Azərbaycanda yas və dəfn adətləri çox qədim tarixə malikdir

 

Bunlar müsəlman mərasimləri arasında ən arxaik və bütpərəstlik ənənələrinin bir çox əlamətlərini özündə saxlayan mərasimlər hesab edilir

 

Milli-mənəvi dəyərlərimizin, ailə məişətinin tərkib hissələrindən biri də yas və dəfn mərasimi hesab edilir. Bu gün yas və dəfn mərasimləri öz məzmun və mahiyyətini itirib, formasını dəyişib. Bəs qədim tariximizdə bu mərasimlər necə icra olunub?  

Tarixə nəzər saldıqda görərik ki, Azərbaycanda dəfn adətləri çox qədim tarixə malikdir. Arxeoloji qazıntılar ölkəmizdə 8 tip qəbir abidəsinin olduğunu müəyyənləşdirib. Bu qəbir tipləri sadə torpaq, quyu, təknə, taxta qutu,  daş qutu, katakomba, çiy kərpic və küp qəbirlərindən ibarət olub.

Məlum olduğu kimi, VII əsrin ortalarında ərəblərin Azərbaycana hücumu və Azərbaycanın ərəb xilafətinin təsiri altına düşməsi burada islam dininin möhkəmlənməsinə səbəb olub. Azərbaycanda islamla bağlı adət-ənənələr, eləcə də dəfn adətləri meydana gəlib. Yas və dəfn mərasimi müsəlman mərasimləri arasında ən arxaik, bununla yanaşı islamdan əvvəlki bütpərəstlik ənənələrinin bir çox əlamətlərini özündə saxlayan mərasim hesab edilir.

Bölgələrdə yas və dəfn mərasimləri müxtəlif ayin və yozumlarla, adət və ənənələrlə müşayiət olunub. ölü düşən evdə qadınlar üzlərini cırır, dizlərini və sinələrini yumruqla döyərək uca səslə qışqırırdılar. Cavan qadınlar və qızlar saçlarını dağıdaraq ölünün üstünə yolub tökürdülər. Gur səsli bir qadın ucadan "şaxsey-vaxsey" qışqırır, bununla da  mərasimi ələ alır, yerdə qalan qadınlar isə ona səs verirdilər. Mərhumu qəbiristanlığa aparanadək bu ayin icra olunur, arada isə ağılar söylənilirdi. Qadınlar bir-birinin ardınca ağılar deyir və dizlərini döyürdülər. Mərhumu qəbiristanlığa apararkən də qadınlar cənazənin qarşısında gedir, "şaxsey-vaxsey" ayini qəbiristanlığa qədər davam edirdi. Mərhum qəbirə qoyulduqdan sonra da bir müddət "şaxsey-vaxsey" deyilirdi.

Bu ayin qədim tarixə malikdir. Bunu "Kitabi-Dədə Qorqud" dastanında da izləmək mümkündür. Dastanın "Salur Qazanın evinin yağmalandığı boy"unda bu ayin belə təsvir edilib: "Burla xatun boynilə qulağın aldı, düşdi. Güz alması kibi al yanağını tutdu, yırtdı. Qarğu kibi qara saçını yoldı. "Oğul!", "Oğul!" deyübən zarılıq qıldı, ağladı". Buradan göründüyü kimi, Burla xatun oğlunun öldürüləcəyini eşidəndə üzünü cıraraq, saçlarını yolur.

Folklorşünas B.Abdulla  bu ayini "şivən"-yas mərasiminin ilkin ayini hesab edərək yazır: "Şivən əsasən, ölüm baş verdiyi andan ölünün dəfn üçün evdən çıxarıldığı vaxtacan davam edir. ölən üçün təsiredici, yanıqlı sözlər, oxşamalarla hönkür-hönkür ağlamaq, üz cırmaq, saç yolmaq kimi xüsusiyyətlər şivənin əsas əlamətlərindəndir".

"Şaxsey-vaxsey" - şivən ayini aşağıdakı kimi icra olunurdu: Qadınlardın bir nəfər 3 dəfə gur səslə: "Şaxsey-vaxsey" - deyərək qışqırır, yerdəkilər isə eyni sözlərlə ona cavab verirdilər. Sonra həmin qadın: "Ya, Əli!" Yerdəkilər: "Mədət!" Həmin qadın: "İmam!" Yerdəkilər: "Şəhid!" Həmin qadın: "Yaralı!" Yerdəkilər: "Hüseyn!" Həmin qadın: "Susuz!" Yerdəkilər: "Hüseyn!" Həmin qadın: "Həsən!" Yerdəkilər: "Hüseyn!"

Sonra səs tonu bir az alçaldılır, ağı şəklində belə bayatılar söylənilirdi:

 

 Bu dağlar, ulu dağlar,

 

Yerdəkilər: şaxsey-vaxsey

 

Çeşməli, sulu dağlar

 

Yerdəkilər: şaxsey-vaxsey

 

Burda bir qərib ölüb

 

Yerdəkilər: şaxsey-vaxsey

 

Göy kişnər, bulud ağlar

 

Yerdəkilər: şaxsey-vaxsey

 

İkinci bir qadın həmin qadının ardınca davam etdirirdi:

 

Qəribi kim ağladı,

 

Yerdəkilər: şaxsey-vaxsey

 

Kim yudu, kim bağladı?

 

Yerdəkilər: şaxsey-vaxsey

 

Qərib can tapşıranda

 

Yerdəkilər: şaxsey-vaxsey

 

Ağzını kim bağladı?

 

Yerdəkilər: şaxsey-vaxsey.

 

Beləliklə, ardıcıl olaraq qadınlar bayatılar söyləyir, "şaxsey-vaxsey" ayinini davam etdiridilər.

 

İnsan yarandığı gündən ilk sözü layla, dünyadan köçərkən isə belə demək mümkünsə, son sözü ağı vasitəsilə eşidir. Yas və dəfn mərasimi mərhumun evində və qəbiristanlıqda icra edilir. Həmin mərasimdə oxunan mahnılar ağı adlanır. Ağılar tarix boyu həm qəhrəmanlar, həm də bütün ölülər üçün oxunub.

Görkəmli yazıçı Ə.Haqverdiyev ağıdan bəhs edərək yazıb: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayırdılar. Bu toplantıya "yuq" deyərdilər (Yuqlamaq-ağlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə simli qopuz çalıb oynayırdılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyirdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".

Tədqiqatçı K.Vəliyevin fikrincə "ölüm zamanı keçirilən mərasim - yuğlarda ağıcı-şamanlar iştirak edir, oraya  toplaşanları ağladır, coşdururdu".

Ağılar nəsr və nəzm şəklində söylənilirdi. Nəsr şəkilli ağılarda mərhumun yerişi, duruşu, xasiyyəti vəsf edilirdi. Nəzm şəkilli ağılar bayatını xatırladır. Bunu çöl-etnoqrafik səfərimiz zamanı bölgədən topladığımız ağıların poetik mətni bir daha təsdiq edir. Bu ağılarda ananın övladı, bacının qardaşı, qadının əri, şəhidlər, qəriblər, gəlinin qayını, nakamlar və başqaları üçün etdiyi fəryad və ürək yanğısı, qəmli bir hekayətə bənzəyir:

 

Anam, anam, öz anam,

Qoynu dolu köz anam.

Yad ağlar, yalan ağlar,

Qoy ağlasın öz anam.

 

Ay mənim ağa qaynım,

Gəl gedək bağa, qaynım

Sən duman ol, mən çiskin,

 

Çəkilək dağa, qaynım.

Yaşıldı başın, ördək,

Qələmdi qaşın, ördək.

Həmişə cüt gəzərdin

Hanı yoldaşın, ördək? - s.

 

Bölgələrdə yas mərasimi ilə bağlı bir sıra adətlər mövcud olub. Hər hansı bir ailədə ölü düşəndə kənd camaatı ev yiyəsinə heç bir çətinlik vermədən bu dərdə şərik olur, köməklərini əsirgəmirdilər. Kəndin kişiləri qəbiristanlığa gedib qəbir qazırdılar. Meşədən odun qırıb yas evinə gətirirdilər. Yas mərasimi təsərrüfat işlərinin qızğın vaxtına təsadüf etdikdə həmin evin əkin sahəsini şumlayır, yaxud otunu biçib taya vurur, məhsulunu yığır, heyvanlarını rahatlayırdılar. Yaslı evin adamları  40 gün ərzində heyvan nobatına getmirdilər. Bütün bu işləri yas yiyəsinin iştirakı olmadan həyata keçirirdilər. Yas evinin yaxın qonşuları və qohumları 3-4 gün ərzində duru xörəklər bişirərək mərhumun ailə üzvlərinə yedizdirirdilər. Kəndin qız-gəlinləri bulaqdan yas evinə səhənglərlə su daşıyır, sac asıb çörək bişirir, evi, həyət-bacanı səliqəyə salırdılar. Mərhumun ilinədək kənd camaatı toy, nişan etmirdi. Bayram günlərində isə hər ailə ayrıca olaraq yaslı evə gəlib sovqat gətirir, evdəkilərə təsəlli verirdilər.

Kəlbəcərlilər bayramda kənd ağsaqqalları ilə yaslı evə gedər, əvvəlcə həmin evdə qazan asdırar, sonra isə başqa evlərdə bayram yeməyi hazırlanardı. Novruz bayramında  isə kəndin bütün evləri gözləyərdilər ki, birinci olaraq yaslı evin həyətində ocaq qalansın. Bundan sonra bütün  həyətlərdə Novruz tonqalı yandırardılar. Yaxın qonşular və qohumlardan olan kişilər  mərhumun qırxına qədər üzlərini qırxmırdılar. Mərhumun evində isə bir il yas saxlanırdı.

Yas mərasimlərində bir sıra şərtlərə əməl edilirdi. Belə ki, ölünü yumaq üçün xüsusi yer düzəldilir, həmin yerdə çala qazılır, su buraya axdıqdan sonra üstünü torpaqla basdırırdılar. Adətən ölünü yaxın adamları yuyurdular. ölünün yuyulduğu yerdə üç gün ərzində çıraq yandırırdılar. Kənd  camaatı növbə ilə 3 gün müddətində axşamlar qəbiristanlığa gedərək qəbirin üstündə ocaq yandırırdı. Mərhumun qoyulduğu otağa ailənin yaxın qohumlarından biri heç kimə sezdirmədən kiçik daş gətirib qoyurdu. ölünü evdən çıxararkən arxasınca atırdı. Mərhumu dəfn etməyə apararkən üç dəfə qaldırıb yerə qoyur, sonra isə evdən çıxarırdılar. Bu adəti 3 rəqəminin xalq arasında müqəddəsliyi ilə şərtləndirmək olar.

Qubadlıda isə mərhumu dəfn edən günü qəbir qazanlar üçün halva çalınar, yuxa, halva, pendir, göyərti qəbiristanlığa göndərilərdi. Elə həmin gün də ehsan verərdilər. Cümə axşamları mərhumun evinə yığışmaq adəti olmayıb. Cümə axşamları çox sonra dəbə düşüb. Mərhumun üçündə paltarlarını yuyurdular. Yasa gələnlər özləri ilə yemək də gətirib həmin süfrəyə düzürdülər. (Bu adətə Füzuli rayonunda da rast gəlinərdi). Mərhumun paltarları yuyulduqdan sonra üst-üstə tikilərək ilinə qədər saxlanırdı. Bunu "soyxa" adlandırırdılar. Bir il ərzində evdə yas saxlayırdılar. İl tamam olanda "ağız acılığı" adlandırılan halva çalınar, sous bişirilərdi. Halvanı yuxaya büküb sousla birlikdə ehsan kimi evlərə paylayardılar. Mərhumun "soyxa"sını isə mollaya verirdilər. Molla isə öz növbəsində "xətm" oxuyar, yas mərasimini başa çatdırardı.

Laçının yaşlı sakinlərinin dediyinə görə, mərhumun öldüyü gün ehsan verilər, qırxında, eləcə də ilində halva və kəsilmiş heyvanın əti evlərə, hətta qonşu kəndlərə də paylanardı. Hər yuxanın içərisinə 250-300 qr. miqdarında halva bükülüb xurcuna yığılar, ata yükləyib qonşu   kəndlərdə ev-ev ehsan kimi verilərdi.

Füzulidə yas evinə qonşu və qohumların kömbə, halva, 50-60 ədəd soyutma yumurta, təndir çörəyi bişirib aparmaq adəti olub. Aparılan ərzağı da ehsan süfrəsinə düzürdülər.

Kəlbəcərdə isə yas evində bişi bişirirdilər. Bişini mərhumun qırxında qohum və qonşu evlərinə sayı 12 ədəd olmaqla ehsan əvəzi paylayırdılar. Novruz bayramından əvvəl "qara bayram" (ölülərin bayramı) adlanan mərasim icra olunurdu. Həmin gün mərhumun qohumları və ailə üzvləri yemək hazırlayır, qovurğa, meyvə, hətta şirniyyat şeyləri tədarük edib qəbir üstünə gedirdilər. Qəbiristanlıqda yeməyi şikəstlərə və ehtiyacı olanlara paylayır, qalanını qəbirin üstünə qoyurdular. Qara bayramda ailə üzvləri və qohumlarla bərabər, qonşular da qəbir üstünə gedirdilər. Qəbir üstünə gedən qonşular da xonça düzəldir, şirniyyat şeyləri aparırdılar.

Bölgələrdə yas və dəfnlə əlaqəli bir sıra sınamalar da yaranıb:

- Qəbiri əl ilə göstərməzlər. Göstərsən, həmin barmağının dişlə. Yoxsa ömrün qısalar;

- Ölünü dəfn etdikdən sonra əzizlərinin sakitləşməsi, soyuması üçün qəbirdən götürülmüş torpağı xəlvəti onların boynunun arxasından kürəklərinin arasına tökürdülər;

- Həyətdə it ulayanda ölü düşəcək deyirdilər;

- Evdə güzgü sındıqda bunu ölümə yozurdular;

- İri ağac qopub yıxılanda ev sahibinin ölümünə işarə hesab edirdilər;

-Yas mərasimi olan evi mərhumun üçünə qədər hər gün eyni adam süpürməlidir, başqası süpürsə yenidən ölən olar;

-Bütün əksedici əşyaların üstünü örtürlər ki, ölənin ruhu oraya köçər və s.

Yas mərasiminin xüsusi tələblərindən biri də ölü ilə təmasda olan şəxslərin qüsl verməsi idi. Meyidlə təmasda olmuş şəxsləri "ruhlu" - sarkal cəhətdən natəmiz hesab edirdilər. ölünün üçünə qədər qüsl etməyən həmin şəxslərə ehsan yeməkləri olan qazan və qablara, eləcə də başqa şəxslərə toxunmaq qadağan edilirdi.

Təəssüf bu gün bu adətlər unudulur, başqa formalara salınır. Artıq qarşılıqlı yardım anlayışı əvəzinə yası düşmüş ailənin külli miqdarda borca düşərək yasa gələnlərə ehsan verməsi kimi əcaib adət formalaşıb. Əzizini itirmiş insanlar bilmirlər ki, nə etsinlər. İnsanlar yasa sanki ölü yiyəsinə təsəlli vermək üçün deyil, qonaqlığa, yemək yeməyə gəlirlər. Süfrələrin üzərində isə hər cür naz-nemətlər düzülür. Əlbəttə, bütün bunlardan əhalinin varlı təbəqəsi deyil, kasıblar əziyyət çəkirlər. Odur ki, gəlin, adət-ənənələrimizi təhrif etmədən nəsillərdən nəsillərə ötürək.     

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycan Ağsaqqallar Şurasının həyata keçirdiyi "Xeyir-şər məclislərində ifratçılığın qarşısının alınmasının təbliğində ağsaqqalların rolu" layihəsi çərçivəsində çap olunur.

 

 

 Solmaz Məhərrəmova,

AMEA Etnoqrafiya İnstitutunun əməkdaşı

 

Təzadlar.- 2010.- 5 avqust.- S.15.