Döşü təpərli Musa Ələkbərli

 

Şair Musa Ələkbərli ilə şəxsi tanışlığımız heç elə də uzaq tarixə təsadüf eləmir.

Əlbəttə ki, mən də bir oxucu kimi Musa Ələkbərlini çoxdan tanıyırdım - jurnallardan, qəzetlərdən, digər kütləvi informasiya vasitələrinin səhifələrindən.

Biz onunla Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən müxtəlif çalarlı ədəbi məclislərdə rastlaşanda bir həmkar olaraq nəzakətli salamlaşmalarımız da olurdu.

Ancaq bir dəfə - axşam üstü, tanınmış Azərbaycan şairi, sevimli İlyas Tapdığın təşəbbüsü ilə keçirilən və şairlərdən Oqtay Rzanın, Musa Ələkbərlinin və mənim, yazıçı-publisistlərdən Nahid Hacızadənin, Firuz Mustafanın və Azərbaycan ədəbi tənqidinin flaqmanı hesab etdiyimiz Vaqif Yusiflinin içtirakçısı olduğumuz bir çay məclisindən sonra hərə öz evinə dağılışanda mən Vaqif Yusifli ilə bir istiqamətə - Yeni Əhmədli qəsəbəsi tərəfə gedəcəyimizi söyləyəndə, Vaqif müəllim "Musa Ələkbərli də bizim binada yaşayır", - dedi. 

Biz mənim maşınımla özümüz "özümüz"ə tərəf yol aldıq. Saat 8-i göstərsə də yay günü olduğundan hələ qaranlıq düşməyinə xeyli qalırdı. Biz üçlükdə yeni bir çay süfrəsi arxasında oturub bu və ya digər bizim üçün əhəmiyyət kəsb edən mövzuları bir-birinə calamaqla həlqələdik.

Söhbətimiz o qədər maraqlı, rəngarəng və səmimiyyət çərçivəsində keçdi ki, ayrılanda Musa müəllim hətta bizim bugünkü "üçlüyümüzü" sacayağın bir-birindən ayrılıqda fəaliyyətsiz olan üç ayağı ilə də müqaisə elədi...

Bax beləcə başladı Fəxrəddin Meydanlı-Musa Ələkbərli təmannasız bağlılığı və dostluğu. Biz tez-tez tədbirlərdə və ya şəxsi təşəbüsllərimizlə görüşür, fikir mübadiləsi aparır, ünsiyyətimizə cıqqan ara veriləndə isə umunun-küsünün ucu-bucağı olmur ki, olmur. Ancaq isinişməyimiz də elə bir neçə iradi kəlmələrdən sonra yenidən boy alır.

Adam var ki, uşaqlıqdan tanıyarsan, bir yerdə təhsil alır, bir yerdə boya-başa çatırsan, hətta qohumluq əlaqələrin də olur, ancaq bir-birinə "yapışa" bilmirsən ki, bilmirsən, maqnitin eyni yüklü qütbləri kimi.

Musa Ələkbərli adama yapışqanlı (daha doğrusu "yapışqan"ı olan adamlara), isti-qanlı, səmimi və şairanə davranışı ilə özünü sevdirməyi bacaran və eyni zamanda xoş auralı, müsbət enerji ixrac edən, Allahın xoşsifət məxluqlarındandır.

Musa Ələkbərlinin yaradıcılığı oxucular və ədəbi ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənilir, təqlid edilir, qədirbilən ədəbiyyatşünaslarımızın və ədəbi tənqidçilərimizin qələmində öz obyektiv və qazanılmış qimətini ala bilir.

Musa Ələkbərli həm də hamiyyəçi bir şairdir. Bu da onun ixtsasca müəllim olmağından irəli gələn xüsusiyyətlərdəndir.

O, həm də səriştəli naşir, mahir ədəbi redaktorlardan biridir. Musa Ələkbərlinin adı yüzlərlə kitabın ilk səhifələrinin yuxarı hissəsinə yazılan "Redaktor" sözündən sonrakı yerə öz məsuliyyəti ilə bəzək verir, oxucunu həmin kitaba rəğbətlə yanaşmağa sövq edir...

İş masamı "Prezident mükafatçısı", "İsa İsmayılzadə adına poeziya mükafatçısı" - şair Musa Ələkbərlinin 2009-cu ilin noyabr ayında öz avtoqrafı ilə mənə bağışladığı, zamanında kiril əlifbası ilə çap olunmuş yeddi kitabına daxil edilmiş şeirlərinin hamısının və səkkizinci kitabına daxil olan şeirlərinin isə bir hissəsinin cəmləşdirilərək "ŞUR" nəşriyyatında 2009-cu ildə latın qrafikası ilə çap edilərək oxucuların diqqətinə təqdim olunan möhtəşəm bir şeir toplusu - "Tanrı mənə söyləməsə yazmaram" adlı 712 səhifəlik bir poeziya çələngi bəzəyir.

Kitaba "İlahidən gələn poeziya" adlı sərlövhə ilə ön söz yazmış kitabın redaktoru - şair Əhmədağa Şahin "Musa Ələkbərlinin şairliyinin ilk vaxtlarından ədəbi gənclik tərəfindən təqdir edildiyini, adının sayılıb-seçilən imzalardan biri olduğunu, dağlarda böyüyüb boya-başa çatmış şairin ilk şeirləri ilə poeziyamıza dağ havasını, bulaq saflığını gətirdiyini, sadəliyinin və səmimiyyətinin ürəkdən gəldiyini, könlündən qopan isti, açıq, mərd sözün dadını-duzunu, ətrini-rahiyyəsini bəxş elədiyini" bildirir. Zənnimcə, haqlıdır bu sözlərin müəllifi.

Bu kitabda yer almış səkkiz bölmədən ("Məndən şeir istə", "ürəyimin işığında", "Bəlkə bir də görüşdük", "Gözlərim yol çəkir", "Aydanım-Ay işığı", "Sevgi bulağı", "Gözümdə ağlayan bulaq", "Dünya sevgidən doğulub") ibarət olan Musa Ələkbərli təbinin özünəməxsus şeir nümunələri, əslində azərbaycançılıq simvolikasını - səkkizguşəli ulduzumuzu xarakterizə etməklə, şairin şeir dünyasının göy qurşağına bənzəyən rəngarəng və mövzu müxtəlifliyinə baxmayaraq, eyni zamanda bir-biri ilə həmahəng olan guşələrdən ibarət olduğundan xəbər verir.

"Dağlar" mövzusu Azərbaycan poeziyasında ta Aşıq Ələsgərdən tutmuş bu günkü günümüzə qədər, şairlərimizin çoxsaylı şerirlərində baş yerlərdən birini tutmuş, müxtəlif söz bəzəyi ilə tərənnüm olunmuş, hərə öz "Dağları"ını söz leksikonunadan doğan özünəməxsus bədii obraz biçimində təqdim eləməyə çalışmışdır.

Birincisi, onu deyim ki, dağlarda doğulub, boya-başa çatmış, bəlkə də elə ilhamını, şairliyinin xeyir-duasını, həyat sevgisini dağlardan almış Musa Ələkbərlinın "Dağlar" mövzusunda şeiri olmaya bilməzdi. İkincisi isə onun "Dağlar"ının bədii tərənnümü və hər sətrinin götürdüyü məna yükünün digər "Dağlar"dan fərqlənməməsini qeyri-səmimi qəbul eləyərdim, ona görə ki, Musa Ələkbərli təkcə dağ rayonu olan səfalı Gədəbəydə doğulduğuna görə şair olmayıb və həm də onun xəmrəsi o dağların saf və bərəkətli torpağı, o dağların döşündən - sevgilisinə ərköyüncəsinə göz vuran bir gözəlin gözünü xatırladan - saf bulaq suyu ilə yoğrulub, yapılıb, bişib və halallaşıb.

 

...Dərə, təpə bir nəğmədi apar, yaz,

Yazsan, səni fikir-xəyal aparmaz.

Tufan qopsa, bircə daş da qoparmaz,

Təbiətin dözümüdür bu dağlar...

 

Musa Ələkbərli "Dağlar"ından nümunə göstərdiyim təkcə bu bənd, fikrimcə, yuxarıda dediklərimə əsaslı sübut ola bilər.

Şairin "Ehtiyac" adlı şeirini oxuduqca, elə ehtiyacın özünün könül ehtiyacından doğduğunu, ehtiyacın insan həyatındakı danılmaz yerini dərk edir, onun fərqinə varır, şairin bədii düşüncə tərzinin əlvanlığının heyranı olursan.

 

...Ehtiyac, mənimlə əkiz doğuldun,

Yer var ki, doğmayıq, yer var ki, yadıq.

Göz açdım, könlümə, gözümə doldun,

Nə könlü, nə gözü doyuranmadıq...

 

Şairin "Bacı oynayırdı qardaş toyunda..." adlı şeirini oxuyarkən, bacının qardaşa, qardaş toyuna olan münasibətinin, səbirsizlikə gözlədiyi bu toy şənliyindəki davranışının, onun sevincinin hüdudsuzluğunun, yorulmadan, sürəkli rəqs eləməsinin hətta - "çalanların heyini kəsməsi"nin bədi tutumlu, obrazlı mənzərənin xəyali səyahətçisinə çevrilir, özünün bu toyun iştirakçsı olmadığına inanmaq belə istəmirsən.

 

Uçardı, uçmağa qanadı yoxdu,

Elə sona kimi süzə bilirdi.

O hələ yaxşı ki, tab gətirirdi,

Bu boyda sevincə dözə bilirdi.

Bacı oynayırdı qardaş toyunda...

Fikrimcə, şərhə ehtiyac yoxdur...

 

2010-cu ilin may ayında Ulu Tanrımızın yardımı, Musasevərlərin iştirakı ilə inşallah, mehriban insan, itedadlı qələm sahibi, əziz dostum və dəyərli həmkarım Musa Ələkbərlinin dünyamıza - ən başlıcası isə dünyamızın içində bir dünya olan "şairlik dünyası"na əzm və qürurla, öz özü, öz sözü ilə duruş gətirməsinin 60, həyatının daha uğulu və yaradıcılığının məhsuldar olacaq gələcək baharına qədəm qoyacağının növbəti ildönümünü qarşılamağa hazırlaşdığımız bir ərəfədə ona nə arzulasam daha yerinə düşərdi!?

Ömrü Allah verir. Və nə qədər verirsə, hamı üçün yetərli olur. Can sağlığını hər bir insan gündəlik həyat norması çərçivəsində özü təmin edir. Xoşbəxtlik Allahın hər bir şəxsə bəxş etdiyi şüurlu qərarlar içində qazanılır. İstedad isə bir bulaqdır, varsa mütləq qaynacaq, hətta coşmasa belə süzüləcək, aram-ahəstə...

Sadaladıqlarımın hamısı - bir az az, bir az çox - var Musa Ələkbərli qismətində.

İnsan bir əkinçiyə bənzəyir, o həmişə şumlayır, əkir, becərir bol və bərəkətli məhsul sahibi omaq istəyir və əksərən buna nail olur da. çünkü Allah zəhməti itirən deyil və zəhməti itirənlərdən də xoşu gəlməz Ulu Tanrının.

Məntiqi olaraq, gələcəkdə də bolluca yaradıcılıq arzuları ilə yanaşı, qazancının özünə qismət olmasını və ən qiymətli "həyat məhsulu" sayılan övladlarına çəkdiyi əziyyətin bəhrəsini görməyi, onların evli-eşikli, oğullu-qızlı olmaları ilə yanaşı, barələrində həmişə qulaq sevindirən, üz gülümsədən, göz güldürən xoş sözlərini eştməsini ürəkdən arzulayıram dəyərli həmkarım və dostum döşü təpərli Musa Ələkbəli qardaçıma.

 

Yüz zirvədən, 60 yamac,

Dünya dağdır, ömür qulac.

Şair dərdi tapmaz əlac-

Qəmgin olar, gəzər dərdli,

Şair Musa Ələkbərli.

 

Şeiri üzün ağardacaq,

Yüz il yazıb-yaradacaq.

Ömrü hələ çox çapacaq-

Köhləninin yalı tərli,

Şair Musa Ələkbərli.

 

Hər misrası dolğun əsər,

O, vulkandı, od püskürər.

Bir söz üstə qan-tər tökər-

Başın uca, döş təpərli,

Şair Musa Ələkbərli.

 

60 gedər, 80 gələr,

90 gözün 100-ə dirər.

Bu illəri birər-birər-

Dadar bal tək, tət-təhərli,

Şair Musa Ələkbərli.

 

Umacağı yox kimsədən,

Məna umar hər kəlmədən.

Hər meyvəsi ruh gətirən-

Bir bağ görsən bər-bəhərli,

Şair Musa Ələkbərli.

 

Şair dostum, yaşa, yarat,

Hər şeirin dosta barat.

Meydanlı da bir zarafat-

Şeir qoşdu fərsiz, fərli,

Şair Musa Ələkbərli.

 

 

Fəxrəddin MEYDANLI, 

şair-publisist

 

Təzadlar.- 2010.- 10 aprel.- S.15.