Vətən mücadiləsi
...İmperiya ideologiyasından asılı olmayan "balaca qəzetlərin" seyrək vaxtında yaranan və çağdaş demokratik mətbuatımızın ilk qaranquşlarından olan "Vətən səsi" qəzetinin 1-ci sayı 1990-cı il aprelin 18-də işıq üzü gördü. İctimai qurum olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin orqanı kimi əsas etibarilə erməni quldurlarının silahlı təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə oğuz türkünün müsibətlərini yazmaq və yaymaq məqsədi daşıyan qəzet indiki "Ermənistan" adlanan ərazilərdə əsrlər boyu yaşamış soydaşlarımızın həyatı, məişəti, mübarizəsini əks etdirmək məqsədi daşıyırdı. Hallüsinasiyalar içində hansısa xəyali "Böyük" dövlətin varisləriymiş kimi özlərini "qədim mədəni xalq" adlandıran vəhşi qövmün əsil saxtakar siması və sadist əməlləri barədə həqiqətlər ilk dəfə məhz "Vətən səsi"ndə strateji xətt olaraq sistematik dərc edilib.
Həm xəstə qonşularımızın hiylə maskasını, həm də ilana ağı verənlərin şər xislətini yüz minlərlə qaçqının timsalında konkret faktlarla açan "Vətən səsi" müsəlman türksoylulara qarşı məkrli oyunları ifşa edir, bəlalarımızın səbəbkarı kimi qarı imperiyadan qurtulmaq yolunu dəstəkləyirdi. Sovet ideologiyasına alternativ olaraq demokratik dəyərlərin, söz, mətbuat azadlığının genişləndirilməsi, soykökümüzə, milli adət-ənənələrimizə qayıdış, dilimizin, dinimizin qorunması, tarixi ədalətin bərpası kimi mütərəqqi ideyalar qəzetin əsas istinad motivləri idi. Hazırlıq prosesində uzun bir siyahı tutaraq arasından seçib götürdüyümüz "Vətən səsi" adı və "öncə - Vətəndir" devizi altında vətənə təmənnasız xidməti hər şeydən üstün tutan redaksiya kollektivi bu yolda qeyrətlə çalışırdı.
Öz imkanları çərçivəsində mübarizəsini vicdanla yürüdən "Vətən səsi" yurdun ən ağır günlərində xalqa yol göstərəcək qüdrətli sərkərdələrin, qəhrəman insanların, müdrik şəxsiyyətlərin təbliğinə də xüsusi diqqət yetirirdi. Bu baxımdan manşetinə "Vətənə Atatürk gərəkdir" çağırışını çıxardığımız qəzetdə ictimai fikirə belə bir ideya təlqin edilirdi ki, torpaqları düşmən tapdağı altında qalan, dövlətçiliyi təhlükədə olan, əhalisinin böyük bir hissəsi didərgin düşən bu zavallı Vətəni xilas etmək üçün idarəçilik sükanı arxasına qardaş Türkiyəni oxşar situasiyalardan çıxarmış uca Atatürk timsallı bir şəxsiyyətin keçməsi labüddür. Çağdaş Azərbaycanda isı belə bir şəxsiyyət yalnız və yalnız zəngin siyasi təcrübəyə, dəmir iradəyə və böyük nüfuza malik Heydər Əliyevdir.
1990-93-cü illər arasında gəldi-gedər iqtidarlar nə qədər qızsa da, biz bu fikirləri birmənalı şəkildə, ardıcıl prinsipiallıq və qətiyyətlə təbliğ edir, məsələni gündəmdə saxlayırdıq (sonralar mən bu ideya üzərində yaradıcılıq axtarışlarını genişləndirərək Mustafa Kamal Atatürkün və Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Böyük ömrün anları" adlı fəlsəfi-publisistik kitab yazdım. Türk dünyasının iki dahi oğlunun, görkəmli dövlət xadimlərinin Vətən uğrunda mübarizələrini, xalq naminə fədakar zəhmətlərini, dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərini həm müvafiq sitatlar, aforizmlər, müdrik deyimlər, həm də onların bir-birinə çox oxşar foto-şəkilləri ilə parallel montaj edərək dahilərin xatirəsinə layiq bir töhfə hazırladım. Forma və məzmun etibarilə anoloqu olmayan həmin illüstrasiyalı kitab həm Azərbaycanda, həm də Tükiyədə oxucular arasında böyük maraqla qarşılandı)....O illəri görənlər bilir ki, Azərbaycan necə dəhşətli problemlərlə üz-üzə qalmışdı: ictimai, siyasi, hərbi, iqtisadi, sosial böhran ölkəni didib-dağıdırdı. İttifaq rəhbərlərinin "yenidən qurulmuş" xəyanəti sayəsində türk torpaqlarında yaradılan marionet "Ermənistan" yenə nankorcasına ərazi iddiaları qaldırmış, sovet ordusunun köməkliyi ilə kəndlər, şəhərlər işğal edilərək erməniyə verilmiş, yüz minlərlə soydaşımız əzəli dədə-baba torpaqlarından didərgin düşmüşdü. Əhalinin yaşayış səviyyəsi təhlükəli həddə idi. Kremlin davamlı siyasi-iqtisadi-hərbi-ideoloji təzyiqləri xalqı psixoloji cəhətdən bədbinliyə düçar edib sabaha inamını, ümidini öldürür, mübarizə əzmini qırırdı... ölkədə vətəndaş müharibəsinin simptomları müşahidə olunmaqdaydı. Bu isə düşmənlərimizin arzuladığı ən pis sonluğa, ən ağır fəlakətə doğru sürükləyirdi: dövlətçiliyimiz itirilə bilər, Azərbaycan adlı respublika yer üzündən silinər, xalq sərgərdan və zəlil günə düşərdi...
İndiki sakit, dinc həyatımızdan baxanda dəhşət dolu o dövrləri unutmamaq gərək.
O cür ağır dönəmdə hər bir vətəndaşdan, xüsusən ömrü boyu yağ-bal içində bəslənən, propaqanda maşınının məşhurlaşdırdığı öndə gedən alimlərdən, yazıçılardan, ictimai xadimlərdən qəti mövqe gözlənirdi. Vətən öz övladlarından imdad diləyəir, millət, xalq sınağa çəkilirdi. İlk növbədə məhz ziyalılar qeyrət göstərərək sadə zəhmətkeşlərə məqamın ab-havası kimi kəskin, sərtr, açıq söz deməli, həqiqəti xalqa bildirib çıxış yolu göstərməliydilər. Zehnin yaratdığı, qələmin yazdığı, dilin dediyi hər kəlmə indi yalnış bir haqqa tuş gəlməli idi: dara düşdüyümü bu məqamda hər şeydən önjə - Vətəndir, Vətənin taleyidir!
Adətən ekstremal məqamlarda simalar açılır, xarakterlər bəlli olur. Nə yazıq ki, o ağır dövrlərdə Azərbaycandan qaçıb gedən, xarici rahat hotellərdə daldalanıb qorxudan susan, genində satqınlıq daşıyan "ziyalılar" da tapılırdı. Təbii, hərə öz qeyrətini göstərirdi: ölkədən uzaqlarda gizlənən də, "yaradıcılıq ezamiyyətində" yaşamağa üstünlük verən də, isti kabinetində həyəcanla var-gəl edən də, çarəsiz qaçqınları kobudcasına qapısından qovan da, xəstəlik bəhanəsilə bağda-bağçada gəzərək hadisələrin sonunu gözləyəndə də... Fəqət bu xalqın əksəri əlbəttə, özünü, öz rifahını düşünmədən odun-alovun içinə atılıb qeyrətlə vicdan borcunu ödəməkdəydi.
Bax elə bir zamanda "Vətən səsi"nin əməkdaşları da mərd-mərdanə millət meydanındaydı. Onlar özlərinin mübarizə əxlaqını, mücadilə amalını həqiqəti açıq-aşkar yazmaqda, bəlaların kökünü göstərib çarəsini axtarmaqda, Vətəni xilas edəcək qüvvələrin, qəhrəman oğulların təqdimatında görür, ən azından əhalinin dərdini, kədərini ovudacaq xoş bir kəlmə, ümidverici bir söz deməklə, insanlara mənəvi dəstək, təsəlli verməklə ümumi işə xidmət göstərirdilər. Bizim hər nömrədə manşetə çıxartdığımız mətnlər - "Vətən təhlükədədir", "Vətənə Atatürk gərəkdir", "Şuşa əldən gedir", "İran erməniyə silah satır", "Xalq - Qalx", "Yenə də: hər şey cəbhə üçün, hər şey qələbə üçün" və s. çağırışlar - redaksiyada xalqla, millətlə həmahəng yaşanan ab-havanın təzahürü idi. Yazdığımız, yazdırdığımız və çapa imzaladığımız məqalələrin ideya istiqaməti yalnız Vətən, Xalq, Azadlıq naminə idi. Qarabağda törədilən erməni vəhşiliyinin ifşası, didərgin soydaşlarımızın ürək acısının ovudulması əsas mövzularımızdan idi.
Bu çərçivələrdən
kənarda nə biz vardıq, nə bizim qəzetimiz.
İndiki ölçülərlə
müqayisədə çox
böyük tirajla
(30-60 min arası) çıxan, qaçqın
və məcburi köçkün soydaşlarımızın
problemlərini
dünyaya car çəkən "Vətən
səsi" xalqa asi olanlarla, vətəni satan yaltaq, ikiüzlü adamlarla, naşı idarəçilərlə, iki
cəbhəyə işləyən
konyukturaçı işbazlarla
bir yolu gedə bilməzdi. Və getmirdi. Vətəni, torpağı,
xalqı təmənnasız
sevib ona xidmət etmək qətiyyətli redaksiya əməkdaşlarının prinsipial həyat amalı idi. Yuxarıda qeyd etdiyim kimi, 1991-93-cü illərdə Baş redaktor kimi əl-ələ,
çiyin-çiyinə çalışdığım
həmfikirlərim, kollektivimizin
dəyərli üzvləri
- Sabir Tarverdiyev, Bəxtiyar Səttaroğlu,
Nəsib Qaramanlı, Rafiq Fərəcov, Əhməd Vedili, Salman Vilayətoğlu, Kazım Qaraçanta, Bilal Ənsər, Miraslan Bəkirli və b. dostları
bu gün də minnətdarlıqla xatırlayıram.
Biz hamımız bir yerdə bütün məhrumiyyətlərə,
hədə və təzyiqlərə baxmayaraq
məhz bu əqidə ilə yaşayır, bu əqidə ilə yazıb yaradırdıq. Haçansa ədalətin
zəfər çalacağına
inanırdıq. Gün-gündən
dramatikləşən hadisələr
içindəki fəaliyyətimiz
bizim müqəddəs
Vətən mücadiləmiz
idi...
Bu məqamda mən qəzetimizin
tarixində yaşanan ən şərəfli olayları
qürurla xatırlayıram. Hərənin
bir məzhəbə qulluq etdiyi o qarma-qarışıq
dövrlərdə bizim redaksiya əməkdaşları
getdiyimiz prinsipial yolda xilasın ümid
işığını, xilaskarın yeganə
ünvanını - Naxçıvanda yaşayan dahi Heydər Əliyevin
timsalında görürdü, deyirdi, yazırdı.
(Ardı var)
Akif ƏLİ,
yazıçı-publisist,
fəlsəfə doktoru
Təzadlar.- 2020.- 24 aprel.- S.7.