Təki elə, cəmi belə

 

Bu dünyanın mələyi bu,

Xəlbiri bu, ələyi bu.  

Daha ondan gözləyək,

Tanrısı bu, fələyi bu.

 

Bu dünyanın üzü belə,

Dağı belə, düzü belə.

Birüzlülər çox olublar,

Onu belə, yüzü belə.

 

Bu dünyanın işinə bax,

İştah, tamah dişinə bax.

Arzuları manqallarda

Kabab çəkən şişinə bax.

 

Bu dünyanın pənahı bu,

Axşamı bu, sabahı bu.

Fəlakətdən göz açılmır,

Savabı bu, günahı bu.

 

Bu dünyanın dəmi belə,

Təki belə, cəmi belə.

Onunla yol getmək olmur, 

Kimi elə, kimi belə.

 

Bu dünyanın mənası bu,

Odu, suyu, havası bu.

Kimə axı deyəsən,

Bu dünyanın dünyası bu.

 

 

Qəşəm İlqar Ruhdaş

 

Təzadlar.- 2010.- 6 aprel.- S.15.