan sonra, Azərbayacan Demokratik Respublikası
bolşevik Rusiyası dövlətilə bilavasitə qonşu
oldu. Azərbaycan Respublikası təxminən Litva
Respublikasının doğulduğu tarixdə yaranmış
dövlətdir. Bu dövlətin təşkil olunması
üçün şəraiti 1918-ci ilin sentyabr ayında
bolşevikləri Bakıdan qovmuş almanlar və türklər yaratdılar. Azərbaycan
Respublikasının quruluşu eynilə o vaxt yeni
yaranmış digər
respublikaların quruluşunu xatırladırdı;
öz Parlamenti vardı, nazirliklər işləyirdi,
çörək də hamıya bəs edirdi, dükanlar isə
doluydu və qiymətlər də, şükür ki,
heç də baha deyildi. Yaşamaq mümkün idi. Əlbəttə,
hər yerdə olduğu kimi, Azərbaycanda da əhalinin
çoxusu həyatından narazı idilər. Hamı elə
bil yatıb yuxuda
görürdülər ki, guya Hakimiyyət başqa cür
işləsəydi, yaşamaq daha asan olardı. Qara
çörək 6 rus rublu idi, ağ çörəyi isə
8-9 rubla almaq olurdu. Amma, camaat fikirləşirdi ki, əyər
Hakimiyyət daha çox çalışsaydı,
yaşayış daha da yaxşılaşardı. Baxmayaraq ki,
ətin kilosu 20-30 rubla idi, camaat hələ də
narazılıqla mızıldanır və
düşünürdülər ki, əyər Hakimiyyət
möhtəkirliyə qarşı daha qətiyyətlə
mübarizə aparsaydı, onda daha da ucuzluq olardı.
Azərbaycanın Hökumət
idarələrində təhsil görmüş
ziyalıların kəskin surətdə
çatışmaması, əhali arasında Hakimiyyətə
qarşı dahab böyük narazılıq yaradırdı.
Belə ki, bütün müəssisələrdə rus dili
işlənirdi və burada çalışanların
çoxusu da keçmiş rus dövlət məmurları
idilər. Yalnız Daxili İşlər Nazirliyində, Orduda
və Parlament institusiyalarında tatar dilinin (Azərbaycan
dilnin; – tərcüməçi) işlənilməsi
üçün səylər göstərilirdi. Amma, bu səylər
tatar (azərbaycanlı; – tərcüməçi) məmurlarının
vətəndaş vəzifələrini axıradək
düzgün başa düşmədikləri
üçün və nəticədə yaranan
anlaşılmazlıqlar üzündən tez-tez vəzifədən
kənar olunduqlarına görə, heç bir bəhrə
vermirdi. Yarımçıq ziyalı bir azərbaycanlı
az-çox məsuliyyətli bir vəzifə alan kimi, elə o
saatdan rüşvət almağa başlayırdı,
hamıyla da elə rəftar
edirdi ki, elə bil dünyanı o yaradıbdır və
özünü elə aparırdı ki, sanki qüdrətinin
ucu-bucağaı bilinməyən kiçik bir allahdır. Ona
görə də idarəetmə aparatı
bütünlükdə rusların əlində idi; amma,
yüksək dövlət vəzifələrini ziyalı azərbaycanlılar
tuturdular, aydındır ki, bu rusları qane etmir və ona
görə da onların narazılığı getdikcə
daha da artırdı. Sözün doğrusu, yerli ruslar tarixdə
heç vaxt Azərbaycanın dostu da olmayıblar. Onlar əvvəlcə
burada Denikinin gəlişini
gözləyirdilər, onun Könüllü Ordusu
darmadağın edildikdən sonra isə bolşeviklərin
yolunu gözləməyə başladılar.
Şaiyələr
yayılırdı ki, guya bolşeviklər indi təmamilə
dəyişiblər, əvvəlki bolşeviklər deyillər,
artıq dövlət işlərini aparmağı öyrəniblər,
terrora əl atmırlar, ziyalıları təqib edib
gözümçıxdıya salmırlar, möhtəkirliyə
qarşı amansız mübarizə aparırlar və onlar gələndən
sonra ucuzluq olacaq, yaşayış yüngülləşəcək.
Ruslar onları səbirsizliklə gözləyirdilər,
axı, necə deyərlər, pis-yaxşı hər necə
olsa da, onda yenə rus hakimiyyəti olacaqdı. Fəhlələr
də gözləyirdilər ki, tezliklə fəhlə hakimiyyəti
gələcək. Yayılan şaiyələrə və
arada gəzən belə söz-söhbətlərə sadə
camaatın şübhə ilə yanaşmasına baxmayaraq, əhali
də yeni hakimiyyəti gözləyir və fikirləşirdilər
ki, qoy necə olursa olsun, ukraynalılar demişkən, – „xot
hirşe, ale inşe”.
Sözün düzü, azərbaycanlıların
böyük əksəriyyəti də bolşevikləri
gözləyirdilər, belə ki, bolşevik agentləri azərbaycanlılar
arasında çox güclü təbliğat
aparırdılar ki, guya onlar Azərbaycanın müstəqilliyinə
toxunmayacaqlar və xalqın daxili işlərinə
qarışmayacaqlar. Azərbaycan isə onlara yalnız Şərq
ölkələrinə
açılan bir qapı tək gərəkdir, ələlxüsus,
bu ölkə guya Türkiyəni xilas etməyə getmək
üçün bir dəhliz, bir
keçid kimi bolşeviklərə olduqca vacibdir.
Yuxarılarda hakimiyyətdə
oturan ziyalılar isə bolşeviklərin bu sözlərinə
heç cür inanmadıqlarına baxmayaraq, ruslara
qarşı əks siyasət yürütməkdən çəkinir
və sərt hərəkətlərilə, həm milləti,
həm də ki, dövləti məhv etməkdən ehtiyat
edirdilər. Antantanın agentləri isə, ələlxüsus
İngiltərənin cürbəcür şirkətləri
Azərbaycanın sərvətlərini yalnız öz xeyirləri
üçün amansızcasına istismar etməklə məşğul
idilər. İngilislər onların hər hansı bir köməyinə
ümid edilməyin boş bir məsələ olmasını
dəfələrlə öz əməllərində göstərmişdilər
və Azərbaycanda buraya ziyan vurmaqdan və pislikdən başqa burada bir iş
görmürdülər. Vəziyyəti belə görən
Hakimiyyət isə, kənardan əməlli-başlı bir
yardıma ümid etmir, tərəddüdlər keçirir və
qərarsızlıq göstərirdi. Bu tərəddüdlər
əvvəl-axır Hakimiyyəti ruslarla əlaqələr
axtarmağa məcbur etdi. Onda ikitərəfli münasibətlər
qurmaq üçün Moskvaya nümayəndələr
göndərildi və Azərbaycanın özünün
istifadə etməyə gücü çatmadığı zəngin
sərvətlərin, – yanacaq və sürtkü
yağlarının, pambığın, dərinin, yunun və
bir çox başqa malların, – Rusiyaya daşınması məqsədilə, ticarət əlaqələri barədə
danışıqlar başlandı.
Danışıqların
aparılmasına baxmayaraq, bolşeviklər Azərbaycan sərhədlərinin
bilavasitə yaxınlığında –
Petrovskda(Mahaçqalada:-Tərcüməçi)daha
böyük hərbi qüvvə cəmləşdirirdilər.
Bundan narahat olmağa başlayan Azərbaycan Hakimiyyəti
Moskvadan bunun necə başa düşmək lazım
olduğunu xəbər aldı. Moskva cavab xəbəri
göndərdi ki, onun Azərbaycanın Dövlət müstəqilliyinə
təcavüz etmək fikri yoxdur, əksinə olaraq Moskva bu
müstəqilliyi tanıyır, Azərbaycanla bağlı
heç bir gizli məqsədi, qara niyyəti yoxdur və
heç vaxt ola da bilməz. Döyüş qüvvələrini
isə orada Denikin Könüllü Ordusuna qarşı
toplayır. Könüllü Ordu darmadağın edildikdən
sonra, bolşeviklərin döyüş qüvvələrinin
orada qalmasının strateji əhəmiyyəti itəcək
və əlbəttə ki, onda həmin qüvvələr geri
çıxarılacaq. İndi Rusiya kimləsə müharibə
etmək barədə düşünmür, yalnız öz
daxili həyatını qaydaya salmaq haqqında fikirləşir.
Bolşevik hakimiyyətinin istəyi qonşu dövlətlərlə
danışıqlar yolu ilə mehriban münasibətlər
qurmaq, onlarla xoşniyyətli qonşu kimi yaşamaq, mövcud
olan birgə ilişkilərdən yalnız xalqlarımızın
rifahı naminə qarşılıqlı şurətdə
istifadə etməkdir.
Azərbaycan tərəfi bu
cavabdan razı qaldı və ayıq-sayıq olmaq, ehtiyatı
əldən verməmək barədə ölkədə
adda-budda səslənən çağırışlara daha
məhəl qoymadı.
Nəticədə isə,
Hakimiyyətin inanmadığı bir hadisə baş verdi.
Aparılan danışıqlar sona çatmaq üzrə ikən, bolşeviklər Azərbaycan
sərhəddindəki Yalama stansiyasını tutdular.
Azərbaycan Hakimiyyəti
bolşeviklərə inandığından, umumiyyətlə
onlarla dava etməyə hazırlaşmadığına
görə bütün hərbi qüvvələrini əsasən
Ermənistanla sərhəddə cəmləşdirmişdi.
Hadisələrin belə inkişafını görən Azərbaycan
e`tiraz səsini qaldırdı, yaranmış vəziyyətlə
əlaqədar olaraq Moskvaya sorğu göndərdi və
bolşeviklərin sərhəd zonasında fəaliyyət
göstərən hərbi komandanının yanına
nümayəndə heyəti yolladı.
Nümayəndə hey`ətinə
deyildi ki, atılmış bu addımlar strateji məqsəd
daşıyır, belə ki, söz-söhbət gəzir ki,
Azərbaycan ruslarla davaya hazırlaşır və bu
savaşda İngiltərəni də müttəfiq kimi
köməyə çağırmaq fikri var. Ona görə də,
Yalama stansiyasını strateji məqsədlə tutmağa məcbur
olublar və əyər, həmin söz-söhbətlərin,
gəzən şaiyələrin
əsassız olduğu mə`lum olarsa, bolşevik hissələri
stansiyanı tərk edib geri çəkiləcəklər.
Nümayəndə hey`əti
qayıdıb Bakıya çatmağa macal tapmamış, gəlib
xəbər yetişdi ki, artıq bolşeviklərin zirehli
qatarı Bakıdan dörd saatlıq yol məsafəsində
yerləşən Dərbəndi də tutub.
Moskvadan isə heç bir cavab gəlmirdi.
Onların qabağını kəsmək
üçün, həmin şəraitdə səfərbər
olunması mümkün olan hərbi qüvvələr oraya
göndərildi. Həmin qüvvələr
dördüncü hərbi polkdan və ikinci hərbi polkun bir
batalyonundan, bir də ki, kiçik bir könüllü
atıcılar dəstəsindən ibarət idi.
Bu qüvvələrə öncədən rusların
aralarında təbliğat apardıqları türk zabitləri
komandanlıq edirdilər. Göndərilən qüvvələrin
bir qismi bolşeviklərin tərəfinə keçdi, digər
hissəsi də döyüşdə pərən-pərən
salındı və yalnız yerdə qalan kiçik bir qrup isə
Bakının on üç verstliyində yerləşən
Biləcəri stansiyasına çəkilməyə birtəhər
macal tapa bildi.
Bakıya giriş yolu
bolşeviklər üçün artıq açıq
idi.
2.Bir yanda
danışıqlar aparır, o biri yandasa öz işlərini görürlər.
Bu zaman bolşeviklər revkomlar yaradaraq şəhərdə
növbə ilə keşik çəkir və əhali
arasında vərəqələr yayırdılar. Həmin vərəqələrdə
hakimiyyətin onlara verilməsini tələb edir və
göstərirdilər ki, yalnız onlar, – bolşeviklər
Rusiya Sovet hökumətilə razılığa gələ
bilərlər, yalnız onlar rusların Qızıl Ordusunun
Azərbaycana girməsinin qabağını almağa və
Moskvanın Azərbaycanın daxili işlərinə
qarışmasına imkan verməməyə qadirdirlər. Digər
vərəqələrdə isə çağdaş Hakimiyyətin
buraxdığı bütün səhvlər, xalqa
qarşı gördüyü günah işlər
sadalanır və Hakimiyyət ən müxtəlif təhqiredici
sifətlərlə hallandırılırdı.
Belə ağır və mürəkkəb şəraitdə
Parlament iclası çağırıldı. İndi Parlament
üzvləri arasında bolşeviklər də peyda
olmuşdular ki, Parlamentdən Hakimiyyətin qan tökülmədən
onlara verilməsini və dağılmağı tələb
edirdilər. Deyirdilər ki, onlar Sovet hakimiyyəti quracaqlar.
Onların fikrincə, müqavimət göstərmək əbəs
idi. Belə ki, guya Azərbaycan rusların Bakıya girməkdə
olan Qızıl Ordusunun qabağını ala bilməyəcək,
nahaq yerə qan töküləcək, xalqın var-dövləti
yerlə yeksən ediləcək və ola bilsin ki, onda Azərbaycanın
əlahiddə bir dövlət kimi özünün
varlığına da son qoyula bilər.
Hakimiyyətin təhvil
verilməsinin əleyhinə olanlar isə deyirdilər ki,
axıradək mübarizə aparmaq, bolşeviklərə təslim
olmaqdansa, hətta, Ermənistanla barışmaq və
Gücüstandan kömək istəyib sona qədər
vuruşmaq lazımdır.
Belə kəskin mübahisələr uzun çəkdi.
Nəhayət, gecə saat on ikidə top atışmaları
eşidildi. Bolşeviklərin zirehli qatarı Biləcəriyə
yaxınlaşırdı və yaxınlaşdıqca
stansiyanı atəşə tuturdu.
Bu atəş səsləri sonrakı hadisələrə
başlamaq üçün həm də bir siqnal idi. Belə
ki, bundan iyirmi dəqiqə ötər-ötməz, yerli
bolşeviklər „yaçeykasının” sədri
Hüseynov[1] Parlament binasına gəldi və iclas edənlərə
belə bir ultimatum verdi:- əyər, hakimiyyəti Parlament
iyirmi dəqiqə ərzində bolşeviklərə təhvil
verib dağılmazsa, onda Parlament binası hərbi gəmilərdən
atəşə tutulacaq.
Doğrudan da, elə bu vaxt xəbər gəldi ki,
türk zabiti İldırım paşanın[2] komandanlıq
etdiyi hərbi dəniz donanması qırmızı bayraq
qaldırmış və bolşeviklərin tərəfinə
keçmişdir.
Parlamentin dağılmaqdan savayı başqa bir
çıxış yolu qalmamışdı və Parlament
belə də etdi.
Parlamentin Sədri və bəzi nazirlər
maşınlarla təcili olaraq Bakıdan çıxıb
Tiflisə getməyə macal tapdılar. Qalanları isə səhər
həbs edildilər.
Şəhər yuxudan oyanıb gördü ki,
bolşeviklər Hakimiyyəti artıq ələ keçiriblər.
Hər yanda qırmızı bayraqlar qaldırılmış
və saysız-hesabsız miqdarda cürbəcür müraciətlər,
transparantlar asılmışdı; şəhərin
bütün küçələrilə növbənöv
komissarlar və təpədən dırnağadək
silahlanmış fəhlələr maşınlarda
şütüyürdülər.
Orda-burda yeniyetmələr, fəhlələr dəstə-dəstə
yığışırdılar. Arabir küçələrdən
zirehli maşınlar ötüb keçirdi. Amma, Ordu hələ
yox idi. Ordu şəhərə ertəsi gün gəlib
töküldü.
Yalnız yerli azərbaycanlı bolşeviklərdən
ibarət olan və təzəcə təşkil edilmiş
revkomun ilk növbədə atdığı addım bu oldu
ki, onlar Moskvaya – Leninə teleqram göndərdilər və
yalandan bildirdilər ki, Bakıda Hakimiyyəti müqavimət
görmədən öz əlinə almış Azərbaycan
xalqı onu və Trotskini öz rəhbərləri kimi
tanıyır və təbrik edirlər. Eyni zamanda həmin
teleqramda göstərirdilər ki, qırmızı inqilab Azərbaycanında
əksinqilabın baş qaldırmaq təhlükəsi
olduğuna görə, həmişə zəhmətkeşlərin
azadlığı və xoşbəxtliyi uğrunda mübarizə
aparan rus qardaşların Qızıl Ordusunu, həmin əksinqilabın
yeddibaşlı əjdahasını əzmək
üçün Azərbaycana köməyə
çağırırlar.
Bu xəbər göndəriləndə rus hərbi hissələri
Milli Hakimiyyəti artıq devirmişdilər, amma, həmin
teleqram diplomatik nöqteyi nəzərdən Moskva
üçün vacib idi ki, dünyaya göstərsinlər
ki, guya bolşeviklər Bakıya öz təşəbbüsləriylə
yox, yerli xalqın və zəhmətkeşlərin də`vəti
ilə gəliblər.
Bolşeviklərin kənardan belə addımlar
atacağını, hadisələrin bu cür
inkişafını gözləməyən və ona görə
də Bakıdan qaçmağa macal tapmamış polyak,
ingilis, fransız, gürcü və italyan diplomatik
missiyaları elə həmin gün həbs edildilər.
Latışların səlahiyyətli nümayəndəsini də
içəri salmaq istəyirdilər, amma, o, gizlənib
canını xilas edə bildi, nə qədər axtarsalar da
onu tapa bilmədilər. Elə
həmin gün görkəmli rus, yəhudi və erməni
xadimləri, eləcə də müxtəlif xalqların milli
komitələrinin bütün üzvləri və sədrləri
həbsə alındılar. Hətta, eserlər
partiyasının komitə üzvləri və onların
„Trudovoye Znamya” qəzeti redaksiyasının bütün əməkdaşları
da daxil olmaqla, eserlərin çoxdan Sovet hakimiyyətini qəbul
etmələrinə və məhz, o cür bir hakimiyyətin
Azərbaycana gəlişinin arzusunda olduqlarını gizlətməmələrinə
baxmayaraq, onlar hamılıqla həbs olundular. Bütün
tanınmış sosial demokratların da aqibəti eyni cür
oldu.
18-20 yaşlı dəliqanlı cavanlardan, bəzən də
həddi – büluğa çatmamış uşaq-muşaqdan
təşkil olunmuş „çrezvıçaykalar” kimi
tuturdularsa, hamısını yaxasından yapışıb
birbaşa həbsxanaya soxurdular.Həmin gün inqilabi hakimiyyətin
həbslər aparmaqdan başqa bir işi – peşəsi
olmadı.
Həmin gün və ertəsi gün küçələrə
və meydanlara tökülən kütlələr yuxarıda
göstərilən səbəb üzündən özlərini
farağat aparırdılar. Desəm ki, tacir və
istehsalçılar da daxil olmaqla, onların çoxusu
sevinirdilər, səhv etmərəm. İş adamları
fikirləşirdilər ki, indi ruslarla açılmış əlaqələr
nəticəsində sənaye bərpa olunub dirçələcək.
Azərbaycanlıların narahat olmağa əsası yox
idi, belə ki, revkomun adından yalnız azərbaycanlı
komissarlar tərəfindən imzalanmış müraciətlər
yayılırdı. Amma, kütlələr bilmirdilər ki, o
kağızları imzalamış komissarların böyük
əksəriyyəti, heç özləri onda Bakıda
deyildilər.
Qoyulmuş qayda-qanun nə həmin, nə də ertəsi
gün pozulmadı. Heç kəs öz həyatında elə
bir dəyişiklik gözləmirdi.
Dövlət idarələrində və müxtəlif
müəssisələrdə çalışan
qulluqçulara yerlərində qalmaq və vəzifələrini
davam etdirmək əmr olunmuşdu.
Elə o günlərdə, Tiflisdə, bolşeviklərə
qarşı fəaliyyət göstərən mühacirət
Hökuməti yaradıldı. Daha dəqiq desək, bu
Hökumət, bolşeviklərin caynağına keçməməkdən
Bakıdan aradan çıxmaqla müvəffəq olmuş və
bununla da canlarını bir təhər qurtara bilmiş
keçmiş Milli Hakimiyyət üzvlərindən təşkil
olunmuş Hökumət idi. Və bu Hökumət onun belə
aldadılması ilə bağlı olaraq, Moskvaya, Rus Hökumətinin
hərəkətlərindən təəssüfləndiyini
bildirən etiraz notası göndərdi.
Gürcüstan Hakimiyyəti də Moskvaya nota yolladı.
Həmin notada bolşeviklərin
müharibə elan etmədən Bakıya soxulmasaına
qarşı və burada Gürcüstanı təmsil edən
adamları həbs etdikləri üçün,
Gürcüstanın Azərbaycan ərazisindəki paravoz və
qatarlarını ələ keçirdiklərinə görə
onlara etiraz olunurdu.
Moskva bu notalara dərhal cavab verdi. Azərbaycan Hakimiyyətinin
xilas ola bilib Tiflisdə yığılmış
keçmiş üzvlərinə həmin cavab notasında
deyilirdi ki, Moskva Sovet hakimiyyəti müstəqil Azərbaycanın
daxili işlərinə heç bir vaxt müdaxilə etməyib.
Belə ki, Azərbaycan xalqı özü ayağa
qalxmış və onu qane etməyən yarıtmaz bir hakimiyyəti
dağıtmış, əvəzində özünün istədiyi
bir hakimiyyət qurmuş və qayda-qanun yaratmışdır.
Ona görə də, Moskva özünü günahkar
saymır. Beləliklə, Moskva Sovet hakimiyyəti heç kəsi
allatmayıb və danışıqları da kəsməyib,
belə ki, təzə Hakimiyyətin təmsilçiləri ilə
danışıqlar aparmaqda davam edir. Doğrudur, daxili
qarşıdurma şəraitində və toqquşmalar
zamanı xalqın milli sərvətlərinin məhv ediləcəyindən
ehtiyat edərək, hansı ki, həmin sərvətlər
Rusiyanın da bərpası üçün çox vacibdir,
Azərbaycan xalqının öz xahişi ilə Moskva oraya hərbi
qüvvələrini göndərmişdir. Amma, həmin
qüvvələrə göstəriş verilmişdir ki,
daxili işlərə qarışmasınlar və yeni həyat
quruculuğuna mane olmasınlar, yalnız və yalnız həm
Azərbayacan, həm də ki, Rusiya üçün çox
vacib olan neft sərvətlərini qorusunlar.
Gürcüstan Hakimiyyətinə də cavab verildi ki,
müstəqil Azərbaycan ərazisində baş vermiş
hadisələr üçün, Moskva Sovet hakimiyyəti
cavabdah deyildir və bunun üçün günahkar sayıla
bilməz. Etdiyi addımlar ucbatından, üzə
çıxan bütün nəticələrə görə
məsuliyyət tamamilə Azərbaycan Cümhuriyyətinin
üzərinə düşməlidir. Gürcüstanın
özü iləsə Moskva Sovet hakimiyyəti heç bir
zaman sülh münasibətlərini pozmamış və
bundan sonra da pozmaq fikrində deyildir.
Sovet Hakimiyyəti bu cür onda danışırdı
ki, iyirmi min hərbçidən ibarət olan XI Qızıl
Ordu o vaxt artıq Bakıda dururdu və Gürcüstana girməyə
hazırlaşırdı.
Gürcüstan Moskvanın danışdığı
sözlərin və verdiyi vədlərin nə olduğunu yaxşı
bildiyi üçün, güclü müqavimət göstərməyə
hazırlaşırdı; bütün ölkədə hərbi
vəziyyət və ümumi səfərbərlik
elan olunmuşdu, ölkənin hüdudlarında yerləşən
körpülər partladılmışdı və hərbi
qüvvələr sərhəd rayonlarında cəmləşdirilirdi.
Amma, bütün bunlara baxmayaraq, bolşevik hərbi qüvvələrinin
hərəkət istiqamətini dəyişməyə məcbur
etmiş Azərbaycan xalq üsyanları başlanmasaydı və
Polşa cəbhəsi açılmasaydı, Gürcüstan
yəqin ki, onda həmin qüvvələrin qabağında
dura bilməzdi.
3.Burjua
xürafatçılığı, burjua cəfəngiyyatı.
Hələ müstəqil Azərbaycan ilə Moskva
arasında danışıqlar gedərkən, bolşeviklər
mart ayının dördündə rus milli komitəsinin sədri
P-kinin yanına[3] iki səlahiyyətli nümayəndəsini
göndərmişdilər: onlardan birisi Azərbaycan hava
qüvvələrinin rəhbərliyində xidmət edən
türk zabiti Əfşar xan idi, digərininsə familiyası
yadımda qalmayıb. Onlar bilmək istəyirdilər ki,
bolşeviklər Bakıya gəldikdən sonra rus ictimaiyyəti
və rus milli komitəsi buna necə münasibət bəsləyəcək
və hansı mövqeni tutacaq. Gələn nümayəndələr
heç gizlətmirdilər ki, bolşeviklər bu və ya digər
yolla may ayının birinə kimi Bakını tutacaqlar. Sədr
P-in bu suala komitənin idarə hey`ətində müzakirədən
sonra cavab veriləcəyini bildirdi və martın beşində
iclas çağırıldı. İdarə hey`ətinin
iclasında qərara alındı ki, 1) Azərbaycan Hakimiyyəti
ölkədə rusların təsirini var qüvvəsi ilə
məhv etməyə çalışdığı
üçün, 2) Rusiyanın bərpa olunmasında və sənayesinin
genişləndirilməsində Bakının rolu çox
vacib olduğuna görə bolşeviklərin Bakını
tutmaları məqsədəuyğundur. 3) Hal-hazırda
yalnız Sovet hakimiyyəti
yenilik gətirmək qabiliyyətinə malik olduğu
üçün, rusların hakimiyyəti Rusiyadan
ayrılmış ucqarları birləşdirməyə sə`ylər
göstərdiyinə görə, Moskvanın buradakı məqsədlərinə
dəstək verilməli, bolşeviklər Bakıya gəldikdən
sonra var qüvvə ilə onlara bütün işlərdə
əməli kömək göstərilməlidir. 4)
Bolşeviklərin Bakıya gəlməsinə qədər isə,
„Qolos Rossii” adlı gündəlik qəzetdə Azərbayacan
Hakimiyyətinə qarşı güclü təbliğat
aparılmalı və onu xalqın gözündən salmaq
üçün iş görülməlidir.
Bu qərar sözügedən Əfşar xana təqdim
olundu və onun bir nüsxəsi də Bakı konsulluğunun
arxivindədir.[4]
Qeyd etmək lazımdır ki, Rus milli komitəsinin idarə
heyətinin bütün üzvləri sözün əsl mənasında,
xalis „kadet” idilər və həmin adamlar bolşeviklərin
düşmənləri kimi ad
çıxarmışdılar. Yalnız bunu demək kifayətdir
ki, onların sədri P-kin bolşeviklərin gəlməsindən
sonra, canını güllələnməkdən ancaq gizlənməklə
xilas edə bildi, idarə hey`ətinin digər üzvü
admiral Leontaviç isə „çrezvıçaykanın” sərəncamı
ilə güllələndi. Bolşeviklər bu adamlara indiyə
qədər onların Könüllü qüvvələrin
lehinə gördükləri işləri
bağışlamaq fikrində deyildilər.
Bolşevik diplomatlarının hiyləgər fəaliyyətini
əyani şəkildə xarakterizə edən faktlardan biri də
budur ki, Rusiyaya neft daşınma işinin böyük
ustası olan Dosser[5] əvvəlcədən, – hələ
martın 6-da artıq səlahiyyətli nümayəndə tək
Qafqaza göndərilmişdi və o, özü ilə
bütün neft sənayesini milliləşdirmək
üçün
hazırlanmış plan layihəsini də
götürmüşdü. Bakıya Dosser yalnız mayın
5-də gəlib çıxa bildi.
Həm bu, həm də yuxarıda qeyd olunmuş faktlar
bolşeviklərin əslində yürütdükləri
siyasəti başa düşməyə kifayət qədər
inandırıcı imkan verir və onlara hansı dərəcədə
əməllərinə baxıb yox, sözlərinə
görə inanmaq olarsa, onu olduqca aydın göstərir.
Moskvada olarkən təsadüfən bir gürcü ilə
görüşdüm. Mən onu hələ müharibədən
qabaq tanıyırdım, bir yerdə işləmişdik.
İndi isə o, artıq Zaqafqaziya üzrə komissar
„tovariş” K-lakr. olmuşdu və „qımızı Moskvaya”
qısa bir səfərə gəlmişdi. Onunla Zaqafqaziya barədə,
Azərbaycan və Gürcüstanla bağlı söhbətlər
etdik, bolşeviklərin Litva ilə bağladıqları
sülh müqaviləsi[6] haqqında fikrini xəbər
aldım.
Onun cavabı təxminən belə oldu:
-Hal-hazırda Rusiya xəstədir və bolşevik hakimiyyətinin
vəziyyəti də olduqca ağırdır. Ona görə
də, Rusiya müqavilə bağlamaq istəmədiyi ölkələrlə
vaxtaşırı „kiçik və ya böyük Brest
sülh müqavilələrini” bağlamağa məcburdur ki,
nəticədə, bir qədər rahat nəfəs alıb
özünə gələ bilsin. Amma, bolşeviklər yaxşı
anlayırlar ki, Rusiyada onların hakimiyyəti, bolşevik idarə
üsulu və qoyduqları qayda-qanun yalnız o vaxt yaşaya
bilər ki, Rusiyadan daha varlı və sənaye cəhətdən
daha inkişaf etmiş digər Avropa dövlətlərində
də oxşar idarə üsulu olsun. Əks təqdirdə bolşeviklər
məhvə məhkumdurlar və onda, onlarla birgə Rusiya da
süqut edər. Çünki, bolşeviklər Rusiyada
onların hakimiyyətini qəbul etməmiş və
güclü müqavimət göstərmiş peşəkar
kadrları qırıblar. Amma, həmin adamlar Rusiyanın ən
qabaqcıl şəxsləri, burjuaziya idarə üsulunun ən
yaxşı məmurları və öz işlərini gözəl
bilən qulluqçular idilər. Əyər, burjuaziya hakimiyyəti
bərpa olunarsa, ölkəni dirçəltmək
üçün kifayət qədər işçi qüvvəsi
artıq yoxdur. İndiki idarə üsulunu qurmaq
üçün çalışmış bolşeviklər
isə, onda fayda əvəzinə daha çox ziyan vura bilərlər.
Rus xalqı özünü xilas etmək naminə
bütün qüvvələrini axıradək səfərbər
etməli, bütün Avropada öz ideyalarını
yaymalı, mümkün olan hər yerdə Sovet hakimiyyətini
yeritməlidir. Bolşeviklər inanmırlar ki, Avropada proletariat
yalnız öz ideyaları hesabına qələbə
çala bilsin, bunu etmək üçün onlara fiziki cəhətdən
dəstək vermək lazımdır. Bu baxımdan, Litva və
Polşa Avropaya girməyimiz üçün əlverişli
bir yarıqdır. Ancaq, Polşaya üstün gələ bilməyimiz
sual altındadır. Litva isə,
şəksiz-şübhəsiz ki, bolşevik qüvvələrinin
qabağında durub müqavimət göstərə bilməz.
Əlbəttə ki, bolşeviklər bağlanmış
sülh müqaviləsini pozmayacaqlar, amma, onlara Minskdə, və
yaxud „Litovskimi” adlandırılan başqa yerlərdə
„Müstəqil Sovet Litvasını” yaratmağa heç kəs
mane ola bilməz. Məlumdur ki, onda „Sovet Litvası” burjuaziya
Litvasına qarşı mübarizəyə qalxacaq.
Aydındır ki, əksinqilabi Litvada burjuaziyanın
caynaqlarında əzab-əziyyət çəkən zəhmətkeşləri
xilas etməkdən ötrü, „Sovet Litvasının” öz qüvvəsi
çatmadığına görə, o, kömək
üçün müraciət edəcək. Ondan sonra,
artıq Moskva Sovet hakimiyyətinin işidir ki, həmin
„Müstəqil qızıl Litvada” könüllü qüvvələr
də, hərbi sursat da kifayət qədər olsun. Onda, Rusiya
Sovet hakimiyyətini Litva xalqının daxili işlərinə
müdaxilə etməkdə kim taxsırlandıra bilər?
Antantanın Zaqafqaziya ilə necə fərtar etdiyini
yadımıza salsaq, kimin qalib gələcəyinə daha
şübhə etmək lazım gəlmir. Antanta hərbçiləri
birinci bolşevik qızıl əsgəri görünənə
kimi silahlarını cingildədib meydan oxuyurdular. İlk
bolşevik əsgəri gələndən dərhal sonra isə,
onlar hər yerdə, – istər Aşqabadda və Petrovskda,
Bakıda və Ənzəlidə, istərsə də Odessa və
Riqada olsun,- dəyənək yemiş yiyəsiz it kimi
quyruğunu ayaqlarının arasına qısaraq və şəraitdən
asılı olaraq, əsgərlərini gəmilərə və
yaxud maşınlara tələm-tələsik doldurub,
dabanlarına tüpürərək aradan cırırdılar
və uzaqdan uzağa yenidən silahlarını cingildədib
kişilik edirdilər.
Mən ona dedim ki, bolşeviklər az-maz əlaqələr
qurmaq istədikləri ölkələrlə belə hörmətsiz rəftar etməklə, həmin
ölkələrin etimadını itirə bilərlər.
Komissar isə mənim bu sözlərimə gülərək
dedi:
-Mənim fikrimcə, əyər, hər kəs siyasətdə
bir inama qulluq etməyə məcbur edilməyibsə, deməli,
o kəs siyasətdə heç nəyə inanmır. Odur ki,
kütlələri həqiqətən siyasətə
inandırmaq olar. Litvanın da bir kütlə kimi buna inanmaqdan
savayı başqa çıxış yolu qalırmı?
Əlbəttə ki, Litva özünü elə göstərəcək
ki, guya, o, bağlanmış sülh müqaviləsinə
inanır…
O, sonra qeyd etdi ki, bu dedikləri yalnız onun öz fikirləridir
və ola bilsin ki, həmin hadisələr heç bir vaxt
baş verməsin və əyər, baş versə də, nə
bu gün, nə də ki, sabah baş versin. Bolşeviklərə
nəfəsini dərmək üçün, azdan-çoxdan
özlərinə gələnə qədər, hələlik
başqa bir mövqedə durmaq lazımdır…
Mən danışanda ki, axı, proletariata bu cür
ikiüzlü siyasət yeritmək yaraşmaz, onda, həmin
komissar sözümü kəsərək, öz fikrini qətiyyətlə
belə axıra çatdırdı:
-„Yaraşar”, ya „yaraşmaz”, – bunların hamısı
burjua uydurmaları, burjua cəfəngiyyatıdır.
„Ölüm-dirim” mübarizəsini aparanlar isə,
burjuanın bu cəfəngiyyatına riayət etməyi öhdəsinə götürməyə məcbur
deyillər…
Oçerk Litva Respublikasında o illərdə nəşr
olunan „Tauta”(„Millət”) qəzetinin 1920-ci il avqust ayının
34(43), 35(44), 36(45) saylarında çap edilmiş və oradan
götürülmüşdür.
Litva dilindən tərcümə edəni: MAHİR HƏMZƏYEV.
Vilnüs, aprel – may, 2007-ci il.
[1] Azərbaycan SSR İnqilab Komitəsi Sədrinin
müavini, sonralar Xalq Xarici İşlər Komissarı
olmuş Mirzə Davud Bağır oğlu Hüseynov (1894 –
1938) nəzərdə tutulur. – Tərcüməçi.
[2] Azərbaycan SSR – nin ilk Xalq Hərbi dəniz Komissarı
Çingiz İldırım(1890 – 1937) nəzərdə
tutulur.- Tərcüməçi.
[3] Bakı Rus Milli Şurasının sədri, Rusiya
kadetlər partiyası Bakı şöbəsinin sabiq sədri,
Bakı şəhər Dumasının keçmiş
deputatı Mixail Floroviç Podşibyakin (1884 – 1963) nəzərdə
tutulur. – Tərcüməçi.
[4] Litvanın 1919-1922-ci illərdə Bakıda fəaliyyət
göstərmiş konsulluğu nəzərdə tutulur. – Tərcüməçi.
[5] Bakıda neft sənayesinin sovetləşdirilməsinin
ən fəal iştirakçılarından biri olan Zinoviy
Nikolayeviç Dosser (1882-1938) nəzərdə tutulur. Millətcə
rusdur. Rusiyanın Perm şəhərində anadan olub. Stalin
repressiyaları nəticəsində 14 iyun 1938-ci ildə
güllələnib. 8 avqust 1956-cı ildə bəraətləndirilib.
– Tərcüməçi.
[6] Sovet Rusiyası ilə Litva Respublikası arasında
1920-ci ilin iyulun 12-də imzalanmış sülh müqaviləsi
nəzərdə tutulur: – Tərcüməçi.
www.slaptai.lt xəbərlər portalı.-
2010.- 26 aprel.