Xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi keçirildi
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tədbirdə yubilyarı təbrik nitqi söyləməməsi
sual doğuran idi
Aprelin 16-da Heydər Əliyev Sarayında Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Hamı bu qeyri-adi istedad və zəka sahibinin yubiley sevincinə şərik olmaq üçün Zəlimxan Yaqub işığına toplaşmışdı...
"Təzadlar"ın yubiley tədbirində iştirak edən əməkdaşının bildirdiyinə görə xalq şairi öz yubiley tədbirində səhnəyə çıxaraq ürək sözlərini tamaşaçılarla bölüşüb: "çox qürur və iftixar duyuram ki, bu gün Heydər Əliyevin adını daşıyan bu sarayda mənim yubileyim qeyd olunur. Bu gün Azərbaycanın mədəniyyətinə, incəsənətinə yiyə durulur. çox çətinliklərdən sonra məhz son illərdə saza, sözə qayıtmışıq. Xoşbəxtəm ki, 12 ildən sonra yenidən bu sarayda xalqıma hesabat verirəm. Mən üç dəfə ölümdən qayıtdım və bu gün sizlərin qarşısındayam".
Yubilyar bütün iştirakçıları, eləcə də Türkiyə, İran, Qırğızıstan, Gürcüstan və digər ölkələrdən onun yubileyinə gələn qonaqlara təşəkkürünü bildirib. Daha sonra "Zəlimxan Yaqub - 60" adlı sənədli filmi nümayiş olunub. Mərasim çıxışlar və musiqili proqramla davam etdirilib.
Yubiley mərasimində baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Misir Mərdanov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, millət vəkilləri Hadı Rəcəbli, Nizami Cəfərov, Qənirə Paşayeva, Bakı Metropolitenin rəisi Tağı Əhmədov və digər dövlət rəsmiləri, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Diqqəti çəkən bir məqamı isə bəlkə də dilə gətirməmək mümkün deyil. Qeyd edək ki, bütün dəvətnamələr Mədəniyyət və Turizm Nazirliyinin adından təqdim edilmişdi. Bu o demək idi ki, xalq şairinin yubiley tədbirinə ev sahibliyi də elə adı çəkilən nazirliyə məxsusdur. Deməli, ən azından nazir və ya onun müavini səhnəyə çıxaraq dövlət səviyyəli bu tədbirə təbrikləri oxumalı idi.
Bilmirik, bəlkə də tədbirin ssenarisi belə cızılmışdı, amma hər halda, biz əksini düşünürüksə, deməli, adi olmayan Zəlimxansevərlər görün nə düşünü bilər.
Bu, bizim gördüyümüz və yəqinki həm də umduğumuz bir addım idi. Amma Mədəniyyət və Turizm Nazirliyindən bu addımı atan olmadı... Amma sağ olsun Zəlimxansevər insanları ki, şairin 60 illik yubileyini coşqu və təntənə ilə qeyd etdilər. Bu, şairə və sözə olan dərin hörmətin bir nümunəsidir.
Biz də "Təzadlar" olaraq istəkli şairimizi ürəkdən təbrik edirik və bir arzumuz da odur ki, şair günlərin birində Şuşadan, Göyçədən, Laçından... soraqlı günlərini şeirlərinə köçürsün, növbəti ad günlərini həmin qərib və bizsiz yurdlarda qeyd etsin!
A.Məmmədli
Təzadlar.- 2010.- 20 aprel.- S.3.