"Dünən səhnəyə gələnlər bu gün "ad" alırlar"

 

Vaxtilə mahnıları radio dalğalarından, özü ekranlardan düşməyən Zahidə Məmmədsalahova unudulubmu?

 

Onun heç bir fəxri adı yoxdur. Valideynlərinin verdiyi adı ilə tanınır. Ancaq desək ki, xalqı, torpağı üçün hazırkı bəzi xalq artistlərindən çox görüb, yanılmarıq. Xalq arasında belə bir deyim var: "Ağlamayana pəpə yoxdur". Yəqin ulu babalarımız bir çox haqsızlıqları görüb təvazökar insanları hərəkətə gətirmək üçün bu kəlamı işlədib.

Bu, həqiqətdir. O, sadəcə, çalışıb, istəyib ki, Tanrının ona verdiyi bu vergidən insanlar da qidalansın, kiminsə könlü xoş olsun. "Gözəl səs Allah vergisi, gözəl bəxt tanrı payıdır" - deyirlər. O, da bu Allah vergisindən heç vaxt pay ummayıb.

Bu il 60 yaşını qeyd edəcək Zahidə xanım! İstili-soyuqlu, daşlı-kəsəkli, ağrılı-sevincli 60 il! Səhnələrdə keçən bir insan ömrü! Ancaq bu zərif, nazəndə xanımı görəndə onun 60 yaşlı bir sənətkar ömrü yaşadığına inanmırsan. Elə bilirsən ki, öz şaqraq səsi, şən ifası ilə səhnələri fəth edən 25 yaşlı Zahidə Məmmədsalahovadır.

Yaxşı yadımdadır. Hələ sovetlər birliyi dövründə, bir televiziya kanalımız olan vaxtlarda, o, tez-tez ekranın qonağı olurdu. Radio dalğalarında mahnıları tez-tez səslənirdi. Bu gün isə mətbuatımızın belə, bolluğu dövründə Zahidə xanım yada düşmür:

- Mən yaşayıram. Hələ ki, səsim , avazım da öz yerindədir. Ancaq nədənsə, mən sağ ola-ola lent yazılarımı səsləndirirlər. özüm isə heç kimin yadına düşmürəm. Mənim xalqım unutqan deyil axı. Mən isə bəziləri kimi özümü gözə soxmağı, nəyinsə xatirinə efirə çıxmağı xoşlamıram.

Zahidə Məmmədsalahova bir vaxtlar ekranımızın yaraşığı, evlərimizin əziz, çağrılmamış qonağı olan, bu gün isə unudulan Zahidə Məmmədsalahova:

- 16-17 yaşım olardı. Hansısa bir tədbir keçirilirdi. Mənə bir-iki mahnı tövsiyə olunmuşdu həvəskar kimi. Əlimdə mikrofon səhnəyə çıxanda gördüm ki, Şövkət xanım ağır addımlarla gəlib tamaşaçıların arasında əyləşdi. özümü itirdim. Beynimdə hər şey bir-birinə qarışdı. Musiqini , sözləri unutdum. Gözlərim onun üzündə qalmışdı. O, özü mənim durğunluğumu hiss elədi, yavaş səslə "oxu, qızım" deyib, işarə verdi. Elə bil bu sözdən ürəkləndim. Dilim açıldı. Böyük həvəslə oxudum. Sonra o, məni yanına çağırdı. "Yaxşı səsin var, elə yaxşı da oxudun, qızım, musiqi təhsilin var?" - deyə soruşdu. Utana-utana dedim ki, "heç orta məktəbi qurtarmamışam". O, başını buladı, kiçik kağız parçasına isə yazıb mənə uzadıb dedi ki, "sabah burda yazılan ünvana gedərsən, müsabiqə keçirilir. Bu kağızı göstər, səni buraxarlar." O gecə səhərə qədər sevindiyimdən gözünə yuxu getmədi. Səhər deyilən vaxtda həmin yerə getdim. Dediyi kimi oldu. Kağızı göstərən kimi məni içəri buraxdılar. Dedilər ki, hazırlaş, oxumağa gedirsən. İçəri girəndə gözüm qaraldı. Bütün korifey sənətkarlarımızdan Əlibaba Məmmədov, Şövkət Ələkbərova, İslam Rzayev Gülağa Məmmədov münsiflər heyətində oturmuşdular. Mən onların qarşısında necə oxuyum?

Son anda sənətə olan sevgim qalib gəldi. Deyilən mahnını oxudum o anda sənətkarın üzündə olan ifadəni görəydiniz. Elə bil isə qiymətli bir şey tapmışdılar. çox böyük qürurla, həvəslə "qızım, sən hazır müğənnisən ki!" - dedilər. Qət elədim ki, bundan yüksək qiymət olmaz. O gündən sənət həyatım başlandı. Tezliklə şöhrətim hər yerə yayıldı. Teleradio kanalı tez-tez mahnılarımı səsləndirdilər. Təhsilimi artırıb, sənətimin sirlərinə daha dərindən yiyələnmək üçün musiqi təhsili almalıydım. Soltan Hacıbəyov adına Musiqi Akademiyasında öyrəndiklərim məni daha da zənginləşdirdi. El şənlikləri, dövlət tədbirləri, respublikamızın müxtəlif bölgələrində zəhmətkeşlərlə görüşlərdən başqa dünya arenasına da çıxışım başladı. Demək olar ki, çox dövlətlərdə sevilirdim.

Həzin-həzin danışdıqca bu sadə, mülayim, həm zəhmətkeş qadının simasında keçmiş illərin o şöhrəti, xoş xatirələri canlanırdı. Həmişə xeyirxahlıq yolunu tutan insanlara arxa, kömək olan Zahidə xanım ictimai işlərdə fəallıq göstərib. Bu missiyanı indi davam etdirir. DAK birliyinin sədr müavini, Əlil Qadınlar Cəmiyyətinin sədridir. Respublikamızın ictimai, mədəni həyatında, mədəniyyətin inkişafında, musiqimizin dünya səhnəsində sevilməsində az-çox rolu olan Zahidə xanım nəyinsə xatirinə sənətə gələnlərdən yox, səsi, avazı, həm əxlaqı dünyagörnüşü, savadı ilə seçilən sənətkarlarımızdandır. Müasir dövrümüzün bəzi "sənətçiləri" kimi ərindən boşanıb, qazanc axtaranlardan deyil. Gözəl ailə başçısı, ləyaqətli anadır.

Elə rəhbəri olduğu "Nigar" qızlar ansamblındakı musiqiçiləri doğma övladı, bacısı kimi sevir, qayğısını çəkir. ""Nigar" ilə eldən-elə" devizi altında Azərbaycan musiqisini xarici dövlətlərdə sevdirir şöhrətləndirir:

- Qadın anadır, qadın yoldaşdır, qadın bacıdır. Qadın sahib olduğu işə başlayaraq təmizlik müqəddiməsi, paklıq simvolu olmalıdır. çox təəssüf ki, müasir müqəddimələrimiz haqqında bunu deyə bilmərəm. Qadın lazım olsa, hər şeyi ailəsinə qurban verməyi bacarmalıdır. Mən bu gün sənətimlə , ailəmlə fəxr edirəm. Baxmayaraq ki, heç bir fəxri adım yoxdur. Bu da ondan irəli gəlib ki, özümü gözə soxmağı bacarmamışam. Həmişə istəmişəm ki, mənə dinləyənlər qiymət versin. Elim-obam sənətimə hörmət eləsin. Azərbaycan musiqisi sevilsin. "Nigar"ı da elə bu məqsədlə yaratdıq. Ancaq bu gün fikirləşirəm ki, niyə indiyə qədər mənim sənətimə qiymət verilməyib? Niyə dünən səhnəyə gələnlər bu gün ad alırlar?! Mən isə 45 ildir bu yolda çalışıram, sevilirəm, ancaq hələ fəxri adım yoxdur. Bizcə, bu haqda fikirləşməyə dəyər! 

 

 

Zeynəb Cəfərli

 

Təzadlar.- 2010.- 22 aprel.- S.7.