Xudu məktəbi - Çıraqov
dünyası
...Mart ayı idi. Bir gün tələbə yoldaşlarımızla görüşüb universitetdə məsləhət saatına yığışmışdıq. Bir araya gələrkən aramızda olan zarafatyana söhbətlər, şən tələbəyanı qəhqəhələr heç də simamızdan əskik deyildi. Təxminən iki saat olar ki, məsləhət saatında oturduq və bu müddəti də çətinliyi dərk edə-edə müəllim müzakirəsinin təlimi altında başa vurduq. Amma bununla belə, dərslər qurtarar-qurtarmaz yenə də öz aramızda olan məsləhətləri davam etdirirdik. Nə qədər zarafat etsək belə, üzərimizdə ağır bir yük dayanırdı. Diplom işi və dövlət imtahanı.
Hər birimiz məsuliyyətimizi dərk edərək, necə olursa-olsun bu yükün ağırlığını azaltmağa çalışırdıq. Elə biri də mən. çalışırdım ki, işin öhdəsindən müvəffəqiyyətlə və yüksək qalibiyyətlə gəlim. Bu zaman isə ilk növbədə, ən birinci köməyim kitabxanalar oldu. Burada axtardığım hər bir mövzu ətrafında maraqlı məruzələrlə qarşılaşır, lazımi informasiyaları əldə etməyə çalışırdım. Bir çox kitablar köməyimə gəlsə də, bunların içərisində mənim üçün maraqlısı məhz "Zirvə" kitabı oldu. Kitab o qədər dolğun, axıcı və bənzərsiz bir tabelikdə yazılmışdı ki, gözümü bir səhifəsindən belə çəkmədim. Bir oçerk. Bir insanın həyatı və onun portreti. Amma nə yalan danışım, kitabın müəllifini hələ tanımırdım. Elə o andaca adına nəzər saldım. Bu anda təəccüb doğurmamaq nə qədər istəsəm belə, yaşanmaya bilməzdi. çünki müəllif məşhur geoloji professor, xalqımızın dəyərli alimi çıraqov Məmməd İsa oğlu idi. Həm tədqiqatçı olasan, bir çox mineralların quruluşunu aşkar edəsən, həm də bu cür bir şəxsin portretini yaradan, tam dəqiqliyi və incəliyi ilə bənzərsiz bir üslubda gözəl yazıçı qabiliyyətinə malik olub oçerk yazasan. Nə qədər tənasüblük məxrəcdə tutuşmasa da, Məmməd müəllimdə bu vardır...
"Zirvə"ni
oxuyub qurtararkən qarşıma bir məqsəd qoydum. Mən
bu müəllifi axtarıb harada olsa tapmalıyam. Bir sevinc nöqtəm var idi,
o da onun təhsil aldığım doğma universitetimdə
professor işləməsi. Əslində məsafə
çox yaxın idi. Amma bir şey məni təəssüfləndirdi
- onu bu vaxta kimi tanımamam. Uzun vaxt itirmədən kitabı
da əldə edib kitabxanadan çıxdım və elə
birbaşa Məmməd müəllimin işlədiyi geologiya
fakültəsinə yollandım. Müdiri olduğu
kafedranın qapısını döyüb içəri
keçmək üçün icazə aldım. İçəri
də isə məni bir şəxs gülərüzcəsinə,
xoş siması və əsl insan tipinə məxsus olan səmimiliyi
ilə qarşılayıb üzümə baxdı. Bu insan mənim
üçün başqa birisi deyildi. Axtardığım elə
həmin müəllif idi. özüdür ki, var.
çıraqov Məmməd İsa oğlu. Ta qarşımda
dayanmışdı... Gəlişimin
səbəbini və onun haqqında məqalə yazmaq istədiyimi
çəkinmədən, amma bir azcıq da olsa utanaraq
yavaşca bildirdim. O isə gülümsəyərək bu istədiyimi
tərəddüd etmədən və bir tələbə qəlbini
sındırmadan qəbul edib razılığını
bildirdi. Mənimlə öz həyatı, elmi yaradıcılığı
və ən əsası, əldə etdiyi uğurları barədə
maraqlı, xoş və yaddaqalan xatirələrini
bölüşdü. öyrəndim ki, bulağın suyunun mənbəyi
də elə məhz Borçalı torpağından gəlibmiş.
Ənənəvi yaradıcılığın əsas mərkəzinə
çevrilmiş qədim Borçalı mahalı tarixən
olduğu kimi, bu gün də elmə töhfəsini verən
bənzərsiz varislərinin yetişdirməsini davam etdirir. Hər
dəfə səsini dünyaya salan fitri istedad sahiblərinin
yurdu, məskəni məhz Borçalının bu ziyalı
torpağından gəlir. Elə bu ardıcıl nəslin
davamçıl nümayəndələrindən biri də Məmməd
çıraqovdur.
O, 1938-ci il iyulun 31-də qədim
Borçalı mahalında anadan olmuş, orta təhsilini də
burada yerləşən Qoçulu kənd orta məktəbində
almışdır (hal-hazırda həmin məktəb onun
adı ilə bağlıdır). Məktəbdə ikən
balaca Məmməd fizika-riyaziyyat fənninə böyük həvəs
göstərmiş, texniki fənlərin həvəskar və
bilici şagirdi olmuşdur. Bunun da öz növbəsində
çox maraqlı bir səbəbi vardır. Müəllimləri.
Orta məktəbdə ikən riyaziyyat müəllimi Mustafa,
fizika fənn tədrisçisi Cəlal müəllimin zəhmətcil
şagirdə olan yaxınlığı onda bu sahəyə
olan marağı artırmışdı. Riyaziyyatı fənlərin
şahı sayan Məmməd müəllimin "Riyazi məntiqi
olmayan tələbə gələcəkdə öz işində
görkəmli mütəxəssis ola bilməz" iddialı
deyişi də məhz bu fikri üstələyir. Amma bununla
belə, daxilindəki təbiət aşiqliyi, həyat
vurğunluğu çıraqovun yolunu riyaziyyat
dünyasından geologiya sahəsinə qədər aparır
və 1958-ci ildə o sənədlərini indiki Bakı
Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə
verir və geologiya şöbəsinə qəbul olunur.
Universitetdə ikən,
özünün də söylədiyi kimi, bir müddət
təhsili və həyatı arasında ziddiyyət
yaranır. Bu isə çox açıq bir etiraf idi. Səbəbini
də nə yalan danışım ki, soruşmadan dura bilməzdim.
Ancaq yenə də Məmməd müəllimin
sözünü təkrarlaması və bir daha təkzib etməsi
məndə onun necə dürüst bir insan olmasına bəraət
qazandırdı. Səbəb orta məktəb müəllimlərində
olan münasibəti ali məktəb müəllimlərində
görə bilməməsi idi. Bu isə gənc tələbəyə
qismən sıxıcı gəlirdi. Ta ki, ikinci kursa qədər.
İkinci kursda oxuyarkən görkəmli kristollaqraf, filosof
Xudu Məmmədovla qarşılaşması onun bu kiçik
sıxıntısına böyük bir məlhəm oldu.
Professor bunun bəyəndiyim "Zirvə" kitabında da
maraqlı bir şəkildə qələmə
almışdı. Xudu müəllimlə
qarşılaşması orta məktəb müəllimləri
Cəlal və Mustafa müəllimlə üz-üzə gəlməsi
kimi əziz və doğma idi onun üçün.
özünün də söylədiyi kimi, onunla
qarşılaşanda sanki hiss etdim ki, bir anlıq
qayğıkeş anlarım yenidən mən qayıdıb.
Beləcə, Məmməd
müəllimlə söhbətimi davam etdirirdim ki, daha bir
maraqlı əhvalatı eşidib sevə-sevə dinləməyə
başladım. Belə ki, bir gün Xudu müəllim imtahan
qabağı onu yanına çağırıb bir riyazi məsələni
həll etməsini tapşırır. Həll edə biləcəyi
təqdirdə, özünün də işlədiyi kimya
laboratoriyasına işə götürəcəyini vəd
edərək, iyirmi gün möhlət verir. Beləcə,
qoymuş müddət tamam olur, üzərindən iyirmi
gün keçir. çıraqov bu dəfə də olaraq ona
verilən işin hörgüsünü tam dəqiqcəsinə
açıb, dahisi Xudu müəllimə təqdim edərək,
dərin zəkasına bir şahidi daha qazanmış olur. Dərhal
sonra, söz verildiyi kimi, ikinci kursda oxuyarkən Xudu müəllimin
yanında kimya laboratoriyasına işə düzəlir. Beləcə,
həm təhsilə, həm də iş həyatına davam
edir.
Universiteti bitirdikdən sonra
o, SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya
İnstitutunun kristallokimya ixtisası üzrə
aspiranturasına daxil olur. Aspiranturanın ilk illərindən
isə gənc Məmmədin qarşısında mühüm
çətinliklər yaranır. İlk növbədə, iki
mürəkkəb mineralın - kanasit və delxayelit
minerallarının kristal quruluşunu təhlil etmək və
onların tərkibini öyrənmək dururdu. Qeyd edim ki, o
vaxt keçmiş SSRİ-də üç yerdə bu
mövzu üzərində işlənilirdi - Moskva, Qorki və
Leninqradda. Göründüyü kimi, üzərinə
düşən yük ağır idi. Ən böyük
çətinlik də bu böyük aktual müasir problemin Azərbaycana
lazımlığı, yeni elm sahəsini Azərbaycanda
dünya səviyyəsinə qaldırmaq, dünya elminin
qarşısında duran quruluşun
açılışını məhz azəri türklərinin
adı ilə bağlamaq idi. Bu isə böyük bir məsuliyyətdir.
Deyirlər, elmin vətəni yoxdur, alimin vətəni var.
çıraqov da bunu vacib bir prinsip kimi qarşısına
qoymuşdur. Necə ola bilər ki, quruluşun adı Azərbaycanın,
azəri türklərinin adı ilə bağlanmasın deyə
gecə-gündüz gərgin, işgüzar və yuxusuz gecələrin
yolçusuna çevrilmiş, bütün nailiyyətlərini
də bu cəhətinə ən əsası, yorulmaq bilməz
potensialına görə qazanmışdır. O nə edirdisə,
özü üçün yox,
məhz vətəni Azərbaycan, onun adı üçün
əldə etməyə çalışırdı.
Beləcə, 1968-ci ildə
çıraqov ilk dəfə olaraq kanasit və delxayelit
minerallarının kristal quruluşunu açır. Bu isə
dünya çərçivəsində uğurlu bir kəşf
idi. Yeni bir kəşf. Azərbaycanın, vətənimizin
adına yazılmış bir kəşf. Bununla, qısa
müddətdə dünyanın bir sıra ölkələrində
görkəmli alimlərin həll edə bilmədiyi problemləri
Məmməd çıraqov həll edir. Geniş elm
meydanındakı böyük qələbə və yüksək
elmi nəaliyyəti ilə.
1969-cu ildə görkəmli
alim Moskva Dövlət Universitetində "Kanasit və
delxayelit minerallarının kristal quruluşu" mövzusunda
namizədlik dissertasiyasını müdafiə edir. Bu zaman
elmi rəhbərləri Bakıdan Xudu Məmmədov və
SSRİ EA-nın professoru Belov olmuşdur. Müdafiə
uğurla keçir və nəinki rəhbərləri tərəfindən,
MDU-nun görkəmli professorları tərəfindən də
yüksək qiymətləndirilir. Verilmiş bu qiymətlənmənin,
bəyənilmənin nəticəsidir ki, akademik Vasiliviç
Nikolayev tərəfindən çıraqova orada qalmaq, Moskvada
elmi işini qurmaq və laboratoriyaya düzəlməyi təklif
edilərək belə bir mütəxəssislə birlikdə
işlənilməsi arzu edilir. Ancaq vətənə məhəbbət,
doğma el-oba istəyi, nailiyyətlərini, arzu və istəklərini
xalqının adı ilə bağlamaq, müasir yeni elmi
istiqamətlərini doğma Azərbaycanda yaratmaq arzusu onu
yenidən Bakıya, kimya laboratoriyasına qaytarır.
çalışqanlığı, hər şeyi bilmək həvəsi,
üstəlik nadir istedadı sonralar Məmməd
çıraqovu BDU-ya baş müəllim stoluna qədər
gətirərək, öncə baş müəllim (1971),
daha sonra dosent vəzifəsinə qədər irəlilədir.
Ancaq bununla duruxmaq, kifayətlənmək olmazdı. Gecə-gündüz
çəkilən o gərgin əməyin bəhrəsi
bundan artıq olmalı idi. Odur ki, əziyyətli illərin
yorğun nəticəsi onu 1989-cu ildə professor dərəcəsinə,
bu mükəmməl ada nail ola biləcək zirvəyə qədər
qaldırır və 1989-cu ildə çıraqov Leninqrad
Dövlət Universitetinin Elmi Şurasında kristalloqrafiya və
kristallofizika ixtisası üzrə "Kalsium və nadir torpaq elementlərinin müqayisəli
kristallokimyası" mövzusunda müvəffəqiyyətlə
doktorluq dissertasiyasını müdafiə edir,
geologiya-mineralogiya elmlər doktoru, alimlik dərəcəsini
alır. Beləcə, geniş eradusiyası, güclü məntiqi,
təkrarsız müşahidə qabiliyyəti ilə XXI əsr
elminin zirvəsinə qədər qərar tutur. Böyük
ziyalı kimi, elm fədaisi kimi, elm dəryası kimi və bu
dəryanın dərinliklərinə bələd olan, eyni
zamanda bir kafedra müdiri kimi...
Professor Məmməd
çıraqovun elmi tədqiqat sahəsi də çox cəhətlidir.
Əsasən silikat və alümosilikatların kristallokimyası,
mineralların və qeyri-üzvü birləşmələrin
çevrilməsinin kristallokimya və aspektləri
mövzusunda araşdırmalar aparmış, bir sıra yeni
quruluşların açılmasında müqayisəli kristallokimya
üsulunun yaradılması və onun əsasında
mineralların çevrilməsinin istiqamətliliyi üzrə
yeniliklərini yaratmışdır. Onu da qeyd edim ki, sevimli
müəllimin rəhbərliyi altında bir sıra elmlər
namizədi, dokturantlar yetişib. Onun yetirmələrinin
çoxu respublikamızın görkəmli elm xadimlərindəndir.
Hal-hazırda isə bu zəhmətkeş alim 4 disserantın
elmi rəhbəridir. Eyni zamanda, 170-dən çox məqalənin,
5 dərsliyin və 3 monoqrafiyanın da müəllifidir. Onun
"Kristalloqrafiya" (1985),
"Riyazi üsulların geologiya və tətbiqi"
(1992), "Kristallokimya" (1997), "Kristalloqrafiya və
kristallokimya" (2008), "Eksperimental minerologiya" (2010) dərslikləri,
"Zirvə" , "Kalsium və nadir torpaq elementlərinin
silikatların müqayisəli kristallokimyası", "Azərbaycan
mineralları ensklopediyası" monoqrafiyası barəsində
yüksək rəy verilmiş elmi işlərin sırasına
daxildir. Onu da qeyd edim ki, Xudu müəllimin yetirmələrindən
olan Məmməd müəllim pedaqoqunun layiqli
davamçısı olduğuna görə X.Məmmədov
mükafatına da layiq görülmüşdür. Professor Məmməd
çıraqov gördüyü işlərlə nəinki
doğma vətənində, həmçinin keçmiş
SSRİ məkanında və bir sıra dünya ölkələrində
də qiymətləndirilmiş, dəyərləndirilmişdir.
Zənnimcə, verilmiş bu qiymətlənmənin nəticəsidir
ki, o, 1973-cü ildə Beynəlxalq Kristallaoqrafiya Cəmiyyətinin
üzvü, 2000-ci ildə isə Rusiya Təbiət Elmlər
Akademiyasının akademiki seçilmişdir. Eyni zamanda
haqqında danışdığım bu görkəmli alim
tezisləri ilə, məruzələri ilə bir sıra
konqreslərdə, simpoizumlarda və beynəlxalq elmi
konfranslarda (Moskva, Ottova Varşava Sofiya və s.) diskussiyalar
aparmış, özünəməxsus tədqiqatçı
fikirlərini bəyan etmiş, yüksək tribunalarda Azərbaycan
geologiasını məharətlə təmsil etmişdir. Ən
böyük uğurlarından biri olaraq ABŞ və İngiltərə
Biblioqrafiya İnstitutu tərəfindən təyin edilmiş
"XX yüzilliyin 2000 görkəmli alimi" kataloquna daxil edilərək
dövrünün tanınmış görkəmli alimlərindən
biri seçilmişdir. Təbii ki, elm meydanındakı
özünəməxsus dəst-xətti ilə. Lakin
çıraqova dünya arenasından gələn rəylər
tək bununla bitmir. Belə ki, 2001-ci il iyun ayının 1-i
ABŞ-da məhz onun günü - çıraqov Məmməd
İsa oğlu günü qeyd edilib.
Göstərdiyi biliyin, əldə
etdiyi ixtiraların möhtəşəm mükafatıdır
ki, təxminən bir il əvvəl - 2009-cu ildə Prezident
İlham Əliyev tərəfindən ona "Əməkdar
elm xadimi" fəxri adı verilmiş, elmdə ən
yüksək titulla təltif edilmişdir.
Sonda isə bildirmək istərdim
ki, Məmməd müəllim haqqında yazmağım həqiqətən
də mənim üçün böyük bir şərəfdir.
Ancaq bu şərəf olduğu qədər də məsuliyyətlidir.
O elə bir alimdir ki, yazmaqla portretini tam yaratmaq mümkün
deyil. Nə etsən, onsuz da bitməyəcək. Buna baxmayaraq,
qısaca da olsa onun barəsində - alimin haqqında məlumat
verməyimə nə qədər nail olduğumu yəqin ki,
sizlər - hörmətli oxucu auditoriyası qiymətləndirəcək.
Kəmalə Məmmədova
Təzadlar.- 2010.- 3 aprel.- S.14.