Onun haqqında xatirə yazmaq çətindi, amma...

 

Şair-publisist Səyavuş Sərxanlı vaxtsız dünyasını dəyişdi. Onunla illər boyu dostluq, yoldaşlıq etmişdik. çox qədirbilən, qayğıkeş, diqqətcil yaradıcıydı. Yazacağı mövzunu varlığından keçirərdi. Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun xidmətlərindən, fəaliyyətindən yazanda özünü gah Şəmkirdə, gah da uzaq Sibirdə hiss edərdi. Səməd Vurğunun bu misraları dilinin əzbəriydi:

 

Ölüm sevinməsin qoy,

ömrünü vermir bada,

El qədrini canından

daha əziz bilənlər.

Şirin bir xatirətək

qalacaqdır dünyada,

Sevərək yaşayanlar,

sevilərək ölənlər...

 

Səyavuş Şəmkir bölgəmizdə dünyaya göz açmışdı. Orta məktəbi qızıl medalla bitirib, 1962-ci ildə ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdu. Ali təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Yazıçılar İttifaqının müxtəlif mətbuat orqanlarında işləmişdi. "Qayıt", "Dünya sevənlərindir", "Anamın səsi gəlir", "Yormaz bu yollar məni", "Duz-çörək" başqa şerlər, publisistik kitabları işıq üzü görmüşdü. Onun qələmindən çıxan hər cümləni, hər misranı oxucular maraqla qarşılayardı. Yaradıcılığı sevilər, yaddaşlarda qalardı. Səmimi, qayğıkeş insan kimi tanınmışdı. Ahıllar doğmaları kimi əllərini onun çiyinlərinə qoyardılar. Yeniyetmələr, gənclər, həmyaşıdları ona ehtiramla salam verərdilər. Bu nüfuza, sevilməyə o, yaradıcılığı, səmimiyyəti, alicənablığı ilə nail olmuşdu.

Z.Səyavuş gözəl publisist idi. Qəzet-jurnal məqalələrində uydurma, qondarma heç yox idi. Tarixin unudulmaz faktlarına, sənədli mənbələrə istina edəndə bu günümüzün reallığını aydın, parlaq təsvir edərdi. Azərbaycanda ilk dəfə "ölüm sevinməsin qoy!.." rubrikasını mətbuata o, gətirmişdi. Müqəddəslərin bu fikrini ayna təki oxucuların üzünə tutardı: "Yaxşı adamlar dünyalarını dəyişmirlər, sadəcə olaraq qeyb olurlar. Yaxşılıq etdiyi adamlara yenə qayğı göstərmək üçün bəlkə qayıtdılar..."

Səyavuş həddən artıq istiqanlı, şirindilli insan idi. Ağrıdan, əzabdan, haqsızlıqdan küsərdi, qovrulardı. Amma gileyini dilinə gətirməzdi. Həmişə emosional, çılğın, şən, gumrah görünərdi, yazılarında saxtalıq, ifratçılıq olmazdı. Onun 1971-ci ildə "Ulduz" jurnalında "Uzaq Sibirdən Azərbaycana salamlar" publisistik yazısı dərc olunmuşdu. O zamanlar xalq şairi, rəhmətlik Osman Sarıvəlli Yazıçılar İttifaqında poeziya üzrə məsləhətçi işləyirdi. Səyavuşu görüşünə dəvət edib, yarızarafat, yarıciddi  deyib: "Ay oğul, bu boyda da poema olar? Görmüşük ki, poema nəzmlə yazılar, sən isə nəsrlə əhvalatı təsvir etmisən... Sağ ol oğlum, yazını oxudum. Duydum ki, sən doğma  el-obamızı özün qədər istəyirsən. Uzaq Sibirdə millətimizə şöhrət gətirən Fərmanın timsalında azərbaycançılığımızı ucaltmısan". Həmin görüşdən sonra Səyavuşun qanadı olsaydı uçardı. Əvəzində qələmi vardı. Daha iştahla, həvəslə yazıb-yaratdı.

S.Sərxanlı yaxşı şair idi. Şeirlərində canlılıq, yurdsevərlik, milli keçmişimizə ehtiram, etiqad vardı. Onun "Anamın səsi gəlir" şeirlər toplusu əl-əl gəzərdi. "Duzla-çörəklə" şeiri yenicə işıq üzü görəndə - otuz beş il əvvəl , elə  indi xəyallarda müqəddəs amalları canlandırır:

 

Bir ulu gözəllik

gətirin yada -

özgə hansı adla

gül açar ürək:

İnsan üç qüvvədən

doymur dünyada-

Vətən,.. ata-ana,..

bir duz-çörək!

 

Şair-publisist ömrü boyu düz-çörəyi itirmədi, dost-tanışa biganə olmadı, dönük çıxmadı. Hətta uzaq-uzaq ellərdə çörək kəsdiyi həmkarlarını unutmadı. Onlarla daim yaradıcılıq əlaqəsi saxladı. ötən əsrin 70-ci illərində yazdığı "Sabahın xeyir, Litva" publisistik qeydləri bu gün həm mövzu aktuallığına, həm vətənpərvərlik duyğularına görə oxucuların marağına səbəb olur. Həmin yazısında o, mövqeyini belə bildirmişdi: "Yaşamaq - gözlərini  geniş açaraq yer üzündəki gözəlliyi su kimi içmək deməkdir, dünyaya təəccüb, heyrət maraq dolu məsum körpə baxışları ilə baxmaq deməkdir". İlk anda adi sözlər vasitəsi ilə oxunan bu fikir dərin məntiqli mənası ilə yadda qalıb.

Səyavuş incə qəlbli, kövrək ürəkli, şirindilli dost, həmkar,  şair-publisist  idi. Onun yaradıcılığı işıqlı, xoş amallı təfəkküründən süzülüb gələrdi. O, yazacağı mövzunun tam, əhatəli həlli barəsində düşünərdi. Hər sözü, cümləsi üçün can yandırardı. Mərhum elm xadimi Xudu Məmmədovun bu fikri yadımda qalıb: "Qələm dostum Səyavuş adətən gecələr yazır. Özü şam işığında. Bəzən mənə elə gəlir ki, həmin yanan şam elə onun ürəyidir..." Onun yaradıcılığın oxuyanlar bilirdilər ki, dostumuz həyatda necə vardısa, necə danışırdısa, eləcə yazır. Doğma, dadlı-duzlu ləhcəsi yaradıcılığına da hopmuşdu. Əməyi, zəhməti dəfələrlə qiymətləndirilmişdi. N.Ostrovski adına, iki dəfə "Qızıl qələm", "Məmməd Araz", "Nəcəf Nəcəfov" mükafatlarına layiq görülmüşdü.

Dostumuz, həmkarımız, həddən artıq müsbət keyfiyyətlərə, yaradıcılğa malik insan Səyavuş haqqında istəməsək keçmiş zamanda yazdıq: var idi, olub, yaşayıb, yaradıb. çünki o, daha aramızda yoxdur. Alın yazısından can qurtara bilmədi, oxucularına, mərhəmlərinə həmişəlik əlvida dedi. O, bir çox yazılarına "ölüm sevinməsin qoy!.." rubrikasını seçmişdi. İndi biz deyirik: ölüm sevinməsin qoy!..

 

 

Telman MEHDİXANLI

 

Təzadlar.- 2010.- 22 aprel.- S.7.