"Bir addımlıq
ömür..."
Şair Sultan Mərzilnin müxtəlif illərdə qələmə aldığı və 2006-cı ildə Bakıda nəşr olunmuş şeirlər kitabı belə adlanır. Fizikadan lirikaya gələn həmin bir addımlıq ömür min illik Azərbaycan ədəbiyyatı xəzinəsinə dəyərli bir şeirlər kitabı töhfə etmişdir.
Qarabağın dilbər guşəsində dünyaya göz açan Sultan Mərzili misilsiz Azərbaycanımızın, sanki bütün gözəlliklərini və füsunkar təbiətini elə uşaqlıqdan qəlbinə köçürmüş və həmin əsrarəngiz təbiət də ona həyatda coşqun ilham, şairlik bəxş etmişdir.
Dünya ədəbiyyatına korifeylər vermiş Azərbaycan xalqı sözün əsl mənasında şair xalqdır. Bunu ulu babalarımızın cüt dalında dediyi nəğmələr, nənələrimizin beşik başında zümzümə etdiyi kövrək, həzin bayatılar, Oğuz nəslinin peyğəmbəri Dədə Qorqudun nəğmə dolu qopuzu, Dirili Qurbaninin, Abbas Tufarqanlnın, Xəstə Qasımın, Aşıq Alının, Aşıq Ələsgərin və aşıq Ədalətin segah dilli yanıqlı sazı da sübut edir. Qoç Koroğlu igid dəlilərini şeirlə, şur üstə deyilmiş qaytanlı havaları üstündə düşmən üstə hücuma apararmış...
Azərbaycan dili dünya binə olandan sanki şeir və poeziya üçün yaranmışdır. Elə buna görə də ədəbiyyatımızda sinədəftər şairlər, meyxanaçılar, qəzəlxanlar, ölməz söz ustadları zaman-zaman bir-birlərini əvəz etmişlər. Dünya ədəbiyytında nə ikinci Məhəmməd Füzuli, nə də Əliağa Vahid kimi sinədəftər bir qəzəlxan olmuşdur. Bu sözləri cəsarətlə yazıram. çünki belə sənətkarları yalnız söz, sənət və poeziya aşiqi olan Azərbaycan xalqı yetirə bilərdi.
Bu gün ədəbiyyatımızda Sultan Mərzili kimi bir sənətkar, coşqun, saf, ehtiraslı təbi olan, məhəbbət və poeziya aşiqi də belə bir zəmində yarana bilərdi. Azərbaycan ədəbiyyatında həvəslə, şövqlə, təlatüm və kükrəiyişlə at oynadan onlarla, yüzlərlə, hətta minlərlə əlinə qələm götürənlər, yazarlar olmuşdur. Lakin usta səviyyəsinə çox azları, ustad səviyəsinə isə azların da azları yetə bilmişlər. Qalın-qalın kitablar çap etdirib ortaya qoymaq hələ sənətkar olmaq demək deyil, üstünü toz basmış kitabların yerinə oxucu qəlbində, xalqın qəlbində qala bilmək əsəas şərtdir. Həsənoğlu elm aləminə məlum olan bir-iki şeiri ilə ədəbiyyatımızda yer tutub. Haqqında bəhs etdiyimiz Sultan Mərzili də bu məsələyə toxunaraq fikrini belə açıqlayır:
Oda bələməsən
ürək sözünü,
O söz ürəklərin
elçisi deyil.
Kitabın
qalını, şeirin uzunu,
Yaxşı ki,
şairlik ölçüsü deyil!
Son dərəcə həqiqi və təndürüst deyilmiş sözlərdir. Gənclik illərimdən bu günə kimi yüzlərlə, bəlkə də minlərlə şeir kitabları oxumuşam, hər bir gənc şairin yeni çıxan əsərlərini mütəmadi izləmişəm. Qəlbimə yatan, ruhuma yaxın olan müəlliflərin əsərləri bu gün də şəxsi kitabxanamda əziz bir ürək sirdaşları kimi qalmaqdadır.
Sultan Mərzili isə, məncə, insafla desək, həyata anadangəlmə şair kimi xoşbəxt doğulmuş bir insandır. Onun xoşbəxtliyi şeirlərindəki mərdliyində, iradəsində, dözümündə və cəfakeşliyindədir. Poeziya və şeirin kriteriyası onun hər gəldi-gedərlər üçün olmamasında, ucalığında və əlyetməz olmasındadır. Bu yol nağıllarımızdakı gedər-gelməz bir səfərə bənzəyir. Yolun əvvəlində və ortasında qalanların sayı bəlkə də göydəki ulduzlar qədərdir. Yalnız Fərhad kimi külüng, Xətai kimi qılınc çalanlar, dərdbilənlər, cəfakeşlər sözün zirvəsinə yetişə bilirlər. Mən özüm də şeirin nə olduğunu bilirəm, iki şeirlər kitabının müəllifiyəm, amma necə deyərlər, "mən o məcnunlardan deyiləm..."
S.Mərzilinin şeirləri qəlbimdə o qədər rahatlıq yaradıb, illərin yükündən soyumuş könlümü o qədər ehtizaza gətirdi ki, istər-istəməz belə deyərdim: poeziyada, sənətdə Sultan olmaq üçün gərək Məcnun olasan, Məcnun kimi tanınmaq üçün isə gərək Sultan ola biləsən. Bizim məmləkətdə hamı şeir yazır, mənim kimi. Lakin qüdrətli sənətdən söz düşəndə, çoxları susmağa məcbur olur. Elə buna görə də bizimlə həməsr olan Sultan Mərzili həmin məqamlara fikirlərini belə ifadə edir:
Şeirdən
söz-söhbət açıldığı vaxt
Fil kimi kükrəyib
coşanlar çoxdur.
Elə ki, qələmdən
yapışır qoçaq,
Görürsən, milçəkcə qüdrəti yoxdur.
"Əslində
şeir də bir elmdir - poeziya elmi". Bu sözlər
də Sultan Mərzilinindir. Təcrübəli
bir bağban gülşəni-raz yaratdığı kimi, mahir
bir cərrah ən ağır əməliyyatı belə, məharətlə
başa çatdırdığı kimi, sözdə, sənətdə
də ustalıq, məharət və istedad üstün gəlir.
Hər əlinə qələm alıb şeir
yazan şair olsaydı - dəryalar mürəkkəb, meşələr
qələm olsa da bəs etməzdi. S.Mərzili yazır:
Zahiri bənzəyiş dəb
olub indi,
Qəlbində
saray qur, yenə duyulmaz.
Hər səfil gəzəndən
Məhəmməd Hadi,
Hər yekəburundan
Tolstoy olmaz.
S.Mərzili
bütün məqamlara təcrubə, həyat, fəlsəfə
və məntiq, səbəb və nəticə nöqteyi-nəzərindən
yanaşır.
Hər bir başlanğıc öz mahiyyəti
etibarilə nəticəyə bağlanmalı, zaman və məkanca
bir-birini tamamlamalıdır. Şeirdə,
sənətdə kriteriya, mahiyyət və gözəllik
budur. Belə bir çətin və əzablı,
labrint kimi dolanbac yollarda çoxları nəticəyə gedən
istiqaməti itirir, sonsuzluqda və çəkisizlikdə
vurnuxurlar. Şair S.Mərzili məhz həmin fəlsəfi
fikirlərini "Olmaz" rədifli şeirində olduqca həyati
verə bilib:
Dünyada yeri var
ucalığın da,
Hər
alçaq təpədə bil ki, qar olmaz.
İstər gənc ol, istər
qocalığında,
Sənətdə korlardan sənətkar
olmaz!
Doğrudan da sənətdə
kor olmaq, görə, duya və sezə bilməmək kimi bir
naşılıq, istedadsızlığın günahı qələmdə
deyil, qəlbin gözünün korluğundadır. Xalq arasında belə bir məsələ
də elə buradan yaranıb: "Hər oxuyan Molla Pənah,
hər qatırçı Murad olmaz". Yuxarıda göstərdiyim
"Olmaz" rədifli şeirində S.Mərzili həmin məqamları
yüksək təzadlarla qələmə ala bilib:
Hər atasız uşaq Həzrəti
İsa,
Hər dul arvad alan Məhəmməd olmaz.
Hər çəlik
götürən Həzrəti Musa,
Hər saqqal
qoyanda əzəmət olmaz.
Bu misraları
belə bir tərzdə, bu cür deyimdə qələmə
almaq hər qələm sahibinin işi deyil. Bu, klassik ədəbiyyatımıza
yaxından bələd olmaqdan, ustad sənətkarları sevərək
yaşamaqdan irəli gəlir. Maraqlı cəhətlərdən
biri də kitaba giriş sözünün məhz müəllifin
özü tərəfindən yazılmasıdır.
Sultan Mərzili
ixtisasca fizik və riyaziyyatçıdır. Lakin şeirlər
toplusuna yazılan ön sözü oxuduqdan sonra belə bir qənaətə
gəlirsən ki, nə yaxşı ki, kitaba giriş
sözünü elə müəllifin özü yazıb.
Böyük məmnuniyyətlə deyərdim ki, Sultanın
özündən savayı heç bir ədəbiyyatçı
belə bir ön sözü yazmağa müvəffəq ola bilməzdi. Qarabağın füsunkar və
əsrarəngiz təbiəti gənclik illərindən
Sultanın qəlbində tükənməz bir ilham mənbəyinə
çevrilmiş, illər keçdikcə onu sözün, sənətim
zivələrinə gətirib çıxara bilmişdir:
Xoş günümdən
keçdim,
İllərimdən
keçdim,
Oddan-buzdan
yapışdım,
Əllərimdən
keçdim.
Sevgilim atdı məni,
Səndən
ötrü.
Uçdumu ağ
günlərim
Bir qara gündən
ötrü?!
Keç desən, candan
keçim,
Cümlə cahandan
keçim,
Səndən keçmərəm,
Səndən
keçmərəm.
Bəli,
şeir kimi qənirsiz bir pəridən keçməyin,
dünyada hamıdan və hər şeydən əziz və
şirin olan poeziyanı Məcnunluqla sevən Sultanı
şeir və sənət Sultanlıq məqamına gətirib
çıxarır. Bəzən adama elə gəlir ki, nə
yazasan və nədən yazasan?! Axı
dünyada deyilməmiş, söylənməmiş nə
qalmış ki? Lakin "Bir
addıımlıq ömür" kitabını oxuduqca yəqinlik
tapırsan ki, dünyada şeirə, sənətə gətirmək
üçün nə qədər təzə sözlər,
eşidilməmiş deyimlər, incə məqamlar
varmış. S.Mərzili oxucunu hədsiz-hüdudsuz
söz ümmanında yeni deyimlərlə, bakirə sözlərlə,
saf büllur duyğularla qarşılaşdıra bilir:
Əsəm icazəsiz
saçlarında mən,
Qəlbini
oxuyam baxışlarından.
Ya da ki, ərk ilə tutub əlindən,
Keçirəm
gözümün yağışlarından.
Mən gəncliyində
sevgi və məhəbbət şeirləri yazan S.Mərzili
kimi şairlə ilk dəfədir ki, rastlaşıram. Təpədən-dırnağa
sevgi ilə, məhəbbətlə nəfəs alan şair özü də bu barədə belə
yazır:
Ah, nə qədər sevmək
olar, ilahi?!
Göz qaralar,
söz tükənər, dil yanar.
Ümman yumaz bir sevgilik
günahı,
Gün saralar, ay qovrular, il yanar.
"Bir addımlıq
ömür" kitabında müxtəlif illərdə
yazılmış bir çox şeilərdə şairin həyatının
nisgilləri, mənəvi və ruhi əzabları, gənclik
məhəbbəti, tükənməz sevgisi əks
olunmuşdur. Sevgi imtahanında ələkdən saca keçən
şair özü bu barədə belə deyib:
Burda ürəyimiz dil
açan zaman,
Bildik nə
dünyalar məhəbbətinmiş.
Dünyada yüz dövlət
imtahnından
Bir qız
imthanı daha çətinmiş.
Sevginin ölməz və əbədi
fəlsəfəsindən danışan şair
"Sevgisiz" adlı şeirində həmin
duyğuları dah da inkişaf etdirərək yazır:
Qəlbində sevginin
közü olmasa,
Bir günəş
olarsan, amma istisiz.
Qəlbində sevginin
özü olmasa,
Bir nəğmə
olarsan, amma bəstəsiz.
Yaxud da:
Gözəllik çöllərə
səpilməyib ki,
Əzəldən yaranıb
duman dağ üçün...
Sevgisiz insana ürək nə
lazım,
Yarpaqdır,
qurumuş bir budaq üçün.
Mənə elə gəlir
ki, Sultanın saçları ağarsa da, qəlbi hər zaman
sevgi və məhəbbət hisslərindən nəşə
tapdığından onun ilhamı heç zaman qocalmyacaq, o,
yetmiş yaşında da, səksənində, doxsanında və
hətta yüz yaşında da gənclikdə olan sevgisini, məhəbbətini
yaz çiçəklərinin ləçəkləri kimi
bağrına məlhəm edərək yenə də sevgi
şeirləri yarada biləcək. N.Gəncəvi belə
yazıb:
Eşq düşsə
daşın da qəlbinə əgər,
Gövhərdən
özünə məşuq düzəldər.
S.Mərzili isə
əsl həyatını yazan şairlərimizdəndir. Həyatını,
ömrünü, gününü, hətta yanar eşqini belə
şeirə, poeziyaya qurban verən şair şeirlərindən
başqa onun
üçün önəmli bir şeyin
olmadığını görün oxucuya necə təqdim
edir:
Bəzən ürək
açmaq olmur heç kimə,
Deyirəm,
onsuz da batdım, qoy batım.
Arabir baxdıqca şeirlərimə,
Görürəm,
ordadır mənim həyatım.
Şair yarımçıq
qalmış nəğmələrə bənzər məhəbbətinin
uğursuz dönəmlərini, eşqsiz, məhəbbətsiz
bir ürəyin hava dolu bir qovuğa bənzədərək
yandırıcı, həm də sənətkarlıqala
şeirə gətirə bilib:
Sənli günlərimlə
sənsiz günləri
Ömrümdən
ayırıb yarı bölüşəm.
Səndən
ayrıldığım o gündən bəri,
Hamının
yanında qərib olmuşam.
S.Mərzili "Məktub"
adlı şeirində həmin məqamları pessimizmdən
nikbinliyə yüksəldərək yazır:
Duyur zərrə-zərrə
sevgini ürək,
Bu od
yandıracaq başatan bizi.
Qovuşsa məhv
olan iki zərrətək.
Bəlkə
ayrılıqdır yaşadan bizi.
Əşrəf Hüseynli,
tarix elmləri namizədi
Təzadlar.- 2010.- 27 aprel.- S.15.