İnsan qəlbinin gizli
möcüzələri...
Gündəlik həyatda insanın anatomiyası kimi, "mədəniyyətın anatomiyası", "iqtisadiyyatın anatomiyası", "böhranın anatomiyası" və s. kimi terminlərlə qarşılaşırıq. Lakin insanın anatomiyasından fərqli olaraq insan qəlbinin anatomiyasını gözlə görmək, onu təsəvvür etmək mümkün deyil.
Qədim zamanlardan indiyə kimi alimlərin, filosofların anlamağa çalışdığı insanın qəlbi, bu gün də onun sirrini açmaq istəyən tədqiqatçılara qarşı müqavimət göstərməkdədir. Hətta insanın qəlbini, psixi fəaliyyətini öyrənməklə məşğul olan müasir psixologiya elmi də, hələlik insanın qəlbinin quruluşu, fəaliyyət mexanizmi və s. suallara cavab verməkdə acizdir.
Tibb elmləri doktoru, professor Rüstəm Rüstəmovun 2009-cu ildə çap olunan "İnsan qəlbinin anatomiyası" kitabı bəşəriyyətin minillik tarixi boyunca izahı axtarılan və insanın qəlbi, ruhu və ya daxili aləmi adlandırılan bir problemə həsr olunmuşdur.
İnsan qəlbinin anatomiyası kitabı 8 fəsildən ibarətdir. Kitabın başlanğıc hissəsində müəllif qəlb anlayışının yaranmasını geniş şərh edərək onun ibtidai insanın ətraf aləmi və özünü tanımağa başladığı dövrdən keçən min illər ərzində formalaşdığını qeyd edir. O, insan qəlbinin qədim rəvayətlərdəki inanclarla bağlılığını və nəticə etibarilə bu təsəvvürlərin ilkin bədii-emosional hisslərlə birləşməsi nəticəsində yarandığını göstərir.
Müəllif gerçəkliyi əks etdirən dəlillərə əsaslanaraq adi həyatda hər kəsi düşündürən məsələləri ümumbəşəri məhfumlar səviyyəsinə yüksəldir. O, induizm, buddizm, xristianlıq və islam dinlərinin ümumi prinsipləri ilə insan psixikasının fəaliyyətini birlikdə və müqayisəli şəkildə qiymətləndirərək bəşərin dünyəvi qayğılarının insanların emosional duyumu səviyyəsində gerçəkləşdiyini qeyd edir.
Kitabın bu hissəsində bir-biri ilə ziddiyyət təşkil edən müddəaların olduğunu da görmək olar. Lakin müəllif haqlı olaraq dünyanın yaranması, insanın özünü və ətraf aləmi dərk etməsi kimi bir çox məsələlərin bu günə gədər də öz həllini tapmadığını qeyd edir. Bu məsələlər dinin təbliğatı və ya onun tənqidi ilə əlaqəli olmadığından, müxtəlif əqidəyə malik olan insanlar göstərilən məlumatlardan bəhrələnə biləcəklər.
Ümumiyyətlə,
bu əsəri oxuyarkən onun dörd əsas cəhəti
diqqəti özünə cəlb edir:
1. Keçmiş
dövrlərdə yaşamış insanların
dünyanı və özünü dərk etmə məsələlərinə
münasibətinin qiymətləndirilməsi və buna tənqidi
yanaşma tərzi.
2. Şərq və qərb düşüncə tərzinin özünü və aləmi dərketmə məsələlərinin araşdırılmasında istifadə etdikləri yanaşmaların dəyərləndirilməsi və oxşar cəhətlərin axtarışı.
3. Müasir psixoloji və neyrofızioloji tədqiqatların nəticələrinə əsaslanaraq qəlb anlayışının ayrı-ayrı tərəflərinin izahı və eyni bir vəziyyətdə insanların fərqli davranış qaydalarını rəhbər tutaraq fərqli qərar çıxarmasının əsaslandırılması.
4. Bədii-estetik
düşüncə tərzinin, mahiyyətinə
varmadığımız bir sıra ümumi və qədimdən
gələn cizgilərinin izahının elmi faktlarla əsaslandırılması.
Beləlikə də,
müəllif insan qəlbinin ilkin hissiyyatla bağlı
duyumdan və mistik təxəyyüldən
qidalandığını və insanın emosional səpgidə
öz düşüncəsini ifadə etdiyini göstərə
bilmişdir, Burada öz orijinal fikirlərini əlavə etməklə
müəllif insanların həqiqətin mahiyyətinin fərqinə
varmadan onu öz istədikləri kimi yozaraq fıkir söyləməsinin
səbəbini aça bilmişdir,
Müəllif körpənin ana bətnində və doğulduqdan sonrakı müxtəlif inkişaf mərhələlərində sinir sisteminin quruluşunu və funksiyalarını təsvir edərək yazır: "...İnsan qəlbinin formalaşması sinir sisteminin yetkinləşməsi ilə sıx əlaqəlidir. İnsan onu əhatə edən mühitlə əlaqələr yaradır və belə əlaqələrin sayı çox olduqca onun cavabvermə imkanları daha da artaraq mükəmməl olur. Beləliklə, beyində dünyanın mənzərəsi damla-damla toplanaraq əks olunur..."
Öz quruluşu baxımından maraq doğuran bir məsələ də müəllifin öz əsərində insan qəlbinin tədqiq olunma imkanlarının məhdudluğunun araşdırması və bunun psixoloji izahını verməsidir. O, göstərir ki, öz daxili aləminin başqaları üçün qapalı olmasından əmin olan insan inam və rahatlıq içində yaşayır. İnsanın həqiqi vəziyyətini yalnız onun tək qaldığı halında seyr etmək mümkündür.
Müəllif qeyd edir ki, insanın zahiri və daxili əlamətlərinin cəmi onun surətini yaradır. İnsanın bütün davranış hərəkətləri onun təlabat motivləri ilə və tələbatın təminolunma ehtimalının gerçəkləşməsi ilə əlaqəlidir. İnsanın "özü üçün" olan tələbatları onda ləyaqət hissi, azadfikirli və sərbəst olmaq kimi duyğular yaradır. "Başqaları üçün" təlabatları isə xeyirxah olmaq, başqalarının halına yanmaq və s. hisslər doğurur. Bunların hansının üstün və davamlı olmasını təyin etməklə onun şəxsiyyətinə qiymət vermək olar.
O, haqlı olaraq qeyd edir ki, insanlar əksər hallarda bu və ya digər hərəkəti edərkən ağıldan, düşüncədən çox öz qəlbinə arxalanır. Müəllif yazır: "Əgər sən təmasda olduğun adama özünə maraq oyada bilmədinsə, deməli, onun qəlbinə yol tapmaq üçün tələb olunan informasiya səndə kifayət deyildir". Fəqət, hər çılğın duyğularla ifadə olunan xəyal obrazlarının təsviri söz düzümü ilə gerçəkləşir. Sözün adi məzmundan çıxaraq başqa anlama keçməsi, həqiqi mənadan məcaziyə keçidi qəlbin xassəsidir.
Öz fıziki və ruhi qüvvəsinin imkansızlığını anlayan insan vəziyyətdən çıxmaq üçün vasitə axtarmalı olur, refleksləşir, böhran keçirir. Bu vəziyyətin nə ilə nəticələnə biləcəyinin psixoloji açıqlanması oxucular üçün maraqlıdır. Bundan əlavə, insan həyatının narahatlıq, tərəddüd, sevinc, iztirab, qəzəb, həsəd, qisas və s. məqamların psixoloji açımı da dəyərlidir.
Kitabın son fəsilində müəllif yeni nəslin yetişdirilməsində tərbiyə və təlimin psixoloji əsaslarını açıqlayaraq onu elmi cəhətdən əsaslandırır. Mümkün olan üsulları (tənbehetmə, şirnikləndirmə və s.) tətbiq etməyin vacib olduğunu qeyd etməklə yanaşı, o, "tərbiyəli olmağın" tərbiyə olunanın çiyninə yüklənməsinə qarşı çıxır. Valideynlərin, müəllimlərin, habelə ictimaiyyətin rolunu və onların məsuliyyət daşıdığını göstərir. Onun fikrincə, hər şeydən vacib tərbiyə verənin bu metodları dərindən bilməsidir. O, yazır ki, davranış qaydalarının və normalarının mənimsənilməsi, davranış vərdişlərinin təkraretmə yolu ilə yaradılması, bacarıq və biliyin öyrədilməsi mənəvi yüksəliş yolunu asanlaşdırır. Bu 4 elementdən (qayda, vərdiş, bacarıq və bilik) hər hansı birinin olmadığı halda, qalanlarının optimal vəziyyətdə mövcud olması mümkün deyil. Bu yolla yüksək əxlaqi fikirlər, hisslər və hərəkətlər təbii vərdişlərə çevrilir.
Beləliklə, müəllif, insanın özünü və dünyanı dərk etməsinin "anatomiyasını" yarada bilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan dilində bu tipli elmi məsələlərin kütləviləşdirilməsinə həsr olunmuş kitablar yox səviyyəsindədir. Müəllif, başa düşülməsi kifayət qədər çətin olan bir çox istilaları ilk dəfə olaraq açıqlamış, onu başa düşülməyə hazır formaya sala bilmişdir. Bu sahədə də, o, özünün üsul ustadı olduğunu göstərə bilmişdir.
Kitab haqqında çox yığcam şəkildə bəzi məqamları qeyd etdikdən sonra müəllif haqqında da bir neşə fikir söyləməyi özümə borc bilirəm. Professor Rüstəm Rüstəmov Azərbaycanda məşğul olduğu elm sahəsində ən birincilərdən biridir. Onun həkim-hematoloq, həkim-genetik və alim kimi qazandığı tibbi və elmi imici ona böyük əzablar hesabına başa gəlmişdir. öz kitabında qeyd etdiyi kimi, "...yaradıcılığı və çəkdiyi əzab-əziyyət özü elə mükafatdır..." deyərək mühakimə etmişdir.
Azərbaycanda "İnsan anatomiyası" elminin qurucusu professor Kamil Balakişiyev hər il Tibb İnstitutuna daxil olan tələbələr qarşısında oxuduğu ilk anatomiyaya giriş mühazirəsində insanın anatomiyası ilə yanaşı, insan qəlbinin anatomiyası haqqında da danışardı. O, qeyd edərdi ki, "...xeyir və şər qüvvələr insan qəlbinin daimi sakinləridir. Həkimlik sənətini özünə peşə seçməyə hazırlaşan tələbələr insanın anatomiyası ilə yanaşı, insan qəlbinin anatomiyasını da yaxşı bilməli və şər qüvvələri öz qəlbindən çıxarıb atmalı, xeyirxah, insanpərvər, şəfqətli, mərhəmətli olmağı bacarmalıdırlar..."
Güman etmək olar ki, professor R.Rüstəmovun "İnsan qəlbinin anatomiyası" kitabı gələcəkdə həkim olmağa və insanların sağlamlığını qorumaq kimi şərəfli bir işə ömrünü həsr etməyə çalışan gənclərə, artıq həkimliyin sirlərini bilən mütəxəssislərə və geniş oxucu kütləsinə dəyərli bir hədiyyə olacaq.
Rafiq Əsgərov,
Azərbaycan Tibb Universitetinin
İnsan anatomiyası kafedrasının
professoru, tibb elmləri doktoru
Təzadlar.- 2010.- 29 aprel.- S.13.