"Mənim könlüm deyir ki..."

 

Tanınmış foto-müxbir, jurnalist Rafiq Salmanovun 60 illik yubileyi və yeni işıq üzü görmüş "Mənim könlüm deyir ki..." kitabının təqdimatı keçirildi...

Dünən Rəşid Behbudov adına Mahnı Teatrında "Xalq qəzeti"nin əməkdaşı, "YUNİSEF" və "Qızıl qələm" mükafatçısı Rafiq Salmanovun 60 illik yubileyinə Azərbaycanın dəyərli ziyalıları, elm və sənət adamları, millət vəkilləri toplaşmışdılar.

Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi açaraq nazirliyin Rafiq Salmanovun 60 illik yubileyi münasibəti ilə Fəxri fərmanla təltif edilməsi barədə əmrini oxudu, sonra Fəxri fərmanı  yubilyara təqdim etdi.

Tədbirin ab-havası musiqi və sənət dünyasına köklənən ruh üstündə qərar tutmuşdu. çünki Rafiq müəllim özü də ruhlu və səmimiyyətdə hamıya bir köynək yaxın olan dəyərli ziyalılardandır. üzü həmişə təbəssümlüdür və dünən məclis iştirakçılarına məlumat veriləndə ki, tədbirə bir neçə saat qalmış onu xəstəxanaya aparıblar və həkim əlindən gələni edib ki, o, yubiley tədbirindən qalmasın, onu reanimasiya otağından da elə R.Behbudov adına Mahnı Teatrına yola salıblar, hamı Tanrının varlğına və gücünə, Rafiq müəllimin isə nə qədər Allah adamı olmasına bir daha inanmış oldu...

...Mənim Rafiq müəllimlə münasibətlərimin kökü düz 29 il əvvəllə bağlıdır. O illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil alırdıq. Hələ o vaxtdan onun nə qədər səmimi və dostluqda və yoldaşlıqda etibarlı olduğunun bir daha şahidi idim. Sonralar mənim yolum Dövlət Televiziya və Radio Verilişləri Komitəsindən keçəndə(ştatdankənar müxbir kimi fəaliyyət göstərirdim), bir neçə il sonra Azərbaycan Respublikası Neft Kimya Sənayesi Nazirliyinin "Böyük kimya uğrunda" qəzetinin baş redaktoru işləyəndə, 1990-cı ildə "Respublika", ardınca "Həyat" (indiki "Azərbaycan") qəzetlərində xüsusi müxbir, "Ədalət" qəzetində və daha sonra "Təzadlar" qəzetində rəhbərlikdə çalışanda belə, Rafiq müəllimlə bizi həmin o 29 il əvvəlki münasibət ayrılmaz həmkarlıq müstəvisində birləşdirirdi... İndi də həmin münasibətin işığında və təsir dairəsindəyik. Amma fərq ondadır ki, indi hər ikimizin ətrafında dostlarımızın sayı daha çoxdur. Biz bu illərdə dostlarımızın sayının çoxluğunda sınağa çəkilmiş və sanki "sınaq imtahanı"ndan beş almışıq...

...Rafiq müəllim də bizim kimi jurnalistdir, foto-müxbir kimi fəaliyyət göstərir. Lakin onun bizdən bir üstün fərqi var ki, biz qəhramanımızı söz ilə təsvir və təqdim edirik, Rafiq müəllim isə həm həmin qəhramanı foto-kameranın gözü ilə görür, təqdim edir, həm də sözün gücündən bəhrələnir.

Elə bu üstün cəhətdir ki, dünən Rafiq müəllimin təqdimatı keçirilən "Mənim könlüm deyir ki..." kitabının dəyərindən hamı danışdı. Tədbirdə çıxış edən xalq şairi Zəlimxan Yaqub, millət vəkili Vahid Əhmədov, professorlar-Arif Babayev, Ramiz Quliyev, xalq artistləri Əlibaba Məmmədov, Canəli Əkbərov, tanınmış bəstəkar, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, Bakı Metropolitenin rəisi Tağı Əhmədov, tanınmış müğənni  Flora Kərimova və başqaları çıxış edərək Rafiq Salmanovun yaradıcılığından, təqdimatı keçirilən kitabının dəyərindən danışdılar. Hamı bu kitabın Azərbaycanın demək olar bütün görkəmli sənət və mədəniyyət adamlarının barəsində tərtib edilmiş, sənət ensiklopediyası kimi seçilən dəyərindən danışdılar. Sonra isə söz tanınmış musiqiçilərimizin ifasında və təqdimatında musiqiyə və könül oxşayan mahnılara verildi.

Tanınmış ifaçılar Flora Kərimovanın, Nazpəri Dostəliyevanın, Mətanət İskəndərlinin, Brilyant Dadaşovanın, Mələkxanım Əyyubovanın və digər sevimli müğənnilərin mahnıları ürəklərə nur çilədi.

Tədbirin sonunda yubilyar bütün dəyərli qonaqlara təşəkkürünü və gələcək arzu və diləklərini çatdırdı.    

 

 

A.Məmmədli

 

Təzadlar.- 2010.- 22 aprel.- S.10.