"Bir addımlıq
ömür..."
Şair Sultan Mərzilinin
müxtəlif illərdə qələmə
aldığı və 2006-cı ildə Bakıda nəşr
olunmuş şeirlər kitabı belə adlanır. Fizikadan
lirikaya gələn həmin bir addımlıq ömür min
illik Azərbycan ədəbiyyatı xəzinəsinə dəyərli
bir şeirlər kitabı töhfə etmişdir.
(Əvvəli ötən sayda)
Həyat fəlsəfəsi, dünyanın müsbət və mənfi yüklərlə yükləndiyini, nəticədə isə həmin iki zərrədən həyat mübarizəsi üçün hansının yaşarlı olacağını şeir dili ilə S.Mərzili çox böyük ustalıqla oxucunun mütaliəsinə verə bilib. Kitabda çap olunmuş sevgiyə, məhəbbətə dair bütün şeirlər demək olar ki, biri-birindən daha maraqlı, daha oxunaqlı və daha yaddaqalandır. Sultan Mərzili yəqin ki, xoşbəxt insandır ki, həyatında belə sevə bilib. O, eşqin, məhəbbətin, sevginin qədrini, mahiyyətini olduqca dərindən duyan bir şairdir. Yoxsa yazdıqları yüzlərlə sevgi şeirləri bu qədər təbii, saf, ürəkyandırıcı və inasanı kövrəldən ola bilməzdi:
Bahar bitirməmiş sənintək çiçək,
Həm cəmalı göyçək, həm cismi göyçək,
Söylə eşqdənmi əsdikcə külək,
Alnına tökülən tellər sevinir!
Sultan həyatda qəlbən sevib və sevərək də yaşayıb. Sevgisinə, əhdinə axıra qədər vəfalı qalan şair ilk məhəbbətinə əbədi olaraq qovuşa bilmir. Elə özü də bu barədə misal gətirərək peyğəmbərcəsinə belə deyir: "Məcnun kimi sevənlərin Leylisi həmişə İbn-Səlamlara qismət olur". Doğrudan da müdrikcəsinə deyimiş sözlərdir. Məgər eşq səhralarında Leylisini itirib ürək yanğısına, sevgi nisgilinə, məhəbbət bəlasına düçar olanlar azdırmı?
İlk sevgi Allahdan verildiyinə görə pakdır, nöqsansızdır, qüsursuzdur. Məhz elə ona görə də çılğındır, kövrəldicidir, coşdurucudur, yandırıcıdır və nəhayət, nisgillidir. Sevən insanın evinə, yanına gəlmək əvəzinə, kosmosa, göylərə çəkilən sevgi, eşq, məhəbbət yer üzündə hər bir insanın qəlbini imthandan keçirir, yaxıb-yağmalayır, alovlarda bişirir və nisgilə çevrilib özünün idarə mərkəzinə qayıdır. İlk məhəbbət yer üzünün aldadıcı hiyləsindən, şöhrətindən, mənəmlikdən, təmənnadan, gözqamşdırıcı altunlardan, ikiüzlülükdən uzaqdır. Ona görə də o, yer üzünə sığmır və axırda özünün pak, büllur, nur dolu mənzilinə - transendental bir aləmə rücu edir.
Zənnimcə, Sultan məhz belə bir eşqin, belə bir sevginin bəlasına düşmüş aşiqlərdəndir. Nə bilmək olar ki, bəlkə də yandırıcı, nisgilli o eşq olmasaydı bu gün S.Mərzili kimi bir şair də olmazdı. İlk sevginin bəşəri olmadığını dərk edən filosof şair həmin fikri "Düşər" rədifli qoşmasında görün necə qələmə alır:
İlk sevgi deyildir heç kimə qismət,
Bəşəri deyildir ondakı xislət.
Bəlkə yox dünyada mütləq səadət,
Olsa da insandan uzağa
düşər.
Azərbaycanda olduğum illərdə
məhəbbət şairi hesab etdiyim N.Kəsəmənlinin
şeirlər kitabını həmişə yazı stolumun
üstündə saxlayırdım. N.Kəsəmənlinin
eşq və məhəbbətə həsr olunmuş
şeirlərində sentimentalizm və romantika nə qədər
güclüdürsə, mənə belə gəlir ki, S.Mərzilinin
sevgi təranələri bir o qədər fəlsəfi, məntiqli,
nisgilli, kövrəldici və ürəkyandırıcıdır.
O, lirik şeirlərində o qədr güclü təzadlar,
təşbehlər və kövrək məqamlar yarada bilib
ki, oxucu öz mütaliəsində onların heç birinə
laqeyd qala bilmir. Minlik mismar kimi hədəfə tutdurulan həmin
misralar və şeirlər insanın qəlbini ehtizaza gətirir
və onu özündən alır:
Qəlbimi günəştək
saçaqlayım mən,
Gözə görünməsin
kiçik bir ləkə.
Qoy bütün
dünyanı qucaqlayım mən,
Əllərim sənə də
toxundu bəlkə.
Bu misralar mübaliğəsiz
olaraq böyük ustadlıqla qələmə
alınmışdır. ümumiyyətlə, "Bir
addımlıq ömür" kitabını mütaliə edən
oxucu orada dərc olunmuş sevgi şeirlərinin sehrinə
düşərək onlardan ayrılmaq istəmir. S.Mərzili
Azərbaycan şeirinin demək olar ki, bütün
janrlarında qələmini sınamış və biri-birindən
gözəl, poetik qoşmalar, təcnislər, rübailər,
nəğmələr və qəzəllər
yazmışdır.
Kitabda diqqəti ən
çox cəlb edən mövzulardan biri də vətənpərvərlik
notlarıdır. Yeganə vətənimiz olan Azərbycanı
yüz yerə bölən, yüz ada calayan, yüz dilə
parçalayan tayfabazlara şair olduqca tutarlı cavab verir:
Bu ana torpağa gəlib-gedən
çox,
Qarğa-quzğun kimi dəlib-didən
çox.
Neyləsək, vətəndən
özgə vətən yox,
Unutma anamız Azərbaycanı!
Vətən
torpaqlarının əvəzsizliyinə, onun qüdrətini
ürəyinin dərinliyinə qədər nəqş edən
S.Mərzili "Torpaq qayıda..." adlı şeirində
erməni işğalçıları tərəfindən zəbt
olunmuş torpaqlarımızın geriyə alınması
yollarını belə təsəvvür edir:
Başçılar
başını torpağa qoysa,
Torpağı anlasa,
torpağı duysa,
Torpağa and içsə,
torpağı saysa,
Torpaq qayalanar, torpaq
qayıdar!
Özü Rusiyanın vətəndaşı
olmasına baxmayaraq, torpaq harayı, vətən qeyrəti
şairi bir an belə rahat buraxmır. O, bütün həmvətənlərini
müsəlləh əsgərə çevrilib
torpaqlarımızı geriyə almağa səsləyir:
Bu necə taledi, bu necə
baxtdı,
O taylı-bu taylı
yandırdı-yaxdı?!
Qalx ey Azərbaycan ayağa,
vaxtdı,
Torpaq haraylana, torpaq
qayıda!
Yaxud da "Qarabağ harayı"
adlı şeirində tükənməz yanğı və kədərlə
yazır:
Qara torpaqlıyam, Qara
bağlıyam,
Doğulduğum gündən
ölənə qədər.
Mənim bayrağıma qara
bağlayın,
Qara torpaqlarım dönənə
qədər.
Bəli, vətən həsrəti,
vətən dərdi Füzulini İraqda, Hüseyn Cavidi Sibir
çöllərində ömürlərinin sonuna qədər
kədərmənd və dərdmənd etmişdi. Füzuli
öz dövründə belə yazırdı: "Füzuli
dərd əlindən dağa çıxıb, Dedilər, bəxtəvər
yaylağa çıxıb".
Eşqindən, sevgisindən,
məhəbbətindən güc alan S.Mərzili həyatında
böyük həsrətə və dərd kimi cəfaya vadar
olur. Bu da didərginlik, köçkünlük,
qaçqınlıq və qəriblik adlı bir tale
yazısıdır:
Yetməzmi
dağıldıq bu yer üzünə,
Öz elim, öz
başım, öz əlim hanı?!
Kim ki, odlar oğlu deyir
özünə
Çıxaraq zülmətdən
Azərbaycanı!
Yaxud da:
Göyçənin, Dərbəndin
sorağı hanı,
Gümrünün, Mehrinin səsi
gəlməyir.
Türkü əkən
kişi orağın hanı?!
Zəngəzur tərəfdən
çollər mələyir...
Bir əsrə yaxın
müddətdə zaman-zaman əlimizdən gedən, hər
qarışı qızıl, suyunun hər damlası dərman
olan müqəddəs Azərbaycan torpaqlarının
bütövlüyü uğrunda qələmini silaha
çevirir. S.Mərzili "Bir addımlıq
ömür" kitabında vətənini ürəkdən vəsf
edərək oxucuya bir-birindən gözəl, qüdrətli
və yaddaqalan şeirlər təqdim edə bilmişdir. Bu
yerdə ataların min illərdən bəri zərb-məsəl
etdikləri bir fikir yaddaşıma gəlir:
El bir olsa dağ oynadar yerindən,
Güc bir olsa, zərbi kərən
sındırar.
Qüdrətli və ölməz
sözlər! Həqiqətən də belədir. Millət o
zaman qüdrətli və yenilməz olur ki, onun milli həmrəyliyi
güclü və yenilməz olur. Vətəndaş
azadlığının zirvəsində məhz VƏTƏN
azadlığı ucalır. Həmin duyğulardan qaynaqlanan
S.Mərzili "Azadlıq" şeirində yazır:
Gümüş pullu
balıqların,
Mavi dəniz -
azadlığı.
Uçan
qağayıların
Başının
üstündə göy azadlığı.
Arıların
Çiçəkdən-çiçəyə
uçuşu,
Yarpaqların, otların
Günəşə
qarşı duruşu -
Azadlıq.
Küləklərin zəmilərdə
əsimi,
Tonqalda yanan Bruno,
Dabanından soyulan Nəsimi
Azadlıq!
Azadlığın bəşəri
mənasından söhbət açan şair, həmin məqamın
insan üçün əvəzsizliyini, xoşbəxtliyini
çox maraqlı, düşündürücü və incə
lövhələrlə oxuculara təqdim edə bilib. S.Mərzili
təkcə şair deyil. O, həm də yorulmaz və
çalışqan bir tədqiqatçıdır. Ana
haqqında, vətən mövzusunda, sevgi və məhəbbət
barədə gözəl nəğmələrin və
kövrək şeirlərin müəllifi olan S.Mərzili
ömrünün bir hissəsini türk dilləri haqqında
araşdırmalara həsr edib. İxtisaca fizik olan Sultan Mərzilinin
bu qeyrəti, bu fədakarlığı və kökəbağlılığı
möcüzə deyilmi?
O, oxuculara haqlı olaraq
özünü müdrik bir filosof, çalışqan bir tədqiqatçı,
tablolar yaradan ustad bir rəssam, almazdan brilliant yonub
yaratmağı bacaran mahir bir zərgər və əsl
söz ustadı kimi təqdim etməyə qadir bir sənətkardır.
Onun əsərlərini qəlbinin dərinliyi ilə, həssalıqla
mütaliə edən hər bir oxucunun mənim fikirlərimlə
şərik olacağına şübhəm yoxdur.
S.Mərzilini
yaradıcılığı təkcə "Bir
addımlıq ömür" kitabı ilə bitmir. Onun
yaradıcılığı rəhmətlik
H.Z.Tağıyevin Bakıya çəkdirdiyi Şollar suyu
kimi saf, büllur və pakdır. O, hər zaman
çağlayır, mənən kükrəyir və
coşaraq Azərbaycan ədəbiyyatı adlı tükənməz
bir okeana qovuşmaq üçün dayanmadan pak, saf və
büllur sular gətirir.
Sultan Mərzili özü elə
hamıdan gözəl deyib: "Əsrlər bitər, əsrlər
ötər, əsl sənət isə qalar".
Əşrəf Hüseynli
Təzadlar.- 2010.- 29 aprel.- S.15.