Özü kölgəli, gözü kölgəsiz- Əli Bağırov

 

...Elə bil dünənin söhbətidir, Əli müəllim adəti üzrə redaksiyaya zəng etmişdi. Həmişəki kimi "Dostum, qardaşım Süleyman Dəmirələ eşq olsun!", deyib dərhal da mətləbə keçdi: " Necə varsan, əziz qardaşım! Məhkəmə işi nə yerdədir?".

Gerçəkdən, son illər az qala hər həftə hardasa bir məhkəmə işimiz olurdu (Əli müəllim də məhkəmə qalmaqallarından uzaq deyildi....

Əli müəllim isə peşəkar polis işçisi, insanların xarakterini bilən və dəyərləndirən insanlardan idi. Həmişə də maraqlanırdı, soruşurdu, ağsaqqal kimi dəyərli məsləhətlərini verirdi. Düzünü desəm, bəzən Əli müəllimin dediyi və məsləhət gördüyü yolla razılaşmaq istəmirdim. çünki haqq bizim tərəfdə olurdu, dünən dost deyənin bu gün naxələf çıxması ilə barışa bilmirdik...Əli müəllim də bəzən  reallıqdan çıxış edərək qoyduğu şərtlərdən imtina həvəsimi görəndə, deyirdi:"Reallıqla barışmaqdan başqa yol varsa, buyur...Yox, əgər əsəblərini və vaxtını itirmək istəyirsənsə, məni eşitmə..."

Deyirdim, Əli müəllim, vallah, düz deyirsən, amma... Və mən də bilirdim ki, bu "amma"lıq işə keçmir. Reallıq həyatın fəlsəfəsidir və bu əmrdən çıxmaq bəzən mümkün də  deyil...

...Əli müəllim elə bir gün olmazdı ki, zəng etməsin. Hərdən də zarafatla deyirdi ki, deyəsən, məni unutmusan... özü də bilirdi ki, Allah başını qatmışlar bəzən başımızı qatırlar, məhkəmələr olur, vaxtımızı alırlar. Həqiqətən də bir gün səsini eşidib işıqlı simasını, gülər üzünü görməyəndə elə bil nəyisə itirmiş kimi olurdum...

Əli Bağırovun haqqında "özü kölgəli, gözü kölgəsiz" adlı bir kitab işıq üzü görmüşdü. Həmin kitabı mənə hədiyyə etmişdi. Bir neçə gün sonra kitabın qəhrəmanı-Əli müəllim haqqında bir yazı dərc etdirdim. Yazını oxuyub çox kövrəlmişdi... Elə o vaxtdan da dayı-bacıoğlu münasibətlərimiz dostluğa çevrildi.

Bir dəfə isə zəng edib dedi ki, bir məhkəmədə işi var, kömək lazımdır... Dedi (indi adını çəkmək istəmədiyim)  "...apellyasiya məhkəməsində şikayətimə baxacaqlar... Qərar xeyrimə olmalıdır, amma..."

Bilirdi ki, həmin apellyasiya məhkəməsinin sədri dostumuzdur, həm də çox obyektiv insandır. Yəni, demək istəyirdi ki, həmin dostumuza zəng edib görüşüm, məsələyə qanuni baxılmasını təmin etsin... Dedim ki, Əli müəllim, narahat olma, zəng edərəm...Əli müəllim çox dəqiq insan idi. Ona görə də zarafata salıb dedi, yox, yanımdan zəng elə, görüm ağlım bir şey kəsir, yoxsa yox... Zəng etdim, işin mahiyyətini deyən kimi, dostumuz da dedi ki, ortada heç bir problem yoxdur, ola da bilməz... Əli müəllim isə istəyirdi ki, mən həmin dostumuzla şəxsən görüşüm... Dedim, Əli müəllim, başqa bir problem varmı? Güldü, dedi, bajı oğlu, bilirsən, zəng etdin, yaxşı elədin... Amma mənim ürəyim... (apellyasiya məhkəməsi yerləşən şəhərə işarə vurdu) oranın havasını istəyir, buna nə deyirsən?.. Dərhal nə demək istədiyini başa düşdüm və dedim, Əli müəllim, ürəyin istəyirsə, deməli, gedə bilərik... Elə bu vaxt Moskvada yaşayan həmyerlimiz, Rusiyanın əməkdar rəssamı Əsgər Məmmədov zəng etdi, məlum oldu ki, Əsgər müəllim bir saat olar ki, Bakıya gəlib... Əli müəllim bu söhbəti eşitdi və sürücüsünü göndərdi, yolüstü Əsgər müəllimi də götürüb getdik həmin şəhərə... Məhkəmə binasına yaxınlaşanda həmin sədr dostumuza zəng etdim ki, gəlmişəm, sizi görmək istəyirəm...Etiraz etmədi. Yaxınlaşdım polisə, məlumat verdim... Az keçmiş məhkəmə sədrinin köməkçisi birinci mərtəbəyə düşdü və məsələnin məğzini danışdım...Dedim ki, bir dəqiqəlik məni qəbul etsin... Köməkçi yuxarı çıxıb gəldi və dedi ki, sədr yerində yoxdur, yarım saatdan sonra olacaq...Bu söhbətimizi polis nəfəri də eşidirdi, yaxud eşitməyə bilməzdi...Amma köməkçinin danışığından hiss etdim ki, bu mənə "Yarım saat sonra gəlin..." işarəsi deməkdir... Bu sözləri eşidən kimi Əli müəllim bərk əsəbləşdi, dedi, ə, gəl getdik, mənə lazım deyil belə məhkəmə qərarı da, başqa şeylər də...

Sözün düzü, çox pərt oldum, Əsgər müəllim də narahat oldu... İndi Əsgər müəllim də, mən də Əli müəllimi sakitləşdirə bilmirik, deyir, yox, əgər həmin adam sənin dostundursa, dərhal qəbul etməli idi, çünki sən ona zəng etdin, o isə söz verdi... Dedim, ay Əli müəllim, Allah sənə kömək olsun, sizin vaxtınızda söz də bir olurdu, sözü verənin ətrafı da... Bəlkə köməkçi ona bu sözü deyəndə, yanında elə bir adam olub ki, istəməyib bizi görsün, bəlkə elə sənin məhkəməyə verdiyin qarşı tərəfin vəkilidi və ya nümayəndəsidi... Nəhayət, dedim, Əli müəllim, bu qədər yol gəlmişik, gəl bir az səbr eliyək... Əli müəllim nəhayət, razılaşdı. Yaxınlıqdakı restoranda əyləşib çay içirdik ki, birdən telefona zəng gəldi, köməkçi idi. Dedi ki, sədr sizi  gözləyir... Dərhal getdim, köməkçi məni öz kabinetinə apardı və bildirdi ki, sədrin yanında yuxarıdan adamlar var, qarşı tərəfin nümayəndəsi də qəbul otağındadır... Sədr dedi ki, elə bilsin ki, görüşmüsünüz, problem qanuni həllini tapacaq, şikayətçi Əli müəllimi də tanıyır və böyük hörməti var və s.

 Əli müəllim bu sözləri eşidəndə, kefi duruldu və gülümsəyib "Getdik!"-dedi... Bakıya çatana kimi Əli müəllim bu məsələdən danışdı: - Əgər səbrsizlik etsəydim, bütün işi korlamış olardım... Sənə halaldı...

Dedim, Əli müəllim, mənə yox ey, sənə halaldı ki, bu qədər səbrsiz adam mənimlə razılaşdı...

...Əli müəllimlə dostluğumuzun tarixi az olsa da, sınaq dövrümüz bizi o qədər bir-birimizə yaxınlaşdırmışdı ki, nümunə çəkmək üçün uzun vaxt gərəkdir. Bütün o görüşlərimizdən o qədər maraqlı və yadda qalan hadisələr diqqəti çəkir ki...

Bir dəfə redaksiyadan "Qaçqınkom"a sorğu göndərməyi xahiş etdi... Göndərdik və sorğuya qanuna müvafiq 7 iş günü ərzində cavab verilmədiyindən qarşı tərəfi məhkəməyə verdik. Yasamal rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin icraatında olan işə qarşı tərəfin nümayəndələri də gəldi. Hakim mənə bildirdi ki, əgər qarşı tərəf sorğuya cavab versə, iddiadan imitina edərsinizmi? Dedim, məqsədimiz sorğuya cavab almaqdırsa, nə problem var ki! Amma ürəyimdə də Allaha yalvarırdım ki, kaş, Əli müəllim  də razı olsun... çünki bir problemli məsələ vardı, qarşı tərəf onu  çox incitmişdi... Beləliklə, hakim qarşı tərəfin nümayəndəsinə və hüquqşünasına sorğuya dərhal cavab verməyi tapşırdı və sonda dedi: -özü də ən qısa vaxtda...

Ardınca da əlavə etdi:

-Biləsiniz ki, həm də Əli müəllim tanınmış adamdı, mənim də dostumdur...

Mən etirazvari mövqeyimi bildirdim və dedim ki, Şahin müəllim, məncə, elə deyil axı...

Hakim narahatlıqla üzümə baxdı və gülümsəyərək dedi ki, məgər bizim dostluğumuz barədə nəsə başqa məlumata maliksiniz?

Dedim, yox, siz deyən kimi deyil...

- Bəs necədir?-deyə hakim əlavə etdi.

Dedim:

- çünki Əli müəllim təkcə sizin yox, bütün Azərbaycanın dostudur...

"Qaçqınkom" nümayəndələri bununla da nəyə işarə vurulduğunu başa düşmüş kimi, artıq sorğuya iki günə deyil, bir günə cavab verəcəklərini deyərək mehribanlıqla görüşüb ayrıldılar. Mən isə iddiadan dərhal imtina etdim...

Həmin gün hakim bu məsələni Əli müəllimə danışmışdı və bir də gördüm Əli müəllim zəng edib... Dərhal da zəhmli səslə -Biz, deyəsən, dayı-bacıoğlu münasibətini dostluğa çevirmək barədə qərar qəbul edəcəyik...

Mən də zarafatımdan qalmadım:

- Əli müəllim, xahiş edirəm, bunu rəsmi qaydada edək... Ərizənizi yazıb verin elə Yasamal rayon Məhkəməsinə, yəqin ki, Şahin müəllim də müsbət qərar çıxaracaq...

Bu sözləri eşidəndə xeyli güldü... Sonralar bu söhbəti həmişə xatırlayırdı...

...Tanrı Əli müəllimə dəmir iradə, ötkəm mövqe   zəhmli baxışlar bəxş etmişdi. Kimsənin yanında sözünü yerə salınan şəraiti yaratmadığından, həmişə də ağsaqqal kimi sayılıb-seçilirdi. Bir sözlə, həmişə özünə hörmət qoymuşdu deyə, həyatı boyu da hamı hörmətini saxlayırdı... Onun həyat fəlsəfəsi belə idi...

...Əli Bağırov xarakterli insan kimi tanınırdı. Heç kimə oxşarı yox idi. Verdiyi sözlə əməli arasında bir vəhdət vardı... Daha doğrusu, özünün danışdığı və dostlarının söylədiyi kimi, kimsə onu istəmədiyi şərtə heç vaxt tabe etdirmək iqtidarında olmamışdı. Sadəcə, Əli müəllim buna imkan vermədiyi kimi, şərait də yaranmamışdı. Elə bu səbəbdəndir ki, vəzifədə olduğu illərdə belə, istənilən ziyanı çəkməyə razı olmuşdu, amma mövqeyinə və iradəsinə zidd addımlara heç bir halda könül verməmişdi... Sözünün və vədinin ağası olmuşdu...

İnanıram ki, onun iradə möhkəmliyi, sözübütövlüyü və mövqe adamı olmağı Əli Bağırovsevərlər üçün, onun dostları və əzizləri üçün bir məktəb kimi həmişə dəyərləndiriləcək. Bu əsl Azərbaycan kişisinə və ağsaqqalına xas olan bir keyfiyyət idi. Bu bir sərvət idi ki, onu zaman-zaman qoruyub saxlamaq, gələcək nəslə ötürmək gərəkdir!

Ruhu şad olsun! İnanıram ki, Əli Bağırov heç kimdə olmayan bənzərsiz xarakteri ilə onu tanıyanların xatirəsində əbədi yaşayacaq.  

 

 

Asif Mərzili

 

Təzadlar.- 2010.- 27 aprel.- S.6.